Azərbaycan

4 mart 1919 - Məşhur Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1849-1919) vəfat edib. Bakıda 100-ə yaxın müxtəlif təyinatlı bina inşa etdirib. Gözəl memarlıq nümunələri olan bu binalarda bu gün müxtəlif qurum və müəssisələr (AMEA-nın Rəyasət Heyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və s.) fəaliyyət göstərir.

5 mart 1925 - Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925-1977) anadan olub.
5 mart 1936 - Tanınmış ədəbiyyatşünas, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (1936 - 25.8.2002) Şəkidə doğulub. Milli realizmin təsnifi və tipologiyası, orta əsrlər və XX əsr romantizminin poetikasına dair dəyərli tədqiqatların müəllifidir.
5 mart 1947 - Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı Qubada doğulub. Kitabları: “Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” və s.
5 mart 1957 - Xalq artisti Səidə Əbülfəz qızı Quliyeva Bakıda anadan olub. Televiziya tamaşalarında (“Atayevlər ailəsində”, “Bala-başa bəla”), filmlərdə (“Yaramaz”, “Fransız” və s.) maraqlı rollar oynayıb, filmlərin dublyajında iştirak edir.

6 mart 1920 - Ədəbiyyatşünas Yəhya Qasım oğlu Seyidov (1920-4.12.1980) Ordubadda anadan olub.
6 mart 1931 - Ədəbiyyatşünas, yazıçı, Əməkdar incəsənət xadimi Fərman Allahverdi oğlu Eyvazov (1931-1996) anadan olub.
6 mart 1955 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Rəsulzadə (31.1.1884 - 1955) Ankarada vəfat edib, Əsri məzarlığında dəfn olunub. 1918-ci ilin fevralından Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edən Rəsulzadə həmin il mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilib. Mayın 28-də Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan edib. Cümhuriyyətin süqutundan (1920) sonra Rəsulzadə Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. Bakıda "Açıq söz" qəzetini, mühacirətdə "Azəri türkü", "Odlu yurd", "Qurtuluş" jurnallarını, "Bildiriş”, "İstiqlal" qəzetlərini nəşr etdirib. “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi" və s. əsərlərin müəllifidir.

Dünya

4 mart 1678 - İtalyan bəstəkarı, skripkaçı, dirijor Antonio Vivaldi (Antonio Lucio Vivaldi, 1678-1741) Venesiyada doğulub. “İlin fəsilləri” (skripka üçün 4 konsert) adlı əsəri xüsusilə məşhurdur.
4 mart 1877 - Amerikalı ixtiraçı Emil Berliner (1851-1929) ilk mikrofonu (yunanca mikros - kiçik, fone - səs) icad edib.
4 mart 1908 - Rus yazıçısı Boris Nikolayeviç Polevoy (1908-1981) anadan olub. “Əsl insan haqqında povest”in müəllifidir.
4 mart 1925 - Məşhur fransız bəstəkarı, aranjimançı, dirijor Pol Moria (Paul Mauriat, 1925-2006) anadan olub. Lirik kompozisiyaları ilə dünya şöhrəti qazanıb.

5 mart 1922 - İtalyan kinorejissoru, yazıçı, şair Pyer Paolo Pazoloni (Pier Paolo Pasolini, 1922-1975) anadan olub. Filmləri: “Dekameron”, “Medeya”, “Çar Edip” və s.
5 mart 1934 - Türk rejissoru Halit Refiğ (1934-2009) anadan olub. “Qürbət quşları”, “Hərəmdə dörd qadın” filmlərini, ilk türk seriallarından olan “Aşk-ı Memnu" (1975) və s. ekran əsərlərini çəkib.

6 mart 1475 - İtalyan rəssamı, Avropa İntibahının görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo Buonarroti Simoni; 1475-18.2. 1564) anadan olub. Rəssamlıqla yanaşı, heykəltəraş, memar, şair kimi də tanınıb.
6 mart 1619 - Fransız dramaturqu, filosof, şair, yazıçı, elmi fantastikanın banilərindən biri Savinyen Sirano de Berjerak (Hercule Savinien Cyrano de Bergerac, 1619-1655) anadan olub.
6 mart 1889 - Özbəkistanın Xalq şairi, dramaturq, ictimai xadim Həmzə Həkimzadə Niyazi (1889-1929) anadan olub.
6 mart 1926 - Polyak rejissoru Anjey Vayda (polyakca Andrzej Wajda) anadan olub. “Kül və almaz”, “Nastasya” və s. filmlərə quruluş verib.
6 mart 1928 - Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1982) Qabriel Qarsia Markes (Gabriel Jose de la Concordia Garcia Marquez) anadan olub. Əsərləri: “Polkovnikə heç kim yazmır”, “Arzuolunmaz saat”, “Yüz il tənhalıqda”, “Patriarxın payızı”, “Elan olunmuş ölümün xronikası”, “Taun xəstəliyi zamanı sevgi”, “General öz labirintində” və s.
6 mart 1934 - Rus satirik yazarı, teatr və estrada ifaçısı, Rusiyanın və Ukraynanın Xalq artisti Mixail Mixayloviç Jvaneski (Maneviç) Odessada anadan olub.

Hazırladı: Vüqar Orxan