Azərbaycan

29 aprel 1916 - Bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hacağa qızı Hüseynzadə (1916-2005) anadan olub.
29 aprel 1919 - Tanınmış kinorejissor, Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (1919 - 20.9.1993) anadan olub. “Bakı” kinostudiyasında, "Mosfilm"də işləyib. “Onun böyük ürəyi”, "Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) filmlərə quruluş verib.
29 aprel 1957 - Əməkdar artist Rəhman Tofiq oğlu Rəhmanov Bakıda anadan olub. Azərbaycan Dövlət Kukla Teatrında çalışır. «Qızıl Dərviş» mükafatı laureatıdır.

30 aprel 1880 - Milli təsviri sənətin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Aslan oğlu Əzimzadə (1880 - 16.6.1943) Bakının Novxanı kəndində doğulub. 1906-cı ildən “Molla Nəsrəddin” jurnalında dərc olunmağa başlayan rəssam Azərbaycanda karikatura janrının banilərindən sayılır.
30 aprel 1937 - Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının (librettonun müəllifləri Q.İsmayılov və M.S.Ordubadi) ilk tamaşası nümayiş olunub. Koroğlu rolunu SSRİ Xalq artisti Bülbül ifa edib.
30 aprel 1947 - Xalq artisti, məşhur tarzən Ramiz Əyyub oğlu Quliyev Ağdamda doğulub. Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri kafedrasının professorudur.
30 aprel 1952 - Əməkdar artist Eldəniz Qeybulla oğlu Rəsulov anadan olub. “Sevinc buxtası” (Seyidov), “Babək” (Azin), “Anlamaq istəyirəm” (Zeynal), “Gümüşgöl əfsanəsi” (Fərid) və s. filmlərdə çəkilib. Filmlərin dublyaj və səsləndirilməsində iştirak edir.

1 may 1494 - Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Məhəmməd Füzuli (1494-1556) İraqın Kərbəla şəhərində doğulub. Şairin dəqiq təvəllüd tarixi bəlli deyil, bəzi mənbələrdə 1494-cü ilin mayı göstərilir. Türk bayat tayfasından olan Füzulinin ailəsi İraqa Azərbaycandan köçüb. Şair Azərbaycan türkcəsi, ərəb və fars dillərində yazıb. Ana dilində yazdığı "Leyli və Məcnun" poeması dünya ədəbiyyatının inciləri sırasına daxildir. Kərbəlada vəfat edib və İmam Hüseynin məqbərəsinin yanında dəfn olunub.
1 may 1901 - Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev; 1901-1976) anadan olub.
1 may 1910 - Xalq artisti, müğənni Sürəyya Sədrəddin qızı Qacar (1910 - 1992) Şuşada doğulub. Operalarda Leyli ("Leyli və Məcnun" - Üzeyir Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib" - Zülfüqar Hacıbəyov) və s. partiyalarda çıxış edib.
1 may 1929 - Əməkdar jurnalist Sona Bağırova (1929-2001) anadan olub. Uzun illər “Azərbaycan gəncləri” qəzetində çalışıb.
1 may 1934 - Yazıçı, dramaturq, ssenarist İsi Abbas oğlu Məlikzadə (1934 - 12.5. 1995) Ağcabədi rayonunda anadan olub. “Həsrətin sonu”, “Özgə anası”, “Kövrək qanadlar”, “Küçələrə su səpmişəm”, “Yaşıl gecə”, “Günəşli payız”, “Dədə palıd” və s. kitabların, “Kişi sözü”, “Gümüşgöl əfsanəsi” filmlərinin ssenari müəllifidir. “Qatarda” hekayəsi əsasında məşhur televiziya tamaşası lentə alınıb.
1 may 1936 - Tanınmış dilçi alim, AMEA-nın müxbir üzvü Tofiq İsmayıl oğlu Hacıyev Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. Azərbaycan türk ədəbi dilinin tarixi, türkologiya üzrə əsərlərin müəllifidir. Türkiyə Cümhuriyyəti Dil, Tarix, Kültür Qurumunun fəxri üzvüdür.
1 may 1938 - Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru Ataxan Əvəz oğlu Paşayev Naxçıvan MR Culfa rayonunun Başkənd kəndində anadan olub. Milli Arxiv İdarəsinin rəisidir.
1 may 1940 - Xalq artisti, tanınmış müğənni, bəstəkar Niyaməddin Musayev İmişlidə doğulub. 1968-ci ildə respublika muğam festivalının qalibi olub. "Röya" vokal instrumental ansamblının bədii rəhbəridir. “Gecə qatarında qətl” (1990) filmində çəkilib.
1 may 1941 - Xalq rəssamı Mayis Ağabəyov anadan olub. 20-dən çox filmin quruluşçu rəssamıdır: “Babək”, “Nizami”, “Qətl günü”, “Özgə vaxt”, “Nəsimi” (Məmməd Hüseynovla birgə), “Həyat bizi sınayır” (Fikrət Bağırovla birgə) və s.
1 may 1946 - Bəstəkar Aydın Kərim oğlu Əzimov anadan olub. "Əmanət" musiqili komediyasının (libretto - V.Səmədoğlu), "Qətl günü", "Ümid" filmlərində musiqinin müəllifidir.
1 may 1950 - Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (24.3.1872 - 1950) vəfat edib. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
1 may 1959 - Xalq artisti Firəngiz Bəhər qızı Mütəllimova Ağcabədi rayonunda doğulub. 1980-ci ildən Milli Dram Teatrında çalışır. Televiziya tamaşalarında (Gülnar - "Səni axtarıram", Mərcan - "Evləri köndələn yar"), filmlərdə (Sərvinaz - "Qaçaq Nəbi", Telli - "Bəyin oğurlanması" və s.) yaddaqalan obrazlar yaradıb.

Dünya

29 aprel dünyada Beynəlxalq Rəqs Günü (İnternational Dance Day) kimi qeyd olunur. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən tanınmış fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin (Jean-Georges Noverre, 29.4.1727-1810) xatirəsinə ehtiram olaraq təsis edilib.
29 aprel 1842 - Avstriya bəstəkarı, Vyana klassik operettasının banisi Karl Milleker (Karl Joseph Millöcker, 1842-1899) anadan olub. Əsərləri: “Kasıb tələbə”, “Üç cüt ayaqqabı”, “Qrafinya Dübarri”.
29 aprel 1907 - Avstriya mənşəli Amerika rejissoru Fred Sinneman (Fred Zinnemann, 1907-1997) anadan olub. Dörd filmi “Oskar” mükafatına layiq görülüb: “Bu analar yaşaya bilərdi”, “Benci” (qısametrajlı filmlər), “Bütün zamanların adamı”, “İndidən və hər zaman” (8 “Oskar”).
29 aprel 1957 - Hollivud ulduzu Mişel Pfayffer (Michelle Marie Pfeiffer) anadan olub. Filmləri: “Təhlükəli əlaqələr”, “Canavar”, “Sevgi tarlası”, “Ledi-qırğı”, “İstvik əcinnələri”.

30 aprel 1870 - Avstriya-macar bəstəkarı və dirijoru Frans (Franz) Lehar (1870-1948) anadan olub. “Şən dul qadın”, “Qraf Lüksemburq”, “Qaraçı məhəbbəti”, “Eva”, “Torağaylar oxuyan yerdə” operettalarının müəllifidir.
30 aprel 1883 - Çex satirik yazıçısı və dramaturqu Yaroslav Haşek (1883-1923) anadan olub. “Əsgər Şveykin sərgüzəştləri” romanı ilə məşhurlaşıb. “Pan Tenkratın əzabları”, “Əcnəbilər üçün gid”, “Mənim it alverim” hekayələr toplusunun müəllifidir.
30 aprel 1952 - Fransız rejissoru və ssenaristi Jak Odiar (Jacques Audiard) anadan olub. Filmləri: “Gör adamlar necə düşür”, “Dodaqlarından oxu” (9 “Sezar” mükafatı).

1 may 1881 - Fransız filosofu, antropoloq və paleontoloq Teyar de Şarden (Pierre Teilhard de Chardin, 1881-1955) anadan olub. Əsərləri: “Bəşəri mühit”, “İnsan fenomeni”.
1 may 1924 - Rus yazıçısı Viktor Astafyev (1924-2001) anadan olub. Əsərləri: “Çar-balıq”, “Qəmli detektiv”, “Lənətlənmiş və öldürülmüşlər” və s.
1 may 1924 - Tanınmış gürcü aktyoru və rejissoru David Abaşidze (1924-1990) anadan olub. Filmləri: “Qəm yemə”, “Pirosmani”, “Veri məhəlləsinin melodiyası”.

Hazırladı: Vüqar Orxan