Rəşadətli general, görkəmli ədib, alovlu vətənpərvər, böyük maarifçi

Ömrünün ən qaynar çağlarını çar ordusuna sərf etdiyindən ədiblik sənətinə xeyli gecikmiş bu yazıçı, sən demə, belə bir nəticə-yazıya doğru gəlirmiş: qurd-quşfason orduda hədsiz sədaqət və rəşadətlə (...deməli, həm də “aldanmış kəvakib”liklə) iyirmi beş il xidmət edib, atəşli cəbhələrdən sağ-salamat qayıdıb, quzumisal yurdunda zəhərləndirilərək öldürülən İsmayıl bəy Qutqaşınlı...

Özü də harda-harda, - Ağdaş mahalındakı adi bir karvansarada. Nə yolla? İçdiyi suya zəhər qatılmaqla. Kim tərəfindən? Dovşana “qaç”, tazıya “tut” deyən çar Rusiyası! Kimin əli ilə? Əsrlər uzunu işimizin xatirinə “dayı” dediyimiz, “qardaş olub Hayastan - Azərbaycan!” yazdığımız, dindaşlarımıza, qonum-qonşularımıza nisbətdə daha fəxarətlə kirvə tutub, müsəlmanlaşmağımızın bünövrəsini qoydurduğumuz erməninin!..
İndi qalır bu siyasi konspirativ-“linqvistik” sənədli olayın ədəbi-publisistik açması. Əlbəttə, sıra ilə. Karvansara; yəni, ey türk-müsəlman qövmü, nə qədər ki ovsarın öz sarbanının əlində deyil (bu, “milli müstəqillik” demək), bütün maddiyyat, mənəviyyat, mədəniyyət yüklü karvanlarının taleyi belə olacaq. Çar Rusiyası; öz generalını gizlincə zəhərlətdirib, başqa millətin əliylə öldürtsə də, ilk Cümhuriyyətimizin Müdafiə Nazirinə - general Səməd bəy Mehmandarova Bakı proletariatının gözü qarşısında günlərlə küçə süpürtdürəndən sonra öldürən xələfindən - bolşevik-sovet Rusiyasından bir qədər abır-həyalı, zadəgan sələf. Və nəhayət, sözün hər iki mənasında ən axırıncı (“samıy poslednıy”) - erməni; Babəki ələ verən qədim Səhl Sumbat zatlı, məlum Stepan Şaumyan şarlatanlı, müasir Zori Balayan xislətli, Silva Kapitukyan “ismət”li döldən birisi.

İsmayıl bəy isə...

İki yüz səkkiz il bundan əvvəl Qurban bayramı günü doğulan bu müsəlmana - həyatı Allahın göndərdiyi qoç sayəsində xilas olmuş ismi-şərifin adını versələr də, o, xristianların qurbanı (özü də peyğəmbərimizin vəfat yaşında) oldu. Çar imperiyası Azərbaycanı işğal-ilhaq edəndə Qutqaşın mahalında (indiki Qəbələdə) doğulmuş İsmayılın yeddi yaşı vardı.
İsmayıl çox fəhmli uşaq imiş; xatirələrə görə, o, “Fitilbörk”dən (Sankt-Peterburqdan) bu mahalın son sultanı olmuş atasının elə həmin əraziyə başçı təyin edilməsi barədə gələn xəbəri laqeydliklə qarşılayan yaşlı ailə üzvlərinə nisbətən daha şadyanalıqla qarşılayır, əllərini sinəsində çarpazlayaraq “səni bu mahalımız boyda təbrik edirəm, atacan!” - deyib (...illər keçəcək, balaca İsmayıl on-on iki yaşında bu doğma ailədən ayrılıb çar ordusuna yollanacaq, yurda hər gəlişində əlini təzimlə sinəsinə yox, şəstlə gicgahına qoyub “kapitan balanızı”, “mayor oğlunuzu”, polkovnik, general övladınızı təbrik edə bilərsiniz, əzizlərim!” - deyəcəkdi).
Jurnalistikanın ənənəvi xitabıyla desək, o dövrdə kimin ağlına gələrdi ki, sadəlövhlük mayalı o təbriklərin, şadyanalıqların mənzil başı hansısa bir karvansara olacaq. Hələ bu “retro”-sadəlövhlüyümüz bir yana, sonrakı (hələ də müasir) sovetlər dövründə hamımızmı çar hökumətinin bizimkiləri orduya generalitetləşdirmək naminə yox, “zaloq”laşdırmaq üçün apardığını bilirdik?!. Bəli, çar Rusiyası o dövrlərdə xan və bəyləri daimi itaətdə saxlamaq üçün uşaqlarını orduda “əsiri-zabit” timsalında görürdü. Bu məkr, təbii, böyük bir mahalın sultanı olmuş Nəsrullah atadan da yan keçə bilməzdi və o, oğlan övladlarından boy-buxunca ən cılız, fəhm-fərasətcə isə ən diribaşını (habelə “yerli” xəfiyyənin məlumatlandığı kimi - “ən istəklisi”ni) - balaca İsmayılı “kafərlərin ordusu”na ərməğan etməli olmuşdu.
Beləliklə, dörd il Peterburq kadet məktəbində oxuyub təhsilini başa vuran və 1822-ci ildən - on altı yaşından Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında sıravi əsgər kimi hərbi xidmətə başlayan İsmayıl bəy 1826-28-ci illər Rusiya-İran və 1827-29-cu illər Rusiya-Türkiyə müharibələrində iştirak edir, döyüşlərdə fərqləndiyinə görə müxtəlif ordenlərlə təltif edilir (o, çox sonralar - istefada olarkən bu qəhrəmanlıqlarını ən yaxın sirdaşlarına bəzən ironiya, ən yaxşı halda şifahi dırnaq işarəsi içərisində söyləyər, öz-özünü xəcalət hisslərilə təltifləyərmiş). Müharibələr bitdikdən sonra məhkum olduğu orduda hərbi xidmətini davam etdirən, vəzifəsilə ilgili bir müddət Varşavada yaşamalı olan İsmayıl bəy xarici məkanların mədəniyyət aləmilə də dərindən tanış olmağa çalışır, sanki özünü sonralar Abbasqulu ağa Bakıxanov - Mirzə Fətəli Axundzadə - İsmayıl bəy Qutqaşınlı isimləri daxil - “Paqonlu maarifçilər üçlüyü”nə hazırlayırmış.
1841-ci ildə general-mayor rütbəsilə istefaya buraxılan İsmayıl bəy Qutqaşınlı doğma yurduna qayıdır. Başları əkin-biçin, mal-davar, bağ-bağat işlərindən ayılmayan mahal əhli bir də onda ayılır ki, qarşılarında, yan-yörələrində məhəlli-milli problemlərinin həllinə daim müntəzir olan otuz beş yaşlı bir general eloğlu dayanıb! O “çarıqlı-patavalı” əhali bu başdan-başa ziya soydaşın uzun illər ayrı-ayrı ölkələrdən, uzaq-uzaq ünvanlardan beyin-başına topladığı məlumatları sayəsində qəflət yuxusundan oyanır, qarşıdakı Axundzadə səhnələri, Zərdabi “Əkinçi”si, Mirzə Cəlil “Molla Nəsrəddin”i gözləntilərinə doğru iməkləyir, addımlayır, yürüyürdülər. O vaxtlar yaşanmış bu qəbil fəxri-fəxarət hisslərinin şüaları günü bu gün də həmin elat qocalarının söhbətlərində, üz-gözlərində bərq vurur...
Bir müddət Qutqaşında gün keçirən İsmayıl bəy sonra Şamaxıya gedir və burada yaşaya-yaşaya hərbi təmayüllü məktəbdə dərs deyir. 1847-ci ildən isə Şamaxıda fəaliyyət göstərən “Bəy komissiyası”nda çalışır. 1852-ci ildə həyat yoldaşı Tutu xanım Bikə ilə Yaxın Şərq ölkələrinə səyahətə çıxan İsmayıl bəy həmin məmləkətləri gəzib-dolaşmaqla bahəm, oraların ən yaxşı hal-əhvallarını buralara - doğma mahalına, nəhayətdə - bütün Azərbaycana köçürmək haqda da düşünüb-daşınır. Düşmən isə... heç vaxt yatmır - gəl gör bu obyekt adi adam, qrup, tayfa yox, bir tərəfində günəş batmamış o biri tərəfindən çıxan nəhəng bir imperiya ola! Beləliklə, dənizlərdən, okeanlardan gözü doymayan o derjava bir dolça su ilə İsmayıl bəylə arvadı Tutu xanıma sui-qəsd etdirib öldürtdürür...
İlk yarımbaşlığı - böyük orduçulara nisbətdə “İsmayıl bəy isə...” kimi verdim, növbətini isə belə adlandırıram: -

Bəs yazıçı İsmayıl bəy?..

Öncə deyək ki, İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirmiş yazıçıdır. Mən ictimai-rəsmi görəvi generallıqla nəticələnən İsmayıl bəy Qutqaşınlının ədəbi fəaliyyətini - böyük istedadına nisbətdə - həcmcə bir hekayəlik qədər hesab edərdim. İlk qələm təcrübəsi olan “Səfərnamə” müəllifin Həcc ziyarətinin məhsulu kimi yazılıb və bu əsəri onun gedib-gəldiyi yolların ədəbi-coğrafi ensiklopediyası da adlandırmaq olar. Xanımının vəfa, sədaqət, gözəllik, evdarlıq aləmi (və adı) ilə bağlı yazdığı “Tutu” adlı əsəri isə it-bata salındığı gündən bəri təəssüflə xatırlanmada. Qaldı iki zadəgan ailəyə məxsus gənclərin məhəbbətindən bəhs edən “Rəşid bəy və Səadət xanım” adlı mükəmməl əsəri ki, bu yazını elə o əsərdəki su elementi - İ.Qutqaşınlının ölümünə bais olmuş maye (“bir qab su”) ilə bitirmək fikrinə düşdüm.
“May ayının gözəl bir günü idi. Bütün təbiətin canlanıb bəzəndiyi bir zamanda Azərbaycan bəylərindən birinin Səadət adlı yeganə qızı sübh vaxtı - günəş şərq tərəfdən doğmağa başlarkən, kiçik, lakin gözəl bir evdən çıxıb xoş bir hava ilə oxşanmaq, çiçəklərin nəşə verən ətirlərini iyləmək, quşların nəvazişli nəğmələrini dinləmək üçün səfalı bir bağa girdi.
Qız bağa girər-girməz bütün təbiət sanki başqalaşdı. Göyün üzü daha da gözəlləşdi, fərəhlə səslənən quşlar ağaclardan ayağa töküldülər, hava lətif ətirlərlə doldu.
Bütün təbiət sanki özünü ona bəyəndirmək istəyirdi; belə bir gözəl vücuda özünü bəyəndirməyi kim istəməz!
Gözəl Səadət bağda bir qədər gəzdikdən sonra böyük şabalıd ağacının dibində, çəmənlikdə əyləşdi.
O, fikir dəryasına qərq olmuşdu və səbəbini özü də bilmədən tez-tez ah çəkirdi. Yox, onun həyatında heç bir çatışmazlıq yox idi. Səadət yalnız bir sevgili arzusunda idi. Sevgisiz həyat - bədbəxtlik və qəm-qüssədir.
Qızın pənah gətirdiyi bu romantik bucaq ona o qədər xoş gəlirdi ki, səhərlər bura gəlib ətirli qızılgüllərdən hörülmüş köşkün yanındakı fəvvarəli hovuzun kənarında oturardı.
Bir gün dərin xəyallara dalan qızın qulağına həzin bir səs gəldi: “Ah! Mən sevgimi gizli saxlamaq üçün nələr etməzdim! Ocaq üstündə qaynayan bir qab su mənim könlüm qədər qaynar ola bilməz”...

Tahir Abbaslı