Azərbaycan

25 aprel 1905 - Tanınmış ədəbiyyatşünas alim, professor, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 - 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. A.Puşkin, L.Tolstoy, V.Hüqo, O.Balzakın əsərlərini (rus dilindən) tərcümə edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.
25 aprel 1911 - Əməkdar artist Elmira Axundova (1911 - 26.11.1998) anadan olub. Tamaşa və operettalarda (“Arşın mal alan”da Asya) maraqlı obrazlar yaradıb.
25 aprel 1914 - Xalq artisti, aktyor Məmməd İsmayıl oğlu Bürcəliyev (1914 - 25.11. 1994) Şəkidə doğulub. Şəki teatrında, 1935-ci ildən Gəncə Dram Teatrında çalışıb, tamaşalara quruluş verib, "Yadigar" pyesinin müəllifidir. “Dəli Kür”, “Gözlə məni” və s. filmlərdə çəkilib.
25 aprel 1925 - Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925-1994) Lerik rayonunun Kürdəsər kəndində anadan olub. "Torpağın ətri", "Qayaların səsi", "Dağlar oğlu" və s. romanların müəllifidir.
25 aprel 1957 - Tanınmış aktrisa, Xalq artisti Həmidə Məmməd qızı Ömərova anadan olub. "Qızıl uçurum" (Şəfiqə), "Anlamaq istəyirəm" (Çinarə), "Yol əhvalatı" (Zümrüd), "Qorxma, mən səninləyəm" (Telli), "Nizami" (Afaq), "Doğma sahillər" (Zivər) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Filmlərin dublyaj və səsləndirilməsində iştirak edir. Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
25 aprel 1997 - Azərbaycanın Avropa Mədəniyyət Konvensiyasına (1954-cü il 19 dekabr tarixli) qoşulması haqqında qanun (1997-ci il 22 apreldə Milli Məclisdə qəbul olunub) mətbuatda dərc olunaraq qüvvəyə minib.

26 aprel 1908 - Görkəmli yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlal Əli oğlu Paşayev (1908 - 28.9.1978) Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. Kiçik yaşlarında ailəsi ilə Gəncəyə köçüb. Gəncə Müəllimlər İnstitutunu, Kazan Şərq Pedaqoji İnstitutunu bitirib, Azərbaycan Dövlət Universitetinin professoru olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz hayanadır”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər" monoqrafiyasının müəllifidir.
26 aprel 1947 - Kinorejissor Gülbəniz Yusif qızı Əzimzadə (1947 - 7.12.2006) Bakıda anadan olub. Filmləri: "Nəğmə dərsi" (“Ömrün səhifələri” kinonovellası), "Dantenin yubileyi", “Qaladan tapılan mücrü", "Ötən ilin son gecəsi", "İmtahan", "Qətl günü".

27 aprel 1940 - Filologiya elmləri doktoru, professor, folklorşünas alim Bəhlul Ağabala oğlu Abdulla (1940-2011) Lerik rayonunun Lələhiran kəndində anadan olub.
27 aprel 1951 - Tanınmış kamança ifaçısı, Əməkdar artist Ədalət Səfərəli oğlu Vəzirov (1951 - 5.10.2002) anadan olub.
27 aprel 2007 - Dünya şöhrətli musiqiçi, violonçelist, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (27.3.1927, Bakı - 2007) Moskvada vəfat edib. Dünyanın bir çox ölkələrinin ali mükafatları, o cümlədən Azərbaycanın ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunub.

28 aprel 1916 - Teatr rəssamı, Əməkdar incəsənət xadimi Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 - 9.2.1970) anadan olub.
28 aprel 1917 - Xalq artisti Məhluqə Sadıqova (1917 - 15.8.2003) anadan olub. 50 ildən çox Akademik Milli Dram Teatrında çalışıb, uzun illər radioda məşhur “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub. “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
28 aprel 1920 - Məşhur tarzən, Xalq artisti Hacı Məmmədov (1920 - 2.8.1981) Şamaxıda doğulub. 40 ildən çox M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda tanınmış həkim-cərrah olub.
28 aprel 1920 - Bəstəkar, dirijor və pedaqoq Məmməd Qəzənfər oğlu Məmmədov (1920 - 28.1.1987) anadan olub.
28 aprel 1921 - Dilçi alim, filologiya elmləri doktoru, professor Məmməd Tağı oğlu Tağıyev (1921 - 28.9.1994) Samux rayonunda doğulub. “Azərbaycanca-rusca lüğət”in (4 cild) redaktoru, “Rusca-azərbaycanca frazeoloji lüğət”in tərtibçisidir. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) rektoru olub.
28 aprel 1929 - Dilçi alim, türkoloq, AMEA-nın müxbir üzvü Zərifə İsmayıl qızı Budaqova (1929-1989) İrəvanda anadan olub. Rus dilində yazdığı "Azərbaycan dilinin qrammatikası” monoqrafiyası bir sıra xarici dillərə tərcümə edilib.

Dünya

25 aprel 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840-1893) anadan olub. 80-dən çox əsərin, o cümlədən 10 operanın (“Yevgeni Onegin”, “Mazepa”, “Orleanlı qız”, “Qaratoxmaq qadın”, “Undina” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), 7 simfoniyanın müəllifidir.
25 aprel 1928 - SSRİ Xalq artisti, aktyor Yuri Vasilyeviç Yakovlev (1928 - 30.11.2013) anadan olub. Filmləri: “İdiot” (knyaz Mışkin), “Qusar balladası” (poruçik Rjevski), “Xoş təsadüf və ya həmişə təmizlikdə” (İppolit), “İvan Vasilyeviç peşəsini dəyişir” (İvan Qroznı) və s.
25 aprel 1940 - İtalyan əsilli məşhur Amerika aktyoru Al Paçino (Alfredo James Pacino) anadan olub. Filmləri: “Xaç atası” (Maykl Korleone), “Qadın ətri” (Frenk Sleyd - “Oskar” mükafatı), “Çapıqlı üz” (Toni Montan) və s.
25 aprel 1941 - Fransız rejissoru və ssenaristi Bertran Tavernye (Bertrand Tavernier) anadan olub. Filmləri: “Missisipi blyuz”, “Gecəyarısı caz”, “Sen-Poldan olan saatsaz”, “Həyat və başqa heç nə”.

26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür (World İntellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə təsis edilib.
26 aprel 1798 - Fransız rəssamı Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix, 1798-1863) anadan olub. Fransa inqilabından (1830) bəhs edən məşhur “Barrikadada azadlıq” rəsminin, habelə “Xiosda qətliam”, “Sardanapalın ölümü” və s. tarixi tabloların müəllifidir.
26 aprel 1886 - Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886 - 15.4.1913) anadan olub.
26 aprel 1940 - Məşhur italyan bəstəkarı və aranjimançısı Corcio (Giorgio - əsl adı Hansjörg) Moroder anadan olub. Disko musiqisinin yaradıcılarından sayılır. Alan Parkerin “Gecəyarısı ekspresi” filminə yazdığı musiqiyə görə “Oskar” alıb.

27 aprel 1791 - Amerika rəssamı və teleqraf sahəsində ixtiraçı Samuel Morze (Samuel Finley Breese Morse, 1791-1872) anadan olub. Elektromaqnit teleqraf aparatı (“Morze aparatı”) və Morze kodu (teleqraf əlifbası) onun adı ilə bağlıdır.
27 aprel 1878 - Tacik milli ədəbiyyatının banisi, yazıçı və şair Sədrəddin Ayni (Səid-Muradzadə, 1878-1954) anadan olub. Özbək dilində də yazıb. Əsərləri: “Odina”, “Dohunda”, “Qullar”.
27 aprel 1927 - Rus aktyoru Yevgeni Aleksandroviç Morqunov (1927 - 25.6.1999) anadan olub. Leonid Qaydayın “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri” və s. filmlərdə maraqlı rolları ilə məşhurlaşıb.
27 aprel 1932 - Fransız aktrisası, 50-60-cı illərin kinoulduzu Anuk Eme (Anouk Aimee - Françoise Sorya-Dreyfus) anadan olub. Filməri: “Kişi və qadın”, “Səkkiz yarım”, “Monparnas, 19” və s.

28 aprel 1848 - Danimarka bəstəkarı Lüdviq Şitte (Ludvig Schytte, 1848-1909) anadan olub. “Gero”, “Məmlük” operalarının müəllifidir.
28 aprel 1902 - Rus yazıçısı Valentina Aleksandrovna Oseyeva (1902-1969) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir: “Vasek Trubacev və onun dostları” (povest), “Ata gödəkçəsi”, “Mənim dostum” (hekayələr toplusu).
28 aprel 1902 - Norveç yazıçısı Yohan Borgen (Johan Borgen, 1902-1979) anadan olub. Romanları: “Yay yoxdur və olmayacaq”, “Məhəbbət cığırı”, “Mən” və s.
28 aprel 1924 - Məşhur Litva aktyoru Donatas Banionis anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Sakit mövsüm”, “Solyaris”, “Mister Mak-Kinlinin qaçışı” və s.
28 aprel 1974 - İspan aktrisası, «Oskar» mükafatçısı Penelope Krus (Penelope Cruz Sanchez) anadan olub. Filmləri: “Canlı bədən”, “Gözlərini aç”, “Anam haqqında hər şey”, “Viki Kristina Barselona” (“Oskar”, 2009).

Hazırladı: Vüqar Orxan