Bütün ömrü uzunu millət yükü daşımış Əli bəy Hüseynzadə...
Sağlığında haqqı ödənilməyən o daşınar əmlakın - milli varidatın özəyi də elə Haqq və Həqiqət! Elə bir nemət ki, onun dadı da varmış və Əli bəy Hüseynzadə bütün şüurlu həyatında ən çox bu “təam”dan dadmış...
Bu elə onun öz fəlsəfi postulatlarındandır: “Həqiqətin də dadı, ləzzəti vardır...”
O, bəşəriyyətin böyük əksəriyyətinin “xörəyi” olmayan bu tanrısal nemətə tapınan çox-çox azların ən seçilmişlərindən olub. Bu mənəvi sərvətin toxunulmazlığıyla ilgili dayanmadan yazıb-yaradıb. Yalnız əsilzadələrin, intellekt-irfani beyinlərin duyub-eşidəcəyi tonda haray çəkib. Öz şəxsi mənafe və nəfs qapılarını bütün batilliklərin üzünə bağlayaraq yalnız ali bəndələr “mətbəxi”nə məxsus bu qida ilə yaşayıb...
Bütün dövrlərdə “dəvədə buynuz” təəccübüylə qarşılanan bu insani keyfiyyətdə onun “yeddi arxa dönəni”nin pak, müqəddəs həyat-yaşam tarixçəsinin də rolu az olmayıb. Az qala “əsrlər boyu” Salyan qəzasından yayılan Şeyxülislamlar nəsil-tağ tarixçəsinin...
Onun tale tarixçəsindən...
“24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində” yerləşən Salyan şəhərində doğulmuş Əlinin Tiflisə köçüb, Müsəlman Məktəbində riyaziyyat müəllimi işləyən atası Molla Hüseyn və anası Xədicə xanım vəfat edəndə onun 6 yaşı varmış.
Babasının - Qafqaz şeyxülislamı Axund Əhməd Səlyaninin himayəsində böyüyüb, öz fəhm-fərasətilə uşaqlıq və tələbəlik illərində fars, ərəb, alman və rus dillərini mükəmməl öyrənən Əli bəy 21 yaşında (1885) Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olur. Təhsildə də, həyatda da “dinc” dayanıb-durmayan bu qaynar gənc riyaziyyat ixtisasına yiyələnməklə bərabər, tez-tez universitetin Şərq fakültəsindəki məşğələlərə də qaçar, görkəmli professorların, adlı-sanlı pedaqoq-mütəxəssislərin mühazirələrini dinləyər, Mendeleyev, Baqner kimi məşhurların elmi-tədrisi qənaətlərilə imperiya paytaxtında baş verən ictimai-siyasi diktələr arasında qalıb, dillema-düşüncələrə vararmış.
Şəxsi və milli azadxah təbiətli, əzabkeş xalq tərəfdarı olan Əli bəydə “Xalqçılar” hərəkatına rəğbət yaranır. Bundan siyasi nəzarətçilər də agah olunca, bir sıra inqilabi ruhlu tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır.
Rusiya imperiyası və onun, Bakı da daxil olmaqla, ucqarlarındakı inqilabi təlatümlər, siyasi oyanış və ictimai qarşıdurmalar Əli bəy Hüseynzadəni daha həyati təhsilə səsləyir, öz fikir və qənaətlərini daha populyar səpki, sosial sərgidə bəyana sövq edir. Lakin “canlı universitet” energetikalı bu dahi Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyası təhsiliylə də kifayətlənə bilmir və ucsuz-bucaqsız həyat auditoriyasına qədəm qoyur. Öncə - sonralar “Türkləşmək, islamlaşmaq, müasirləşmək” kimi formulələşdirəcəyi ana fikir-xəttinin mayalanacağı Türkiyəyə gedir. İstanbul Darülfünununda əsgəri-tibbiyə fakültəsində dermatoloq ixtisası və hərbi rütbə qazanır. Sonra (1897) Qırmızı Aypara Cəmiyyəti heyəti tərkibində İtaliyaya gedir. Üç il sonra yenidən Türkiyə və müsabiqə yolu ilə İstanbul Darülfünununda professor köməkçisi. Lakin canındakı yenilikçilik, inqilabçılıq cövhəri burada da özünü büruzə verir və o, - bir müddət sonra “Gənc türkçülük nədir” məqaləsilə mahiyyətini açıqlayacağı “Gənc türkçülər hərəkatı”na qoşulur. “İttihad və Tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğu bilindikdən sonra isə ciddi təqib və təzyiqlərə məruz qalır.
Bu da Azərbaycan...
Bəli, uzun qürbət, mühacirət, zillət illərindən sonra, bu da Azərbaycan! O, buraya buradan apardığı fikir-düşüncələrinin daha yüksək təzahürləri, daha ali misli ilə qayıtmışdı. Sonralar yazıb yaddaşlara əmanət etdiyi fəlsəfi mühakimələrinin biri də elə bu gəlişinin ən başlıca səbəb və görəvlərindən birini ehtiva edir: “Hürriyyət!.. Bu nə qüvvətdir ki, zehnləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!..”
O, bu ilahi “sövq ediyor”luğu yuxarıda qeyd edilmiş akademiyada aldığı təhsil, müsafirlik “istehsalat”ında qazandığı təcrübə və dünyagörüşləri məcmusunda yaratdığı bir sıra portret və mənzərələrində də öz oxucu-tamaşaçılarına təlqin etməyə çalışırdı.
Yəqin ki, sənətsevərlərimiz onun ustad və həm də son dərəcə milli fırçasıyla yaratdığı, kəşməkəşlik tufanının İstanbul, Paris və digər uzaq ünvanlarda şəxsi kolleksiyalara dağıtdığı neçə-neçə portret və tabloları haqda oxuyub-eşitmiş, “Şeyxülislamın portreti”ni və bolşeviklərin yerlə-yeksan etdikləri “Bibiheybət məscidi”ni görmüşlər. Bunu da bilənlər var ki, müəllifin güzəranına rəğmən bir əcnəbi milyonçunun yüksək məbləğə almaq istədiyi “Bibiheybət məscidi” əsəri böyük millət hamisi Zeynalabdin Tağıyevin “məxfi” 500 manatı sayəsində (“bunu Əli bəyə deməyin, o, məndən pul götürməz...”) özümüzdə qalmışdır!
Əli bəy Hüseynzadənin daha böyük ideyalara hesablanmış fikirlərinə, milli-mayak düşüncələrinə - bəzi məqamlarda Bakı mühiti də darlıq edirdi. Türkiyədən qayıtdığı ilk günlərdən “Kaspi” qəzetində bir çox milli problemlərlə bağlı fikirlərini bəyan etsə də, bu onunçün hələ “o” deyildi. Əsas fikri millət sinəsindəki “qara” dağlarda qala-qala, bəzən “qara camaat”ın “gündəlik tələbat” problemlərindən, sıravi qəzetçilərin belə öhdəsindən gələ biləcəyi “ala-bula dağlar”dan da yazmalı olurdu...
O, dövrün daha bir ictimai fikir nəhəngi (sonralar bu iki fenomen “milli əkizlər” adıyla tanınacaqdı) Əhməd bəy Ağaoğlu ilə birlikdə “Həyat” qəzetinin nəşrinə (Z.Tağıyevin maliyyəsilə) başlayır. Bu qəzet əl-əl gəzdikcə əqidə “əkiz”lərinin sırası artır. Onların ideya rəhbərliyilə çıxan həmin qəzet və “Füyuzat” dərgisi Üzeyir bəy Hacıbəyli, Məhəmməd ağa Şahtaxtılı, Məhəmməd Hadi, İsmayıl bəy Qaspıralı və başqalarının simalarında məfkurə və mədəniyyətimizin əleyhdarlarına qarşı canlı sipər-səngərə, tərəfdarlarımızın isə “ata evi”nə çevrilir. Bu böyük şəxsiyyətlərə güvənən Əli bəy Hüseynzadə böyük Turançılıq ideyasına da ayaq verir. Dünənin sadə, bədxah əcnəbi gözündə “sadəlövh” gənc türk oğulları bugünün böyük Turan ideoloqları kimi tanınmağa və təbii, təqib edilməyə başlayırlar. Ucsuz-bucaqsız Türk dünyasının, xüsusən Azərbaycan aləminin müxtəlif guşələrində bir-birindən xəbərsiz qardaş doğulmuş həmin şəxsiyyətlərdən biri - Krım-tatar məmləkətinin dahi türkü İsmayıl bəy Qaspıralı haqda “Kaspi” qəzetinin yazdığı məşhur kəlamı - “İsmayıl bəy Qaspıralı kimdir? O, bütöv bir millətdir!” qənaəti də Əli bəy Hüseynzadə qayğı və çabalarından qaynaqlanırdı.
Öncə özləri tapışıb birləşmiş bu millət mücahidləri bütün əqli və fiziki güclərini cəmləşdirərək bütün Türk dünyasını birləşdirib, böyük Turan İşinə başlamışdılar. “Dildə birlik, işdə birlik, əməldə birlik!” şüarı ilə çalışan - bu hər biri bir “bütöv millət” kəslər Azərbaycanı “Türkləşmək, islamlaşmaq, müasirləşmək” avaz-orkestrinin solisti kimi görürdülər. “Həyat” və digər mütərəqqi görüşlü qəzetlər Əli bəy Hüseynzadəni oxuculara “ağır başlı filosof”, “ağla, sədrə şəfa verən sözlər söyləyən mütəfəkkir” kimi təqdim edirdilər.
Başda Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu olmaqla, bu canlı institutlar yaxşı bilirdilər ki, ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində məlumatlandırma mühiti qədər önəmli amil yoxdur və buna yalnız kütləvi informasiya vasitələrilə nail olmaq mümkündür. Elə bu gün jurnalistikamızın, mətbuatımızın əvəzsiz ictimai fikir tribunasına, “dördüncü hakimiyyət”ə çevrilməsi də, başda Mətbu-Ata Həsən bəy Zərdabi olmaqla, məhz o banilərə bağlı tarixi mərhələnin məhsuludur. Və... elə Şərqdə (buna “quru yerdə” də demək olar) ilk Demokratik Cümhuriyyətimizin ilkin ideya-mənəvi dəyərləri də - təpədən-dırnağa özgür-öncül Əli bəy Hüseynzadənin fikirdaşlarının qələm və milli düşüncə-daşıncalarının məhsulu idi.
Bir neçə sətir də -
Onun öz qələmindən...
“1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla ailə qurduq. 1914-cü il aprelin 6-da Saidabəyim, 1915-ci il iyunun 9-da Səlim Turan, 1920-ci il dekabrın 31-də Feyzavər balalarımız dünyaya gəldi. Saida Lyondan qayıtdıqdan sonra Kabataş qız liseində matematik müəllimidir. Səlim Turan gözəl rəssamdır. Feyzavər Üsküdarın Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı. Hər üçü ailəlidir...”
Çox təəssüflər, çox ağrı-acılar ki, bu dahi atanın öz məşhur övladları haqda verdiyi “hər üçü ailəlidir” məlumatı elə bununla da qapanır; onlardan heç birinin uşağı olmur...
Amma nə qəm?!. Hər millətin günəş rəmzli daşıyıcıları belələrini daha aydın işıqlandırır, onları hər dövrün gəldi-gedər “məşhur”ları kölgəsində qoymurlar: bu dahimizin 150 illik yubileyilə əlaqədar ölkə Prezidentinin sərəncamı, müxtəlif elmi-kütləvi tədbirlər, müsabiqələr və s.
1926-cı ildə - hələ sovetlərin “ürəyigeniş” çağlarında Bakıda keçirilməsinə icazə verilən I Türkoloji qurultaydan sonra bir daha Vətən üzü görməmiş bu dahimiz haqda elə-belə düşünmək də çətin, yazmaq da...
“İsmayıl bəy Qaspıralı bütöv bir millətdir!..”
Görəsən, “Əli bəy Hüseynzadə bütöv bir Turan idi” fikrimə də şərik çıxan tapılarmı? Varsa, sonda, sovet mətbuatında tez-tez işlədilib bayağılaşdırılmış “Biz sizdən öyrəndik qəhrəmanlığı!”, “Bütün gələcək nəsillərə nümunə!” kimi “tərif və bülbüloqrafiyalar” işlətməyə dəyməz...
Tahir Abbaslı
Yazı Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin “Əli bəy Hüseynzadə və türk dünyası” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.