Azərbaycan

7 fevral 1919 - Xalq artisti, görkəmli kinorejissor Tofiq Mehdiqulu oğlu Tağızadə (1919 - 27.8.1998) anadan olub. “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.

9 fevral 1909 - Əməkdar artist, müğənni Cahan Rza qızı Talışinskaya (1909 - 1.3.1967) Lənkəran şəhərində doğulub. Repressiyaya məruz qalıb, 1949-1954-cü illərdə Özbəkistanda sürgün həyatı yaşayıb.
9 fevral 1925 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (1925-2004) anadan olub.
9 fevral 1936 - Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936-2001) anadan olub.

10 fevral 1828 - Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsini başa çatdıran Türkmənçay sülh müqaviləsi başlanıb. Təbriz yaxınlığındakı Türkmənçay kəndində rus generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzə tərəfindən imzalanan müqaviləyə əsasən, Şimali Azərbaycandakı sonuncu iki xanlıq - İrəvan və Naxçıvan Rusiyaya birləşdirilib.
10 fevral 1869 - Böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadə (1869 - 4.1.1932) Naxçıvanda doğulub. Hekayə və povestləri, dram əsərləri, məşhur "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. 1906-cı il aprelin 7-də nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
10 fevral 1918 - Yazıçı Cəmşid Cabbar oğlu Əmirov (1918 - 29.12.1982) Naxçıvan şəhərində anadan olub. “Brilyant məsələsi”, “Qara “Volqa”, “Şəhər yatarkən” və s. detektiv əsərlərin müəllifidir.
10 fevral 1925 - Cənubi Azərbaycan şairi, publisist Müzəffər Məmmədəli oğlu Dirəfşi anadan olub.
10 fevral 1927 - Ədəbiyyatşünas alim, professor Cahangir Vahid oğlu Qəhrəmanov (1927-1995) Qəbələdə doğulub.
10 fevral 1939 - Tarixçi, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Yaqub Mikayıl oğlu Mahmudov Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Tarix İnstitutunun direktoru (2004-cü ildən), Milli Məclisin deputatıdır. Azərbaycan Dövlət mükafatı və “Şöhrət” ordeni ilə təltif edilib.

Dünya

7 fevral 1812 - Məşhur ingilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens, 1812-1870) anadan olub. Realist sosial romanının yaradıcılarından biri, “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Dombi və oğlu” və s. romanların müəllifidir.
7 fevral 1885 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1930) laureatı Sinkler Lyuis (Sinclair Lewis, 1885-1951) anadan olub. “Baş küçə”, “Martin Errousmit” (“Martin Arrowsmith”) və s. romanların müəllifidir.
7 fevral 1929 - Türk şairi və aktrisası Könül (Gönül) Aysel Gürel (1929 - 17.8.2008) anadan olub. Populyar mahnıların sözlərinin müəllifidir.
7 fevral 1954 - Alman müğənnisi, bəstəkar və prodüser Diter Bolen (Dieter Bohlen) anadan olub. Məşhur “Modern Talking” qrupunun (1983-1987) yaradıcısıdır. Qrupun lent yazıları dünyada 165 milyon tirajla yayılıb.

8 fevral 1828 - Fransız yazıçısı, səyyah Jül Vern (Jules Gabriel Verne, 1828 - 24.3.1905) anadan olub. Macəra ədəbiyyatının klassiki, elmi fantastikanın banilərindən biridir. Əsərləri: “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında” və s.
8 fevral 1928 - Rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (1928 - 4.12.2009) anadan olub. “Baharın on yeddi anı” teleserialında Ştirlis rolu ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq ağ Bim” və s. filmlərdə çəkilib.

9 fevral 1441 - Özbək şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvai (Nizaməddin Mir Əlişir oğlu Nəvai; 1441 - 3.1.1501) Heratda doğulub. Nizami Gəncəvinin “Xəmsə”sindən təsirlənərək eyniadlı əsərlər toplusu (beşlik) yaradıb.
9 fevral 1874 - Alman əsilli rus rejissoru, aktyor, teatr xadimi Vsevolod Emileviç Meyerhold (Karl Kasimir Theodor Meyergold; 1874-1940) anadan olub. Stalin repressiyasının qurbanı olub.
9 fevral 1881 - Böyük rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (11.11.1821 - 1881) vəfat edib. “Alçaldılmış və təhqir olunmuşlar”, “Ölülər evindən qeydlər”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” romanlarının müəllifidir.

10 fevral 1837 - Dahi rus şairi, yazıçı, dramaturq Aleksandr Sergeyeviç Puşkin (6.6.1799 - 1837) vəfat edib. Əsərləri: "Yevgeni Onegin" (mənzum roman), "Ruslan və Lüdmila", "Qafqaz əsiri", "Tunc atlı" (poema), "Boris Qodunov", "Motsart və Salyeri" (pyes), “Mərhum İvan Petroviçin povestləri”, “Qaratoxmaq qadın”, “Kapitan qızı” (povest) və s.
10 fevral 1890 - Rus şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1958) laureatı Boris Leonidoviç Pasternak (1890-1960) anadan olub. Əsərləri: “Doktor Jivaqo” (roman), "Leytenant Şmidt", "Spektorski" (poema), "Bacım mənim - həyat", "Erkən qatarlarda" (şeirlər kitabı).
10 fevral 1898 - Alman dramaturqu, rejissor və teatr sənəti nəzəriyyəçisi Bertold Brext (Eugen Berthold Friedrich Brecht; 1898-1956) anadan olub. Pyesləri: “Üç quruşluq opera”, “Kuraj ana və uşaqları”, “Qalileyin həyatı” və s.
10 fevral 1938 - Rus yazıçısı Georgi Aleksandroviç Vayner (1938-2009, Nyu-York) anadan olub. Qardaşı Arkadi Vaynerlə məşhur detektiv əsərlərin müəllifidir: “Şaquli yarışlar”, “Minotavra ziyarət”, “Mərhəmət erası” və s.

Hazırladı: Vüqar Orxan