Bölüşdürüldüyümüz, parçalandırılıb “iki ağanın bir nökəri” edildiyimiz gün...

Hələ məğzində milli-mənəvi aşağılanmağımıza dair daha neçə-neçə söz və söz birləşmələrini ehtiva edən “Türkmənçay müqaviləsi”...

Həmin gün sadə Azərbaycan xalqı öz əkin-biçin, mal-davar məşğuliyyətində, toz-torpaq içində, bir loxma çörək çıxarmaq işində, əlləri imperiallarla oynayan imperiyalar isə yeni ərazilər, yeni torpaqlar peşində...

Bir milləti ikiyə parçalayanların - Rusiya və İranın paylaşma-bölüşmə işinə fiziki-coğrafi sarıdan xeyli “kömək” edən Araz o gündən sonra da elə həmişəki kimi axacaq, o tay-bu tay sahillərindəki qanı bir-canı bir qardaş-bacılar isə dünənə qədərki kimi bir-birinə baxa, gəlib-gedə, toylaşıb-vaylaşa bilməyəcəkdilər. Daha “o tay”- “bu tay” kəlmələri də mülki ifadəlikdən çıxıb siyasiləşəcək, hərbiləşəcək, protokollaşacaqdı...
Deyirəm, bəlkə: “Arazı ayırdılar, Qan ilə doyurdular, Mən səndən ayrılmazdım, - Zülm ilə ayırdılar” bayatımız da elə həmin günlər təvəllüd tapıb? Yəni, burada söhbət bir oğlanla bir qız arasındakı ayrılıqdan gedirsə, nədən hər hansı əğyarın yox, məhz Arazın adı “vayqanlı” tutulsun? O ki qaldı fərdi sevgi-məhəbbət ayrılıqlarına, bunun da gözəl nümunələri var. Məsələn, yüz əlli il sonra bu müstəmləkə tərəflərin bu taylı oğullarından biri - Bəxtiyar Vahabzadə yazacaqdı: “Yarım bu tayda qaldı, yarım o tayda qaldı, Toyum burda çalındı - Yarım o tayda qaldı...”
Bu “lirik-poetik” (bir az da patetik) “giriş”dən sonra həmin gün doğulmuş o zina müqavilənin məram-mahiyyəti ilə əlaqədar -

Mətləbə keçid...

Düzünü deyim ki, ora keçməkdə, 16 maddədən ibarət o müqavilənin iç üzünü açıb-ağartmaqda xeyli çətinlik çəkirəm. Amma elə bu heynidə qeyd edim ki, 186 il bundan irəli bağlanmış o müqavilənin diktəçi və tərtibçiləri necə də usta, fəhm-fərasətli imişlər! Onlar o nəqliyyatsız, telefonsuz, fotoaparatsız, asfaltsız dövrdə - günü bu gün də dilimizə çətin yatan, bəzilərimizin hələ də gedib çıxa, baxıb görə bilmədiyimiz məkanlarımızın adlarını necə də dəqiqliklə öyrənmiş, dağ-daşlarımızı parasınacan, kənd-kəsəklərimizi arasınacan bölüşdürmüş, bizim siyasi səbatsızlığımızı qarasınadək, şəxsi mənafe, mal-mülk və sair xəstəliklərimizi çarasınadək öyrənib “ayır-buyur” hökmranlığına başlamışlar!
İstərdim, o günlərki babalarımızın bu günlərki müstəqil (!) balalarına həmin müqavilənin bir qədər geniş həcmli IV maddəsini bütöv oxumaqlıq zəhməti verim:
“Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır:
sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın (Ağrı -red.) zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə Araratın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac, yəni 3 1/2 Rusiya versti enində bütün istiqamətlərdə dövrə haşiyələnəcək, o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaq və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır.
Sərhəd xətti o yerdən Yeddibulaq bərəsinədək gedir; burada İran torpaqları Araz çayının yatağı üzrə üç ağaca, yəni 21 Rusiya versti uzanacaqdır: sonra sərhəd Muğan düzü vasitəsilə Bolqarçayadək, iki kiçicik Adınabazar və Sarıqamış çaylarının birləşməsində üç ağac aşağıda olan torpaqlara gedir; buradan isə Cikoir yüksəkliyinin zirvəsinədək elə davam edir ki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya, İran tərəfə axan bütün sular isə İrana məxsus olacaqdır.
Qərarlaşdırılmışdır ki, onların Xəzər dənizinə doğru enişi Rusiyaya, o biri yandakı enişi isə İrana məxsusdur. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı və Cikoir zirvəsi arasındakı sahə haqqında deyilən kimi, sərhəd hüdudunu təşkil edəcəkdir.
Beləliklə, adı çəkilən dağın zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna olmaqla Züvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət arasındakı sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velkic dairəsi sərhədindən Kloputanın zirvəsi və Velkic dairəsindəki dağların baş silsiləsi üzrə Astara çayının şimal mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır”.
Hə, mənim əziz (xüsusilə bəzən “hayıf döyüldü urusun vaxtı?!” deyən) bəzi oxucu soydaşlarım! Əgər yorulmamısızsa, dünənki “böyük qardaş”larımızın həmin o XIX əsr babalarının amiranəliklərilə bağlı daha bir maddəni də oxuyun. Görün, onlar - öz əllərilə yazdıqları kimi - o vaxtlar büsbütün bizim olmuş o xanlıqların onlara tabe olmayan KİŞİ xanları haqda nə yazırlar:
“XII Maddə
Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır: onlardan Arazın hər iki tərəfində daşınmaz əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin bütün Rusiya imperatoru həzrətləri ona aid olduğuna görə, keçmiş İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir”.
İndi isə maddələrdən parçalar:
* * *
“İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə İrəvan xanlığını və Naxçıvan xanlığını Rusiya imperiyasının tam mülkiyyətinə güzəştə gedir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırkı müqavilənin imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki xanların idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə verməyi vəd edir”.
* * *
“İran şahı həzrətləri yuxarıda göstərilən sərhəd xətti arasında və Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanadək Rusiya imperiyasına məxsus olduğunu təntənə ilə tanıyır”.
* * *
“İran şahı həzrətləri hər iki dövlət arasında baş vermiş müharibə ilə Rusiya imperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin düçar olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pul təzminatı ilə ödəməyi öhdəsinə götürür”.
* * *
... Belə. Daha nə yazım? Bu dünya nə yazmaqla qurtarasıdır, nə oxumaqla. Sadəcə, bu gün həmin o “ağ” çarizm günləri və sonrakı qırmızı sovetizm dövranı haqda bir az elə, bir az belə, gah ala-kərə, gah qara-kürə - bir sözlə, çoxrəngli düşünənlərimizin hamısına üçrəngli bayrağınız, müstəqil növrağınız qutlu, 201 illik “Gülüstan”, 186 illik “Türkmənçay”, 94 illik sovet-“sus(!)alizm” illətləriniz keçmiş olsun! - deyibən sözümü nöqtələyim...

Tahir Əhmədalılar