... və görəsiz kim? Haman bu yazının qəhrəmanı Möhsün Sənani!..
Hə, bir vaxtlar səhnələrdən, otuz ildən çoxdur kinolardan görə-görə, gülə-gülə tanıdığınız bu sənətkardan bəhs edən bu yazını da oxuyub daha ətraflı tanış olasız.
Hamımızın bütün detallarınadək xatırladığımız haman məlum məclisdə “paart, bir güllə!” - deyə rüsvayi-tamaşaçı etdiyi əşhədi-məhəbbət məşədisinə (“eybi eyibsizlik olan aşiq”ə) güldüyünüz qədər olmasa da, fitri istedadına təbəssümlənəsiz. Hamam (“Ay arvadlar, hamama kişi girib!”) səhnəsində cumculuq suya qərq olduğu vəziyyətdən necə quru çıxmaq çaba-çalışmasını bir daha yada salıb, çox faizi su olan müasir lağlağı uğundurucular arasında “yerin qeyri-məlum” deyəsiz...
Mütaliə edibən bunu da biləsiz ki, hər cür təfsirə, hər rakursdan təsvirə əl verən universal sənətkar Möhsün Sənani, nədənsə, mənimçün bir aktyorun üç möhtəşəm rolu formatında obrazlaşıb. Daxilinizdə də “Necəə, Möhsün Sənani (!) və üçcə rol?” sualı. Yəni, belə bir sənət ampluasına - xeyli uzun həyat (1900-1981) və yaradıcılıq (60 il) ömrünə, sənət məhsuldarlığına malik bir aktyor haqda belə bir xəsis “limit”?
Bəli, onun haqqında oxuduqlarıma, eşitdiklərimə, səhnədə və kinofilmlərdə gördüklərimə istinadən bəndəniz onu məhz belə görür: Möhsün Sənani - üç rol. Həyatının ibtidasında Əzabkeşlik, səhnə-“ada”da Qəhrəmanlıq, kinoda Qoçuluq...
Birinci -
Həyat yolu “rol”u
“İş”ə baxın, onun yüz iki il bundan əvvələdək (on iki yaşınacan) oynadığı bu “rol” hələ indi “yazılır”. Pozu olmayan “alın yazısı”na - haqqa “nahaqq” əlavə-ədəvalar qismində...
Ancaq onun bu tale roluna növbəti bir ah-nalə remarkası kimi baxmayın. Onun sənət səhnəsinə gələnədək yaşadığı bu məhrumiyyətləri “mərhəmətsiz” bir dramaturq və rejissor cütlüyü tərəfindən hazırlanmış fəci həyat tamaşası da hesab etməyin. Bu həyat, elə bil, o dövr afişalarında tez-tez görünən “Bir aktyorun teatrı” benefislərinə adekvat bir xoşbəxtlikmiş ki, balaca Möhsünü böyük Sənaniliyə hazırlayırmış. Ya bəlkə, mürəkkəb həyata imtahan verəsi bir körpənin “dram”ı, çəkişib-bərkişmə vodevili imiş.
...Müasir yeddi telekanalımızın “saniyə səkkiz-mən doqquz” anonsu ilə desək, “bir azdan” onun oğlundan - istedadlı jurnalist, gözəl insan, “qırğıgöz redaktə ustası”, uzun illər AzTV-də baş redaktor və sədr müavini işləmiş mərhum Valid Sənanidən gətirəcəyim bir-iki real xatiratla yuxarı abzasdakı nəqli keçmiş şəkilçilərimi indikiləşdirəcəyəm. Hələliksə sənədlərdən.
1900-cü ilin 19 iyununda Tiflisin məşhur “Şeytanbazar” məhəlləsində sadə bir ruhani ailəsində anadan olmuş Möhsün dörd yaşındaykən ata-anadan yetim qalıb, nənəsinin himayəsinə düşür. Nəvəsini də oğlu kimi mərsiyəxan görmək istəyən nənə Möhsünü mollalıq mədrəsəsinə qoyur. Lakin 8 yaşında ikən bu uşaq daha iki zərbə alır; nənəsi dünyasını dəyişir, təhsili yarımçıq qalır. “Əldən ələ keçən vəfasız həyat” bu dəfə ona daha vəfalı bir himayədar yetirir. Bu, sonralar Xalq artisti olası Əli Qurbanovun anası Zinyət xanım idi. Molla Zinyəti “daha vəfalı” qiymətilə sifətləndirməyimin bir damarı da bununla bağlıdır ki, o, Möhsünün digər doğmalarından fərqli olaraq çox yaşayır və onu öz çoxsaylı övladlarından da çox sevələyib qayğısına qalır.
Bəs, bu güzəran “rejissor”unun - xalasının hədsiz qayğısı, canfəşanlığı müqabilində “ailə truppası”nın bu tifil üzvü neyləyir? Gümanınız heç bir ənənəvi novella, təzad epizodlarına getməsin. O, sadəcə, xalasına bir yük olmasından xəcalət çəkir və 9 yaşında ikən işləməyə başlayır. Qoynunda çox sənədli dramlar oynanılmış “Şeytanbazar”da hər cür əzab-əziyyətə qatlaşmalı olur. O “Şeytanbazar” ki, təkcə alver meydanı yox, həm də gör-götür mərkəzi, sosial-teatral bir “müəssisə” idi. Burada çox xəlqi dialoqlar, canlı monoloqlar eşidən, təbii səhnələr görən bu daimi “bezbilet” tamaşaçıda bütün bunları alovlu yamsılamaq eşqi yaranır. Bu eşqini vüsala yetirmək üçün hərdən gündəlik qidasını belə ödəməyən çörəkpuluna haram qatıb, yerli teatrların, Tiflisə qastrola gələn ünlü teatr truppalarının tamaşalarına baxmağa gedir. Tezliklə səhnə aktyorlarının, meydan dərvişlərinin ecazkar təqlidçisi kimi “Şeytanbazar” çevrəli “dünya şöhrəti” qazanır.
Möhsün on bir yaşında birinci dəfə geniş izdiham qarşısına çıxır. On iki yaşında həvəskarlar dərnəyinə qoşulur, birpərdəli oyunlarda sınanır və ilk rejissoru - “Tiflis müsəlman artistləri dəstəsi”nin müqtədir aktyoru Mirzəxan Quliyevin, Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi məşhurların diqqətinə düşür. Uşaqlıq dostlarından birinin atası - “Vano dayı” dediyi bir gürcü on üç yaşlı Möhsünü tramvay parkında işə düzəldəndən sonra isə işləri tamam düzəlir; aldığı maaş özünü və bacısını təmin etməklə yanaşı, əzabkeş xalasına əl tutmağa da çatışır.
On beş yaşından - 1915-ci ildən 1921-ci ilədək böyük şöhrət çəkisi olan Tiflis teatr truppasının məşhur aktyorları arasında yetərli ad-san qazanan Möhsün Gavənin oğlu (“Dəmirçi Gavə”), Vəli (“Arşın mal alan”), Hambal (“O olmasın, bu olsun”), Rzaqulu (“Nadir şah”), Kassio (“Otello”) kimi məşhur obrazlar yaradır, doğulduğu Tiflis şəhəriylə bir şöhrət qazanır. Bunlar Möhsünün qəlbini iftixar hissləri ilə doldursa da, ürəyinin “amfiteatr”ından düşməyən bir arzusu vardı: Bakı!..
Paytaxtımızda qəhrəmanımızı daha çox, daha böyük rollar, daha genişmiqyaslı şan-şöhrət gözləyirdi ki, yuxarıda dediyim kimi, onlardan ikisini vurğulayacağam.
Beləliklə, ikinci -
Qəhrəmanlıq rolu
1921-ci ildə o dövr Qafqaz sivilizasiyasının Tiflis nəhrindən köçüb, “çoxmillətli Bakı şəhri”nə düşən Möhsün Sənaninin istedadı önündə - qəriblikdə püxtələşmiş qabiliyyəti qarşısında - geniş üfüqlər açılır. Afişalarda yeni, təxəllüs baxımından isə bir qədər qəribə görünən bu ad səhnədən-səhnəyə daha gur parlamağa, yerli nəhənglər arasında özünə yer tapıb ulduzlaşmağa başlayır. Səhnədə Kassio, Laert, Serqo, Həsənağa, Sadiq kimi seçmə obrazlar yaradır. Lakin mən onun oynadıqlarından yalnız biri, artıq, vədimdən bəlli rolu - “Vaqif” pyesindəki Eldar obrazı üzərində dayanmaq qəsdindəyəm. Bir də ona görə ki, bu rol Möhsün Sənaninin şəxsi, mənəvi, psixoloji, yumoristik, hazırcavablıq və digər keyfiyyətlərini də göstərməyin ən kəsə yolu, yığcamlığa əncamdır. Böyük sənətkarımızın oğlu (Valid Sənani) danışırdı ki, həmişə bizi sakitliyə, dava-dalaş salmamağa çağırıb-çalışan, bir küçə insidentimizi eşidəndə zəhmli-zəhmli göz ağardan atam, bir gün mənə qayıtdı ki: “Sənin nizam-intizamlılığın, əlaçılığın haqda eşitdiklərim qulaqlarımı yağır edib, bəs nə vaxt bir qoçaqlıq edəcək, evdən qıraqda “ov ovlayıb, quş quşlayacaqsan?” Bu dəyqə dur, get, kür-küçəmizdə nə qədər davakar, xatakar uşaq var, hamısını yığ gətir bu məhəlləyə”. Mən son aylar atamın “Koroğlu”, “Qaçaq Nəbi” və s. dastanları oxuduğundan (bəzən mənə oxutdurduğundan) “şübhələnmişdim”; bilirdim ki, o, “Vaqif” pyesindəki xalq qəhrəmanı Eldarı oynamağa hazırlaşır. Onun dediyi kimi etdim. Məhəlləmizin ən savaşqan uşaqlarını pəncərəmiz önünə yığıb aralarına bir “lo” saldım ki, gəl görəsən! Uşaqlar mənə “Qoçu Əsgər”in oğlu kimi güzəşt edir, bəzən hətta mənim balaca yumruqlarımın “şəbeh-qurbanına” çevrilirdilər. Sonralar duydum ki, onlardan Tofiq adlı birisinin əmranə səsi, ətrafındakıların diqqətini cəzbetmə jestləri (atamın özünün də etiraf etdiyi kimi) sabahısı gün premyerası olan “Vaqif”dəki qəhrəman Eldara - Möhsün Sənaniyə çox elementlər təlqin etmişdi.
Həmin obrazla bağlı daha bir etüd. Bir gün Möhsün Sənani xəstələnir və həmin rolu sonralar məşhur “Qaynana” operettasının libretto müəllifi Məcid Şamxalov oynamalı olur. Hər şey qaydasında getsə də, damarlarında qanı da məzə-məzhəkə ilə axan Məcid - Eldar kütləvi səhnə məqamı çıxıb qəhrəmanlıq monoloqu söylədiyi maili “tribuna”nın 2 metrliyindən yox, 1 metrliyindən yerə atdanır. Növbəti yaradıcılıq müzakirəsində rejissor bunu Məcid Şamxalova irad tutur, bir də belə “özfəaliyyət”ə yol verərsə, onu işdən çıxaracağı ilə hədələyir. Məsələnin çox ciddiləşdiyini görən Möhsün Sənani bu səhnə “kriminal”ına özünəməxsus münasibət bildirir; “Qardaş, mənim maaşım 200 manatdır, Məcidinki 100 manat. Bu kişidən nə istəyirsiz, fağır yarımştat tullanıb də” - deyə qızmış əsəblərə su səpir...
Kinomuzun Qoçusu
Bu böyük sənətkar haqda danışanda da, yazanda da, göründüyü kimi, sözün cilovunu buraxmamaq, baş alıb getməmək mümkün deyil. Lakin həcm əndazəsi baxımından onun filmoqrafiyasındakı 28 faktdan yalnız biri - “O olmasın, bu olsun”dakı Qoçu Əsgəri haqda söz açmalı oluram. Özü də çox qısaca.
Üzeyir bəy Hacıbəyli həmin abidə-əsərindəki bu obrazı ilə XIX əsrin axırları - XX əsrin əvvəllərində tüğyan edən Bakı qoçularını 1910-cu ildən etibarən, necə deyərlər, yerlərində oturtmağa başlamışdı. Lakin dahi bəstəkar və ədibin sözünə, məncə, Möhsün Sənani qədər qüvvət verən ikinci bir sənətkarın adını çəkmək, onun bu “kino hadisəsi”nə alternativ yansıtmaq mümkün deyil. Siz onun “duxanka” səhnəsindəki (“Adə, Baloğlan, iskan (stəkan) gətir, hərif zər tutur!”) yalançı qoqazlanmanı, qonaqlıqdakı muğam anında yalanpış huş-guş ilə özünügörkü, “Tarixi-Nadir”i yarıyacan oxumuş taciri-aşiqdən ta “intelligent”ləri, “quru bəy”, “qəzetə”lər padşahı və başqa “mötəbər” əşxasları “pişto” hesabına idarəetmə yekəxanalığı, “Adə, Baloğlan, sür geriyə” jarqonunu ifadə tərzi, bazarda digər qoçu qarşısındakı xəcilliyi, Məşədi İbada pul istəyi xitablarında 2 min manatdan 10 manata düşmə deqradasiyalarını necə yaratdığının fərqindəsinizmi? Belədirsə, daha başqa sözə nə ehtiyac, - deyib, bu görkəmli Xalq artistimizə rəhmət oxumaqla kifayətlənək.
Görəsən, o bizim bu fəxarət hisslərimizin şahidi olsaydı, sifətində hansı cizgilər yaranardı? Mən biləni, o cizgilərdə nə Eldardakı qəhrəmanlıqdan, nə Əsgərdəki “qoçu”luqdan əsər-əlamət olardı. Olsa-olsa, sir-sifətində uşaqlıq taleyi dramatizmindən bir-iki etüdlük əzab-əziyyətizm hiss olunardı...
Tahir Abbaslı