O bunu sadəcə öz adı, imzası, qəzəl-qoşma “tapşırma”sı olaraq səsləndirib, yazıb...

...Sayı yüzlərlə, minlərlə, milyonlarla hesablanan ətrafındakılar, meyxanələrdəkilər, “əl-əl gəzən”, “stolüstü”, “darıdələn” təyinli qəzet-kitab oxucuları, radio dinləyiciləri isə bunu həm də qəzəl xanəmizin vahidi, yeganəsi, yek-təki, “bir dənə”si kimi qəbul ediblər, edəcəklər.

Başda bu baş qəzəlxanımızı sevənlərin - Əliağa Vahid xiridarlarının sayına toxundum, qaldı sanbal məsələsi. Sözsüz, onu “gül-bülbül” şairi (Mirzə Fətəlinin Məhəmməd Füzuliyə (mübahisəli) iradı baxımından) kimi sevənlərin sayı fəlsəfi-intellektual aspektdən qiymətləndirənlərin sayından dəfələrlə çoxdur. Lakin nəzərə alınmalıdır ki, Əliağa Vahid “Uçmaz elə bir xanə ki, - memarı gözəldir” kimi saysız fikirlərin, rasional poetik qənaətlərin də müəllifidir.
Əliağa Vahidi böyük “ədəbi sima” kimi qiymətləndirənlərin hədsiz çoxluğu “əbədi sima” əyarı ilə dəyərləndirənlərin azlığı arasında, hansısa məqamda, xalq və şünaslıq konsensusu da yaranır. Və onun xələflərindən birinin “Əbədiyə qəh-qəh çəkər - əbədi dünya” deməsi, habelə sağlığında üzünə, cismani yoxluğunda xatirəsinə, ruhuna bu qədər bəh-bəh deyilməsi bir daha göstərir ki, bu etnoqrafiya qəbilli şairin kosmik əbədiyyət ehkam-ehtimalından o qədər də qorxusu yoxdur. Qorxacağı(mız) məsələ-mətləb bu ki, bir vaxtlar onun yağdırdığı mənalı qəzəllər yağışı sonralar çıxmış (və hələ çıxası) “göbələk”-yazarlarda mənasızlıq epidemiyası formalaşdırıb...

Qəzəl ustadı, gözəl səyyadı, qafiyələr ağası...

Bu sadə xalqın “xalq şairi” adı verilməmiş vahid, əsl “qeyri-vəsl” aşiqi, yeganə “nəfsi-nama biganə”, “bir danə”, “dərdaneyi-mərdanə”, “mahiri-bədiyyə”, “məşhuri-qəzəlxan”, “məsti-gözəlcan” şairi. Bu xan qəzəlxan haqda danışanda, yazanda ən çinovnik natiq, ən rəsmi qələmçi də ladını-kodunu dəyişib, özünü “sarı sim” üstdə kökləyər. Müasirlərindən birinin söyləməsinə görə, XIX əsrin sonlarında Bakıda və ətraf kəndlərdə həm lirik, həm də dramatik bir ab-hava varmış ki, birincisi Əliağanı yaratdı, ikincisi Cəfəri. Aralarında dörd il fərq vardı, yaradıcılıqlarında isə həyat səhnəsilə teatr səhnəsi qədər təfavüt. Biri poetikləyirdi: “Vahidəm, sevgini mən də qanıram, Fitnəkar gözləri üzdən tanıram”, o biri dramatikləyirdi: “Qəhr olsun dünyanın milyonlar üstündə vücuda gələn səadəti!”.
Həmin müasirindən yarı sitatla desəm, - bir neçə ildən sonra ictimai-siyasi, sosial-kriminal çaxnaşmalara meydan olası Bakıya əvvəlcə lirika hadisəsi doğuldu.
Doğuldu Masazırda (18.02.1895), yaşadı-yazdı Bakıda, müvəqqəti cisim dünyasını əbədi haqq və ədəbi isim dünyasına dəyişdi Azərbaycanda (01.10.1965). Qələmə aldığı və aldırdığı sanılı şeirlərdən əlavə, o, qəlbində saysız qəzəllər apardı və şəxsində gələcək oxucuları üçün qapalı məsələlər, butalı məsəllər də qoyub getdi...

“Məsələ”dən başlayaq

“Könlümü vermişəm şeirə-qəzələ” sözü ilə “məsələ” termini bir araya sığışmasa da, bu barədə “kaç kəlmə”lər.
Əvət, o məsələ ki ictimai müzakirəyə, elitar mühakimə, məhəlli mübahisə, ən nəhayət, xeyirxah şübhələrə səbəb olmur, o, məsələ deyil. Bəs, bütün qəlbi, dil-üslubu, vəhy-mahiyyətilə bu xalqın şairi olan bir sənətkara “xalq şairi” adı verilməməsi ciddi məsələ deyilmi?
Elə məsələlər var ki, onların çözümünü - daha ciddi problemlərlə məşğul olan rəsmi dairələrdən, rəyasət səviyyələrindən gözləmək, hətta ummaq belə, düzgün deyil. Amma, öz aramızdı, xalq içrə daim qövr edən bu tövr məsələlər haqda “dördüncü hakimiyyət”in susması da düzgün deyil. Belə ki, Əliağa Vahid çevrəsinin tez-tez işlətdiyi “yerin məlum” ibarəsinə timsalla desək, məsələ məlum. Yəni bütün bəni-adəm məziyyətləri, geyim-deyim tərzi ilə xalq əba-qəbasından çıxmış bu şairə, aşiqlik inqilabından özgə heç bir siyasi təhlükəliliyi olmayan bu sailə (xırda-para maddi imtiyaz və mənəvi titullar istisna edilməklə) - bizim ədiblər üçün ən məhrəm və məlhəm təltifat olan “xalq şairi” adı verilməyib. Niyə? “Niyə” deyirəm a, “görəsən, niyə?” yox . Yəni ikinci formatlı sualın hədəfi o dövrün Dövlət, Lenin, Stalin mükafatları ola bilər. Söhbət o dövr məclislərinin, toy-düyünlərinin “qara camaat” istəklisindən, xəlqi söz qəflə-qatırının “qara poyuz”undan, qəzəliyyat-gözəliyyat kanından gedir. Azərbaycanın kəlam saraylarında, hikmət odalarında, ağır xanəndələrin çal-çağırxanalarında Nizami, Füzuli, Nəbati, Seyid Əzim kimi ustadlara dabanqırma qoşulmaqda olan bir varisdən bəhs olunur. Dünyayi-aləm üzrə yağla şora fərq qoymamaqda, hər şeydə ağ eləməkdə qırmızı qarğa kimi seçilən sovet dövranının acığına “Gözəl həyatını, Vahid, fənaya sərf etmə, Səni zəmanə yetirməz dübarə - bir dənəsən”- deyə, sənətkarlığın ən vacib “maddə”lərindən olan təvazökarlığa da “təcavüzkarlıq” edən təpədən-dırnağa bədii “bakılı balası”ndan danışılır.
Bəli, onun dünyadan getdisinə qədər uzadılıb “davam edən - 37”. Yəni o vaxtlar sağa-sola paylanan, yalquzaq “partiya” qoxusundan ən uzaq “hesab” edilən o təltifat bu bəlalı şairə qıyılmadı. Yenə niyə? İçirmiş? Görəsən, bu anti-alkoqol “əxlaq kodeksi”ni bizə “kaçay-kaçay” edən Kremldəkilərdən də çox? Yeri gəlmişkən, SSRİ-nin tərkibinə “könüllü” daxil olmağımıza bir könüldən min könülə aşiq olmuş “revolyusioner” (“patava” ayamalı) Mirbəşir Qasımovun Mərkəzi Komitədə - Moskvadan gəlmiş nümayəndələr qarşısında dili topuq vura-vura (rusca bilmədiyindən) etdiyi bir nəfəslik “tarixi” çıxışı da (“Balşaya Rassiya Azırbeycana kultura kaçay-kaçay, malinkiy Azırbeycan Rassiyaya nöyüt kaçay-kaçay”) Əliağa Vahidin - çoxusunu bədahətənliklə “çap” etdiyi qəzəliyyat “nəşriyyat”ı vasitəsilə yayımlanıb. Və deyirəm, bəlkə, bizim bu şeir-qəzəl ustadımızın, “nazlı gözəl” mövzusunda özəl qələm rəssamımızın nakam getdiyi o məsələ, elə bu kimi “eybicu”luq şuluqluqlarına görə baş tutmayıb?..
Hələ onun Fəxri xiyabanda dəfn edilib-edilməməsi ilə əlaqədar “partiya və xalq” dilemması! Cənazə arxasınca yürüyən xalq sevgi dolu qışqır-bağırla “Sağa, sağa!” hayqırır, respublikanın o vaxtkı I katibinin “təsadüfən” Moskvada olmasından çaşıb qalmış yüksək çinli məmurlar isə “Sol, sol!” komandası ilə izdihamın ağzını Fəxri xiyabandan yayındırmaq istəyirmiş.

Belə-belə “məsələ”lər...

...Və uzun illər fəxrsiz dam-daşda yaşayan bu şairin Mir Cəfər Bağırova yazdığı belə-belə misralar:

Evimi görsə naxırçı, deyər, samanlıqdır,
Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.
Divarda ağcaqanadlar, yerimdə taxtabiti,
Hücuma bax gecələr, gör nə hökmranlıqdır.
Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,
İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.
Çox ərizə yollamışam Baksovetə, Raysovetə,
Gözləməkdir işim, məsələ dumanlıqdır.


Məsəllər...

“Yaxşılıq elə - at dəryaya, balıq bilməsə də, Xaliq bilər”...
Bu “malinkiy” Azərbaycanımızın yeraltı-yerüstü yatırını SSRİ xəzinəsinə yatıranları“mız”, milli istedad xammallarımızı da vəsfi-ixrac edənləri“miz” nə qədər pislik edib Vahidi sənət dəryasından qırağa (özü də quruya yox, quru yerə!) çıxarmağa çalışsalar da, Xaliq onu öz sevgisindən, xalq onu öz öygüsündən xali qoymadı.
“Keçəlliyimi neynirsən, keçərliyimdən danış”...
Yolunuz düşəndə İçərişəhərdə yerin bağrından doğulub qovzanırmış kimi görsənən abidəyə daha diqqətlə baxın. Maraqlı və möcüzəvi deyilmi ki, heykəllər içrə bucürlük, bu sayaq yeklik, vahidlik məhz Əliağa Vahidə qismət olub?! Böyük Yaradan bu abidənin yaradıcısının tişəsinə göz qamaşdıran, daş kitabələrvarı qırışlar könül naxışlayan palıd rişələri ərməğan edib, xan çinarvarı duruş, hikmət dolu qırım-qırış, qartal sürətli, sənət surətli daş “qafiyələr” pıçıldayıb...
“Əks-səda ədadan yox, sədadan yaranar”...
Məclis-mərəkələrə qulaq verin. Həddən ziyadə milli, pərvanəvi vətənpərvərsinizsə, buyurun: “Vahid, sorma Vətən nədən yaxşıdır, Gülüstanlar mənə xəzan göründü”... Məcnunluğunuz tutub? Neynək: “Qınayan olmasa, sənin dalınca Qapınıza qədər gələrəm özüm”. Cananınızın bənzərsizlik “eqo”suna yoluxmusunuz? Alın, gəldi: “Gözəllər içrə sən ey mahi-parə, bir dənəsən, Bu sirri gizli deyil, aşikarə - bir dənəsən!”. Bəlkə sevgi rəsmiyyətçiliklərindən bezmisiniz? Onda təzə bir bədii məzə: “Könül, ol şuxə yaxınlaşma, onun əngəli var, Məndə belə “gözəllər”in düz bir düjün cədvəli var...”
Bundan çox-çox əvvəl isə belə demişdi:

Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək,
Bu beş gün ömrə görə ruzgarə yalvarma!

Faqirə, acizə, məzlumə ehtiram eylə,
Əduyə, qaniçənə, zülmkarə yalvarma!

Vətən uğrunda ölüm mərd üçün səadətdir,
Həyat üçün fələki-kəcmərdarə yalvarma!

Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
“Ənəlhəqq” üstə çəkilsən də darə, yalvarma!


Gələn il...

Aşağıdakı bir abzaslıq yır-yığcam mətni üstündəki yarımbaşlığının sonuncu sözünə cəm şəkilçisi əlavə etməklə oxumalı:
Gələn il 120 illik yubileyi daha təntənəli qeyd olunası bu millət şairi bu ölkədə, bu dövlətdə hər dönəmdə önəmlənib və bundan sonra da elə eləcə dönəmlənəcək. Xalqın can-dildən istəyi, dövlətimizin dəstəyi ilə əlahiddə Vahid tədbirləri düzənlənir, muğam festivallarında ayrıca “Vahid axşamı” naxışlanır. Formaca tar-kamana, məzmun-mahiyyətcə qəzəliyyata bənzəyən Beynəlxalq Muğam Mərkəzimizdə böyük ustadlarımızla bərabər, bu ümumxəlqi “qədeş”imizin də abidəsi böyük mədəniyyət vahidimiz kimi canlanır...

Tahir Abbaslı