1977-ci ilin payızıydı. Yerli qəzetin redaktoru vəzifəsində çalışırdım. Raykomdan zəng edib dedilər ki, Xalq şairi Mirvarid xanım Dilbazi qonaq gəlib. Bu xəbərə sevindim. Katibin kabinetində görüşdük. Tək deyildi, yanında qonaqlar vardı. Şairə onları təqdim etdi:

- Mikola Upenik Ukraynanın görkəmli şairidir, Azərbaycan poeziyasının yorulmaz təbliğatçısıdır. Hazırda respublikamız haqqında silsilə şeirlər üzərində işləyir. Xanımı Aza Mixaylovna ilə bir həftədir cənub bölgəsini gəzib-dolaşır. Bu diyarın füsunkar təbiətinə, qonaqpərvər insanlarına heyran qalıb. Sizin kəndlərdə də olmaq, ağsaqqallar və ağbirçəklərlə, xalq sənətini yaşadanlarla görüşmək istəyir. İlk görüşümüz Lerik şəhərində xalça sexində oldu. Mirvarid xanım, Mikola Upenik və xanımı xalı toxuyan qızlarla dəzgah arxasında söhbət elədilər, al-əlvan xalçalara baxdılar. Aza xanım hana arxasında oturub bir neçə ilmə vurdu.
Nahar fasiləsində xalçaçılar sexin kitabxanasına toplaşdılar. Mirvarid xanım qonaqlar haqqında onlara məlumat verdi. Dedi ki, ukraynalı şair müharibə veteranıdır, 40-a yaxın şeirlər kitabının müəllifidir. Yaradıcılığında müharibə mövzusu geniş yer tutur. Şair müharibənin ilk günlərindən cəbhəyə getmiş, Ukraynanın və Moldovanın faşistlərdən azad edilməsində şücaət göstərmişdir. O, həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun yaxın dostu və silahdaşı olmuşdur.
Mikola Upenik rus dilində yeni çapdan çıxmış “Krasnodon dəftəri” kitabından şeirlər oxudu. Mirvarid xanım şeirləri doğma dilimizə öz tərcüməsində söylədi.
Görüş başa çatdı. Qızlar Mirvarid xanımı dövrəyə aldılar. Şairə onların hər birini doğma balası kimi bağrına basıb öpdü. Bədahətən bu misralar dilində səsləndi:

Naxış üstə naxış vurub,
Ay xalı toxuyan qızlar!
Sözlü baxıb, sözlü durub,
Könlümü oxuyan qızlar!
Dəzgahlarmı çiçəklənib,
Ulduzlarmı yerə enib?
Tər qönçələr gülə dönüb,
Gülləri mat qoyan qızlar!

Açıb Vətənin gülləri,
Verin, sıxım o əlləri.
Sevincimi duyan qızlar,
Ay xalı toxuyan qızlar!

Qızlar da qonaqlara borclu qalmadılar. Hərəsinə kiçik xalça hədiyyə verib yola saldılar.
Ertəsi gün Zuvand zonasının kəndlərinə getdik. “Dağlar qapısı” adlanan yeri keçdik. Qədim kahalar, dərin dərələr, şəlaləli qayalar arxada qaldı. Bir azdan meyvə bağları göründü. Məhsul yığımı yenicə başlanmışdı. Qələsər kəndində meyvəçilərlə elə bağda, iş üstündə görüş oldu. Ağacların altında xalçalar sərildi, samovara od salındı. Şairlər şeirlər oxudular. Mirvarid xanım hələ mürəkkəbi qurumamış “Lerikdə” şeirini oxudu. Şeir bu misralarla bitirdi:

Mənim də dağlarda uşaq yaşımdan,
Zirvələr olmuşdur yurdum, məskənim.
Buludu mirvari töküb başımdan,
Dumandan toxunub örpəyim mənim.
Zirvəyə qalxanda qaranquş kimi
Yaz havalı olur ürəyim mənim.
Açılır qarşımda təzə üfüqlər,
Onunçün Leriki sevdim bu qədər.
Sevdim zirvələrin ucalığını,
Könlümdə dağların havası qaldı.
Lerikin gəncləşən qocalığını
Sevdim, bu yerlərdə ömrüm çoxaldı.


Ukraynalı şairi dağ rayonunun məktəblərini görmək çox maraqlandırırdı. Bir neçə kənd məktəbində müəllimlərlə həmsöhbət oldu. Lerik şəhər internat məktəbinin Əməkdar müəllimi Məhərrəm Kazımovun Azərbaycan-Ukrayna ədəbi əlaqələri barədə söhbətindən qonaqlar məmnun oldular.
İkigünlük görüşlər başa çatdı. Bir həftədən sonra Mirvarid xanımdan məktub aldım. Lerikə, onun sadə insanlarına həsr etdiyi şeirləri göndərmişdi. Yerli qəzetdə çap etdik. Oxucular tərəfindən böyük maraqla qarşılandı, redaksiyaya onlarca məktub gəldi. Bu məktublar, təbii ki, hörmətli şairəyə el məhəbbətindən xəbər verirdi.
Mirvarid xanımla əlaqələrimiz kəsilmədi. Bayramlarda həmişə bizi qabaqlayırdı. Təbriklər göndərir, zəng edib xoş arzularını bildirirdi. Bir ildən sonra Bakıda görüşdük. Yaradıcılıq planlarından danışdı. Lerik haqqında şeirlərini “Məhəbbət bizimlə qoşa doğulur” kitabında topladığını və çapda olduğunu söylədi.
Kitab 1979-cu ildə işıq üzü gördü. Kitaba salınmış şeirlərin əksəriyyətində ürəkaçan təbiətimizdən, Azərbaycanı daha da gözəlləşdirən insanların arzularından söz açılırdı. Bir nüsxəsini Bakıda, pedaqoji institutda təhsil alan qızıma vermişdi. “Səni həmişə xoşbəxt görmək arzusu ilə. Mirvarid Dilbazi” sözlərini yazmışdı. Bu, ilk övladıma ağbirçək xeyir-duası idi. Ailəmizdə hər dəfə şairənin kitabı hörmətlə vərəqlənir.
Kitab “Mənim anketim”lə açılırdı. Bu, xanım-xatın bir ananın ömrü barədə düşüncələrdir. Oxuduqca adamın ürəyi açılır, üzü gülür. Bu qeydləri həmin yazıdan bir kəlamla bitirmək istəyirəm: “Dünyada əbədi, ülvi bir məhəbbət var - o, ana məhəbbətidir”.
Alqış bu məhəbbətə, rəhmət Mirvarid xanıma!

Həmzə Vəliməmmədov,
Əməkdar jurnalist, Lerik