Azərbaycan
28 fevral 1894 - Xalq artisti, kinoda və teatr tamaşalarında unudulmaz obrazlar yaratmış Mustafa Həşim oğlu Mərdanov (1894 - 28.12.1968) Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub. Uşaq ikən ailələri Tiflisə, oradan Bakıya köçüb. “O olmasın, bu olsun” (Həsən bəy), “Əhməd haradadır?” (Məmməd), “Qanun naminə” (Murtuzov) və s. filmlərdə çəkilib.
28 fevral 1908 - Dilçi alim, filologiya elmləri doktoru Hadi İsmayıl oğlu Mirzəzadə (1908-17.8.1965) anadan olub.
28 fevral 1918 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 1918 - 4.1.2000) Kazan şəhərində doğulub. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib, bir çox filmlərin səsləndirilməsində iştirak edib.
28 fevral 1944 - Müğənni, Əməkdar artist Nəzakət Əli qızı Məmmədova (1944 - 21.10.1981) Gəncədə doğulub. Muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınaraq sevilib. Opera səhnəmizdə Leyli obrazının unudulmaz ifaçılarından biri olub. «Əsli və Kərəm»də Əslini, «Aşıq Qərib»də Şahsənəmi oynayıb.
28 fevral 1949 - Musiqişünas, sənətşünaslıq doktoru, professor Tariyel Aydın oğlu Məmmədov Bakıda anadan olub. "Koroğlu mahnıları", “Azərbaycan aşıqlarının ənənəvi nəğmələri” və s. kitabların müəllifi, "Musiqi dünyası" jurnalının baş redaktoru, musiqiyə dair internet layihələrin rəhbəridir.
28 fevral 1952 - Xalq artisti, bəstəkar Eldar Bəhram oğlu Mansurov anadan olub. Populyar mahnıların, bir neçə simfoniya, simfonik muğam və s. musiqi əsərlərinin müəllifidir.
28 fevral 2004 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (9.2.1925-2004) vəfat edib.
1 mart 1920 - Azərbaycanın ilk rəsmi informasiya qurumu - Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) fəaliyyətə başlayıb. Sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərib. 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.
1 mart 1928 - Rus dilində nəşr olunan “Vışka” qəzetinin ilk sayı işıq üzü görüb.
1 mart 1945 - Şair, tərcüməçi Dilsuz Murtaza oğlu Mustafayev Tərtər rayonunun Buruc kəndində anadan olub.
1 mart 1948 - Şair, yazıçı, publisist, tərcüməçi, riyaziyyatçı alim Hamlet İsaxanlı anadan olub.
1 mart 1952 - Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Ərşad oğlu Dadaşov Ağdamda doğulub. Dərslik və monoqrafiyaların müəllifi, Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
2 mart 1828 - Tarixçi, şair Əhməd bəy Cəfərqulu bəy oğlu Cavanşir (1828 - 9.1.1903) anadan olub. Qarabağ xanlığının tarixinə dair kitabın müəllifidir. Pənahəli xanın nəslindəndir, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atasıdır.
2 mart 1945 - Tərcüməçi, nasir, filologiya elmləri doktoru, professor Zeydulla Abdulla oğlu Ağayev (1945 - 17.2.2014) Masallı rayonunda anadan olub. İngilis dilindən ədəbi tərcümələr edib, Azərbaycan yazıçılarının əsərlərini ingiliscəyə çevirib.
2 mart 1992 - Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv olub. BMT Baş Assambleyası 46-cı sessiyasının 82-ci iclasında keçmiş SSRİ-nin daha 7 respublikası təşkilata qəbul olunub.
3 mart 1873 - Mədəniyyət və maarif xadimi, tərcüməçi Abdulla İsmayıl oğlu Əfəndizadə (Əfəndiyev, 1873-1928) anadan olub.
3 mart 1875 - Memar, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (1875 - 9.2.1931) anadan olub. Cümhuriyyət hökumətlərində xarici və daxili işlər nazirləri postlarını tutub. 1920-ci ilin aprelində Azərbaycan kommunistlərinə qoşulub. Sovet dövründə müxtəlif vəzifələrdə işləyib, 1931-ci ildə güllələnib.
3 mart 1912 - Yazıçı Manaf Süleymanov (1912-2002) anadan olub. Köhnə Bakı haqqında "Eşitdiklərim, oxuduqlarım və gördüklərim" adlı tarixi-ensiklopedik kitabın, Bakı neftçilərinin həyatından bəhs edən əsərlərin müəllifidir.
3 mart 1919 - Görkəmli muğam ustası, qəzəlxan-şair, Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 - 24.10.1993) Bakıda anadan olub. Uzun illər Asəf Zeynallı adına Musiqi Məktəbində muğamatdan dərs deyib, xanəndələr yetişdirib.
3 mart 1926 - Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 - 2.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə çevirib. Səməd Vurğunun "Zəncinin arzuları" poemasını, C.Cabbarlı, M.Dilbazi, N.Xəzrinin əsərlərini fars dilinə tərcümə edib.
3 mart 1928 - Yazıçı Namiq Ələkbər oğlu Abdullayev (1928-1992) anadan olub.
3 mart 1937 - Yazıçı Fərman Kərimzadə (1937-1989) Qərbi Azərbaycanda, Ermənistan SSR-in Böyük Vedi kəndində anadan olub. “Çaldıran döyüşü”, "Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir. "Qarlı aşırım" romanı əsasında "Axırıncı aşırım" bədii filmi çəkilib.
Dünya
28 fevral 1533 - Fransız filosofu və yazıçısı, İntibah dövrünün mütəfəkkiri Mişel Monten (Michel de Montaigne; 1533-1592) anadan olub.
28 fevral 1823 - Tanınmış fransız tarixçisi, yazıçı və şərqşünas Jozef Ernest Renan (Joseph Ernest Renan, 1823-1892) anadan olub. İsa peyğəmbər və həvariləri haqqında kitabların müəllifidir.
28 fevral 1892 - Türkiyə aktyoru və rejissoru Mühsin Ertuğrul (1892-1979) anadan olub.
28 fevral 1893 - SSRİ Xalq artisti Vsevolod Pudovkin (1893-1953) anadan olub. Kinematoqrafiyaya dair əsərlərin müəllifidir, bir çox rejissorların (o cümlədən azərbaycanlı) müəllimi olub.
1 mart 1445 - Məşhur italyan rəssamı Sandro Bottiçelli (Botticelli; əsl adı - Alessandro di Mariano di Vanni Filipepii, 1445 - 17.5.1510) anadan olub. “Veneranın doğuluşu”, “Yaz” və s. əsərləri İntibah incəsənətinin məşhur nümunələridir.
1 mart 1888 - Ukrayna yazıçısı, məşhur pedaqoq Aleksandr Sergeyeviç Makarenko (1888-1939) anadan olub. “Pedaqoji poema” romanının müəllifidir. 1930-cu ildə Bakıya gələrək neftçilərin həyatı ilə tanış olub, bu səfəri “30-cu ilin marşı” povestində təsvir edib.
1 mart 1963 - Məşhur alman estrada müğənnisi Tomas (Thomas) Anders (əsl adı Bernd Weidung) anadan olub. Ötən əsrin 80-ci illərində «Modern Talking» qrupunun solisti kimi şöhrət qazanıb.
2 mart 1824 - Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı, pianoçu və dirijor Bedrix Smetana (Bedrich Smetana, 1824-1884) anadan olub.
2 mart 1824 - Rus yazıçısı və pedaqoqu, uşaqlar üçün nağılların müəllifi Konstantin Dmitriyeviç Uşinski (1824-1871) anadan olub.
2 mart 1859 - Yəhudi milli ədəbiyyatının (idiş dilində) yaradıcılarından biri, məşhur yazıçı-dramaturq Şolom-Aleyxem (Şolom Naumoviç Rabinoviç, 1859-1916) anadan olub.
3 mart 1879 - Litva lirik nəsrinin banisi, şair, publisist Yonas Bilyunas (1879-1907) anadan olub.
3 mart 1919 - Cənubi Afrika yazıçısı Peter Abrahams anadan olub. Böyük Azərbaycan bəstəkarı Qara Qarayev 1958-ci ildə yazıçının “İldırımlı yollarla” romanının motivləri əsasında eyniadlı balet (librettonun müəllifi Y.Slonimski) yazıb.
Hazırladı: Vüqar Orxan