Bu yenilmiş milli qürurumuz haçan ucalı?..

Bəli, bu qosqoca şəhərimizin ən gənc qətliamı da qocalır... Dünənin qanəmər “uşağı” ərən yaşında da “ata!” deyib ağlayır, “qardaş!” çağırıb-“çağlayır”.
Deyirəm, öz ad-imdad günlərinin birində bu tifil çaşıb “ay ana!”, “ay bacı!” da inqələyibən bizi biabır etməz ki - imkan-lovğalarımız, ermən-dığalarımız və nəhayət, sosial şəbəkələrimiz içində?..


... Və bu dəm yadıma “Qardaş olub Hayastan-Azərbaycan!” dönəmlərinin bir-iki mahnısı düşür. Biri ictimai-siyasi qayəli, o biri şirin-şəkər balalar mayalı. Birincidə deyilir ki, hər təzə il gələndə “qocalırıq” yox, “ucalırıq” söyləyin, ikincidə “gəlin-gəlin” oynayaq, saçına bant bağlayaq, xətrimizə dəyəndə - gedib küncdə-bucaqda ağlayaq...
Beləliklə, -

22-ci ağı...

Yəni 21 ildir danışıb-yazdığımız Faciəmizə, hələ istisi soyumamış, tüstüsü kəsilməmiş qətliamımıza növbəti söz. Hə, hə, söz! Yəni yenə “kiş-kiş deməklə donuz darıdan çıxmaz” məsələsi...
O gün oralıların çəkdiyi ağrı-acıların, yaşadıqları saniyələrin, dəqiqələrin, saatların alovu, közü yanında nə söz, axı?! Həmin Gecə Ələm kişinin: “...qızım, murdarların əlinə keçməməyin üçün, lazım gəlsə, səni öldürməli olacağam” deyən diliylə müqayisədə nə qələm, nə yazı, dəxi?! Bizim qələm tutan, kamera yönləyən əllərimiz - ətrafındakı camaatı güdaza verməmək üçün soyuq-sazaqdan çığıran körpəsini boğub öldürməli olan bir Ana əllərinin ərdəmliyinə əl verərmi?..
Məsəl var; “Təkrar biliyin anasıdır”. Olsun, amma laqeydliyin də atası olmaması şərtilə.
O gecədən keçən illərin sayı hamıya bəlli. Mən isə - jurnalist məzaq-marağıyla ayları, həftələri, günləri də hesablayıb tapdım. Amma saatları, saniyələri toplamağa heyim yetmədi. Bir az da ehtiyatkarlıqdan yana bu “zəhmət”ə qatlaşmadım. Dedim, birdən saat-saniyələrin sayında yanlışa yol verrəm, dünyanın “dürüst” təşkilatları məni Avropa məhkəməsinə verərlər. Hazırda Şərq dünyasının ən ucuz neft-qaz istisinə qızınıb, ən şirin nemətlərilə qidalanan soyuqbaşlı Amerika-Avropa dualizmi işğalçı Ermənistanla istiqlalçı Azərbaycana münasibət parametrlərində bu “saat-saniyə” haqq-hesabı çaş-başlığına düşər. Planetimizin ən yaxşı maddiyyat və əxlaqiyyətlərini idxallayıb, özlərinin ən miyanələrini ixraclamaqla hələ bizi o qədər də “ağıllı”laşdıra bilmədiklərinin fərqinə vararlar. Açıq-saçıqlıq eksportları, mənəviyyat sortları, neo-kovboy jestlərilə başımızı hərləndirməyə nail olsalar da, məxfi testlərilə qanımızı soyuda bilmədiklərini hiss edib, yeni inteqrasion-deqredasion layihələrə start verərlər. Görərlər ki, indi bizim can sayımız doqquz milyon, təxminən, yeddi yüz yetmiş yeddi min yeddi yüz yetmiş yeddi nəfər olub və bunun yeddidən yetmişə hamısı “dəli”yə çevrilməyə hazırdır, - o zaman ağappağ üzləri başlarına minbir müsibət açdıqları Afrika kimi qaralar. Hiss edərlər ki, çoxdandır ayaq üstdə olan bu ərənlər Ali Baş Komandan əmri ilə Oraya yürüyə bilər, - vəssalam! Əlbəttə, onların oralarına yox, öz budur-buramıza! Öz doğma, halal Vətən kəsiyimizi kəsəyənlərdən azad etməyə doğru! Təbii konservatoriya Şuşamızı azad edib, bərpasına başlamağa. Şəhid şəhərimizin ruhuna lap yaxından da salavat çevirməyə! Bəzi paraqraf-parametrlərdə “müqəddərat” deyə, müdafiəsində durduğunuz vandalların dağıtdığı milli avtoqraflarımıza - mədəniyyət abidələrimizə baxıb, ümummilli bir köks ötürüb, “bir də sənə aldansam, namərdəm!” xoru oxumağa. Yerlə-yeksan edilmiş sələf-tələf məzarstanlarımızda ölülərinin qəbirlərini tapa bilmədiklərindən... sonuncu kərə (!) zülüm-zülüm ağlamağa. Və bütün gələcək boyu bir daha yaltaq-yalıncığa, “ayağıma yer eylərəm, gör sənə neylərəm!” xislətilə ahu-zar edənlərə əl tutmayıb, “zalıma zülm!” andı içməyə...

Bağışla bizi, Şəhidşəhərim!

Qoynunda nə qədər anan, atan, bacın, qardaşın, körpən, yeniyetmən var - hamısının adından, hər birinin əvəzindən əfv et bizi. O qətl-qətliam Gecəndən əvvəlki günlər səsinə səs vermədiyimizə görə, bağışla bizi. Sən hamımızın əvəzindən də öldürüldüyünə görə belə deyirəm, - ümumağızdan, ümumdildən danışıram. Özü də bir qədər çəkingənliklə ərz edirəm. Gör ha, Sən o qədər müsibətləri təkbaşına çəkdiyin halda, mən hamının adından üzr istəməyə də çətinlik çəkirəm.
Hər an, hər gün bağışla məni, meyiti hələ də doğma Vətən ortalığında qalmış rəhmətliyim! Həmin Gecə Sənin harayını səndən uzaqda dayanıb dinləyərkən kar olmayan qulaqlarımı bağışla. Sonrakı günlər Səni ekranlardan seyr edərkən kor olmayan gözlərimi, növbəti verilişlərədək çay-çörək iştahalarımı, açıqlamağımdan acıyacağın digər nəfslərimi, bayramlarda ona-buna güllü təbriklər yağdıran dil-ağzımı, hər ildönümünə qədər müxtəlif mövzulara könül verən qələm-kağızımı bağışla. Həmin gündən sonra düz bir ay heç nə yaza bilməyən əlimi, sonralar “yetmiş il xristianlar da Fəxri xiyabanda yönü qibləyə dəfn ediliblər, indi müsəlman xocalılar yönü fələyə...” mövzulu verilişimi çalışdığım AzTV-də efirə verdirə bilməyən fərasətsizlik-cəsarətsizliyimi bağışla...

Lal suallar, kar cavablar...

Həmin günlər yolda-rizdə qırılanlarının tele-qarasını, qəlbi parçalananlarının bir parasını görüb sarsıldıq, mənən bir köynək yaxın, fizikən yüz göynək uzaq olsa da, ağrıyıb-acıdıq. Bəs bizim görmədiyimiz meyitlərin, itkinlərin, günü bu gün də alçaldılmaqla bir parası gəncləşməkdə, bir parası qocalmaqda olan girov-əsirlərindən nə xəbər, Şəhidşəhər?..
Artıq doğma dillərində danışa bilməyən o qurd kökənlilər manqurtlaşmış...
Son sözün, vəsiyyətin oldumu?
Səhərisi başım üstdə dayanıb bir ağlayanım olmadı - bir söz deyəm, vəsiyyət edəm...
Deməli, “Lələ köçüb, yurdu qalıb” məsəlindən də o yana?.. O qətliam-Gecədən oyanıb gördün, yurd da qalmayıb, eləmi? Nə var yanıb, şum edilib, həmi? Cavan-cavan meyitlər xalçalanıb küçələrdə - al-qan çeşniləri kimi. Alınlarda donmuş qırışlar isə çarəsizlik ilmələri. Lap Türkiyənin Çanaqqala savaşındakı kimi. Lakin o zaman burada bir Atatürk timsallısı çıxmadı ki, yağını darmadağın edib o cənazələr “qalereya”sını fikir-düşüncələr yükü ilə seyr edə və ordan keçən bir qarı-gəlin cütlüyü də ona deyə: “Bu qədər oğullar qırğınından sonra bu Vətən kimə gərək?” Həmin kəs də məlum Mustafa Kamalın çoxlarına qeyri-məlum sözlərini Vətən adı dəyişimilə deyə: “Anacığım, bu oğulları yanındakı cavan gəlin yenidən doğacaq. Bəs anamız Azərbaycan məhv olsa, onu kim doğacaq?!”
Nəysə, Şəhidşəhərim! Bu yazımda elegiya elementləri də oldu, elegiya nüansları da. Nədən ki, bu gündən - Sənin növbəti anım mərasimindən - 22 illiyindən sonra başımız yenə hər hansı bir problemə qarışacaq və bir də onda ayılacağıq ki, bay, bu milli vay mərhumumuzun - Şəhid Xocalımızın növbəti “ili”dir...
Növbəti “il”ində baş-beynimizdəki hüzn çadırından çıxıb, Sənin real inşana varaq, ulu Xocalım, müvəqqəti Şəhid-şəhərim!
Amin!..

Tahir Əhmədalılar