Azərbaycan

18 aprel 1873 - Görkəmli xanəndə, muğam ustası Məcid Behbudalı oğlu Behbudov (1873 - 6.9.1945) Şuşada anadan olub. Tiflisə köçüb, musiqi məclislərində iştirak edib. Bakıda, Gəncədə Üzeyir Hacıbəylinin operalarında, Məşədi Cəmil Əmirovun “Seyfəl-mülk” operasında çıxış edib. 30-cu illərdə İrəvanda, sonra Qazaxda yaşayıb, orada vəfat edib. Böyük müğənni Rəşid Behbudovun atasıdır.
18 aprel 1897 - Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (1897 - 8.6.1981) Tiflisdə doğulub. Milan Konservatoriyasında təhsil alıb. İlk dəfə 1912-ci ildə Tağıyev teatrında Ü.Hacıbəylinin "Ər və arvad" operettasında çıxış edib. 1923-cü ildə Bakı Ali Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub. Konservatoriyada dərs deyib.
18 aprel 1991 - Tanınmış şair Tofiq Qulam oğlu Bayram (16.12.1934, Bakı - 1991) vəfat edib. Kitabları: “Səninlə görüşəndə”, “Əsrin oyunu”, “Könlümdə yaşayanlar”, “Məsləkim-silahım”, “Ay gecikən məhəbbətim” və s. Rus dilindən bədii tərcümələrin müəllifidir.

19 aprel 1905 - Məşhur memar Mikayıl Ələsgər oğlu Hüseynov (1905 - 7.10.1992) Bakıda doğulub. Bakının arxitekturasına yaraşıq verən Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Kitabxana, AMEA-nın binası, Bakı Musiqi Akademiyası və s. tikililərin müəllifidir.
19 aprel 1907 - Xalq artisti, bəstəkar, dirijor, musiqişünas-alim Əfrasiyab Bədəl bəy oğlu Bədəlbəyli (1907 - 6.1.1976) Bakıda anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940), musiqi tariximizə dair kitabların müəllifidir.
19 aprel 1920 - Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova (1920-5.12.1996) Zaqatalada anadan olub. «Onun taleyi», «Nəğməli könül», «Məhəbbət olmayanda», «Çətin yollar boyunca», uşaqlar üçün “Lalənin kitabı», «Atlas yarpaqlar» və s. kitabların müəllifidir. “Həsrət”, “Həyat özü bir nəğmədir” və s. pyesləri tamaşaya qoyulub.
19 aprel 1949 - Bəstəkar Qalib Həsən oğlu Məmmədov anadan olub. “Sirlər xəzinəsi” baleti, simfonik və kamera musiqisi əsərlərinin müəllifidir. “Haray” filminə musiqi yazıb.

20 aprel 1894 - Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894-14.2.1980) Naxçıvanda doğulub. ”Bakıda küləklər əsir” (Şahmar bəy), “Qanun naminə” (Qaloş) və s. filmlərdə çəkilib, "Səbuhi", "Arşın mal alan” (1945), "Onu bağışlamaq olarmı?" və s. filmlərin rejissorudur.
20 aprel 1906 - Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Həsən bəy qızı Ağayeva (1906 - 3.12.1953) anadan olub. Dövlət Konservatoriyasında musiqi tarixindən dərs deyib.
20 aprel 1907 - Xalq şairi Məmməd Rahim (1907-6.5.1977) anadan olub. "Leninqrad göylərində", "Abşeron torpağında", "Natəvan" poemaları, “Xaqani" mənzum dramının müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.
20 aprel 1916 - Xalq artisti, milli teatr sənətimizin görkəmli nümayəndəsi Nəsibə Cahangir qızı Zeynalova (1916 - 10.3.2004) anadan olub. 1938-ci ildən Musiqili Komediya Teatrında çalışıb, Züleyxa (“Ulduz"), Cəhri xala ("Altı qızın biri Pəri"), Qızbacı ("Hicran") kimi rolları ilə yadda qalıb. "Ögey ana" (Fatmanisə), "Böyük dayaq" (Telli), “Qanun naminə (Şəhla xanım), "Qayınana" (Cənnət xala), “Yuxu” (Məsmə) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
20 aprel 1920 - Yazıçı-dramaturq, şairə Xanımana Sabir qızı Əlibəyli (1920-7.5.2007) Bakıda doğulub. Uşaqlar üçün 30-dək kitabın, o cümlədən "Ulduzların qucağında", "Bir yay səhəri", "Meşə həkimi" poemaları, "Gözəllər gözəli", "Aycan", "Dovşanın ad günü", "Durnalar lələk salır" və s. dram əsərlərinin müəllifidir.
20 aprel 1926 - Tanınmış tarzən Əlikram Həsən oğlu Hüseynov (1926-2006) anadan olub.
20 aprel 1929 - Yazıçı, filologiya elmləri doktoru, professor Çingiz Hüseyn oğlu Hüseynov anadan olub. “Fətəli fəthi”, “Məhəmməd, Məmməd, Məmiş”, “Doktor N” və s. romanların müəllifidir. Moskvada yaşayır.
20 aprel 1944 - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğlu (31.3.1861, Şuşa -1944) vəfat edib.
20 aprel 1959 - Xalq artisti Zemfira Əli qızı Nərimanova Bakıda doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında ("Sarıköynəklə Valehin nağılı", "Göz həkimi" və s.), filmlərdə (“İtkin gəlin“, “Otel otağı”) maraqlı rollar oynayıb.

21 aprel 1931 - Xalq artisti, tanınmış pianoçu, Prezident təqaüdçüsü Tamilla Zahid qızı Mahmudova Bakıda doğulub. Azərbaycan Radio Komitəsinin, Moskonsertin solisti olub. Moskvada yaşayır, Rusiyanın Əməkdar artistidir.

Dünya

18 aprel “Beynəlxalq tarixi yerlər və abidələr günü”dür (The International Day for Monuments and Sites). 1983-cü ildə UNESCO yanında Tarixi yerlərin və abidələrin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS - International Council on Monuments and Sites) təşəbbüsü ilə təsis edilib.
18 aprel 1819 - Avstriya bəstəkarı və dirijoru Frans fon Zuppe (Franz von Suppe - əsl adı Francesco Suppe Demelli; 1819-1895) anadan olub. ”Yüngül kavaleriya”, “Gözəl Qalateya”, “Bokaçço” operalarının müəllifidir.

19 aprel 1900 - Kinorejissor, SSRİ Xalq artisti Aleksandr Ptuşko (1900-1973) anadan olub. “Ruslan və Lyudmila”, “Qızıl açar” və s. uşaq filmlərini çəkib.
19 aprel 1900 - İngilis yazıçısı, şair, dramaturq Riçard Hyuz (Richard Arthur Warren Hughes, 1900-1976) anadan olub. Avropada ilk radiopyeslərin yaradıcısı sayılır. “Yamayka üzərində tufan”, “Təhlükədə” və s. romanların müəllifidir.

20 aprel 1943 - İngilis dirijoru Con Eliot Qardner (John Eliot Gardiner) anadan olub. Boston simfonik orkestrinə, Vyana filarmoniya orkestrinə rəhbərlik edib.
20 aprel 1949 - Amerika kinoaktrisası Cessika Lenq (Jessica Lange) anadan olib. İki dəfə “Oskar” mükafatına (“Tutsi”, “Mavi səma”) layiq görülüb. Digər filmləri: “Kinq-Konq”, “Şirin arzular”, “Poçtalyon iki dəfə zəng çalır”.

21 aprel 1816 - Məşhur ingilis yazıçısı və şairi Şarlotta (Charlotte) Bronte (1816-1855) anadan olub. “Ceyn Eyr”, “Şerli”, “Müəllim”, “Yaşıl cırtdan” və s. romanların müəllifidir.
21 aprel 1922 - Rus rejissoru Stanislav İosifoviç Rostoski (1922- 2001) anadan olub. Filmləri: “Qara qulaq ağ Bim”, “Burada üfüqlər sakitdir” və s.

Hazırladı: Vüqar Orxan