Azərbaycan
14 yanvar 1923 - Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (1923 - 2.8.1980) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında baş rejissor işləyib, Akademik Dram, Rus Dram, Musiqili Komediya teatrlarında tamaşalar hazırlayıb. 1964-cü ildən Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru olub. Milli teatrımızda lirik-psixoloji teatr məktəbinin yaranması onun adı ilə bağlıdır. U.Şekspirin «Antoni və Kleopatra» (1965), Anarın «Şəhərin yay günləri» (1979) əsərlərinin tamaşalarına görə Dövlət mükafatına layiq görülüb.
14 yanvar 1952 - Görkəmli şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 25.3.1907 - 1952) Türkiyənin Elazığ şəhərində dünyasını dəyişib. Şair istiqlal və millətçilik ruhlu şeirlərinə görə 1930-cu ildə isə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilib. 1933-cü ildə İrana, oradan da Türkiyəyə mühacirət edib.
14 yanvar 1999 - Xalq artisti, teatr və kino aktrisası Barat Həbib qızı Şəkinskaya (28.6.1914, Şuşa - 1999) vəfat edib. 1935-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. “Görüş” (Şövkət), “O olmasın, bu olsun” (Sənəm), “Qızmar günəş altında” (Sərdarovun arvadı), “Onun bəlalı sevgisi” (Nənə) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
15 yanvar 1914 - Yazıçı Ənvər Yusif oğlu Qasımov (1914-1989) Yevlax rayonunda anadan olub. Əsərləri: "Düşmənimin düşməni", "Cərrahlar" (roman), “Hamballar" (povest).
15 yanvar 1936 - Yazıçı, publisist, ssenarist, tərcüməçi Vaqif Musa (Vaqif Məmmədyusif oğlu Musayev; 1936-1997) Quba rayonunun Rustov kəndində anadan olub. “60-cılar” ədəbi nəslinin nümayəndəsi olan Vaqif Musa özünəməxsus yaradıcılıq üslubu ilə seçilib. “Səhər mehi”, “Bəyim çayı boyunca”, “Ömrün də yazı varmış”, “Sənin yolunda” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Bir çox kitabların redaktoru olub.
15 yanvar 1940 - Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, kinoşünas Aydın Ələsgər oğlu Kazımzadə anadan olub. Milli kino tariximizin yorulmaz tədqiqatçısı, çoxsaylı kitabların, “Azərbaycan kinematoqrafçıları” silsilə nəşrlərinin müəllifi, “Azərbaycan kino ensiklopediyası”nın tərtibçisidir.
16 yanvar 1905 - Yazıçı Üm-əl Banin (Ümmülbanu Mirzə qızı Əsədullayeva; 1905-1994) anadan olub. Məşhur neft milyonçusu Şəmsi Əsədullayevin nəvəsidir. Azərbaycanın sovetləşməsindən sonra ailəsi ilə Fransaya mühacirət edib, fransız dilində əsərlər (“Qafqaz günləri”, “Son ümidin çağırışı”, "Mariya mənə nə danışdı" və s.) yazıb.
16 yanvar 1939 - Şair, tərcüməçi Vaqif Nəsib (Vaqif Hüseyn oğlu Nəsibov) Qazaxda anadan olub.
16 yanvar 1944 - Tanınmış ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Mirsaleh oğlu Məmmədov (1944-20.4.1991) Şəki rayonunun Kiş kəndində doğulub. Ali Sovetin deputatı (1990-1991) olub. Deputat həmkarı, alim Dilarə Əliyeva ilə birlikdə Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.
Dünya
14 yanvar 1818 - Fin yazıçısı və şairi Zaxarias Topelius (1818-1898) anadan olub. “Hersoginya Finlyandskaya”, “Ulduzların uşaqları” və s. romanların müəllifidir.
14 yanvar 1827 - Məşhur rus etnoqraf və coğrafiyaşünası, incəsənət tarixçisi Pyotr Semyonov Tyan-Şanski (1827-1914) anadan olub.
14 yanvar 1895 - Başqırd ədəbiyyatının banilərindən biri, şair Şeyxzadə Məhəmmədzakiroviç Babiç (1895-1919) anadan olub.
14 yanvar 1911 - Rus yazıçısı Anatoli Naumoviç Rıbakov (1911-1998) anadan olub. “Arbat uşaqları”, “Kortik”, “Bürünc quş”, “Ağır qum” və s. romanların müəllifidir.
14 yanvar 1925 - Yapon yazıçı-dramaturqu Yokio Misi (əsl adı Kimitake Hiraoka; 1925-1970) anadan olub. Əsərləri: “Qızıl məbəd”, “Maskanın etirafı”, “Bahar qarı”.
15 yanvar 1622 - Fransız dramaturqu Jan-Batist Molyer (Jean Baptiste Poquelin dit Moliere; 1622 - 17.2.1673) anadan olub. Avropa ədəbiyyatında klassik komediya janrının banisi sayılır. Əsərləri: “Tartüf”, “Psixeya”, “Don-Juan”, “Zorən təbib”, “Xəsis” və s.
15 yanvar 1795 - Rus şairi, yazıçı-dramaturq, diplomat Aleksandr Sergeyeviç Qriboyedov (1795 - 11.2.1829) anadan olub. “Ağıldan bəla” komediyasının müəllifidir. Azərbaycanın Rusiya və İran tərəfindən bölüşdürülməsinə dair Türkmənçay müqaviləsindən (1828) sonra Tehranda Rusiyanın səfiri olub, orada qətlə yetirilib.
15 yanvar 1850 - Rumın ədəbiyyatının klassiki, şair Mixay Eminesku (Mihai Eminescu, 1850 - 15.6.1889) anadan olub.
15 yanvar 1870 - Ukrayna yazıçısı, tanınmış şərqşünas, akademik Aqafangel Yefimoviç Krımski (1871-1942) anadan olub.
15 yanvar 1891 - Yəhudi əsilli Rusiya şairi, ədəbiyyatşünas, tərcüməçi Osip (İosif) Mandelştam (1891-1938) anadan olub. Stalin repressiyasının qurbanı olub. Vladivostok yaxınlığında həbs düşərgəsində vəfat edib.
15 yanvar 1902 - Böyük türk şairi Nazim Hikmət (1902 - 3.6.1963) Salonikidə (indiki Yunanıstan ərazisi) anadan olub. Siyasi baxışlarına görə kommunist olan şair 1938-ci ildə Türkiyədə 28 illik həbsə məhkum edilib, 1951-ci ildə ona SSRİ-yə mühacirətə icazə verilib. Türkiyə vətəndaşlığından məhrum edilən N.Hikmət ömrünün sonunadək SSRİ-də yaşayıb, Moskvada dəfn edilib. Şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Əsərləri əsasında "Azərbaycanfilm"də "Bir məhəllədən iki nəfər" (1957), “Yaşamaq gözəldir, qardaşım” (1966), “Mosfilm”də (Türkiyənin “Tuqrafilm” studiyası ilə birgə) "Məhəbbətim mənim, kədərim mənim" (rejissor Əjdər İbrahimov) filmləri çəkilib.
15 yanvar 1917 - SSRİ Xalq artisti, aktyor Yevgeni Lebedev (1917-9.6.1997) anadan olub. Rasim Ocaqovun “İstintaq” filmində (Muradın kamera yoldaşı) çəkilib.
16 yanvar 1675 - Fransız memuar yazıçısı Lui de Ruvrua Sen Simon (Louis de Rouvroy, duc de Saint-Simon, 1675-1775) anadan olub.
16 yanvar 1749 - İtaliya şairi və dramaturqu Vittorio Alfieri (1749-1803) anadan olub. Əsərləri: “Kleopatra”, “Orest”, “Aqamemnon”, “Mariya Stüart” və s.
16 yanvar 1867 - Rus yazıçısı, şair və tərcüməçi Vikenti Vikentyeviç Veresayev (Smidoviç, 1867-1945) anadan olub. Əsərləri: “Yolsuz”, “Həkimin qeydləri”, “Canlı həyat” və s.
16 yanvar 1934 - SSRİ Xalq artisti Vasili Lanovoy anadan olub. Çəkildiyi filmlər: “Pavel Korçagin”, “Baharın on yeddi anı”, “Qara kvadrat” və s.
Hazırladı: Vüqar Orxan