Kəlbəcərin işğalından 21 il ötür
Aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21 ili tamam olur. İşğalçı ordunun Kəlbəcərə genişmiqyaslı hücumu 1993-cü il martın 27-də başlamışdı. Kəlbəcərin süqutu ilə 60 minə yaxın rayon sakini yurd-yuvasından didərgin düşdü, Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, 100-dən çox kənd talan edildi. Kəlbəcər Laçından sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən kənarda işğal olunan ikinci rayon, Ermənistanla sərhəddə mühüm strateji bölgə idi.
Azərbaycanın qərbində kiçik Qafqazın ətəklərində, dəniz səviyyəsindən 1500-3800 m yüksəklikdə Tərtər çayı vadisində yerləşən Kəlbəcərin adının mənası «yüksək yer», «uca aşırım» deməkdir. Kəlbəcər inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşkil edilmişdi.
Dağlar diyarı zəngin tarixi-mədəni irsi, təbii sərvətləri, mineral çeşmələri ilə məşhur idi. Rayonda dünya şöhrətli müalicəvi turizm mərkəzi - İstisu kurortu yerləşirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.
Rayonun "Qaragöl", "Zalxa" gölləri sahillərində, "Ayıçınqıl" və "Pəriçınqıl" dağlarındakı qayaüstü təsvirlər bu diyarın qədim yaşayış məskəni olduğunu sübut edir. 1976-cı ildə qayaüstü təsvirlərin yerləşdiyi ərazidə aparılan qazıntılar zamanı e.ə. III minilliyə aid qədim yaşayış məskəninin qalıqları aşkarlanmışdı.
Kəlbəcər qədim tarixi abidələri, o cümlədən alban məbədləri ilə tanınırdı. Onlardan ən böyüyü Vəng kəndi ərazisindəki Xudavəng məbəd kompleksidir. Abidə VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib. Çərəkdar kəndində alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində, Başlıbel, Otaqlı kəndlərində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı tarixi abidələr kimi qeydə alınmışdı. Rayondakı tarix-diyarşünaslıq muzeyinin zəngin fondu vardı. 21 ildir işğal altında qalan bu tarixi-mədəni sərvət dağıdılaraq talan edilib.