Azərbaycan

14 fevral 1918 - Tanınmış memar, Azərbaycan Dövlət mükafatı laureatı Davud Ağa oğlu Axundov (1918 - 19.11.2003) anadan olub.
14 fevral 1925 - Xalq artisti, dirijor Nazim Əsədulla oğlu Rzayev (1925-2006) anadan olub. Opera və Balet Teatrının dirijoru, Dövlət Kamera Orkestrinin bədii rəhbəri işləyib.
14 fevral 1939 - Tanınmış xanəndə, Əməkdar artist, Prezident təqaüdçüsü Süleyman Cümşüd oğlu Abdullayev Füzuli rayonunun Qoçəhmədli kəndində doğulub. Xanəndəliyin sirlərini böyük sənətkar Seyid Şuşinskidən öyrənib. 1964-cü ildən Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb.
14 fevral 1940 - Azərbaycan Televiziyasının ilk diktorlarından olan Tamara Cəfər qızı Gözəlova-Ağamirova Bakıda anadan olub. 1956-1959-cu illərdə televiziyada çalışıb. “O olmasın, bu olsun” filmində Gülnaz roluna çəkilib. 1965-ci ildə BDU-nu kitabxanaçılıq ixtisası üzrə bitirərək Milli Kitabxanada fəaliyyətə başlayıb.
14 fevral 1956 - Azərbaycan televiziyasının yarandığı gündür. Həmin gün Bakı televiziya studiyası yayıma başlayıb. Telestudiya əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxıb. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırılıb. 70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırılıb. 2005-ci ildən televiziya 24 saatlıq fasiləsiz yayıma keçib.
14 fevral 1980 - Görkəmli aktyor, rejissor, Xalq artisti Rza Təhmasib (20.4.1894, Naxçıvan - 1980) vəfat edib. “Qanun naminə” (Qaloş), “Bakıda küləklər əsir” (Şahmar bəy) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Onu bağışlamaq olarmı?”, “Bakının işıqları” və s. filmlərə quruluş verib.

15 fevral 1909 - Əməkdar incəsənət xadimi, aktrisa Xədicə Bahəddin qızı Qazıyeva (1909 - 7.6.1991) Kazan şəhərində doğulub. 1926-cı ildə Azərbaycana gəlib, Naxçıvan teatında çalışıb.
15 fevral 1914 - Xalq artisti, aktyor Muxtar Həsən oğlu Avşarov (1914 - 6.12.2004) İrəvan şəhərində anadan olub. 1918-ci ildə ailələri Gəncəyə köçüb. Gəncə Dövlət Dram Teatrında, 1968-ci ildən Akademik Milli Dram Teatrında, ömrünün son illərində Bakı Bələdiyyə Teatrında çalışıb. “Arxadan vurulan zərbə”, “Qanlı zəmi”, “Dəli Kür”, “Gilas ağacı”, “Kişi sözü” və s. filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb.
15 fevral 1924 - Ədəbiyyatşünas alim, professor Fəridə Şamil qızı Vəzirova (1924-6.9.1986) Füzuli rayonunun Sərdarlı kəndində anadan olub.
15 fevral 1933 - Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (1933-1.11.2005) Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. 1956-cı ildən Akademik Milli Dram Teatrında çalışıb. "Onu bağışlamaq olarmı?", “Qırmızı qar” filmlərində, “Göz həkimi” televiziya tamaşasında çəkilib.
15 fevral 1946 - Görkəmi aktyor, Xalq artisti Əliabbas Gülabbas oğlu Qədirov (1946-8.3.2006) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (2002-2006) edib. Kinoda yaddaqalan obrazlar (“Qızıl uçurum” - Cəlil, “Nəğmə dərsi” (“Ömrün səhifələri” - Ata), “Küçələrə su səpmişəm” - Çərkəz və s.) yaradıb, Dövlət mükafatına (“Sevinc buxtası” - Nazim, 1978) layiq görülüb.
15 fevral 2005 - Xalq artisti Xuraman Hacıyeva (7.3.1945 - 2005) vəfat edib. "Arşın mal alan" filmində (1965) Asya roluna çəkilib. Gənc Tamaşaçılar Teatrında, bir müddət Naxçıvan Musiqili Dram Teatrında çalışıb.

16 fevral 1873 - Məşhur memar Zivər bəy Əhmədbəyov (1873-1925) anadan olub. Bakıdakı Təzəpir məscidi və Əmircandakı Murtuza Muxtarov məscidi onun layihələri əsasında ucaldılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı olub.
16 fevral 1916 - Sənətşünas alim, akademik Əbdülvahab Salamzadə (1916 - 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair tədqiqatların, “Abidələr danışır”, «Azərbaycan memarlıq abidələri», «Əcəmi Naxçıvani» və s. kitabların müəllifidir.
16 fevral 1918 - Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni; 1918 - 10.6.2008) anadan olub. Məhəmməd Füzulinin qəzəllərinin rus dilinə ilk tərcüməçilərindən biridir.
16 fevral 1945 - Görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev), 20.3.1879 - 1945) vəfat edib. “Leyli və Məcnun” operasında Məcnun rolunun ilk və 30 ilə yaxın əvəzsiz ifaçısı olub.

17 fevral 1920 - Dilçi alim, professor Əlövsət Zakir oğlu Abdullayev (1920-1993) anadan olub.
17 fevral 1934 - Yazıçı-dramaturq, jurnalist Şamil Xurşud (Şamil Xurşud oğlu Fərzəliyev; 1934-1986) Ucar rayonunda anadan olub. Əslən Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindəndir. “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “İnsan yaşayır” povestləri, "Məhəbbət novellası", “Qızıl zəncir”, “Kiçik torpaqda üç gün”, “Sevinc”, “Yol ayrıcında” pyeslərinin müəllifidir.
17 fevral 1947 - Aktyor Əlvida Məhərrəm oğlu Cəfərov Cəbrayıl rayonunun Qaracallı kəndində doğulub. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır.
17 fevral 1958 - Teatr və kino aktyoru Xeyri Osman oğlu Əmirzadə (5.10.1893-1958) vəfat edib. Milliyyətcə Krım türküdür, Yaltanın Dərəgöy kəndində doğulub, Krım Muxtar Respublikasının Xalq artisti olub. 1930-cu illərdən Azərbaycanda fəaliyyət göstərib. "Kəndlilər", "Səbuhi", "Bəxtiyar" və başqa filmlərdə epizodik rollar oynayıb.
17 fevral 1992 - Erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər, kəndin 70-dək sakini öldürülüb.

Dünya

14 fevral 1483 - Özbək şairi və yazıçısı, dövlət xadimi, Böyük Moğollar dövlətinin qurucusu Zahirəddin Məhəmməd Babur (1483-1530) anadan olub. Əmir Teymurun nəslindəndir, tarixi janrda ilk ədəbi nümunələrdən olan “Baburnamə”nin müəllifidir.
14 fevral 1914 - İtalyan kinorejissoru, ssenarist Pyetro Cermi (Pietro Germi, 1914-1974) anadan olub. Kinoda neorealizmin tanınmış simasıdır, “İtalyansayağı boşanma” filminə görə “Oskar” mükafatı (1963) alıb.
14 fevral 1936 - Polyak-sovet estrada müğənnisi, bəstəkar Anna German (1936-1982) Özbəkistanın Urgenc şəhərində doğulub, 1945-ci ildə ailəsi Polşaya köçüb.
14 fevral 1944 - İngilis rejissoru və ssenaristi Alan Parker (Alan William Parker) anadan olub. “Gecəyarısı ekspessi”, “Mələk ürəyi” filmlərini çəkib, Kann kinofestivalının qalibi olub.

15 fevral 1564 - Məşhur italyan fiziki, astronom, riyaziyyatçı və filosof Qalileo Qaliley (Galileo Galilei, 1564-8.1.1642) anadan olub.
15 fevral 1882 - Amerika aktyoru, səssiz kinonun ulduzlarından biri Con Berrimor (John Barrymore - əsl adı John Sidney Blyth; 1882-1942) anadan olub.
15 fevral 1906 - Tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil (1906 - 25.8.1944) anadan olub. Böyük Vətən müharibəsində almanlara əsir düşüb, Berlində Moabit hərbi həbsxanasında öldürülüb. Belçikalı kamera yoldaşına verdiyi şeirləri sonradan «Moabit dəftəri» adı altında çap edilib.
15 fevral 1914 - Qazaxıstan milli kinosunun ilk rejissorlarından biri, SSRİ Xalq artisti Şaken Aymanov (1914-1970) anadan olub.

16 fevral 1834 - Alman alimi və filosofu, “ekologiya” termininin müəllifi Ernst Hekkel (Ernst Heinrich Philipp August Haeckel, 1834-1919) anadan olub.
16 fevral 1845 - Amerika yazıçısı, jurnalist və səyyah Corc Kennan (George Kennan, 1845-1924) anadan olub.
16 fevral 1925 - İngilis kinorejissoru Con Şlezinger (John Richard Schlesinger, 1926-2003) anadan olub.

17 fevral 1600 - İtalyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno, 1548-1600) inkvizisiyanın qərarı ilə edam edilib (tonqalda yandırılıb).
17 fevral 1906 - Rus-sovet yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin, kinofilm ssenarilərinin müəllifi Aqniya Lvovna Barto (1906-1981) anadan olub.
17 fevral 1954 - Amerika aktrisası Rene Russo anadan olub. Filməri: “Epidemiya” (Robbi Keot), “Dəmir kubok”, “Böyük narahatlıqlar” və s.

Hazırladı: Vüqar Orxan