XX əsrin Lidise (Çexiya), Xatın (Belarus), Oradur (Fransa), Sonqmi (Vyetnam), Srebrenisa (Bosniya) kimi dəhşətli cinayətlərilə bir sırada dayanan Xocalı soyqırımından 22 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndidəki sovet ordusu 366-cı alayının zabiti Seyran Ohanyanın rəhbərliyi altında erməni silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğın təkcə Azərbaycanın deyil, bəşər tarixinin ən qanlı səhifələrindən biridir.
Azərbaycan xalqı son iki əsrdə erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Yüz minlərlə soydaşımız yaşadıqları tarixi torpaqlarından qovulub. 1918-ci ilin qırğınları, 1948-1953-cü illərin deportasiyası 1988-ci ildən başlayaraq daha qanlı şəkildə davam etdirildi. İndiki Ermənistan adlanan ərazidə, tarixi torpaqlarında yaşayan 200 mindən çox azərbaycanlı doğma yurdundan didərgin salındı. Ardınca Dağlıq Qarabağ ətrafında hadisələr, erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan işğalçılıq müharibəsi. Bu müharibənin ən qanlı səhifəsi isə Xocalı soyqırımı oldu.
Xocalı Azərbaycanın ən qədim dövrlərinin tarixi və mədəni irsini yaşadan yurd yerimiz olub. Bu zəngin mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının siklopları, kurqanları və digər abidələri müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələri idi. 1992-ci il 26 fevral işğalından sonra bütün bu maddi mədəniyyət abidələri tamam məhv edilib. Dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının dağıdılması erməni vandalizminin bariz nümunəsidir.
Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid «Əsgəran qalası» var. Qalanı Qarabağ xanı Pənahəli xan tikdirib. İndi bu qala erməni istehkamıdır. Xocalı rayonu ərazisindəki qədim alban kilsələrini də ermənilər özününküləşdiriblər.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi bu qırğının dözülməz mənzərəsini görmüş bir çox xarici ölkə jurnalistlərini dəhşətə gətirib. Bu cinayət Xocalı sakinlərinin timsalında sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Bu gün Ermənistanda mühüm dövlət postlarını tutanlar, əli Xocalı sakinlərinin qanına batmış şəxslər ədalət mühakiməsi önündə durmasalar da, ilahi ədalət qarşısında cavab verməli olacaqlar.

Savalan Fərəcov