Azərbaycan

1 aprel 1914 - Tanınmış şair, dramaturq Zeynal Xəlil (Zeynal Rza oğlu Xəlilov, 1914 - 11.8.1973) Gəncədə anadan olub. "Arzular", "İki dünya", "Bənövşə", "Günəş, dəniz və insan" və s. şeir kitablarının, "Ulduzlar" mənzum romanının, "İntiqam", "Qatır Məmməd" və s. pyeslərin müəllifidir.
1 aprel 1916 - Tanınmış şair Ənvər Əliverdi oğlu Əlibəyli (1916 - 7.5.1968) anadan olub. “Sənin adınla”, “İlk məhəbbət”, “Dostluq körpüsü”, “Elə xoşbəxtəm ki” və s. kitabların müəllifidir. Şeirlərinə mahnılar (o cümlədən Rauf Hacıyevin yazdığı və Rəşid Behbudovun ifasında dillər əzbəri olan “Azərbaycan” mahnısı) bəstələnib. Radio və Televiziya Verilişləri Komitəsinin sədri (1964-1968) işləyib.
1 aprel 1924 - Xalq artisti, müğənni Abdulla Murtuza oğlu Babayev Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tumbul kəndində anadan olub.
1 aprel 1937 - Əməkdar mədəniyyət işçisi, şair Ayaz Vəfalı (Ayaz Rza oğlu Cəfərov) Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. “İllər və nəsillər”, “Turacın mahnısı”, “Özü oda yana-yana” və s. kitabların müəllifidir.
1 aprel 1949 - Ədəbiyyatşünas, dilçi, professor, Əməkdar elm xadimi Nizami Manaf oğlu Xudiyev Naxçıvan MR Şahbuz rayonunda doğulub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri (1996-2006), Milli Məclisin deputatı (1995-2010) olub.
1 aprel 1953 - Yazıçı-jurnalist Aqil Abbas (Aqil Məhəmməd oğlu Abbasov) Ağcabədi rayonunun Kolanı kəndində doğulub. Əsərləri: “Batmanqılınc”, “Qiyamət gecəsi”, “Dolu” (roman əsasında eyniadlı film çəkilib) və s. 2005-ci ildən Milli Məclisin deputatıdır.
1 aprel 1954 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 5.1.1884, Şuşa - 1954) vəfat edib. Milli teatrımızda azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda (o cümlədən "Leyli və Məcnun"da Leyli) qadın rollarını oynayıb. Pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.
1 aprel 1981 - Xalq şairi, ictimai xadim Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 19.5.1910, Göyçay - 1981) vəfat edib. Əsərləri: “Qız qalası”, “Lenin”, "Qızıl gül olmayaydı", "Bir gün də insan ömrüdür" (poema), «Rənglər» (şeirlər silsiləsi), “Vəfa”, “Görüş” (pyes) və s. N.Gəncəvinin «Xosrov və Şirin» poemasını, rus (A.Puşkin, M.Lermontov, N.Nekrasov, V.Mayakovski) və Avropa (C.Bayron, H.Heyne) şairlərinin əsərlərini dilimizə tərcümə edib. Azərbaycan Yazıçılar İttifaqının sədri (1938-1939), kinematoqrafiya naziri (1945-1948) olub. Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

2 aprel 1870 - Şair Azər Məcid oğlu İmaməliyev (1870-8.8.1956) Bakının Buzovna kəndində doğulub. Felyetonlar yazıb, fars dilindən tərcümələr edib.
2 aprel 1932 - Ədəbiyyatşünas, tərcüməçi, professor Xeyrulla Salman oğlu Əliyev anadan olub.
2 aprel 1993 - Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğal ediblər. İşğal nəticəsində rayonun 61 min sakini didərgin düşüb, rayon mərkəzi, 130-a yaxın kənd, onlarla tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu" kurort kompleksi xarabazara çevrilib.

3 aprel 1908 - Azərbaycanın ilk akademik-filosofu Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) İrəvanda doğulub. Fəlsəfi və ədəbi fikir tariximizə dair tədqiqatların müəllifidir. Əsərləri iki dəfə Stalin mükafatına layiq görülüb, əleyhdarları millətçilikdə ittiham edərək ona qarşı kampaniya başladıblar. 1950-ci ilin yayında intihar edib.
3 aprel 1944 - Tarix elmləri doktoru, professor Əsməd İmamməmməd qızı Muxtarova anadan olub.
3 aprel 2008 - Tanınmış aktrisa, Əməkdar artist Şəfiqə Qasım qızı Qasımova (5.12.1924 - 2008) vəfat edib. Opera səhnəsində “Arşın mal alan”da Asya, “Sevil”də Gülüş və s. obrazları yaradıb. Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana” (Zeynəb), “Görüş” (pambıqçı qız) və s. filmlərdə çəkilib.

Dünya

1 aprel bir sıra ölkələrdə “Gülüş və Zarafat Günü” kimi qeyd edilir. Avropada XVI əsrdən qeyd olunmağa başlayıb. 1564-cü ildə Fransada IX Karl yeni təqvim ilinin ənənəvi olaraq qeyd edilən 1 apreldən 1 yanvara keçirilməsi barədə fərman vermişdi. Buna rəğmən uzun illər insanlar zarafatla 1 apreli “yeni il bayramı” kimi qeyd ediblər. Sonradan bu tarix yalançı (aldatma) günü kimi ənənə halını alıb.
1 aprel 1809 - Görkəmli rus yazıçısı, dramaturq, publisist Nikolay Vasilyeviç Qoqol (Yanovski); 1809 - 4.3.1852) anadan olub. “Ölü canlar” romanı, “Müfəttiş”, “Evlənmə” pyesləri, “Şinel”, “Taras Bulba” povestləri və s. əsərlərin müəllifidir.
1 aprel 1866 - İtalyan bəstəkarı, yazıçı və pedaqoq Ferruçço Buzoni (Dante Michelangelo Benvenuto Ferruccio Busoni, 1866-1924) anadan olub.
1 aprel 1873 - Rus bəstəkarı, pianoçu Sergey Vasilyeviç Raxmaninov (1873-1943) anadan olub. 1917-ci ildə Amerikaya mühacirət edib.

2 aprel 1805 - Danimarkalı yazıçı, dünya şöhrətli nağılbaz Hans Kristian (Christian) Andersen (1805-1875) anadan olub. Andersenin xatirəsinə ehtiram olaraq 2 aprel “Beynəlxalq uşaq kitabı günü” elan olunub. 1967-ci ildən Uşaq Kitabları üzrə Beynəlxaq Şuranın təşəbbüsü ilə qeyd edilir.
2 aprel 1834 - Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi, 1834-1904) anadan olub. Nyu-Yorkda ucaldılmış məşhur “Azadlıq” heykəlinin müəllifidir.
2 aprel 1840 - Fransız yazıçısı, naturalizm ədəbi cərəyanının nəzəriyyəçisi Emil Zolya (Emile Zola; 1840 - 29.9.1902) anadan olub. İyirmi romandan ibarət “Ruqonlar və Makkarlar” epopeyasının müəllifidir.
2 aprel 1891 - Fransız-alman rəssamı, memar, müasir incəsənətdə sürrealizmin banilərindən biri Maks (Max) Ernst (1891-1976) anadan olub.

3 aprel 1783 - Amerika yazıçısı, tarixçi Vaşinqton İrvinq (Washington İrving, 1783-1859) anadan olub. Qısa hekayələr müəllifi, esseist kimi tanınıb. Görkəmli insanların (o cümlədən Məhəmməd peyğəmbərin) həyatı haqqında tarixi-bioqrafik əsərlər yazıb.
3 aprel 1918 - Ukrayna yazıçısı Oles (Aleksandr) Qonçar (1918-1995) anadan olub. “Bayraqdarlar”, “İnsan və tüfəng”, “Tavriya”, “Məhəbbət sahili”, “Qan damlası” və s. romanların müəllifidir.
3 aprel 1924 - Amerika aktyoru Marlon Brando (1924-2004) anadan olub. Filmləri: “Limanda” (Terri Marloy, “Oskar” mükafatı, 1954), “Xaç atası” (Don Vito Karleone, “Oskar”, 1972), “Parisdə sonuncu tanqo”, “Apokalipsis bu gün”, “Supermen” və s.
3 aprel 1958 - Amerika aktyoru Alek Bolduin (Alexander Rae Baldwin) anadan olub. “Qızıl qlobus” və “Emmi” mükafatları alıb. Filmləri: “Qırmızı Oktyabr” ovu”, “Qaçış”, “Hər şeyə hazır”, “Perl Harbor”.

Hazırladı: Vüqar Orxan