Azərbaycan

20 mart 1879 - Xalq artisti, görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev) (1879 - 16.2.1945) anadan olub. İlk milli operamız olan “Leyli və Məcnun”da Məcnun rolunun ilk və uzun illər əvəzsiz ifaçısı olub.
20 mart 1899 - Böyük yazıçı-dramaturq Cəfər Qafar oğlu Cabbarlı (1899 - 31.12.1934) Xızı kəndində doğulub. Pyesləri: "Solğun çiçəklər", “Aydın", "Oqtay Eloğlu", "Od gəlini", "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar" və s. Şeir və hekayələrin, milli kinomuzda ilk kinossenarilərin (“Hacı Qara”, “Sevil, “Almaz” filmləri) müəllifidir.
20 mart 1912 - Azərbaycanın və Rusiyanın Xalq artisti, rejissor Ənvər Məcid oğlu Behbudov (1912-1998) anadan olub. Rusiyanın Ulyanovsk, Novosibirsk, Kazan, Rostov teatrlarında çalışıb. 1960-70-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının, Rus Dram Teatrının baş rejissoru olub.

21 mart 1896 - Xalq artisti, məşhur aktyor Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 1896 - 20.11.1956) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. Teatr tamaşalarında çoxsaylı obrazlar yaradıb, “Səbuhi” (Şeyx Əli), “Fətəli xan” (Mirzə Nadir) filmlərində çəkilib.
21 mart 1897 - Şair, publisist Böyükağa Mirqasım oğlu Talıblı (1897-1938) Salyan şəhərində doğulub. “Keyf içində”, “Tövbə” və s. kitabların müəllifidir. Repressiya qurbanı olub.
21 mart 1898 - Xalq artisti, aktyor İsmayıl Talıbzadə (1898-1967) anadan olub.
21 mart 1906 - Böyük şair, dramaturq, ictimai xadim Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 1906 - 27.5.1956) Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. Azərbaycanın ilk Xalq şairidir, Azərbaycan Elmlər Akademiyasının üzvü, Yazıçılar İttifaqının sədri (1941-1948) olub. 20-dən çox poemanın (“Komsomol poeması”, "Muğan", "Aygün" və s.), "Vaqif", "Fərhad və Şirin", “İnsan” və s. mənzum dramların müəllifidir. A.S.Puşkinin “Yevgeni Onegin” poemasını, rus dilindən digər ədəbi nümunələri dilimizə tərcümə edib.
21 mart 1914 - Xalq artisti, aktyor Hüseynağa Ələsgər oğlu Sadıqov (1914 -23.2.1983) anadan olub. 50 ilə yaxın Gənc Tamaşaçılar Teatrında çalışıb. “Sehrli xalat”, “Ələddinin sehrli çırağı”, “Alma almaya bənzər”, “Babamızın babasının babası” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
21 mart 1921 - Yazıçı-jurnalist, professor Nurəddin Həsən oğlu Babayev (1921-25.9.1991) Gəncə şəhərində doğulub. Kitabları: "Oğluma məktublar", "İşıq və məhəbbət", "Ürəklər bir olanda" və s.
21 mart 1924 - Məşhur aşıq, Əməkdar mədəniyyət işçisi Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 1924 - 12.10.1990) Tovuz rayonunun Azaflı kəndində doğulub.
21 mart 1929 - Ədəbiyyatşünas, Əməkdar elm xadimi Murtuz Zeynal oğlu Sadıqov (1929 - 24.4.1997) Naxçıvan MR Ordubad rayonunun Nüsnüs kəndində doğulub. Rus Dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) professoru olub. Elmi-pedaqoji fəaliyyətlə yanaşı, sovet repressiyaları, M.Ə.Rəsulzadə haqqında əsərlərin müəllifidir.
21 mart 1934 - Ədəbiyyatşünas, şair Qulamrza Səbri Təbrizi anadan olub. İranda İslam inqilabından sonra Britaniyaya köçüb. Azərbaycanın ali məktəblərində (1997-2003) ingilis ədəbiyyatından mühazirələr oxuyub.

22 mart 1854 - Maarifçi, şair, publisist Məhəmməd Tağı Sidqi (Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu Səfərov; 1854 -9.12.1903) Ordubadda doğulub. Dərsliklər, qəzəllər, mənzumə və hekayələrin müəllifidir. Naxçıvan Dövlət Kukla Teatrı onun adını daşıyır.
22 mart 1895 - Yazıçı Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli (1895-1938) anadan olub. «Qışlaqdan kəndə», «Laçın» və s. kitabların müəllifidir. Repressiya qurbanı olub.
22 mart 1898 - Aktyor, Əməkdar artist Hacıməmməd Ələkbər oğlu Qafqazlı (Quliyev; 1898 - 21.9.1982) Lənkəranda anadan olub. “Qızmar günəş altında”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm” və s. filmlərdə çəkilib.
22 mart 1900 - Xalq yazıçısı, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (1900 - 11.10.1983) Qubadlı rayonunun Əyin kəndində anadan olub. "Şamo", "Saçlı", "Mehman", "Medalyon", "Qafqaz qartalı", “Ağbulaq dağlarında”, “Mahtəvan” və s. əsərlərin müəllifidir. Yazıçılar Birliyinə rəhbərlik edib.
22 mart 1909 - Xalq yazıçısı Mehdi Əli oğlu Hüseyn (1909 - 10.3.1965) Qazaxın Şıxlı kəndində doğulub. "Səhər", "Abşeron", "Qara daşlar", "Yeraltı çaylar dənizə axır" romanları, «Alov», "Şamil" pyesləri və s. əsərlərin müəllifidir. Bir sıra əsərləri ekranlaşdırılıb. Yazıçılar Birliyinin rəhbəri olub.
22 mart 1910 - Şair Soltan Məcid oğlu İsmayılov (1910-1963) Göyçayda doğulub. "Məhsəti", "Pəri qala", "Məhəbbət" və s. poemaların müəllifidir, rus şairlərinin əsərlərini dilimizə çevirib.
22 mart 1913 - Xalq artisti, tanınmış aktyor Əlağa İsmayıl oğlu Ağayev (1913 -21.12.1983) anadan olub. Gənc Tamaşaçılar, Akademik Dram teatrlarında çalışıb. “Görüş” (Şıxəli), “O olmasın, bu olsun” (Məşədi İbad), “Qanun naminə” (Məmmədxan) və s. filmlərdə, televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.
22 mart 1913 - Yazıçı-dramaturq, ssenarist Məhərrəm Əlizadə (1913-1983) anadan olub. "Gözün aydın", "Səndən mənə yar olmaz" və s. pyeslərin, “Kazbek qutusu” filminin ssenari müəllifidir.
22 mart 1913 - Yazıçı, ədəbiyyatşünas Mirzə Müştaq (Mirzəyev Mirzə Bağır oğlu; 1913 - 11.12.2001) anadan olub. "Məni bağışla", "O, mənim dostumdur", "Aydın yollarda" və s. roman və povestlərin müəllifidir.
22 mart 1914 - Xalq artisti, məşhur aktyor Lütfəli Əmir oğlu Abdullayev (1914 - 9.12.1973) Şəkidə doğulub. "Arşın mal alan" (1945, Vəli), “Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd) və s. filmlərdə çəkilib.
22 mart 1917 - Görkəmli aktyor, Xalq artisti Yusif Abdulla oğlu Vəliyev (1917 - 18.3.1980) Dərbənddə anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışıb. “Nəsimi”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, "Uşaqlığın son gecəsi" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
22 mart 1919 - Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı (1919 - 6.7.1995) Qazax rayonunun II Şıxlı kəndində anadan olub. «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı olub.
22 mart 1925 - Xalq artisti, aktrisa Zəroş Mirzəbağır qızı Həmzəyeva (1925 -5.6.2004) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində doğulub.
22 mart 1931 - Məşhur şair Əli Kərim (Əli Paşa oğlu Kərimov, 1931 - 30.6.1969) Göyçayda anadan olub. Populyar şeirlərin, “Pillələr” romanının müəllifidir.
22 mart 1933 - Xalq artisti, tanınmış xanəndə Rübabə Xəlil qızı Muradova (1933-1983) Ərdəbildə doğulub. Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Leyli ("Leylı və Məcnun"), Ərəbzəngi ("Şah İsmayıl") və s.
22 mart 1938 - Yazıçı, tərcüməçi Sabir Əli oğlu Azəri (1938 - 28.1.2010) Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. «Dalanda», “Qorxu” və s. romanların, “Köhnə bərə” filminin ssenari müəllifidir.

23 mart 1920 - Bəstəkar, musiqişünas, pedaqoq Əşrəf Cəlal oğlu Abbasov (1920-1992) anadan olub.
23 mart 1942 - Şair, yazıçı, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Zahid Abdulla oğlu Xəlil Yevlax şəhərində anadan olub.
23 mart 1946 - Yazıçı Seyran Səxavət (Seyran Əsgər oğlu Xanlarov) Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. “Daş evlər”, “Nekroloq”, “Polad toxumu” və s. romanların, povest, hekayələrin müəllifidir.

24 mart 1872 - Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (1872 - 1.5.1950) Naxçıvanın Ordubad şəhərində doğulub. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
24 mart 1938 - Xalq artisti, aktyor, rejissor Həsənağa Səttar oğlu Turabov (1938 - 23.2.2003) anadan olub. 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. “Yeddi oğul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, “Qanlı zəmi” (“Atları yəhərləyin”) filminə quruluş verib.
25 mart 1897 - Tanınmış alim, teatrşünas, publisist Qulam Məmməd oğlu Məmmədli (1897 - 18.11.1994) Təbrizdə doğulub. Cənubi Azərbaycan şairlərinin (Heyran xanım, Mirzə Əli Möcüz və s.) əsərlərini toplayıb və nəşr etdirib.
25 mart 1907 - Görkəmli şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 1907 - 14.1. 1952) Bakıda doğulub. İstiqlal və millətçilik ruhlu şeirlərinə görə 1930-cu ildə isə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilib. 1933-cü ildə İrana, oradan da Türkiyəyə mühacirət edib. Elazığda vəfat edib.
25 mart 1933 - Şair, dramaturq Rüfət Zülfüqar oğlu Əhmədzadə (1933 - 15.12.1988) Bakıda anadan olub. «Bildirçinin bəyliyi», «Zarafatsız zarafat», «Hələlik», “Sonuncu məhəbbət” və s. komediyaların, satirik şeirlərin müəllifidir.

Dünya

20 mart 1741 - Görkəmli fransız heykəltəraşı Jan Antuan Hudon (Jean-Antoine Houdon, 1741-1828) anadan olub. Psixoloji portretlər ustası kimi tanınıb, Volter, Russo və s. məşhur simaların büstlərini yaradıb.
20 mart 1828 - Norveç şairi, dramaturq Henrik İbsen (Henrik Johan Ibsen, 1828-1906) anadan olub. “Yeni Avropa dramı”nın yaradıcısı sayılır.

21 mart Dünya Poeziya Günüdür (World Poetry Day). 1999-cu ildə UNESCO tərəfindən dünyadakı dil müxtəlifliyini təşviq etmək və yox olmaqda olan dilləri poeziya vasitəsilə dəstəkləmək məqsədilə təsis edilib.
21 mart 1839 - Rus bəstəkarı Modest Petroviç Musoqrski (1839-1881) anadan olub. “Boris Qodunov” operasının müəllifidir.

22 mart 1394 - Böyük özbək astronomu, mütəfəkkir, sərkərdə Məhəmməd Taragay Uluqbəy (1394-1449) anadan olub. Əmir Teymurun nəvəsidir, Teymurilər dövlətinə başçılıq edib. Səmərqənd yaxınlığında məşhur rəsədxananı yaradıb.

23 mart 1875 - Məşhur türk şairi, yazıçısı və mütəfəkkiri, türk millətçiliyi məfkurəsinin yaradıcısı Ziya Göyalp (Mehmet Ziya Gökalp, 1875 -25.10.1924) Diyarbəkirdə doğulub.
23 mart 1881 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1937) laureatı Roje Marten dü Qar (Roger Martin du Gard, 1881-1958) anadan olub.
23 mart 1910 - Yapon kinorejissoru Akira Kurosava (1910-1998) anadan olub. “Yeddi samuray”, “Dersu Uzala” və s. flimlərə quruluş verib.

24 mart 1926 - İtalyan dramaturqu, rejissor, teatr nəzəriyyəçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1997) laureatı Dario Fo anadan olub.

25 mart 1611 - Türk səyyahı, coğrafiyaşünas, tarixçi, etnoqraf və şair Övliya Çələbi ibn Dərviş Məhəmməd Zilli (1611-1682) İstanbulda doğulub. Yaxın Şərqdən Krıma, Volqaboyu və Qafqazadək bir çox yerləri gəzərək gördüklərini qələmə alıb. 1656-cı ildə Bakıda olub. 10 cildlik “Səyahətnamə” əsərində dövrün mühüm tarixi, mədəni, etnoqrafik mənzərəsi əks olunub.

Hazırladı: Vüqar Orxan