Azərbaycan

5 fevral 1918 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (1918 - 13.05.1982) anadan olub. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniya, “Don Kixot" simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, “Vyetnam" süitası, fortepiano üçün 24 prelüd, skripka və fortepiano üçün sonata və romansların müəllifidir. “Uzaq sahillərdə”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə musiqi yazıb.
5 fevral 1925 - Azərbaycan Xalq Komissarları Soveti Bakıda Kitab Palatası (passajı) təşkil etmək barədə qərar verib.
5 fevral 1930 - Görkəmli xanəndə, muğam ustası Əlibaba Balaəhməd oğlu Məmmədov Bakının Maştağa kəndində doğulub. Yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına dəyərli töhfələr verib. Bir çox mahnı və təsniflərin müəllifidir.
5 fevral 1934 - Əməkdar incəsənət xadimi, musiqişünas, professor Aida Zeynal qızı Tağızadə Şuşada anadan olub. 1958-ci ildən Bakı Musiqi Akademiyasında çalışır. Bir müddət Ankarada Bilkənd Universitetində pedaqoji fəaliyyət göstərib.
5 fevral 1963 - Teatr və kino aktrisası Münəvvər Səməd qızı Kələntərli (1912, Lənkəran - 1963) vəfat edib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, opera tamaşalarında, musiqili komediyalarda çıxış edib. "Arşın mal alan" (1945), "Bəxtiyar”, "Qızmar günəş altında", "Görüş", "O olmasın, bu olsun" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
5 fevral 1991 - Ali Sovet Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanun qəbul edib. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın dövlət rəmzi kimi təsdiq edilib. Dövlət bayrağı bərabər enli üç üfüqi (mavi, qırmızı, yaşıl) zolaqdan ibarətdir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq istəyini, yaşıl rəng - İslam dininə mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.

6 fevral 1924 - Tanınmış aktrisa, Xalq artisti Firəngiz Şərifova anadan olub. Görkəmli aktyor, rejissor, Abbasmirzə Şərifzadənin və aktrisa, SSRİ Xalq artisti Mərziyə Davudovanın qızıdır. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb. "Qərib cinlər diyarında” (Tükəz), “Ən vacib müsahibə” (Zaurun anası), «Bayquş gələndə” (Nənə), "Qətl günü" (Nənə) və s. filmlərdə çəkilib.
6 fevral 1927 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 - 1.2.2004) Ağdaşda doğulub. 60-dan çox televiziya tamaşasının rejissoru olub. “Qızmar günəş altında” (Xəlil), “Səhər” (Aslan), “Sehrli xalat” (Əli müəllim) və s. filmlərdə çəkilib.
6 fevral 1938 - Xalq artisti, aktyor Rafiq Əşrəf oğlu Əzimov Bakıda anadan olub. 1962-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Bir sıra televiziya tamaşalarında, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
6 fevral 1950 - Xalq artisti, xanəndə Ağaxan Minaxan oğlu Abdullayev Bakının Əmircan kəndində anadan olub. Bir çox ölkələrdə konsert proqramları ilə çıxış edib. 1977-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. “Şöhrət” ordeni ilə təltif olunub.

Dünya

5 fevral 1808 - Alman rəssamı, bidermayer (məişət və interyer detallarının, sadə adamların təsviri) üslubunun məşhur nümayəndəsi Karl Şpisveq (Carl Spitzweg, 1808-1885) anadan olub.
5 fevral 1810 - Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull, 1810-1880) anadan olub.
5 fevral 1914 - Amerika yazıçısı Uilyam Stüard Berrouz (William Seward Burroughs, 1914-1997) anadan olub.

6 fevral 1894 - Gürcü kinorejissoru və ssenaristi, SSRİ Xalq artisti Mixail Edişeroviç Çiaureli (1894-1974) anadan olub.
6 fevral 1932 - Fransız aktyoru və rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri Fransua Trüffo (François Roland Truffaut) anadan olub.

Hazırladı: Vüqar Orxan