Azərbaycan

18 fevral 1201 - Dünya şöhrətli azərbaycanlı alim, riyaziyyatçı, astronom və filosof Nəsrəddin Məhəmməd ibn Həsən Tusi (1201 - 23.6.1274) Həmədan şəhərində anadan olub. N.Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər təkcə Şərqin deyil, dünyanın mötəbər elm mərkəzlərindən biri kimi tanınıb.
18 fevral 1895 - Məşhur qəzəlxan şair Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 1894 - 1.10.1965) Bakının Masazır kəndində anadan olub.
18 fevral 1925 - Tanınmış jurnalist və ictimai xadim Hacı Hacıyev (1924-2008) anadan olub. Azərbaycan Jurnalistlər Birliyinə rəhbərlik edib, rus dilindən bədii tərcümələr edib.
18 fevral 1931 - Xalq şairi, dramaturq Nəriman Əliməmməd oğlu Həsənzadə Qazax rayonunun Poylu qəsəbəsində doğulub. Poetik topluların (“Cavid", "Nizami", “Nuru Paşa” poemaları), dram əsərlərinin (“Pompeyin Qafqaza” yürüşü”, "Atabəylər" ) müəllifidir. "Şərəf" ordeni ilə (2011) təltif edilib.
18 fevral 1947 - Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 - 30.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi, xalça, batika sənətinin tanınmış ustası idi, beynəlxalq sərgilərin iştirakçısı olmuşdu.

19 fevral 1949 - Ədəbiyyatşünas, tərcüməçi, publisist, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov anadan olub. Səməd Vurğunun yaradıcılığına, Tiflis Azərbaycan teatrının tarixinə dair tədqiqatların, muzey işi, təsviri incəsənət, Azərbaycan xalçası, etnoqrafiya ilə bağlı araşdırmaların, metodiki vəsaitlərin müəllifidir. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini, Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsi Rəyasət Heyətinin, Aşıqlar Birliyi İdarə Heyətinin üzvüdür.
19 fevral 2007 - Prezident İlham Əliyev “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalayıb.

20 fevral 1920 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Möhləvi (1900 -3.2.1962) anadan olub.
20 fevral 1928 - Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev, 1928 - 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Rus ədəbiyyatından gözəl poetik tərcümələrin müəllifidir.
20 fevral 1935 - Şərqşünas alim, professor Şulan İsmayıl oğlu Şirəliyev Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.
20 fevral 1938 - Dilçi alim, türkoloq Cəfər İsmayıl oğlu Cəfərov (1938 - 20.12.1996) anadan olub.
20 fevral 1938 - Görkəmli xanəndə, Xalq artisti Arif İmran oğlu Babayev Ağdamın Sarıhacılı kəndində doğulub. Muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyli - “Leyli-Məcnun”, “Əsli və Kərəm”), Aşıq Qərib (Z.Hacıbəyov - “Aşıq Qərib”) və s. rolların bənzərsiz ifaçısı olub. Azərbaycan milli musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb. Azərbaycan Milli Konservatoriyasının professoru, muğam kafedrasının müdiridir.
20 fevral 1984 - Görkəmli bəstəkar, SSRİ-nin Xalq artisti Fikrət Məşədi Cəmil oğlu Əmirov (22.11.1922, Gəncə-1984) vəfat edib. Simfonik muğam janrının yaradıcısıdır (“Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz”), “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. musiqi əsərlərinin müəllifidir. Bəstəkarın «Min bir gecə» baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və s. filmlərə musiqi bəsləyib.

Dünya

18 fevral 1564 - Böyük italyan rəssamı, heykəltəraş, memar, şair, Avropa İntibahının görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Francesci di Neri di Miniato del Sera i Lodovico di Leonardo di Buonarroti Simoni; 6.3.1475 - 1564) vəfat edib.
18 fevral 1780 - Rus rəssamı, məişət boyakarlığı janrının banilərindən biri Aleksey Venesianov (1780-1847) anadan olub.
18 fevral 1836 - Hind filosofu və dini lideri, induizmin islahatçısı Ramakrişna (Şri Ramakrişna Paramaxamsa, 1836-1886) anadan olub.
18 fevral 1932 - Çex əsilli Amerika rejissoru və ssenaristi Miloş Forman (Milosh Forman - Jan Tomash Forman) anadan olub. Rejissorun “Qu quşunun yuvası üzərində uçuş” filmi 5 “Oskar”a (1975), “Amadey” filmi isə 8 “Oskar”a (1984) layiq görülüb.
18 fevral 1934 - Rusiyanın Xalq artisti, sirk ustası Muxtarbek Kantemirov anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm” filmində Rüstəm rolunda çəkilib.
18 fevral 1954 - Amerika kinoaktyoru Con Travolta (John Joseph Travolta) anadan olub. Filmləri: «Şənbə axşamının həyəcanı», «Kriminal qiraət», «Sifətsiz», «Əsas rənglər» və s.
19 fevral 1473 - Polyak astronomu, riyaziyyatçı, mütəfəkkir Nikolay Kopernik (1473 - 24.5.1543) anadan olub. Elmdə inqilab sayılan dünyanın heliosentrik sistemi (planetlərin günəş ətrafında fırlanması) nəzəriyyəsinin banisidir.
19 fevral 1743 - İtalyan bəstəkarı, simli kvartet musiqi janrının banilərindən biri Luici Bokkerini (Luigi Boccherini, 1743-1805) anadan olub.
19 fevral 1878 - Məşhur Amerika ixtiraçısı Tomas Edison (1847-1931) ilk səsyazma cihazını - fonoqrafı icad edib.
19 fevral 1945 - Tanınmış müğənni və bəstəkar, Rusiyanın Xalq artisti Yuri Antonov Daşkənddə (Özbəkistan) doğulub.

20 fevral 1729 - Rus peşəkar teatrının banisi, aktyor Fyodor Volkov (1729-1763) anadan olub.
20 fevral 1925 - Amerika kinorejissoru, ssenarist Robert Oltmen (Robert Altman, 1925-2006) anadan olub. Avropanın üç əsas kinofestivalının (Kann, Venesiya, Berlin) qalibi olmuş yeganə amerikalı rejissordur.

Hazırladı: Vüqar Orxan