Məmmədəli Vəlixanlı - 115


Ötən əsrin əvvəllərində, xalqımızın maariflənməyə, mədəniyyətə daha çox ehtiyacı olan bir dövrdə, Azərbaycan mədəniyyətinin və incəsənətinin ağır yükünü çiyinlərinə alan ziyalılarımız, sənət fədailəri çətin bir yolun yolçuluğuna çıxdılar. Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev və adlarını sadalamadığımız neçə-neçə korifeylərlə yanaşı, Azərbaycan teatr salnaməsinə adını yazan, öz dəst-xətti ilə tamaşaçıların rəğbətini qazanan unudulmaz sənətkarlardan biri də Xalq artisti Məmmədəli Vəlixanlı olmuşdur.

Ömür yolu bir varaq...

Məmmədəli Hacı Heydər oğlu Heydərzadə (Vəlixanlı) 1899-cu il martın 13-də Bakıda doğulub. Fatmayı kəndindən şəhərə köçən, ticarətlə məşğul atası Məmmədəlini “Səfa” mədəni-maarif cəmiyyəti nəzdində fəaliyyət göstərən məktəbə qoyub. Ancaq uşaq vaxtlarında gördüyü dini şəbihlər, “Qaravəlli”, “Kosa-kosa” kimi xalq oyunları onda teatr sənətinə maraq oyadıb. Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov 1912-ci ildə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tamaşaya qoyarkən Bədəl rolunu təbiətən çevik və hər şeyə maraq göstərən Məmmədəliyə tapşırır. Beləcə o, sənətdə ilk addımlarını atmağa başlayır.
1920-ci ildə Milli Dram Teatrının xor heyətinə işə qəbul olunur. "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında xorda oxuyan Məmmədəli tədricən dram tamaşalarında da kiçik rollarda səhnəyə çıxır. Teatrda işləyə-işləyə 1927-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsilini davam etdirir.
Realist aktyor məktəbinin duzlu komik aktyoru kimi tanınan Məmmədəli Vəlixanlı M.F.Axundzadənin "Lənkəran xanının vəziri" (Mirzə Həbib), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Sabit Rəhmanın "Xoşbəxtlər", "Əliqulu evlənir" və "Nişanlı qız" (Mirzə Qərənfil, Mindilli, Xəlil), Mirzə İbrahimovun "Həyat" (Pardon Qurbanəli), Nikolay Qoqolun "Müfəttiş" (Osip) komediyalarında öz ifası ilə silinməz izlər qoyub. Eyni zamanda Hüseyn Cavidin "Səyavuş" (Kosa), Uilyam Şekspirin "Qış nağılı" (Avtolik), "On ikinci gecə" (Ser Endri), "Maqbet" (Qapıçı), Mehdi Hüseynin "Cavanşir" (Saran), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Robinzon), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Əmrah), Fridrix Şillerin "Qaçaqlar" (Vurm), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Mürsəl kişi), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Dərviş) və digər pyeslərin səhnə təfsirlərində son dərəcə şirin, koloritli yumoristik və komik-dramatik rollara səhnə ömrü bəxş edib. Teatr sənətimizin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti (1938) və Xalq artisti (1949) fəxri adlarına layiq görülüb. Görkəmli sənətkar 12 aprel 1969-cu ildə, 62 yaşında dünyasını dəyişib.

“Biz onu həyatda heç vaxt tragik obrazda görmədik”

Sənətkarın qızı, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü Nailə Vəlixanlı atasını həzin xatirələrlə yada salır:
- Ata babam Fatmayı kəndində doğulub. XIX əsrin ortalarında şəhərə köçüb və ticarətlə məşğul olurmuş. Babamın şəhərin yuxarı məhəlləsindəki karvansarası hələ də qalmaqdadır. Sovet dövründə oranı bağça kimi istifadə edirdilər. Evi də ora yaxın idi. Atamın uşaqlığı keçmiş İskra (indiki Ə.Hüseynzadə) küçəsində keçib. Həmin ətrafda babamın qohumları və Bakının kəndlərindən gələn insanlar yaşayırdı. Atam ailənin yeganə övladı olub.
Atamla bağlı xatirələr çox əzizdir. Onun səhnə həyatından əvvəl ailədə mehribanlığı, övladlarına məhəbbəti yadıma düşür. Aktyorluq sənəti insana ilahidən gəlmədir. Komediya janrında daha çox oynamağına baxmayaraq, evdə deyərdik ki, atamız səhnədə komik, həyatda isə dramatikdir. Biz onu həyatda heç vaxt tragik obrazda görmədik. Zarafatcıl, amma sözü yerində deyən bir insan idi. Teatrda onu tanıyanlar indiyə kimi lətifə xarakterli söhbətlərini xatırlayırlar. Bir övlad kimi mən ona həddən artıq borcluyam.
Mənim uşaqlıq dövrüm müharibədən sonrakı illərə təsadüf edirdi. O vaxtlar cəmiyyətdə dəyişikliklər baş verirdi. Çox ailələr uşaqlarını rus məktəblərinə qoyurdular. Atama minnətdaram ki, məni Azərbaycan bölməsində oxutdurdu. Düzdür, mən çox elmi işlərimi rus dilində yazmışam, çünki şərqşünaslıqla bağlı ədəbiyyatın əksəriyyəti bu dildədir. Azərbaycan dilinə, mədəniyyətimizə sevgimizin yaranmasında atamızın böyük rolu oldu. Hədsiz məsuliyyətli, öz işini sevən, sadə və böyük insan idi. Özünün bütün müsbət xüsusiyyətlərini övladlarına ötürməyə çalışırdı. Ailədə ondan ancaq sevgi və qayğı görmüşük. Atam danışardı ki, səhnədə ilk rolu “Səfa” mədəni maarif cəmiyyəti nəzdindəki məktəbdə oxuduğu zaman Şəmsəddin Saminin "Gaveyi-ahəngdar" pyesində Gavənin kiçik oğlu obrazı olub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Dadaş Bünyadzadə 1922-ci ildə atamı teatra dəvət edir. Həmin ildən ömrünün sonuna kimi atam teatrda işlədi. Bu dövr onun gənclik illərinə təsadüf etməsinə baxmayaraq, teatrda özünə layiq yer tuta bilmişdi. Görkəmli dramaturq Cəfər Cabbarlı öz əsərlərində atama xüsusi rollar yazarmış. Tale elə gətirdi ki, qardaşım Aqşin Vəlixanlı da aktyorluq sənətini seçdi, sonralar Əməkdar artist adına layiq görüldü. Qardaşım 61 yaşında dünyasını dəyişdi. Demək olar ki, 1922-ci ildən 1998-ci ilə kimi Azərbaycan teatrlarının afişalarında Vəlixanlı soyadı yaşayıb.
Atam sənəti ilə yaşayırdı. Bir neçə dəfə filmlərə dəvət alsa da, sanki qismət olmurdu. 1955-ci ildə “Görüş” filmində (Çayçı - red.) çəkildi. Xəstəliyindən əvvəl “Uzaq sahillərdə” filmində təsdiqlənmişdi. Amma xəstəliyi imkan vermədi. Yüksək təzyiqdən əziyyət çəkirdi. Teatrda son obrazını Sabit Rəhmanın “Əliqulu evlənir” (Xəlil) tamaşasında canlandırdı. Həkimlər səhnəyə çıxmağa icazə vermirdilər. Amma o deyirdi, qoy tamaşanın premyerası olsun. 1961-ci ildə cəmi iki dəfə həmin tamaşada səhnəyə çıxa bildi. Atam səkkiz il yataqda qaldı. Amma dostları onu tək qoymurdular. Aktyorlar İsmayıl Dağıstanlı, Ələsgər Ələkbərov, qonşumuz olan Ağadadaş Qurbanov ona hədsiz hörmət edirdilər. Professor Mehdi Məmmədov atama ruh verir, xəstəliyini unutdurmağa çalışırdı. Mehdi müəllim teatrla bağlı bütün hadisələrdən atamı xəbərdar edərdi. Radio üçün “Hamlet”i hazırlayırdı. Gəlib evdə atamın səsini yazdılar. Atam böyük rollar oynasa da, son zamanlar epizodik rollara daha çox önəm verirdi. O, kiçik bir səhnə ilə böyük söz deməyi, fikir çatdırmağı xoşlayırdı. 1957-ci ildə atama Moskvada epizodik obraza görə laureat adı verilmişdi.
Anam həmişə atamın sənətinə hörmətlə yanaşırdı. Məktəb oxumasa da, bizim təhsilli, savadlı olmağımıza can atırdı...

“Mən həmişə onun sənətinin ovsununda qalmışam”

Xalq artisti, rejissor Ağakişi Kazımov sənətkarla bağlı xatirələrini bizimlə bölüşdü:
- Mən teatra gələndə Məmmədəli müəllim artıq tanınmış, tamaşaçı sevgisi qazanmış, sənətdə öz sözünü demiş sənətkar idi. Hərəkətlərində, jestlərində, sifət ifadələrində aktyorluq boyaları zəngin və əlvan idi. Məsələ təkcə bununla bitmirdi, çünki Məmmədəli Vəlixanlı hər bir obrazı fərdi xarakter kimi götürür, onu konkret tarixin, mühitin, ictimai təbəqənin təmsilçisi prizmasından tamaşaçılara təqdim edirdi. Onun çox orijinal, yapışıqlı və mütləq təbəssüm doğuran səs tembri, koloritli yumoru, zəngin sifət cizgi-ifadə vasitələri vardı. Yumor və satiranın ölçü-əndazələrini səhnədə dəqiq həssaslıqla gözləyə bilirdi.
Xoşbəxtlikdən onunla bir neçə əsərdə eyni səhnəni bölüşmüşəm. Ən çox sevdiyim rollarından biri U.Şekspirin “On ikinci gecə” əsərindəki Ser Endri obrazı idi. Unudulmaz sənətkarımız Ağasadıq Gəraybəyli ilə duetləri çox maraqlı idi. Mirzağa Əliyevlə “Türkiyədə” adlı əsərdəki səhnələrini, dialoqlarını da indiyə kimi xatırlayıram. Onlar hər dəfə səhnəyə çıxanda böyük, işıqlı bir yumor gəlirdi səhnəyə. 1956-cı ildə Əliheydər Ələkbərov “Almaz”ı səhnələşdirdi. Xalq artisti Leyla Bədirbəyli Almazı oynayırdı, Məmmədəli Vəlixanlı isə Xudaverdini. Həmin tamaşada çox maraqlı bir görkəmi vardı. Deyirdilər ki, həmin görkəmi Məmmədəli müəllimin özü tapmışdı. Bu günə kimi həmin obrazı unutmuram. O, səhnəyə çıxan kimi alqışlar başlanırdı. Biz bu tamaşa ilə iki dəfə Moskvaya səfər etdik. Puşkin və Vaxtanqov teatrlarında oynadıq. İfa etdiyi monoloqu Moskva tamaşaçıları beş dəqiqəyə yaxın alqışladılar.
O, iki ekran əsərində - “Görüş” və “Mən rəqs edirəm” filmlərində yaddaqalan obrazlar yaradıb. Mehdi Məmmədovun radioda hazırladığı “Hamlet” tamaşasında Məmmədəli müəllimi öz evində Məzarçı roluna səsini yazmağını da gözəl xatırlayıram. Bu, sənətkara verilən qiymət idi. O sənətkarlar qeydi-adi insanlar idilər. Onlar hər dəfə səhnəyə çıxanda sanki bir-birini sənət yarışına çağırır, bir-birini səhnədə tamamlayırdılar.
Məmmədəli Vəlixanlının sənətindəki incəliyin, dərinliyin, emosiyanın həsrətindəyik. Tamaşaları anşlaqla keçirdi. Səmimi deyim ki, mən həmişə onun sənətinin ovsununda qalmışam. Unudulmaz sənətkarlar haqqında xatirələrimi bölüşəndə mənə çox xoş olur.

Lalə Azəri