Azərbaycan

4 aprel 1913 - Görkəmli aktyor, Xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 - 6.1.1988) Salyanda doğulub. İrəvan Azərbaycan Teatrında, Milli Dram Teatrında (1945-1975) çalışıb. Çəkildiyi filmlər: “Kölgələr sürünür” (İmamzadə), “Bir qalanın sirri” (Simnar xan), “Həyat bizi sınayır” (Zəkiyyənin atası) və s. Bədii qiraət ustası kimi tanınıb, bir çox filmlərdə aparıcı rolları (“Uzaq sahillərdə” - Mixaylo, “Telefonçu qız” - Zakir) səsləndirib, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb.
4 aprel 1898 - Mədəni-maarif xadimi Məryəm Teymur qızı Bayraməlibəyova-Məlik-Yeqanova (1898-1987) Lənkəranda anadan olub. 30-40-cı illərdə repressiyaya məruz qalıb, sürgündə yaşayıb.
4 aprel 1931 - Teatrşünas, professor, AMEA-nın müxbir üzvü İnqilab Saleh oğlu Kərimov (1931-22.7.2011) Göyçayda anadan olub.
4 aprel 1936 - Baletmeyster, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Nailə Məmməd qızı Nəzirova anadan olub.
4 aprel 1953 - “Ədəbiyyat və incəsənət” qəzetinin ilk sayı çapdan çıxıb. Nəşr respublika Kinematoqrafiya Nazirliyi, Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsi (sonralar Mədəniyyət Nazirliyi) və Yazıçılar İttifaqının orqanı idi. 1991-ci ildən ayrıca “Mədəniyyət” və “Ədəbiyyat” qəzetləri nəşr olunmağa başladı.

5 aprel 1909 - Bəstəkar Asəf Zeynallı (1909 - 27.10.1932) Şuşada doğulub. Musiqi mədəniyyəti tariximizdə bir sıra yeni janrların yaradıcısı, simfonik, kamera-vokal və instrumental əsərlərin müəllifidir. Teatr tamaşalarına musiqi bəstələyib, "Uşaq süitası" ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.
5 aprel 1938 - Moskvada Azərbaycan incəsənəti dekadası (5-14 aprel) başlanıb.
5 aprel 1940 - Şair, nasir, filologiya elmləri doktoru Arif Əbdürrəhman oğlu Abdullazadə (1940 - 31.5.2002) Şəkidə anadan olub. Kitabları: “Bir ovuc torpaq”, “Duyum” (roman), “Bəxtimizin kitabı” (şeirlər).
5 aprel 1945 - Tanınmış bəstəkar, professor Oqtay Məmmədağa oğlu Rəcəbov anadan olub. “Göyçək Fatma", “Xeyir və Şər” uşaq operaları, simfoniyalar, "Əlin cibində olsun" musiqili komediyası və s. əsərlərin müəllifidir. Bədii filmlərə ("Ağ atlı oğlan", “Tərsinə çevrilmiş dünya”) musiqi yazıb.

6 aprel 1717 - Böyük şair Molla Pənah Vaqif (1717-1797) Qazax mahalının Qıraq Salahlı kəndində doğulub. Yaradıcılığı Azərbaycan poeziyasının mühüm mərhələsini təşkil edir. Qarabağ xanlığında İbrahimxəlil xanın vəziri olub.
6 aprel 1939 - Kinorejissor, Xalq artisti Tofiq Hüseyn oğlu İsmayılov anadan olub. “Gilas ağacı”, “Mən mahnı qoşuram”, “Musiqi müəllimi”, “Vulkana doğru” və s. filmlərə quruluş verib.

7 aprel 1906 - Azərbaycanın ilk satirik nəşri olan "Molla Nəsrəddin" jurnalının birinci sayı çapdan çıxıb. Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.
7 aprel 1930 - Tanınmış jurnalist Azad Şərif (1930 - 24.12.2009) anadan olub. “Azərinform”a (indiki AzərTAc) rəhbərlik edib, “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru olub.
7 aprel 1959 - Xalq yazıçısı Çingiz Akif oğlu Abdullayev anadan olub. 1988-ci ildə işıq üzü görən “Mavi mələklər” adlı ilk romanı yazıçıya şöhrət gətirib. Sonralar detektiv janrında digər əsərləri ilə dünya miqyasında tanınıb. 160-dək roman və povestin, 50-dək ssenarinin, hekayələrin, çoxsaylı publisistik məqalələrin müəllifidir. Əsərləri 30-dək dildə (ümumi tirajı 26 milyondan çox) nəşr olunub.

Dünya

4 aprel 1818 - İngilis yazıçısı, macəra romanlarının (“Başsız atlı” və s.) müəllifi Mayn Rid (Thomas Mayne Reid; 1818-1883) anadan olub.
4 aprel 1932 - Görkəmli rus kinorejissoru və ssenaristi Andrey Arsenyeviç Tarkovski (1932-1986) anadan olub. “İvanın uşaqlığı”, “Andrey Rublyov”, “Stalker” və s. məşhur filmlərin müəllifidir.

5 aprel 1900 - Amerika aktyoru Spenser Treysi (Spencer Tracy; 1900-1967) anadan olub. “Cəsur kapitanlar” (1937) və “Oğlanlar şəhəri” (1938) filmlərində rollarına görə “Oskar” mükafatı alıb.
5 aprel 1945 - Məşhur türk bəstəkarı və müğənnisi, türk rok musiqisinin yaradıcılarından biri Cem (Muxtar) Karaca (1945 - 8.2.2004) anadan olub.

6 aprel 1520 - Böyük italyan rəssamı, qrafik, memar Rafael (Raffaello Santi, 28.3. 1483-1520) vəfat edib. Məşhur əsərləri: “Sistin madonnası” (“Madonna Sistina”), “Afina məktəbi” və s. Romadakı Müqəddəs Pyotr kilsəsinin memarıdır.
6 aprel 1812 - Rus yazıçısı, filosof, publisist Aleksandr İvanoviç Gersen (1812, Moskva - 1870, Paris) anadan olub. 1847-ci ildən Avropada mühacirətdə yaşayıb. Əsərləri: “Olmuşlar və düşüncələr”, “Oğru sağsağan”, “Kimdir günahkar”, “Doktor Krupov”.
6 aprel 1826 - Fransız rəssamı, simvolizmin nümayəndəsi Qustav Moro (Gustave Moreau, 1826-1898) anadan olub. Əsərləri: “Edip və Sfinks”, “Yupiter” və s.
6 aprel 1942 - Amerika rejissoru və ssenaristi Barri (Barry) Levinson anadan olub. Filmləri: “Yağış adamı” (“Oskar” mükafatı, 1989), “İfşa”, “Quldurlar” və s.

7 aprel 1772 - Fransız filosofu, utopik sosializmin banilərindən biri Fransua Mari Şarl Furye (François Marie Charles Fourier; 1772-1837) anadan olub.
7 aprel 1889 - Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1945) laureatı Qabriela Mistral (Gabriela Mistral - əsl adı Lucila Godoy Alcayaga; 1889-1957) anadan olub.
7 aprel 1920 - Hind bəstəkarı Ravi Şankar (1920-11.12.2012) anadan olub. Sitar simli musiqi alətində virtuoz ifaçı kimi tanınıb.
7 aprel 1939 - Amerika kinorejissoru, ssenarist Frensis Ford Koppola (Francis Ford Coppola) anadan olub. "Xaç atası", "Xaç atası-2" filmləri “Oskar” mükafatına layiq görülüb.

Hazırladı: Vüqar Orxan