Tarix boyu insanların toplu yaşam kodeksini, xalq olaraq özünəməxsusluğunu müəyyən edən milli-mənəvi dəyərləri, adət-ənənələri müxtəlif rituallarda, mərasimlərdə öz əksini tapıb.
Türk xalqlarının min illərdən bəri yaşatdığı ortaq dəyərlərin məcmusu olan bayramlardan biri də Novruzdur. Bu bayram əsrlər boyu Novruz, Yenigün, Ərgənəgün, Sabantuy, Bahar bayramı kimi müxtəlif cür adlandırılsa da, onun əsas mahiyyəti, təravət, yenilik, ruzi-bərəkət rəmzi dəyişməyib.
Şimal yarımkürəsində astronomik yazın başlanğıcına, gecə-gündüz bərabərliyinə (20-21 mart) təsadüf edən Novruz, bir çox Şərq xalqlarının qeyd etdiyi bayramdır. Bunu tarixi-coğrafi amillə əlaqələndirmək, mədəni-estetik baxımdan yaxınlıqla bağlamaq olar.
Bahar bayramı tarixən Azərbaycanda da təntənə ilə qeyd olunub. Xalqımızın yaşatdığı Novruz adətlərində müxtəlif dini-etnik baxışların izləri axtarılır, xüsusilə də zərdüştilik və İslam dini ilə əlaqələndirilir. Halbuki xalqın folklorunda, adət-ənənəsində kök salan, təbiət qüvvələrinə münasibəti özündə ehtiva edən bu mərasimlərin konkret dini görüşlərlə eyniləşdirilməsi qədimdən qədim etnik-mədəni yaddaşın qısaldılması, uzaq keçmişdən dünənə çəkilməsi deməkdir. Çünki Novruz ayinlərinin bir çoxunda ibtidai təsəvvürlərin ilkin stixiyası ilə qarşılaşırıq. Deməli, Novruz, ilk növbədə baharın gəlişini əks etdirən bayram rituallarının məcmusudur. Bu bayram yazın gəlişi, təbiətin oyanışı, yeni günün, yeni ilin başlaması, qışın qıtlığından, soyuqdan xilas olmağın rəmzidir.
Bir çox araşdırmaçılar Novruz bayramını zərdüştiliklə bağlayırlar. Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya elmlər doktoru Nizami Tağısoy Novruzu qədim türklərin böyük bayramı kimi xarakterizə edir: “Qədim türklər öz mərasimlərini təfəkkürlərində canlandırmaq, eyni zamanda öz yaşadıqları dövrü mifoloji dünya ilə, qədim folklor ənənələri ilə bağlı şəkildə ortaya qoymaq fikrində olublar. Ona görə də Bahar bayramı zərdüştilik ənənələri ilə də bağlı olub və daha sonrakı dövrlərdə zənginləşib. Təbii ki, Bahar bayramının bütün mahiyyəti, semantikası, çalarları zərdüştilikdə olan kimi olmayıb. Həm əvvəlki dövrlərdə, həm də sonrakı zamanlarda bura xeyli elementlər əlavə olunub”.
Xalq mədəni irs yaddaşını daim saxlayır, yaşadır. Onun real həyata praqmatik münasibətlərindən başqa həyata mifoloji, folklor, romantik, nostalji münasibəti də var. Bu dünyagörüşü, baxışlar sistemi də insanların mifoloji təfəkkürünə gedib çıxır. İnsanlar mifik yaddaşa sığınaraq bəzi predmetləri canlandırmaqla həmin miflərin bu və ya digər işlərini həyata keçirməyə yardımçı olacaqlarına inanırdılar.
Təbiətin oyanışı, təsərrüfat işlərinin başlanması dünyada yeni bir əhval-ruhiyyənin ortaya çıxması Bahar bayramını formalaşdırdı. N.Tağısoy qeyd edir ki, qeyri-müsəlman türklər - xakaslar, qaqauzlar, yakutlar və s. arasında bu bayramın qeyd olunması bir daha sübut edir ki, mənşə etibarı ilə Novruz türklərə məxsusdur: “Bizim etnik, mifik təfəkkürümüzdən qaynaq alan Novruz bayramını digər xalqların da yüksək əhval-ruhiyyə ilə qeyd etməsi sevindirici haldır”.
Alimin sözlərinə görə, Novruz bayramı Rusiya ərazisində yaşayan müxtəlif türk xalqlarında - tatarlarda, başqırdlarda Sabantuy (“Xış, əkin bayramı”) adı altında keçirilir: “Ruhverici xüsusiyyət Sabantuyda böyük yer tutur. Buradakı adət-ənənələr o qədər yüksək əhval-ruhiyyə təbliğ edir ki, hətta rus şairi Aleksandr Tvardovski II Dünya müharibəsindən bəhs edən “Vasili Tuyorkin” adlı poemasında döyüşçülərin Sabantuy rituallarından ibarət oyun təşkil etdikdən sonra yüksək əhval-ruhiyyə ilə döyüşə atıldıqları təsvir olunur”.
Fariz Hüseynov