Azərbaycan

25 fevral 1910 - Tanınmış rəssam Rüstəm Mustafayev (1910-1940) anadan olub. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. «Koroğlu» operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib. Azərbaycan Milli İncəsənət Muzeyi rəssamın adını daşıyır.

26 fevral 1926 - Bakıda I Beynəlxalq türkologiya qurultayı açılıb. Türk xalqları tarixində mühüm mədəni hadisə olan qurultay martın 6-dək davam edib.
26 fevral 1992 - Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsində tarixin ən dəhşətli qətliamlarından - Xocalı soyqırımı baş verib. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum ediblər. Şəhərdə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib. Xocalı qətliamı bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sırada dayanır.

Dünya

25 fevral 1707 - İtalyan dramaturqu Karlo Qoldoni (Carlo Goldoni, 1707-1793) anadan olub. 200-dən çox pyes yazıb.
25 fevral 1841 - Fransız rəssamı, qrafik və heykəltəraş, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar (Pierre-Auguste Renoir, 1841-1919) anadan olub.
25 fevral 1871 - Ukrayna ədəbiyyatının klassiki, yazıçı və şairə Lesya Ukrainka (Larisa Petrovna Kosaç-Kvitka, 1871-1913) anadan olub.
25 fevral 1907 - Türk yazıçısı və şairi Səbahəddin Əli (1907 - 2.4.1948) Ədirnə vilayətində doğulub. “Kuyucaklı Yusif”, “İçimizdəki şeytan” və s. romanların, “Leylim ley”, “Aldırma, könül” kimi populyar mahnıların sözlərinin müəllifidir.

26 fevral 1564 - İngilis şairi və dramaturqu Kristofer Marlo (Christopher Marlowe; 1564-1593) anadan olub.
26 fevral 1802 - Böyük fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo, 1802 - 22.5.1885) anadan olub. Fransız romantizminin banisi, «Səfillər», «Gülən adam», «Paris Notr-Dam kilsəsi» (romanlar), “Kromvel”, “Ernani”, “Mariya Tüdor” (pyeslər) və s. əsərlərin müəllifidir.
26 fevral 1892 - Məşhur musiqiçi Leopold Vitoldoviç Rostropoviç (1892 - 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə Bakıya köçüb, Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərib. Azərbaycanda violonçel məktəbinin, ilk simli kvartetin yaradıcılarından biri olub. Oğlu, dünya şöhrətli violonçelçi Mstislav Rostropoviç Bakıda (1927) doğulub. 1942-ci ildə Rostropoviçlər ailəsi Orenburq şəhərinə köçüb.

27 fevral 1807 - Amerika şairi Henri Uodsuort Lonqfello (Henry Wadsworth Longfellow, 1807-1882) anadan olub.
27 fevral 1902 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1962) laureatı Con Steynbek (John Ernst Steinbeck, 1902 - 20.12.1968) anadan olub. Əsərləri: “Qəzəb salxımları”, “Edemdən şərqə”, “Siçanlar və insanlar haqqında” və s.
27 fevral 1913 - Rus şairi Sergey Vladimiroviç Mixalkov (1913-27.9.2009) anadan olub. SSRİ-nin dövlət himninin sözlərinin müəllifi olub.
27 fevral 1932 - Dünya şöhrətli Amerika aktrisası Elizabet Teylor (Elizabeth Rosemond Taylor; 1932-23.3.2011) anadan olub. İki dəfə “Oskar” mükafatına layiq görülüb.

Hazırladı: Vüqar Orxan