Azərbaycan

21 fevral 1906 - Kinorejissor, Əməkdar incəsənət xadimi Həbib Ələkbər oğlu İsmayılov (1906 - 31.12.1966) Naxçıvanda doğulub. “Ögey ana” (1958), “Böyük dayaq” (1962) filmlərinə quruluş verib. Bir sıra sənədli filmlərin müəllifidir.
21 fevral 1921 - Xalq rəssamı Böyükağa Mirzəzadə (1921 - 3.11.2007) Bakıda anadan olub. Yaradıcılığa tematik tablolarla başlayan rəssam portret janrında da uğurlu nümunələr yaradıb, bir sıra teatr tamaşalarına bədii tərtibat verib.
21 fevral 1955 - Tarzən, Əməkdar artist Elxan Bəhram oğlu Mənsurov anadan olub.

22 fevral 1869 - Böyük yazıçı-dramaturq Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (1869 - 4.1.1932) Naxçıvanda doğulub. Realist hekayələri ("Poçt qutusu", “Usta Zeynal”, “Qurbanəli bəy”), povestləri ("Danabaş kəndinin əhvalatları”), dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”), məşhur "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. Ədibin 1906-1932-ci illərdə (müəyyən fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
22 fevral 1898 - Ədəbiyyatşünas alim, akademik Feyzulla Səməd oğlu Qasımzadə (1898-29.3.1976) anadan olub.
22 fevral 1908 - Şair, yazıçı Əkbər Ruhi (1908-1980) anadan olub.
22 fevral 1917 - Yazıçı-dramaturq, publisist Yusif Əhmədulla oğlu Əzimzadə (1917-1984) anadan olub. “Çiçəklər səltənəti”, “Anacan”, “Nəsrəddin”, “Aprel səhəri” və s. pyeslərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.
22 fevral 1924 - Görkəmli bəstəkar, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərov (1924-22.1.2000) Şuşada doğulub. “Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, «Milyonçunun dilənçi oğlu», «Həmişəxanım» operettalarının, «Bahadır və Sona», «Solğun çiçəklər» operalarının müəllifidir.
22 fevral 1939 - Yazıçı-publisist Yusif Yaqub oğlu Əhmədov anadan olub. “Ruhların qayıtması”, “Səninlə sənsiz”, “Ürək bağışlamır” və s. kitabların müəllifidir.

23 fevral 1909 - Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909-20.11.1983) Gəncədə anadan olub.
23 fevral 1911 - Xalq artisti, rejissor, aktyor Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911-23.5.1987) Şuşada doğulub. Azərbaycan musiqili teatrının yaradıcılarından biridir, Akademik Dram Teatrında rejissor, Musiqili Komediya Teatrında, Dövlət Filarmoniyasında bədii rəhbər və direktor işləyib. “O qızı tapın”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib.
23 fevral 1928 - Coğrafiyaşünas alim, akademik Budaq Budaqov (1928 - 1.11.2012) Ermənistan SSR Zəngibasar rayonunun Çobankərə kəndində doğulub. Toponimika, landşaftşünaslıq və s. sahələr üzrə tədqiqatlar aparıb, elmi kadrların hazırlanmasında böyük xidməti var.
23 fevral 1943 - Şair, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943-2005) Şəmkir rayonunun Morul kəndində anadan olub.
23 fevral 2003 - Xalq artisti Həsənağa Turabov (24.3.1938-2003) vəfat edib. 1960-cı ildən ömrünün sonuna qədər Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə (“Yeddi oğul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filmini çəkib.

24 fevral 1864 - Mütəfəkkir, yazıçı, tərcüməçi, şair, həkim, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə 1864-17.03.1940) Salyanda doğulub. Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda «Həyat», «Kaspi» qəzetinin, «Füyuzat» jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin əsərlərində təbliğ etdiyi «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.
24 fevral 1881 - Tanınmış şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə, 1881-24.7.1959) Tiflisdə anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib. «Uşaq çeşməyi», «Gülzar», «Milli qiraət kitabı» və s. dərsliklər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.
24 fevral 1921 - Xalq rəssamı, boyakar və qrafik Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə anadan olub. Şöhrət" (1999) və "Şərəf" (2011) ordenləri ilə təltif edilib.
24 fevral 1934 - Xalq rəssamı, Dövlət Rəssamlıq Akademiyasının professoru Cəmil Mir Yusif oğlu Müfidzadə anadan olub.
24 fevral 1934 - Tanınmış aktyor Bahadur Əliyev (1934-2002) Masallı rayonunun Sığıncaq kəndində doğulub. “Ulduz” (Qədir), “Böyük dayaq” (komsomolçu), “Axırıncı aşırım” (Eyvaz) və s. filmlərdə çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

Dünya

21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). 1999-cu ildə UNSECO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib. UNSECO-nun məlumatına görə, dünyada 6 minə yaxın dil var və onların yarısı yox olmaq təhlükəsi qarşısındadır.
21 fevral 1906 - Rus boyakarı, qrafik, kitab illüstrasiyasının tanınmış ustası, SSRİ Xalq rəssamı Yevgeni Adolfoviç Kibrik (1906-1978) anadan olub.

22 fevral 1788 - Alman filosofu, irrasionalizmin banilərindən biri Artur Şopenhauer (Arthur Schopenhauer; 1788-1860) anadan olub.
22 fevral 1810 - Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Frederic François Chopin; 1810-17.10.1849) anadan olub. Bəzi mənbələrdə bəstəkarın doğum tarixi 2 mart göstərilir.

23 fevral 1685 - Alman bəstəkarı Georg Hendel (George Frideric Handel; 1685-1759) anadan olub.
23 fevral 1878 - Polyak əsilli görkəmli rus abstraktsionist rəssamı Kazimir Severinoviç Maleviç (1878-1935) Kiyevdə doğulub.
23 fevral 1889 - Amerika kinorejissoru Viktor Fleminq (Victor Fleming, 1889 - 1949) anadan olub. “Küləklə sovrulanlar” filminə görə “Oskar” mükafatı alıb.
23 fevral 1944 - Rus aktyoru, SSRİ Xalq artisti Oleq Yankovski (1944 - 20.5.2009) anadan olub. Filmləri: “Həmin o Münhauzen”, “Mənim nəvazişli zərif heyvanım”, “Məşuq”, “Çar” və s.

24 fevral 1786 - Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm (1786-1859) anadan olub. Qardaşı Yakob Qrim (1785-1863) ilə birlikdə alman nağılları toplusunu hazırlayıb.
24 fevral 1906 - Kinorejissor, Rusiyanın Xalq artisti Aleksandr Rou (1906-1973) anadan olub. Məşhur nağıl filmlərinə (“Ölməz Kaşşey”, “Büllur başmaq” və s.) quruluş verib.

Hazırladı: Vüqar Orxan