Sənətdə dırnaqarası, həyatda həqiqi intelligent - Mustafa Mərdanov!

O dərəcədə intellekt-intelligentlik ki, 27 yaşında - 1921-ci ildə onu Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsinə layiq etdirib. Özü də sözümə qüvvət - bu əcnəbi (və çox sivil) şəhərə gəlmə ola-ola, ali təhsili olmaya-olmaya, xarakterial müsbət keyfiyyətləri içərisindəki bir mənfiyə istinadən desəm, heç kəsin yer-yekəliyini (hətta subardinativliyi belə!) vecə almaya-almaya...

Sonuncu qənaətimin açmasına misal olaraq “O olmasın, bu olsun” filmindəki hamam səhnəsini xatırlamağınızı istərdim. Şedevr-filmin şah səhnələrindən biri olan haman epizodun sonunda “bəy”i hamamdan çıxarıb aparma “təntənə”sində (bəlkə də ssenarist və rejissor traktovkasından kənar) bütün yaradıcı heyətin fərqinə varmadığı bir insident baş verir. Belə ki, Qoçu Əsgər müşayiətçilərin sıra (“protokol”) düzümündə “öz yerini” bilməyib qabaqda getmək istəyən “İntelligent Həsən”in - Mustafa Mərdanovun qolundan nümayişkaranə qısqanclıq və çılğınlıqla yapışıb geri çəkir (yəni “Qoçu hara, intelligent hara, “patron-pişto” nə, qələm-kağız nəmənə?!”). Bəs bu ani anda böyük nüanslar mücəssəməsi Mustafa Mərdanov nə edir? Daha doğrusu, nələr sərgiləyir? Deyəsən, cavabım da hədəfin məsələni necə ustalıq və istedadla istemali-dəf etməsinə layiq alınmayacaq. Elə buna görə də, istərdim, daha dahiyanə səhnələrə bihuşluqdan gec ayılıb bu nüansı tuta bilməyənlər növbəti dəfələr - teleekranlarımızda vaxtaşırı nümayiş etdirilən həmin filmin haman epizodunu “dördgöz”lüklə izləsinlər.
Xatırlatdığım epizoddakı özəl qabiliyyət, duyğu-duyarlıq istedadına malik bu müqtədir aktyor bizə bəlli olmayan səbəblərdən və yuxarıda ötərgi toxunduğum “vec” məsələsi ucbatından yarıməsrlik sənət fəaliyyəti ərzində heç bir baş rola dəvət almayıb. Bəs tamaşaçıların qədir-qiymət tərəzisində necə? Yəni -

Baş sevgi...

Həyatda tam başa düşülməsinə cəhd ediləsi o qədər çətin işlər var ki! Mustafa Mərdanov özü də öz kitabında (“50 il Azərbaycan səhnəsində. Xatirələrim”) bunlardan bir neçəsinə toxunub. O ki qaldı baş rol “iş”i, - bunda rejissorları qınamaq da olar, anlamaq da. Yəni əgər hamı üçün şəffaf şairlərdən biri adicə zurna çalmaq qabiliyyətini üç fazada (“elə”, “belə”, “elə!”) görürsə, müəyyən mənada “anklav”-məkan hakimləri olan rejissorlar nədən öz “mən”lərini sənə, ona, onlara qarşı (bəzən sənət, bəzən də özləri naminə) qoymasınlar?..
Mədəniyyət aləmində də (yəni ictimai-siyasi müstəvidən kənarda) “mən də yer üzünün bir allahıyam!” (hə, o vaxtlar Allah ismi kiçik hərflə yazılırdı...) düşüncəlilər ayrı-ayrı adamlara, zaman nəsillərinə nəsə edə bilsələr də, böyük sənəti əyləməyə gücləri yetməz. Nüvəsi, məzaq-marağı adamları etik-estetikləşdirib kamili-insanlaşdırmaq, bir parasını yerdən (yerindən) ucalda-ucalda göyləndirmək, bir qismini sadəcə əyləndirmək olan əsl sənəti uzun müddətə əyləmək çox çətin məsələdir. Beləliklə, Allah bir kəsi o biri kəsin gözündən yox, öz nəzərindən salmasın. Necə ki, Tanrı Mustafa Mərdanovu da bu mərtəbədə görüb və ömrü boyu baş rol “nominasiya”sına layiq bilinməyən bu bəndəsinə baş aktyorlardan biri qisməti, heç zaman əksilməyəsi ümumtamaşaçı sevgisi əta etdi... Birmənalı söyləmək olar ki, o, bu dünyaya sənətkarlıq üçün doğulmuşdu və sənət üçün də yaşadı. Bunu ona görə vurğulayıram ki, başqa heç nə bacarmayıb səhnəyə çıxanlar, adını qulaqlara eşitdirmək, üzünü gözlərə göstərməkçün sənətə gələnlər də olur. Mustafa Mərdanov kimi sənətlə yoğurulmuşları isə səhnə-ekran özü çağırır, yəqin - bizim kimilərin qulaqlarının eşitməyəcəyi səslə, gözlərimizin sezməyəcəyi işarətlərlə. Özü də - məlum-məşhurlaşdıqları məqamlaradək doğulduqları məkanlardan, yaşadıqları acılı-şirinli günlərdən, intəhasız çaba-çalışmalarından xəbərsiz. Nəhayətdə isə onlarla bağlı hər ilmə, hər detal hər kəs üçün dərin maraqlara səbəb olur. Beləliklə, Mustafa Mərdanovun 72 illik ömür, 50 illik yaradıcılıq tərcümeyi-halından bir “pərdə”li, bir-iki şəkilli -

Mətbu “tamaşa”

Mustafa Həşim oğlu Mərdanov 1894-cü ildə Mərənddə (Cənubi Azərbaycan) doğulub. Uşaqkən ailələri Tiflisə köçüb, 1924-cü ilə qədər orada yaşayıb. Özü də, sadəcə ömür yox a, ədəb-ərkan, elm-irfan yaşayıb. Bəs necə, zəngin ədəbi aləmi, qaynar sənət-mədəniyyət mühiti onun həyata baxışını niyə də elə uşaqkən formalaşdırmayaydı? Oradakı kişi gimnaziyasına daxil olan bu gənc teatra daha çox maraq göstərir, müsəlman dram dərnəklərində 1910-cu ildən çıxış edir, bir ayda birillik inkişaf artımı ilə ətrafında heyrətdoğurucu müsbət rəylər doğurur. 1921-ci ildə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsinə keçirilir. Bəs ali təhsil? Bu sualdan yaxa qurtara bilməyən Mustafa Moskvaya - Dövlət Teatr Sənəti İnstitutuna gedir. Məşhur meqapolisin məşhur sənət adamlarından sənət sirlərini acbeyinliklə öyrənən aktyor 1924-cü ildə Bakıya gəlir və burada Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətə başlayır. Sənətdə qazandığı ilkin uğurlardan daha da ruhlanır, teatr sənətimizin inkişafı naminə əlindən, istedadından gələni əsirgəmir. Yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı, yumşaq yumor kimi xarakterik cizgiləri ilə dərhal fərqlənir.
Mustafa Mərdanovun hələ ilkin rollarında belə klassik ənənələr çox güclü idi. Ətrafındakı böyük sənətkarlar, Azərbaycanın formalaşmış aktyor məktəbi onun üçün də əsl təcrübə məktəbinə çevrilir. Tiflis teatrında Kərəməli ("Hacı Qara"), Qəmbər ("Yağışdan çıxdıq, yağmura düşdük"), Ədhəm ("Nadir şah") kimi rollar oynamış aktyor, Bakı teatrında daha ciddi, daha mürəkkəb obrazlar yaradır. Onun Xlestakov ("Müfəttiş") obrazı qəzetlərdən düşmür, İmamverdi ("Sevil"), Luka ("Həyatın dibində"), Şmaqa ("Günahsız müqəssirlər"), Poloni ("Hamlet") və onlarla səhnə qəhrəmanları onun ifasında dəfələrlə dram teatrının səhnəsində tamaşaçı alqışları ilə qarşılanır. Öz gəlişi ilə milli aktyorluq sənətimizi zənginləşdirən, səhnəmizə yeni rənglər, çalarlar gətirən Mustafa Mərdanovun teatr yaradıcılığı böyük bir dövrü əhatə edir. Amma həmin dövr böyük aktyorumuzun - sözün hər iki mənasında xüsusi bir şəkil dövrünü - filmoqrafiyasını da çizirdi. Onların ən məşhurlarından -

Həsən bəy, Məmməd kişi, Murtuzov

Əlbəəl həmin obrazların yer aldığı filmlərin də adlarını xatırladaq: “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Qanun naminə”.
Amma bu daha məşhur kino-obrazlara qədər Mustafa Mərdanovun ekran ilki Muzdur Qulunu ("Bismillah” - səssiz), Abbası ("Əlbəyaxa"), Kərəməlini ("Hacı Qara"), habelə çox istedadla oynadığı digər rolları da xatırlamalı.
Demək olar, hər il filmə çəkilən aktyorun kinomuzda ən uğurlu rolu "O olmasın, bu olsun"dakı "intelligent" Həsən bəydir. Bu obraz onun bütün aktyorluq keyfiyyətlərini üzə çıxarıb, çox güclü aktyor ansamblı içərisində öz məxsusi ifa tərzi ilə seçilib. Qonaqlıq səhnəsindəki monoloqu isə bu orijinal aktyorun bənzərsizliyini bütün çalarları ilə nümayiş etdirir. "Əhməd haradadır?" filmindəki “epizodik” Məmməd kişi obrazı da eləcə. "Qanun naminə" filmindəki Murtuzov isə bu sənətkarın ifasında müəllif-rejissor həllindən daha yüksək dərəcələrdə görünür. Bu filmin ekran üzü gördüyü ildə - 1968-in 12 dekabrında Mustafa Mərdanovun 72 il həyat və sənət qaynarlığıyla alışıb-yanan gözləri əbədi olaraq yumuldu. Ondan bizə yadigar qalan film qəhrəmanları isə - bir az da nisgil əlavələri ilə - yaşadıqca yaşayacaq...

Tahir Əhmədalılar