Səhnələrin ali səs, hərəki-feli nəfəs dramaturgiyası idi - Həsən Əbluc...

Başdan-başa poetik, dramatik, estetik sənət adamı. Öz sənətkar “mən”inin ilkinci, özgə mətnlərinin ikinci müəllifi. Sözün özünü dil-ağzıyla, havasını nəfəsi, məna-məram “dava”sını qaş-gözüylə çatdıran. “Nə gözəlsən, ay gözəl, Sən gözəlsən, - Ay gözəl?!” kimi misraları dəmyə könüllərdə belə bitdirən, “Dərd alıb, qəm satıb nəf eyləmişəm” kimi poetik fəlsəfələri daha baha çatdıran...

Cənubumuzun paytaxtında doğulmuş Həsən büsbütün elə o qədim şəhrə - Təbrizə bənzəyirdi. İstedad dolu canında-qanında, oturuş-duruşunda, yeriş-yürüşündə o özəl-qəzəl şəhəri də gəzdirirdi. Bir üzü Güney, bir üzü Quzey kimiydi. Bunları birləşdirib Bütöv Azərbaycan eləmişdi. Sənət-səhnə fəaliyyətində hər gözəllikdən bir nişanə əks olunan Həsən Əblucda bir “qəmu-sonuc” hiss edilirdi: doğma yurd həsrəti. O, Vətəninin bu tayında çox istəklərinə yetsə də, uzun illər yurd-yuva vüsalıyla yaşadı. Bir vaxt - hələ 20-25 yaşlarında Filarmoniya səhnəsində Bəxtiyar Vahabzadədən söylədiyi:

Yarım o tayda qaldı,
Yarım bu tayda qaldı,
Toyum burda çalındı,
Yarım o tayda qaldı.


- misralarını 45-50-sində də ekranda elə qiraət etdi ki, deyərdin bəs, vay-vay, bu “qərib” kəs hələ də subay... Haçansa qiraətləyəndə ki; “Ey dəvə yal, düşdüm daha belindən, Ovsar cığır, çıxdın daha əlimdən, Balam çiçək, bir də öpüm telindən, Salamat qal, salamat”, - deyərdin bəs, bu sənət “bəy”inin məşuqəsi təbiətdi, bütün güllər-çiçəklərsə zürriyyət...
Televiziya çəkilişlərində mən hərdən onu “Koroğlu”dakı dəlilərə, xüsusən də adaşına - Dəli Həsənə bənzədərdim. Onlar qılınc dəliləri, bu isə söz. O çənlibelçi xalqçılar düşməndən bac almaqçün necə çalışıb-çarpışırmışlarsa, bu əslən təbrizli irfançı da - sənətdən öc almaqçün eləcə düşünüb-daşınırdı...
Füzuli dəlisi idi Həsən Əbluc. Bəxtiyardan söyləyəndə “ulu dağlar”a bənzəyərdi, Məmməd Arazdan hayqıranda “göy kişnər, bulud ağlar”dı, ayrılıqdan, qəriblikdən hoylayanda “çeşməli-sulu dağlar”a oxşayardı, “Arazbarı”sayaq sızlayıb-bozlayardı. Şair misralarının, el qoşularının ikinci müəllifi təsiri bağışlayardı - məclis-mərəkələrdə, efir-ekranlarda. Yır-yığıncaqlarda “surətxəyal” olardı, məcmu nəfəs surətini, məlum qəfəs obrazını xatırladardı. Haraya - hansı səviyyə dairəsinə düşərdisə, özünü oraya uyğun topar-taparlayardı. O sayaq ilahi səs sahibi Azərbaycan teleradiosunun pilləkənlərini elə səssiz, elə təvazökar təhər-tövrlə qalxıb-enərdi ki, sanasan, bu dünyanın göydə quşuna, yerdə bəşər-qoşununa borcu var...
Bəli, borc... Canı qədər sevdiyi xalqına, “Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı” kimi misralardakı vətəndaşlara olan ziyalı borcu...
Bu “borclu”nun ana Vətəndən umduğu, cəmi-camaatın beş-onundan küsdüyü məqamlar da olurdu. Belə hallarda isə “haqq-hesab”ı şəxsi planda yox, sənət “büdcəsində” “çürüdürdü”. Məsələn, ötən dəfələrdə yalnız şair xitabı kimi səsləndirdiyi “İti bazarında atından baha, Mən belə dünyanın nəyindən küsüm” misralarına bu səfər özünəməxsus qaş-göz, qırım-durum “ədəva”ları da qatırdı. Amma:

Mən güneyli oldum, arzum quzeyli,
Ona çatammadım - çalışdım xeyli,
Bəxtiyar, bəxtindən oldun gileyli,
Bu da sənin üçün xoş bəhanədi -

kimi bəndləri yalnız qiraət əlçatmazlığında təqdim edir, bu qəbil iri, milli-mənəvi külçələri gəldi-gedər həyat-qeybət xırdaçılıqlarında xırdalamazdı.
Onun adını göstərən titrlərdən, subtitrlərdən də poeziya dalğalanırdı, tamaşaçıya təkrarsız poeziya, qançəkər, şirin-şəkər şeriyyət vəd edilirdi. İndi xatırladacağım axarı misraları - elə bu misralardakı isim-sifətlər qədər gözəlcə, qəşəngcə söylərdi Həsən Əbluc: “...Sənət səmasında süzür Füzuli, Sənət göylərindən öz qələmiylə - Al-əlvan çiçəklər üzür Füzuli...”
Misralar gözəl, ifa özəl olanda - dinləyici dillənməz, tamaşaçı göz qırpmaz. Belə “qarşılıqlı anlaşma şəraitində” də ki, riyazi inteqrallar da poeziyalaşar! Yəni, əgər Həsən Əbluc tamaşaçını bundan öncəki “sadə” ilə “dilə tutub” cəzb etməsəydi, növbəti “mürəkkəb”i: - “Ey mələksima, səndən özgə hamı heyrandır sana, Həqq bilir, insan söyləməz - hər kəs ki insandır, sana”nı ona necə həzm etdirə bilərdi?..
Budur, ekran açılır, sehrli şüşənin o üzündən mehrli Səs-Səda saçılır:

Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qızıyla kef eyləmişəm.
Günüm ahnan-vaynan keçib dünyada -
Dərd alıb, qəm satıb nəf eyləmişəm!..

Dədə Ələsgərin bu mənəvi əntiq, poetik daş-qaş “alver”indəki “nəf”ində Həsən Əbluc elə bir ifa-“investisiya əməliyyatı” aparır ki, külli-zövqlər milyonerləşir.
Hələ onun xatirəsinin isti çağlarıdır; yüzlərlə anıb-andıranı, xatırlayıb-yananı var. Kimlərinsə ürəyindən əvəzsiz itki ağrısı kimi, kimlərinsə gözləri qarşısından kino lenti kimi keçir. Birinciyə sözüm yox, ikincinin isə müxtəsərcə bir izaha ehtiyacı var; onun neçə-neçə kinolentlərdə yaşadığına işarət edirəm. Abbas Mirzə Şərifzadə haqda çəkilmiş qısametrajlı sənədli filmdə onun səsi əsas qəhrəmanlardan biri kimi canlanır. Onun səsinin və özünün yer aldığı “Dəli Kür”ü, “Dantenin yubileyi”ni, “Babək”, “Ən vacib müsahibə”, “Tənha narın nağılı”, “Uşaqlığın son gecəsi”, “Yaşamaq gözəldir, qardaşım!”, “İstintaq”, “Qanlı zəmi”, “Sən niyə susursan?” və onlarla digər filmləri xatırlayın. Bu xatırlama “əməliyyat”ında hay-küysevər, vurçatlasınxoşlar tamaşaçılarçün bir qədər çətinlik yaranacağına rəğmən deyim ki, Həsən Əbluc bütün kompleksi ilə lirika idi; təbiətin tufansız-küləksiz təsir qüvvəsi, bədii sükut diqtəsi, əsərlərin, yazı-pozuların üç nöqtəsi kimi...
...Bu qənaətimdə bir qaranlıq varsa, məsələni gün kimi aydınlaşdıran, ən yaddaqalan “Qatarda” televiziya tamaşasına xəyalən səyahət edin. O tamaşada aləmi bir-birinə qatan Dadaşovla abrına qısılan “müəllim”i müqayisə edin. Kupenin bir oturacağında fırtınalı dramatizm (Yaşar Nuri), digərində psixo-müalicəvi lirizm (Həsən Əbluc). Bu əsərin müəllifi və tamaşa rejissorunun məqsəd-mizanı öz yerində, Həsən Əblucun əlavə-əlahiddə yön-fon elementləri isə ayrıca bir fenomenal-teatral faktura...
Onun dublyaj səsi də özgə bir aləm! Əcnəbi filmlərdəki yad-yad, uzaq-uzaq adamların lad-lad danışıq tərzlərini bizimçün necə də yaxınlaşdırır - bu antena-atlant adam!
Bu an tez-tez işlətdiyimiz bir sözü lap təzə kimi qəbul edin: həyat davam edir. Yəni yeni-yeni aktyorlar, qiraətçilər gəlir səhnələrimizə, ekranlarımıza - bir çox ustadların tərzi-hərəkət, diksiya qatqarları ilə. Amma razısızmı ki, ən çoxunda Həsən Əbluc nəfəsi var. Axı, o həm də dam-daşsız auditoriyalardan - səhnə və efir-ekrandan əlavə, ordinar təhsil ocağında - bir vaxt Politexnik İnstitutunu son kursdan buraxıb, qəbul olunduğu universitetdə (ADMİU) müəllim idi.
Onun özü universitetdə müəllim idi, səs-nəfəs aləmi isə bütöv bir universitet! O, misraları elə vəsli-vüsal söylərdi ki, sanasan, həm də ustad dərsi keçir. O, deyəndə ki:

Ey daşlaşan, torpaqlaşan ulu babam!
Bugünümdən dünənimə uzaqlaşan ulu babam!
Küləkləşən, dumanlaşan ruhunla sən,
Səs ver mənim səsimə sən! -

- elə bilərdin, ulu babalarımız onun bu heyrətamiz Səsinə mütləq səs verəcək...
...Yuxarıda dedim o, büsbütün anadan olduğu Təbrizə bənzəyirdi. Əlavə edim ki, o yaşayıb-yaradıb dünyasını dəyişdiyi Bakıya da, can dəftərində yaşatdığı böyük Turana da az oxşamırdı.
Görəsən, o, “22 aprel 1942 - Təbriz, 13 mart 1994 - Bakı” kimi xronoloji “misraları” necə söyləyərdi?..

Tahir Əhmədalılar