Azərbaycan
11 aprel 1854 - Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 - 9.7.1926) Şuşada anadan olub. Bəzi mənbələrdə ədibin doğum günü kimi 2, 7 aprel də göstərilir. “Müsibəti-Fəxrəddin” dramı ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.
11 aprel 1914 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 1914 - 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. "Şimal küləyi", "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Dəniz həmişə göy olmur", "Madam Qədri" və s. roman və povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.
12 aprel 1866 - Teatr və maarif xadimi Əbülqasım Sultanov (12.04.1866 - 1916) anadan olub. Naxçıvan teatrında aktyor kimi çıxış edib. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirib, “Ədəbi nümunələr müntəxəbatı”nı (XIX-XX əsr şairlərinin əsərləri) tərtib edib.
12 aprel 1889 - Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Mövsüm ağa Seyid İbrahim oğlu; 1889 - 1.10.1965) Şuşa qəzasının Horadiz kəndində (indiki Füzuli rayonu) anadan olub. 1920-ci illərdə Dövlət Dram Teatrında çalışıb, 1930-1960-cı illərdə Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.
12 aprel 1907 - Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907 - 5.10.1982) anadan olub. Dastan və nağıllarımızın toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.
12 aprel 1912 - Əməkdar artist, aktyor Məmmədağa Ağakərim oğlu Dadaşov (1912 - 3.12.1996) anadan olub. Gənc Tamaşaçılar Teatrının yaradıcılarındandır, ömrünün sonunadək burada çalışıb. “Dədə Qorqud”, “Yol əhvalatı” filmlərində çəkilib.
13 aprel 1917 - Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (1918 - 16.5.1992) anadan olub. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Həyat bizi sınayır”, “Onun bəlalı sevgisi” və s. filmlərin quruluşçu operatorudur.
13 aprel 1929 - Şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov (1929 - 2.11.1992) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir. Qəmbər Hüseynli şairin “Cücələrim” şeirinə məşhur mahnı bəstələyib.
13 aprel 1946 - Rejissor, Xalq artisti Ramiz Həsənoğlu (Mirzəyev) İrəvan şəhərində doğulub. "Ötən ilin son gecəsi", "Qatarda", "Topal Teymur", "Günahsız Abdulla", "Ordan-burdan", "Ac həriflər", “Nigarançılıq” və s. teletamaşalara, "Cavid ömrü", “Sübhün səfiri” filmlərinə quruluş verib.
13 aprel 1937 - Əməkdar jurnalist, yazıçı-publisist Osman Mirzə Hüseyn oğlu Mirzəyev (1937 - 20.11.1991) anadan olub. "Adlarımız", "Bir dəfə yaşayırıq", "Damla və göl" kitablarının müəllifidir.
14 aprel 1870 - Yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov (1870-19.3.1925) Tiflisdə anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kütləvi kitabxana təşkil edib. "Nadanlıq", "Nadir şah", “Bahadır və Sona”, “Şamdan bəy” və s. əsərlərin müəllifidir. Azərbaycan SSR Xalq Komissarları Şurasının sədri (1920-1922), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədri (1922-1925) olub.
14 aprel 1907 - Xalq artisti Fatma Qədir qızı Qədri (1907 - 29.2.1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram Teatrında, Milli Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.
14 aprel 1952 - Telejurnalist, Milli Qəhrəman Alı Mustafa oğlu Mustafayev (1952 - 20.11.1991) Qazax rayonunda doğulub.
Dünya
11 aprel 1888 - İtalyan kino ulduzu Françeska (Francesca) Bertini (əsl adı - Elena Seracini Vitiello, 1888-1985) anadan olub.
11 aprel 1894 - Məşhur sirk ustası, illüzionist, Rusiyanın Xalq artisti Emil Kio (Qirşfeld-Renard; 1894-1965) anadan olub.
11 aprel 1914 - Kanada kinorejissoru və rəssamı, məşhur multiplikator, “Oskar” mükafatı laureatı Norman MakLaren (1914-1987) anadan olub.
12 aprel 1823 - Rus dramaturqu Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olub. “Öz adamlarımızdır - anlaşarıq”, “Kasıblıq eyib deyil”, “Gəlirli yer”, “Tufan”, “Cehizsiz qız”, “Balzaminovun evlənməsi” və s. pyeslərin müəllifidir.
12 aprel 1956 - Kuba əsilli Amerika kinoaktyoru Endi Qarsia (Andy Garcia - Andres Arturo Garcia Menendez) anadan olub. “Xaç atası -3”, “Qara yağış” və s. filmlərdə çəkilib.
13 aprel 1883 - Bəstəkar və dirijor, keçmiş SSRİ-nin (və indiki Rusiya Federasiyasının) dövlət himninin müəllifi Aleksandr Aleksandrov (1883-1946) anadan olub.
13 aprel 1906 - İrland yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekket (Samuel Beckett; 1906-1989) anadan olub. “Qodonun intizarında”, “Oyunun sonu”, “Xoşbəxt günlər” pyeslərinin, “Molloy”, “Malon ölür”, “Adsız” romanlarının müəllifidir. Absurd teatrın yaradıcılarındandır.
13 aprel 1939 - İrland şairi, yazıçı, tərcüməçi, ədəbiyyat üzrə Nobel mükafatı (1995) laureatı Şeymas Hini (Seamus Justin Heaney; 1939-2013) anadan olub.
14 aprel 1744 - Rus dramaturgiyasının banilərindən Denis İvanoviç Fonvizin (1744-1792) anadan olub. Pyesləri: “Gənc cahil”, “Briqadir”.
14 aprel 1889 - İngilis tarixçisi və sosioloqu Arnold Cozef Toynbi (Arnold Joseph Toynbee, 1889-1975) anadan olub. Sivilizasiyaların tarixindən bəhs edən “Tarixin dərk olunması” adlı 12 cildlik əsərin müəllifidir.
14 aprel 1925 - Amerika aktyoru, «Oskar» mükafatı laureatı Rod Stayger (Rodney Stephen Steiger, 1925-2002) anadan olub. “Al Kapone”, “Vaterloo”, “Doktor Jivaqo” filmlərində çəkilib.
14 aprel 1930 - Rus şairi Vladimir Mayakovski (19.7.1893, Kutaisi - 1930) intihar edib. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin”, “Yaxşı”. Satirik pyesləri: “Misteriya Buff”, “Birə”, “Hamam” və s.
14 aprel 1930 - Tanınmış Litva kinorejissoru Vitautas Jalakyaviçus (1930-1996) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Bu şirin söz - azadlıq” (filmdə azərbaycanlı aktyorlar Rasim Balayev, Cahangir Mehdiyev, Eldar Əliyev çəkiliblər).
Hazırladı: Vüqar Orxan