Bu dünyada qədri gur, o dünyada qəbri nur - Nəsibə xanım Zeynalova
Bir kərə yığcam bir yığıncaqda yüksək elmi-ictimai titullu bir qadın məclisin yubilyarı haqda çox səmimi sözlər dedikdən sonra, “amma təəssüf ki, sizin kimi vətənpərvər, ideal bir insan barəsində pis danışanlar da var...” - deyib, ağladı. Bunu görən səbəbkar isə - dodağına qonmuş təbii bir təbəssümlə: “Professor, professor! - dedi. - Siz bu adi işə belə baxırsızsa, bəs onda mənim sıravi sevənlərim neyləsinlər? Xahiş edirəm, özünüzü ələ alın. Mən pul deyiləm ki, məni hamı sevsin”...
...Nəsibə xanımı isə hamı sevib, sevir və sevəcək!
Tək elə rəsmi-respublikamızın yox, xəlqi-millətimizin Xalq artisti, ən kütləvi sevgi-sevimlər, uşaqdan-qocaya rəğbət-məhəbbətlər banisi - Nəsibə xanımı!.. Bu ölkənin hər bir üzvünə öz doğma anası, bacısı, qızı qədər yaxın Nəsibə xanım Zeynalovanı! Bu dünyada necə yaşamaq gərəkliyini əla dərk, sənət zirvələrinin intəhazıslığını görk edən, öz ölümü ilə tarixi-ənənəvi ölüm-dəfn mərasimini - vay-şivən ritualını belə rövnəqləndirib, “toy-nişan”laşdıran Zeynalova Nəsibə Cahangir qızını...
Hə, bu ata-bala - milli tale-müəllifin canlı əsəri, bütün bu kimi yazılar isə -
“Suflyor”luq...
Bəli, bu qız Azərbaycan milli realist aktyor məktəbi yaradıcısının - Cahangir Zeynalovun qızı. Ata - sənət məktəbi banisi, övlad - ən kütləvi, başdan-başa ümumxalq məhəbbəti banisi!
O ata ticarətçi olub, amma - müasir tacirlərin cib-qulağından iraq - qazanc faizinin əksər məbləğini (öz zehni, canı-qanıyla birgə) sənətə sərf edib. 1916-cı il aprelin 20-də bu ilk və yeganə övladı doğulanda yaxın ətrafına özünəməxsus bir “monoloq”la (“can sağlığında vəsiyyət”) elan edib ki, bu qız onun sənət yolunu davam etdirməlidir. Ancaq qızının iki yaşını “ticarətçi-sənətçi” süfrəsilə qeyd etməyə hazırlaşırkən ermənilər Bakıda kütləvi qırğınlar törədir və o, “çəkidə yüngül, vəzndə ağır” daşınarlarını götürüb, ailəsilə İrana getməli olur.
Bir azdan Bakıdan “sakit-samitlik” xəbərləri eşidən C.Zeynalov hər şeydən əvvəl səhnə xiffətinə dözmür, qayıtmaq qərarına gəlir. Lakin...
Martda gedib sentyabrda qayıdan ailənin başçısı gəmidə yatalaq xəstəliyinə tutulur. Ermənilər tərəfindən törədilən qırğınlardan sonra viran qalmış Bakı Cahangirin milli vətəndaşlıq hisslərini, sənət yaradıcılıq düşüncələrini son hüceyrələrinədək əzir, arzularını heçə-puça çıxarır, “ailəsinin, yeganə övladının başsız qalacağı, kiminsə bu qızcığazı teatr sənətinə meylləndirə bilməyəcəyi fikirlərindən üzülür” və az müddət keçmiş dünyasını dəyişir. Oxuduğum və müasirlərindən eşitdiyim bu xatirələrin bir parasını da - o vaxtlar televiziya üçün müsahibə aldığım zaman 72 yaşı olan Nəsibə xanım özü söyləyib mənə...
Tələbə və... qələbə!
Təkrar edim ki, bu təkrarsız xanım milli realist teatr məktəbimizin banisi olub atasının ən fenomenal tələbəsi, ən professional davamçısı oldu. Deyim ki, ona qədər də xalq içərisindən “təbii seçmə yolu”yla çıxmış aktyorlarımız az olmayıb. Lakin o xoflu dövrün susqun elitarlarıyla coşğun proletarları arasındakı patoloji-xroniki zövq, sənətə baxış fərqlərinin azaldılmasında Nəsibə Zeynalova istedadında ikinci bir aktyor olmayıb, zənnimcə. O cümlədən əlahəzrət gülüşün “ömürartıran”, “uğunma”, “gözselləmə”, “qəşş”, “qırmanclama” motivlərində! Onun şəxsi həyat “marşrut”larında da təbəssümləyici dayanacaqlar var ki, biri də orta məktəbdə rəqqasəlik etməsidir. Təsəvvür edirsizmi, - Nəsibə xanım Zeynalova rola girmədən - roldankənar rəqqasəlik edir! Bu nədir (!), bu qədər istedadlı, bacarıqlı, qabiliyyətli adam və adicə rəqs? Kimisə yamsılamadanmı, hansısa real və ya tipoloji rəqqasəninsə şəbehini çıxarmadanmı?!
Amma bu balaca qızın böyük teatr-kino azmanı Rza Təhmasibin dram dərnəyinə üzv olma ili (1932) başqa nüanslı gülüş doğurur: 16 yaşında! Beş il sonra adı gülməli bir teatrda (Kolxoz və Sovxoz Teatrında) peşəkar aktrisa kimi işə başlayıb, bir il sonra (1938) yenicə yaranan və 75 ildir bizi eninə-boyuna güldürüb-düşündürən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına birinci dərəcəli aktrisa götürülüb. İnstitutlar, universitetlər, akademiyalar bitirmiş bir çox “zorəntəbib” yoxsunlu zorəntəblilərlə müqayisədə adı adi və “gülməli” bir təhsil ocağını - Bakı Teatr Məktəbini bitirib.
Və ona - hələ tələbə ikən - çox ciddi rollar üçün ehtiyac duyulub; fağır tələbə dərslərdən çox, ağır-ağır rol mətnləri oxumalı olub. Səhnəarxası dialoqlar eşidilir:
- “Şıltaq qızın yumşaldılması” əsərini tamaşaya hazırlayırıq.
- Bəs, adı çəkiləndə aktyorların dad döydüyü Şekspirin bu bəşəri əsərindəki dəymədüşər Katarina rolunu kim?..
- Əlbəttə, tələbə Nəsibə! Bəyəm o hazırda Fridrix Şillerin “Mariya Stüart”ında Yelizavetanı oynamır?
- Elədir, amma tələsmək lazımdır, hələ tezliklə onu Molyerin “Don Juan”ında Elvira roluna da dəvət edəcəklər!..
Ay səni, istedad!..
Onu hamı və hər yerdən görür və hər kəs sevinib-sevirmiş. Ağasadıq Gəraybəyli, Məhərrəm Haşımov, Aleksandr Tuqanov bu qızın qeyri-adiliyinə təəccüblənməsələr də, onun müəllimi olmaq fəxarətləri yaşayırmışlar. Təəccüb hissi keçirməmələrinin səbəbi isə, bu qızın çox yaxın və yaxşı tanıdıqları bir fitri istedadın övladı olmasıyla bağlıymış. Onların düşüncə və söhbətlərindəki “ay səni, istedad!”, “ay səni, dünya!..” nidaları hər iki dünyaya aidmiş. Biri - canlı alqışlar hədəfi Nəsibə Zeynalova, o biri - məhəbbət və xiffət dolu rəhmətlərlə yad edilən Cahangir Zeynalov.
Bəs, sonralar tək elə Cahangir kişinin yox, bütün Azərbaycan cahanının övladı hesab edilən bu fenomenin yaratdığı obrazlardan hansı birindən daha xüsusi, daha məxsusi bəhs etməli? Axı onların yaxşı, əla olmayanı varmı? Hansı daha zəifdir ki, ona göz yumub, keçək bu birinə? Hələ sanballarını demirəm, sayını dəqiq bilən varmı? Filmlərdən birindəki (“Ögey ana”; “itburnu çiçəyi soyuqdəyməni bıçaq pendiri kəsən kimi - xırrıpıt kəsir”) bir ifadənin ifası zamanı onun dil-üslub və sir-sifət sinxronizmini xatırlayırsızmı? Yaxud “Həmişəxanım” (Salam Qədirzadə) komediyasında yaratdığı özündənrazı xanımların müştəbehlik portreti! Tutumca nə qədər böyük, geniş, cəlbedici olsa da, hər halda, “dörd divar arası” teatrdan fərqli - ümumauditorial kinodakı (“Ulduz”da Züleyxa, “Bizim Cəbiş müəllim”də möhtəkir və s.) təkrarsız obrazlarına gəldikdə isə, onlardan əhatəli danışıb, bütün xalqın yekdil fikrini təkrar, vurğunluğunu dübarələməyin nə mənası?..
Amma onun “Qayınana” filmində yayımlanan ümum ins-cins təsirinə rəğmən olmuş bir əhvalatdan kiçik bir epizod:
...Bu xanımlar xanımının 72 yaşının tamamında küçələrdə irihəcmli televerilişçün statik “natura-plan”lar çəkilir. Çəkiliş qrupu kadra müdaxilə edən “kənar şəxslər”in əlindən macal tapıb lazımi planlar çəkə, Nəsibə xanım isə - kamera qarşısında bir sənətdənkənar pozalı, adi həyati dozalı bir sifət almaq üçün “əlçəkməzlər” əlindən, özü demişkən, mafal tapa bilmir. Və bu tele ssenaridənkənar, “quruluş”danxaric məqamların birində anasının əlindən tutmuş 6-7 yaşlı bir qızcığaz bu canlı sənət abidəsinə yaxınlaşıb, əbədi “gəlin-qayınana” tandeminin sənət əbədiyyətini yaratmış bu məşhur həmcinsinə öz perspektiv tale arşınıyla yanaşıb, həyəcanlana-heyrətlənə deyir: “Nəsibə nənə, vallah mən... mən... böyüyəndə yaxci gəlin olacağam!..”
Tahir Əhmədalılar