Azərbaycan

26 mart 1893 - Məşhur opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (1893 - 19.10.1972) Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb, Rostovda, Peterburqda yaşayıblar. 20-30-cu illərdə Rusiya, Ukrayna, Gürcüstan teatrlarında çıxış edib. 1938-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
26 mart 1902 - Tanınmış xanəndə, Əməkdar artist Yavər Əli qızı Kələntərli (1902 - 5.2.1979) Şamaxıda anadan olub.
26 mart 1910 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov (1910 - 31.1.1963) anadan olub. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Teatr tamaşalarında (“Vaqif” - S.Vurğun, “Otello” - U.Şekspir və s.), kinofilmlərdə (“Fətəli xan» - Fətəli xan, “Qara daşlar” - İsmayılzadə, «Səhər» - Rəhim bəy, «Böyük dayaq» - Rüstəm kişi və s.) unudulmaz obrazlar yaradıb.
26 mart 1910 - Məşhur yazıçı-dramaturq Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov, 1910-1970) Şəkidə anadan olub. Əsərləri: "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", “Nişanlı qız” (pyeslər), "Nina" (roman), "Vəfasız", "Son faciə" (povestlər) və s. “Arşın mal alan” (1945)", "O olmasın, bu olsun, "Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenarilərinin müəllifidir.

27 mart 1927 - Dünya şöhrətli musiqiçi, violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (1927 - 27.4.2007, Moskva) Bakıda anadan olub. Dünyanın bir çox ölkələrinin ali mükafatlarına, o cümlədən Azərbaycanın ən yüksək dövlət təltifi “Heydər Əliyev” ordeninə layiq görülüb.
27 mart 1930 - Şair, folklorşünas alim, professor Rüstəm Bayraməli oğlu Rüstəmzadə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub.
27 mart 1937 - Tanınmış kino rəssamı Fikrət İbrahim oğlu Əhədov (1937 - 2.11.1994) Bakıda anadan olub. “Gilas ağacı”, “Qərib cinlər diyarında”, “Yol əhvalatı”, “Şəhərli biçinçilər”, “Kişi sözü” və s. filmlərə bədii tərtibat verib.
27 mart 1986 - Görkəmli aktyor Səməndər Mənsim oğlu Rzayev (2.1.1945 - 1986) vəfat edib. “Nəsimi”, “Babək”, “Babamızın babasının babası”, “Evlənmək istəyirəm”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” və s. filmlərdə, teatr və televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb. Bir çox filmlərin səsləndirilməsində iştirak edib, radioda “Bulaq” verilişinin unudulmaz aparıcılarından olub.

28 mart 1886 - Azərbaycan teatrının görkəmli simalarından biri, SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov, 1886 - 5.5.1959) Bakının Buzovna kəndində doğulub. Tiflis Azərbaycan teatrının inkişafında xüsusi xidmətləri olub. Təbrizdə milli teatrın yaradıcısıdır. 1916-cı ildə Daşkənddə Üzeyir Hacıbəylinun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını tamaşaya qoyub. 1924-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. “Kəndlilər”, “Fətəli xan” filmlərində çəkilib.
28 mart 1895 - Tanınmış ədəbiyyatşünas, tərcüməçi Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifzadə; 1895 - 1.6.1989) Naxçıvan şəhərində doğulub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professoru olub. Maksim Qorkinin "Ana", Aleksandr Fadeyevin "Tarmar" romanlarını Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatı nümunələrini ruscaya tərcümə edib.
28 mart 1919 - Mədəniyyət xadimi, aktyor, ssenarist, rejissor Cahangir Aslanoğlu (Məmmədov; 1919-1998) anadan olub.
28 mart 1924 - Görkəmli şair, tərcüməçi, Dövlət mükafatı laureatı Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev, 1924 - 14.3.1992) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir, rus dilindən uşaq ədəbiyyatı nümunələrini tərcümə edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət nazirinin müavini işləyib.

29 mart 1873 - Şair Mirzəli Möcüz Şəbüstəri (1873-1934) Cənubi Azərbaycanda Şəbüstər qəsəbəsində anadan olub.
29 mart 1928 - Şair Tacəddin Şahdağlı (Tacəddin Abdulla oğlu Məmmədov) Qəbələ rayonunun Xırxtala kəndində anadan olub. Bir sıra şeirlərinə mahnı bəstələnib.
29 mart 1939 - Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov (3.10.1875, Şuşa - 1939) vəfat edib. Yazıçının «Qorxulu nağıllar» adı altında toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.
29 mart 1976 - Ədəbiyyatşünas, akademik Feyzulla Qasımzadə (19.10.1898 - 1976) vəfat edib. Uzun illər Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.

30 mart 1945 - Xalq artisti, tanınmış aktrisa, Dövlət mükafatı laureatı, pedaqoq Şəfiqə Haşım qızı Məmmədova Dərbənddə doğulub. “Qaraca qız” (Pəricahan), “Dədə Qorqud” (Burla xatun), “Bizim Cəbiş müəllim” (Cəbişin arvadı), “İstintaq” (Gülya) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (1995-2000) olub. Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədridir.
30 mart 1949 - Tanınmış opera müğənnisi, Xalq artisti Səfa Hüseyn oğlu Qəhrəmanov (1949 - 5.5.2008) Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub.
30 mart 1952 - Şair, oftalmoloq Paşa Qəlbinur (Paşa İsmayıl oğlu Musayev) Şəmkir rayonunun Çinarlı qəsəbəsində doğulub.

31 mart 1861 - Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, bənzərsiz muğam ustası, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861 - 20.4.1944) Şuşada doğulub.
31 mart 1918 - Tariximizin ən qanlı səhifələrindən biridir. Həmin gün erməni silahlı dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar dəhşətli həddə çatıb, şəhərdə 8 minə yaxın azərbaycanlı öldürülüb. Ümumilikdə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilmişdi. Kütləvi qırğınlar Qarabağın azərbaycanlı kəndlərində, Şuşa, Şamaxı, Quba, Lənkəran, Gəncəbasar və başqa bölgələrdə davam edib. Azərbaycan Prezidentinin 26 mart 1998-ci il tarixli 690 nömrəli fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
31 mart 1936 - Xalq artisti, bəstəkar, caz musiqiçisi Rafiq Babayev (1936 - 19.3.1994) anadan olub. "Cəngi" folklor-caz kollektivinin yaradıcısı olub. Filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”) musiqi bəstələyib. Bakı metrosunun “20 Yanvar” stansiyasında baş vermiş terror hadisəsində həlak olub.

Dünya

26 mart 1874 - Amerikanın ən məşhur şairlərindən biri Robert Frost (1874-1963) San-Fransiskoda doğulub.
26 mart 1908 - Rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Sergey Venediktoviç Sartakov (1908-2005) anadan olub. “Sayansk dağları”, “Məhək daşı”, “Qurğuşun monument” və s. romanların müəllifidir.
26 mart 1911 - Amerika yazıçı-dramaturqu Tenessi Uilyams (Tennessee Williams, 1911-1983) anadan olub. Pyesləri: “Arzu” tramvayı” (Azərbaycanda da tamaşaya qoyulub), “Şüşə qəfəs”, “İquana gecəsi” və s. Əsərləri əsasında filmlər çəkilib.

27 mart Beynəlxalq (Dünya) Teatr Günüdür (World Theatre Day). 1961-ci ildə Beynəlxalq Teatr İnstitutunun (1948-ci ildən UNESCO nəzdində fəaliyyət göstərir) Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən qeyd olunur.
27 mart 1871 - Görkəmli alman yazıçısı Henrix (Heinrich) Mann (1871-1950) anadan olub. Nobel mükafatı laureatı Tomas Mannın böyük qardaşıdır. Hitler hakimiyyətə gələndən (1933) sonra Fransaya, oradan da ABŞ-a köçüb. “Müqəddəs torpaq”, “İtaətkar”, “Kral IV Henrixin gənclik illəri” və s. romanların müəllifidir.
27 mart 1899 - Amerika aktrisası Qloriya Svenson (Gloria Swanson; 1899-1983) anadan olub.
27 mart 1952 - Fransız aktrisası Maria Şnayder (Schneider; 1952 - 3.2.2011) anadan olub. Filmləri: “Parisdə sonuncu tanqo”, “Peşəsi - reportyor” və s.
27 mart 1963 - Amerika kinorejissoru Kventin Tarantino (Quentin Jerome Tarantino) anadan olub. "Quduz köpəklər", "Kriminal qiraət", “Azad edilmiş Canqo” və s. flimlərə quruluş verib, iki dəfə “Oskar”, “Qızıl qlobus”, “Qızıl palma budağı” (Kann kinofestivalı) mükafatları laureatıdır.

28 mart 1483 - Böyük italyan rəssamı, qrafik, memar Rafael (Raffaello Santi, 1483-1520) anadan olub. Məşhur “Sistin madonnası” (“Madonna Sistina”) əsərinin müəllifi, Romadakı Müqəddəs Pyotr kilsəsinin memarıdır.
28 mart 1868 - Böyük rus yazıçısı və dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; (1868 - 18.6.1936) anadan olub. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” (romanlar); “Uşaqlıq”, “Mənim universitetlərim” (povestlər); “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” (pyeslər) və s.
28 mart 1925 - SSRİ Xalq artisti, məşhur rus teatr və kino aktyoru İnnokenti Mixayloviç Smoktunovski (1925-1994) anadan olub. Teatrda knyaz Mışkın (“İdiot”, F.Dostoyevski) rolu ilə məşhurlaşıb. Filmləri: “Hamlet” (Hamlet), “Avtomobildən qorun” (Detoçkin), “Ölü canlar” (Plyuşkin) və s.
28 mart 1936 - Peru yazıçısı, dramaturq və publisist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2010) Mario Varqas Lyosa anadan olub. “Şəhər və itlər”, “Yaşıl ev”, “Kilsə”də söhbət”, “Dünyanın sonunun müharibəsi”, “Keçi bayramı” və s. romanların müəllifidir.

29 mart 1936 - Rus kinorejissoru, aktyor Stanislav Sergeyeviç Qovoruxin anadan olub. “Görüş yerini dəyişmək olmaz”, “Voroşilov nişançısı” və s. filmlərə quruluş verib.
29 mart 1949 - Türk musiqiçisi, bəstəkar, müğənni Kayahan Açar İzmirdə doğulub.

30 mart 1746 - Görkəmli ispan rəssamı, romantizmin parlaq nümayəndəsi Fransisko Xose de Qoyya (Francisco Jose de Goya y Lucientes, 1746-1828) anadan olub.
30 mart 1844 - Fransız şairi, ədəbiyyatda impressionizm və simvolizmin banilərindən biri Pol Verlen (Paul Marie Verlaine, 1844-1896) anadan olub.
30 mart 1853 - Məşhur holland rəssamı, postimpressionizmin nümayəndəsi Vinsent Uilyam van Qoq (Vincent Willem van Gogh, 1853-29.7.1890) anadan olub.

31 mart 1732 - Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn, 1732-1809) anadan olub. Simfoniyaların, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.
31 mart 1882 - Rus yazıçısı, ədəbiyyatşünas Korney Çukovski (Nikolay Vasilyeviç Korneyçukov; 1882-1969) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
31 mart 1914 - Meksika şairi, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1990) Oktavio Pas (Octavio Paz, 1914-1998) anadan olub.

Hazırladı: Vüqar Orxan