Azərbaycan

24 yanvar 1905 - Ədəbiyyatşünas alim Məmmədkazım Ələkbərli (1905-1938) Dərbənd şəhərində anadan olub. BDU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ilk sədri olub. «Yeni əlifba və orfoqrafiya», «Azərbaycan ədəbiyyatı» və s. kitabların müəllifidir. 1938-ci ildə repressiya olunub.
24 yanvar 1909 - Xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan biri Əşrəf Həsən oğlu Həsənov (1909 - 9.8.1983) anadan olub.
24 yanvar 1941 - Xalq artisti, məşhur qarmon ifaçısı Avtandil İsrafilov anadan olub.
24 yanvar 1961 - Əməkdar artist Sabir Novruz oğlu Məmmədov Ağstafa rayonunun Poylu kəndində doğulub. Milli Dram Teatrında çalışır. “Babamızın babasının babası”, “Qırmızı qar” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.

25 yanvar 1984 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (4.8.1915, Gəncə - 1984) vəfat edib. “Bəxtiyar”, “Bir qalanın sirri”, “Qatır Məmməd”, “Nəsimi”, “Əhməd haradadır?”, “Gilas ağacı”, “Tütək səsi”, “Qanlı zəmi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
25 yanvar 2001 - Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Avropa Şurasına üzvlük mədəniyyətimizin dünyada təbliği üçün də əlavə imkanlar açdı. Azərbaycan təşkilatın mədəniyyətlə bağlı proqramlarında iştirak edir, birgə layihələr həyata keçirilir.

26 yanvar 1863 - Böyük maarifçi alim, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərli (1863-1920) Şuşada doğulub. Qori Müəllimlər Seminariyasında dərs deyib, seminariyada Azərbaycan şöbəsinə rəhbərlik edib. 1918-1920-ci illərdə şöbənin əsasında yaradılan Qazax Müəllimlər Seminariyasının müdiri işləyib. "Vətən dili" dərsliyi, “Azərbaycan ədəbiyyatı” (iki cild) və s. kitabların müəllifidir. 1920-ci ilin mayında Gəncədə antisovet üsyanı zamanı bolşevik ermənilər tərəfindən güllələnib.
26 yanvar 1971 - Xalq artisti Aygün Kazımova Bakıda doğulub. 1989-cu ildə Yurmalada (Latviya) keçirilmiş mahnı müsabiqəsinin laureatı olub.
26 yanvar 2006 - Görkəmli xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev (11.11.1934, Füzuli - 2006) vəfat edib. Dünyanın bir çox ölkələrində qastrol səfərlərində Azərbaycan mədəniyyətini uğurla təmsil edib. Bir sıra mahnılar (“Gəl, inad etmə”, “Dağlar başı” və s.) bəstələyib. Muğam Teatrının yaradıcılarından biri və 20 ilə yaxın bədii rəhbəri olub. Onlarla ifaçı yetişdirib. “Şöhrət” ordeni ilə təltif olunub.

27 yanvar 1806 - Görkəmli ədib, mütəfəkkir İsmayıl bəy Qutqaşınlı (1806-1869) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olub. Fransız dilində yazdığı "Rəşid bəy və Səadət xanım" povesti ilk Azərbaycan nəsr əsəri sayılır. Çar Rusiyasının ordusunda qulluq edib, Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrində iştirak edib, general rütbəsinədək yüksəlib.
27 yanvar 1906 - Tanınmış tarixçi alim Sara Aşurbəyli (1906 - 17.7.2001) anadan olub. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.
27 yanvar 1912 - Əməkdar memar Fərəc Səttar oğlu Fərəcov (1912 - 7.9.1990) anadan olub.

27 yanvar 1939 – Ustad saz ifaçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Məmmədəli oğlu Nəsibov (Aşıq Ədalət) Qazax rayonunda anadan olub. “Yeddi oğul istərəm” filmində (aşıq) çəkilib.

Dünya

24 yanvar 1732 - Fransız dramaturqu Pyer Bomarşe (Pierre-Augustin Caron de Beaumarchais; 1732-1799) anadan olub. “Sevilya bərbəri”, “Fiqaronun evlənməsi” komediyalarının müəllifidir.
24 yanvar 1776 - Alman yazıçısı, bəstəkar, rəssam Ernst Teodor Vilhelm Amadey Hofman (Ernst Theodor Amadeus Hoffmann; 1776-1822) anadan olub. Əsərləri: “Şeytan eliksiri”, “Birələr hökmdarı”, “Qızıl qazan”, “Şelkunçik və siçanlar kralı”.
24 yanvar 1848 - Rus rəssamı Vasili İvanoviç Surikov (1848-1916) anadan olub. Məşhur rəsmləri: “Strelets edamının səhəri”, “Suvorovun Alp dağlarını aşması”, “Stepan Razin” və s.

25 yanvar 1759 - Məşhur şotland şairi Robert Berns (Robert Burns; 1759-21.7.1796) anadan olub. Şairin şərəfinə 25 yanvar Şotlandiyada milli bayram günü kimi qeyd olunur.
25 yanvar 1832 - Rus rəssamı, peyzaj ustası İvan Şişkin (1832-1898) anadan olub. Məşhur əsərləri: “Ağcaqayın meşəsində səhər”, “Çovdar tarlası” və s.
25 yanvar 1874 - İngilis yazıçısı Uilyam Somerset Moem (William Somerset Maugham, 1874-1965) anadan olub. “Ehtiraslar yükü”, “Ay və quruş” romanlarının, “Teatr”, “Ülgücün tiyəsi” povestlərinin müəllifidir.
25 yanvar 1882 - İngilis yazıçısı, modernist ədəbiyyatın nümayəndəsi Virciniya Vulf (Virginia Woolf, 1882-1941) anadan olub. Romanları: “Missis Delloey”, “Mayaka doğru”, “Orlando” və s.
25 yanvar 1938 - Məşhur rus şairi və müəllif mahnılarının ifaçısı, aktyor Vladimir Semyonoviç Vısotski (1938-25.7.1980) anadan olub. “Görüş yerini dəyişmək olmaz” telefilmində Jeqlov rolu ilə şöhrət qazanıb. “Kiçik tragediyalar”, “İntervensiya”, “Tayqanın sahibi”, “Çar Pyotr ərəbi necə evləndirdi” filmlərinə çəkilib.

26 yanvar 1921 - SSRİ Xalq artisti, rejissor Yuri Nikolayeviç Ozerov (1921-2001) anadan olub. Böyük Vətən müharibəsinə həsr olunmuş “Azadlıq”, “Moskva uğrunda döyüşlər”, “Stalinqrad” kinoepopeyalarını çəkib.
26 yanvar 1925 - Amerika aktyoru, rejissor, prodüser Pol Nyuman (Paul Leonard Newman: 1925-2008) anadan olub. Filmləri: “Fırıldaqçı”, “Soyuqqanlı Lük”, “Pulların rəngi” (“Oskar”, 1986) və s.

27 yanvar 1756 - Dünya şöhrətli Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Joannes Chrysostomus Wolfgang Theophilus Mozart, 1756-5.12.1791) Zalsburq şəhərində doğulub. 6 yaşından musiqi bəstələyib. Alman dilində ilk operanın (“Hərəmxanadan qaçırılma”), müxtəlif alətlərlə orkestr üçün 40-a yaxın əsərin müəllifidir.
27 yanvar 1775 - Alman filosofu Fridrix Vilhelm Yozef fon Şellinq (Friedrich Wilhelm Joseph von Schelling, 1775-1854) anadan olub. Əsərləri: “İncəsənət fəlsəfəsi”, “Etiraf fəlsəfəsi” və s.
27 yanvar 1826 - Rus yazıçısı Mixail Yevqrafoviç Saltıkov-Şedrin (1826-1889) anadan olub. Əsərləri: “Quberniya oçerkləri”, “Bir şəhərin tarixi”, “Nəcib nitqlər” “Həyatın təfərrüatı” və s.
27 yanvar 1832 - İngilis yazıçısı, filosof Luis Keroll (Lewis Carroll - əsl adı Charles Lutwidge Dodgson; 1832-1898) anadan olub. Uşaqlar üçün əsərlərin (“Alisa möcüzələr ölkəsində”, “Alisa əyri güzgülər ölkəsində”) müəllifidir.
27 yanvar 1891 - Rus yazıçısı, şair, tərcüməçi İlya Erenburq (1891-1967) anadan olub. “Parisin süqutu”, “Tufan”, “Doqquzuncu val” və s. romanların müəllifidir.

Hazırladı: Vüqar Orxan