Azərbaycan

8 aprel 2000 - Bakıda böyük türk (oğuz) eposu "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi münasibətilə türkdilli ölkələrin dövlət başçılarının 6-cı zirvə görüşü keçirilib.

9 aprel 1126 - Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əfzələddin Xaqani Şirvani (1126-1199) Şamaxıda doğulub. Azərbaycan ədəbiyyatında ilk poemanın («Töhfətül-İraqeyn»), «Mədain xərabələri» qəsidəsinin, 17 min beytlik divanın müəllifidir.
9 aprel 1905 - Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (Cəfər Balaəmi oğlu İsmayılzadə; 1905 - 11.09.1996) Bakının Mərdəkan kəndində doğulub. Azərbaycan ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğətinin, "Deyilən söz yadigardır" toplusunun tərtibçisidir.
9 aprel 1946 - Tanınmış aktyor və kinorejissor Ceyhun Mirzəyev (1946-1994) Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. 12 yaşında “Ögey ana” filmində oynadığı İsmayıl rolu ilə məşhurlaşıb. “Dəli Kür”, “Yenilməz batalyon”, “Qanun naminə”, “Yol əhvalatı”, “Lətifə” və s. filmlərdə çəkilib. Rejissor işi: “Bəyin oğurlanması” (Vaqif Mustafazadə ilə birgə), “Fəryad” (eyni zamanda baş rolun ifaçısı). “Mozalan” satirik kinojurnalının bədii rəhbəri olub, kinojurnal üçün süjetlər çəkib.

10 aprel 1923 - Yazıçı-dramaturq Salam Qədirzadə (1923 - 16.11.1987) anadan olub. "46 bənövşə", "Nar çiçəyi nağılı", "Sevdasız aylar", "Sən olmasaydın" və s. nəsr əsərlərinin, "Şirinbala bal yığır", "Hardasan, ay subaylıq", "Həmişəxanım" komediyalarının müəllifidir
10 aprel 1939 - Xalq artisti, xanəndə Teymur Ağaxan oğlu Mustafayev Cəlilabad rayonunda anadan olub. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solistidir. Dövlət Konsert Birliyində, Muğam Teatrında fəaliyyət göstərib.
10 aprel 1944 - Bəstəkar, pianoçu, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev Bakıda anadan olub. Azərbaycanda dini və orqan musiqisinin yaradıcısıdır. “Yanvar mərsiyələri”, ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Dahi Prezidentə xatirə duaları” bir sıra ölkələrdə səslənib. Almaniyada yaşayır, diasporumuzun fəal üzvüdür.

Dünya

8 aprel 1692 - İtaliya bəstəkarı, skripkaçı Cüzeppe Tartini (1692-1770) anadan olub. “Şeytan sonatası” (“Sonate du diable”) ilə məşhurluq qazanıb.
8 aprel 1859 - Alman filosofu, fenomenologiyanın banisi Edmund Husserl (1859-1938) anadan olub. Əsərləri: “Avropa elmlərinin böhranı və transendental fenomenologiya”, “Məntiqi tədqiqatlar”.
8 aprel 1973 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 25.10. 1881 - 1973) vəfat edib. Kubizm cərəyanının banilərindən biridir. Məşhur əsərləri: "Avinyonlu qızlar", "Şar üzərində qızcığaz", "Gernika".

9 aprel 1821 - Fransa şairi və ədəbiyyatşünası Şarl-Pyer Bodler (Charles Pierre Baudelaire; 1821-1867) anadan olub.
9 aprel 1906 - Amerikalı bəstəkar və dirijor Antal Dorati (1906-1988) anadan olub.
9 aprel 1925 - Rus heykəltəraşı, qrafik-rəssam Ernst Neizvestnı anadan olub. Əsərləri: “Həyat ağacı”, “Kədər maskası” və s. 1977-ci ildən Amerikada yaşayır.
9 aprel 1933 - Fransız aktyoru Jan Pol Belmondo (Jean-Paul Belmondo) anadan olub. Filmləri: “Son nəfəsdə”, “Qadın elə qadındır”, “Oğru”, “Missisipidə həyəcan”, “Taleyin şıltağı”, “Professional”, “Doktor Popol” və s.

10 aprel 1847 - Amerika jurnalisti, naşir Cozef Pulitser (Joseph Pulitzer, 1847-1911) anadan olub. Jurnalistika aləmində məşhur Pulitser mükafatının yaradıcısıdır.
10 aprel 1932 - Misir və Amerika aktyoru Ömər Şərif (əsl adı Mişel Demetri Şalhub) anadan olub. Filmləri: “Ərəbistanlı Lourens”. “Çingiz xan”, “Makkennanın qızılı”, “On üçüncü döyüşçü”, “Sirli ada” və s.
10 aprel 1937 - Tatar əsilli rus şairəsi Bella Axmadulina (1937-2010) anadan olub. “Titrəmə”, “Musiqi dərsləri”, “Çovğun”, “Şam”, “Bağ” və s. poetik topluların müəllifidir.
10 aprel 1951 - Amerikalı aktyor Stiven Siqal (Steven Seagal) anadan olub. Filmləri: “Mühasirədə”, “Məhv etmək əmr olunub”, “Nə ölü, nə diri” və s.

Hazırladı: Vüqar Orxan