Duyğular nədən danışır?

Nüsrət Kəsəmənli haqqında yazmaq istəyi məndə çoxdan yaranmışdı. Onda “Yaddaş”da çalışırdım. Ax, keçmişə-arxada qalmış tələbəlik illərinə boylandıqca bu insanın öz yeri görünürdü. Tez-tez fakültəyə gələr, hər birimizlə şirin-şirin söhbətləşər, hər kəsin duyğusu, dünyası, həyata baxışı ilə maraqlanardı. Fərqi yoxdur, neçənci qrupdur, neçənci kursdur, kimin dərsidir... Təki söhbət yaddaqalan olsun.

Adi vaxtlarda, əlamətdar günlərdə o, fakültədə olanda saatın əqrəbləri bir-birini nə vaxt qovardı, xəbər tutmazdıq. Hərdən onun şeirlərindən də öz şeirlərimizə qoşub gah sakit səslə, gah şaqraq-coşqun səslə elə deyərdik ki... Biləndə ki, bu, ona xoş gəlir, daha da həvəslənərdik. Çünki bu insan təpədən-dırnağa lirikadan, poeziyadan, məhəbbətdən yoğurulmuşdu, məhəbbət şairi idi. Təbiəti sevirdi, insanları sevirdi, doğulduğu ocağı - Vətənini sevirdi. Bu sevgi böyük anlam idi, bitib-tükənmirdi... Elə o məhəbbətlə də oxucu sevgisi qazanmışdı.

Kimdir Nüsrət Kəsəmənli?

1946-cı il dekabrın 29-da Qazax rayonunun Kalininkənd kəndində fəhlə ailəsində doğulmuşdu. Kirovka kənd orta məktəbini bitirdikdən sonra ADU-nun (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olmuşdu. II kursda ikən “Bakı” və “Baku” qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edilib. Bu səbəbdən də III kursdan, yəni 1969-cu ildə qiyabi şöbəyə keçirilmişdi. Universiteti bitirdikdən sonra Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi işləmişdi.
Hələ universitetə qəbul olmamış, yəni 60-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdı. “Yumul, bənövşəm, yumul...”, “Yasəmən” və s. 150-dək şeirinə musiqi bəstələnmişdir. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları” qısametrajlı filminin ssenari müəllifidir. Moskvada gənc yazıçıların VI-VII Ümumittifaq müşavirələrində iştirak etmişdi. Fəal ictimaiyyətçi idi. Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, Poeziya Şurasının sədri seçilmişdi. 1982-ci ildə Respublika Lenin Komsomolu laureatı olmuşdu.
1985-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləmişdi. Həmin illərdə televiziyada “Dünyaya pəncərə” adlı veriliş aparırdı.
1971-1975, 1979, 1981, 1983-cü illərdə “Gənclik” nəşriyyatında çapdan çıxmış “Sevirsənsə”, “Gözlərinin qarası”, “Özümə bənzədiyim günlər”, “Gümüş yuxular”, “Təklikdə danışaq” kimi hər sözü, hər cümləsi real həyatı əks etdirən şeir kitablarını yadigar qoyub getdi...

Biri vardı, biri yox...

Bu sözləri təkcə balacalar deyil, böyüklər də sevir. Çünki nağıllar belə başlanır, ancaq nağıllar. Ssenarisi ulu Tanrı tərəfindən yazılmış ömür payımızın müxtəlif nağılları... Gəlimli-gedimli dünyanın Nüsrət Kəsəmənli səhifəsində Nüsrət özü-öz həyatını nağıllaşdırmışdı...

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı,
Şalvar-pencək geyinərdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox...


- deyə, həyatının sazaqlı-boranlı qışını axıradək gözlərimiz önündə canlandırır və sonda:

“... Vaxt gələcək, sən özün deyəcəksən,
Deyəcəksən... biri vardı, biri yox!”


Bəlkə də elə bugünkü oxucularını nəzərdə tuturdu ki, biz oxucular belə deyək. Onun da ömrü boyu həyatında nəsə çatışmırdı. Əvvəli kasıb olsa da, sonralar var-dövlət, şan-şöhrət - hər şeyi var idi. Lakin yenə “nəsə” çatmırdı. Düşünən-düşündürən, duyğulanıb-duyğulandıran zamanın eybəcərliklərini incəliklə qələmə alan “insanların arasından əqidəsiz adamları, vicdanını pula satan nadanları...” “oğurlamaq” istəyən şair vardı dünyamızda. İnsanların ürəyindən “kinini, nifrətini”, “yalanını bundan-ona, ondan-buna satanları” “oğurlayıb” məhv etmək istəyirdi ki, insanlar şeytani qüvvələrdən, pis əməllərdən, nadanlıqdan, cahillikdən uzaq olsunlar. Və yaxud ədalətin, insanlığın ümumiləşdirilmiş nümunəsi kimi “Yumul, bənövşəm, yumul” adlı şeirində:

Yum gözünü, çən görmə,
Vaxtsız gələn qəm görmə,
Dünya yaman qarışıb,
Mən görəni sən görmə.
Yumul, bənövşəm, yumul


- sözləri şairin qarışıb qloballaşan dünyamızı dumansız-çənsiz, sülh, əmin-amanlıq şəraitində görmək istəməsinə işarədir.

Heç nəyi faciə sanmazdı
(Ömür-gün yoldaşı Rəhilə xanımın dediklərindən)

- Əvvəlki illəri saymasaq, otuz il yoldaşlıq etmişik onunla. Aramızda olmadığı illəri də hesablasaq, qırx ildən bir qədər artıq tanışlıq stajımız var. Deyə bilərsiniz ki, olmadığı illəri niyə deyirsiniz?! Düzünü deyim, bu illər ərzində heç vaxt onsuz olmamışam. Evdə, işdə, yolda. Həmişə çətinə düşəndə, sevinəndə, kədərlənəndə onunla bölüşmüşəm. BDU-nun jurnalistika fakültəsində çalışıram. Evim yaxınlıqdadır. İşə piyada gedib-gəlirəm ki, öz-özümə hesabat verməyə, onunla “danışmağa” - “indi o, yanımda olsaydı, filan sözə, filan işə reaksiyası necə olardı?” - suallarının cavabını axtarmağa vaxtım olsun...
Düşüncəyə dalır... Fikrindən keçənlərin bəzilərini dilinə gətirir... Ailəsinə bağlılıq dediniz, yadıma çox şeylər düşür. Ailəsinə son dərəcə bağlı idi. Övladlarımız Rəşadla Arazı dünyada heç nə ilə müqayisə edilməyəcək dərəcədə çox sevərdi. İşdən nə qədər yorğun gəlsə də, hər gecə onlar yatana qədər mütləq nağıl payı var idi. Həmişə də qəribə fantaziyalar qurardı: biri o birinə çatdığı zamanda nəsə baş verməli idi ki, tamamlanmamaq üçün biri o birinə çatmasın, öz həyatına bənzədərdi nağıllarını. Elə “Biri vardı, biri yox...” şeiri də belə yaranmışdı.
Onu xəyallar aləmindən ayırmaq üçün ilk məhəbbət illərinə qayıtmalı olub, o illəri xatırladıq:
- Öncə deyim ki, o, heç nəyi faciə sanmazdı. Anam həkimdir. Ziyalı ailədə böyümüşəm. Atamı erkən itirdiyimizdən qardaşlarım da, mən də anamızın tərbiyəsi ilə böyümüşük. Doğulub-böyüdüyümüz Çəmbərəkənddə hamı bizim ailəni nümunə göstərərdi. Nüsrət anamın qəlbinə necə girmişdisə, əvvəllər evlənməyimizə razı olmayan anam sonda onu oğlanları qədər sevdi.
Hər iki ananın xeyir-duası ilə qurulan gənc ailə ilk aylar çətinlik çəksə də, arxasız istedadların dayağı olan Nəsir İmanquliyev (Allah ona rəhmət eləsin) Nüsrət Kəsəmənlinin həm işə qəbul edilməsində, həm də mənzillə təmin olunmasında köməkliyini əsirgəmədi. Təzə mənzilə köçəndə dostlardan biri hədiyyə olaraq ona lotereya bileti bağışlayır və həmin lotereya maşın “udur”. Beləliklə, xoşbəxtlik, sevinc öz qoynunu onların üzünə açır. Onu da qeyd edim ki, o, həmişə hər cür olayı şən zarafatla qarşılardı.

Ömrün son ayları

2003-cü ilin 16 oktyabrında dünyasını dəyişdi. Şam sönəndə onun son şəfəqləri necə olur, əziz oxucu, fikir vermisinizmi?! Bir anda xeyli alışır, daha da gur yanır, sonra yavaş-yavaş solğunlaşır, sönür... Nüsrət Kəsəmənlinin ömür şamı da bax beləcə gurlaşmışdı İran xəstəxanasında. Ömür-gün yoldaşı, qəlb sirdaşı, könlünün-ruhunun məlhəmi olan Rəhilə xanım onu orada da tək qoymamışdı. Bu altı ayda İranla Azərbaycan arasındakı yolu el arasında deyildiyi kimi “su yoluna” döndərmişdi. Azərbaycan təamlarından başlamış, müxtəlif mineral sularadək ona aparar, hər bir arzusunu yerinə yetirərdi. Xəstəxanadakı müddətdə ancaq Azərbaycan xörəkləri yeyərdi. Bu gün bununla bir növ təsəlli tapır Rəhilə xanım. “Nə yaxşı ki, heç bir arzusunu ürəyində qoymadım”-, deyir.
Bir epizodu dönə-dönə xatırladı, vurğuladı:
- Heç yadımdan çıxmaz. Xəstəxanada gündüzləri qulluğunda durduğumdan (lazım olanda oğlum Rəşad da kömək edərdi) gecələr yorulardım, bir addımlıqdakı çarpayıda uzanıb azca istirahət etmək istəyəndə yuxudan hövlnak ayılıb “Rəhilə”, - deyə uca səslə çağırardı. “Hə, buradayam” - yerimdən sıçrayıb əlindən tutan kimi təzədən yuxuya gedərdi. Bu hal hər gecə bir neçə dəfə təkrar olunduğundan, mən artıq çarpayıda uzanmırdım. Eləcə stulda mürgüləyərdim. Qəribədir, belə gecələrin birində əynimdəki xalatın ilgəyinin birini barmağına keçirdiyini gördüm. Başa düşdüm ki, bu insan mənə çox bağlandığından “uzaqlaşmayım” deyə belə etmişdi.

Anamın üzündə xəritə çəkilib

Anası onlarla birgə yaşayırdı. Nüsrət Kəsəmənli “Anamın alnında, üzündə xəritə çəkilib” - deyərdi. Bax bu balaca, bapbalaca yer xoşbəxtlikdir, ömür payına az düşüb, qalanlar isə qara günlərin, ağrı-acıların şahididir. Atasız uşaq böyütmək hər qadının işi deyil. Kənd yerində necə deyərlər, zəhmət daha ağırdır. Doğrudan da, bu qadın, görünür, ər qadın olub ki, poeziya dünyamıza Nüsrət Kəsəmənli kimi oğul bəxş edib.
İnsan var evindən gedir, insan var elindən. İkincilərdəndir Nüsrət Kəsəmənli. Bu da var ki, deyirlər, insan dünyasını dəyişən kimi ölmür, nə qədər xatırlanırsa, bir o qədər yaşayır. Artıq 11-ci ildir aramızda olmamasına baxmayaraq, tələbələrin, gənclərin, lap elə yaşlıların dilində səslənən təkcə “Biri vardı, biri yox...” şeiri ilə Nüsrət Kəsəmənli neçə onilliklər, yüzilliklər yaşayacaq, nağıllaşacaq... İllər, qərinələr yaşadacaq onu, çünki məhəbbət qocalmır, məhəbbət ölmür. Məhəbbət elə Nüsrət Kəsəmənli deməkdir.

Zəminə Həmidova