Azərbaycan

2 may 1908 - İlk azərbaycanlı qadın rejissor Qəmər Əliqulu qızı Salamzadə (1908-1994) anadan olub. Şair Əliqulu Qəmküsarın qızıdır. “Səbuhi” (1941) filminin rejissor assistentidir.
2 may 1920 - Əməkdar artist, görkəmli sənətkar Ətayə Qulam qızı Əliyeva (1920 - 6.4.1995) Aşqabadda anadan olub. 1934-cü ildə Bakıya gələrək Teatr Texnikumuna daxil olub. İrəvan, Gəncə teatrlarında, 1956-cı ildən Akademik Dram Teatrında çıxış edib. Filmləri: “Onu bağışlamaq olarmı?”, «Bizim küçə», «Telefonçu qız», «Uşaqlığın son gecəsi» və s.
2 may 1929 - Dilçi və ədəbiyyatşünas alim, professor, Əməkdar elm xadimi Yusif Mirəhməd oğlu Seyidov (1929-2013) Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.
2 may 1939 - Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Fərzulla oğlu Zöhrabov Ərdəbildə anadan olub. Muğamların tarixi və nəzəri problemlərinə dair kitabların müəllifidir. Bakı Musiqi Akademiyasının kafedra müdiri, Azərbaycan Bəstəkarlar İttifaqının katibidir.

3 may 1857 - Yazıçı-publisist, tərcüməçi, aktyor və teatrşünas Əsgər ağa Gorani (Əsgər Haqverdi bəy oğlu Adıgözəlov; 1857-1910) Goranboy rayonunun Goran-Boyəhmədli kəndində doğulub. 1873-cü il martın 10-da milli peşəkar teatr tarixinin əsasını qoyan "Lənkəran xanının vəziri" tamaşasında baş rolu (Teymur ağa) oynayıb. "Qara yel" romanının müəllifidir.
3 may 1938 - Xalq artisti Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938 - 23.4.2008) Bakıda doğulub. 1965-ci ildən Akademik Dram Teatrında çalışıb. «Atayevlər ailəsi» (İldırım Atayev), «Alov» (Cəlal Qaşqay) televiziya tamaşalarında, “İtkin gəlin” teleserialında (Nəcməddin), “İstintaq davam edir” (Çingizov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif) və s. filmlərdə çəkilib.
3 may 1957 - Bəstəkar Cəmil Fikrət oğlu Əmirov anadan olub. Müxtəlif tərkibli instrumental ansambllar üçün caz kompozisiyalarının müəllifidir. Bir sıra sənədli və qısametrajlı filmlərə musiqi yazıb.

4 may 1920 - Aşıq, şair Molla Cümə (1854-1920) vəfat edib. Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub. Bəzi mənbələrə görə, aşıq Azərbaycan Xalq Cümhuriyyətinin qızğın tərəfdarı olduğu üçün öldürülüb.

5 may 1856 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova-Abayeva (1856-1929) Şimali Qafqazın Nalçik şəhərində (Kabarda-Balkar vilayəti) anadan olub. Bakıda "Nicat" xeyriyyə cəmiyyətinin qadınlar şöbəsini qurub, 1901-ci ildə H.Z.Tağıyevin açdığı ilk rus-müsəlman qızlar məktəbinin direktoru olub.
5 may 1866 - Yazıçı-publisist, dramaturq, teatr xadimi Eynəli bəy Çölübəy oğlu Sultanov (1866-1935) Naxçıvanda doğulub. M.Şahtaxtlı, M.T.Sidqi, C.Məmmədquluzadə və digər ziyalılarla Naxçıvanda "Müsəlman incəsənəti və dram cəmiyyəti"ni yaradıb. 1883-cü ildə cəmiyyət Naxçıvanda ilk teatr tamaşasını ("Müsyö Jordan və dərviş Məstəli şah") səhnəyə qoyub.
5 may 1888 - Aşıq Mirzə (Mirzə Əhməd oğlu Bayramov; 1888-1960) Tovuz rayonunun Cilovdarlı kəndində anadan olub.
5 may 1892 - İstiqlal şairi, dilçi alim, tərcüməçi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 1892-1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Azərbaycanın Dövlət himninin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. "Türk dilinin morfologiyası və sintaksisi" kitabını yazıb, V.Şekspirin «Otello», «Romeo və Cülyetta» pyeslərini, Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını dilimizə çevirib. Antisovet fəaliyyətində ittiham olunaraq güllələnib.
5 may 1899 - Əməkdar incəsənət xadimi, rəssam, qrafik Əmir Səhliəli oğlu Hacıyev (1899-21.8.1972) anadan olub. Azərbaycan yazıçılarının bir çox əsərlərinə illüstrasiyalar çəkib.
5 may 1905 - Görkəmli ədəbiyyatşünas, şair, tərcüməçi Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 1905-18.8.1991) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.
5 may 1909 - Yazıçı-jurnalist Məmməd Əkbər (Məhəmməd Həmzə oğlu Əkbərov, 1909 - 10.12.1974) Naxçıvan MR-in Ordubad şəhərində doğulub. Kitabları: “Həyatımızdan səhifələr”, “Dostlar və tanışlar” və s.
5 may 1910 - SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil Rza oğlu İsgəndərov (1910 - 18.9. 1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
5 may 1912 - Nasir, tərcüməçi Cəfər Bağır (Cəfər Səfər oğlu Bağırov; 1912-17.4.1983) Ordubad rayonunun Dəstə kəndində anadan olub. Kitabları: “Babamın ürəyi”, “Mən yadına düşəndə” və s. T.Drayzerin, R.Taqorun əsərlərini dilimizə (ruscadan) çevirib.
5 may 1922 - Xalq artisti Ələddin Aslan oğlu Abbasov Gəncədə doğulub. 1939-cu ildən Gəncə Dram Teatrında çalışıb. "Dəli Kür" (Cahandar ağa), “Torpaq. Dəniz. Od. Səma” (Əli), "Mən ki gözəl deyildim" (İmran), "Qatır Məmməd" (Məşədi Göyüş), “Nizami” (Xaqani), “Qətl günü” (Zülfüqar), "Özgə vaxt" (Ata) və s. filmlərə çəkilib.
5 may 1930 - Tanınmış xanəndə, Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov (1930 - 5.7.2002) Ağcabədi rayonunda doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.
5 may 1938 - Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Eyvaz Borçalı Gürcüstanın Marneuli rayonunun Ağaməmmədli kəndində anadan olub. «Mozalan» satirik kinojurnalının baş redaktoru, «Azərbaycanfilm» kinostudiyasının direktoru işləyib. Kitabları: “İllər... pillələr”, “Dünyanın tərkində” və s.
5 may 1940 - Şair, ədəbiyyatşünas Ağa Laçınlı (Ağa Əliqəmə oğlu Əliyev; 1940- 25.11.2007) Laçın rayonunun Oğuldərə kəndində anadan olub. Kitabları: "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Meşə nəğməsi", "Alın yazımız" və s.

Dünya

2 may 1519 - Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci, 15.4.1452 - 1519) vəfat edib.
2 may 1772 - Alman şairi və filosofu Novalis (əsl adı Georg Friedrich Philipp Freiherr von Hardenberg; 1772-1801) anadan olub.
2 may 1856 - Rus filosofu, ədəbiyyatşünas, yazıçı Vasili Rozanov (1856-1919) anadan olub. Kitabları: “Tərki-dünya”, “Fanilik”, “Tökülmüş yarpaqlar” və s.
2 may 1902 - Avstraliya yazıçısı Alan Marşall (Marshall; 1902-1984) anadan olub. Avtobioqrafik trilogiyası ilə məşhurlaşıb. “Küləkdə pıçıltı”, “Biz də belə adamlarıq” romanlarının, uşaqlar üçün kitabların müəllifidir.
2 may 1903 - Özbəkistan kinosunun yaradıcılarından biri, aktyor, rejissor, ssenarist, SSRİ Xalq artisti Kamil Yarmatov (1903-1959) anadan olub. “Əlişir Nəvai”, “İbn Sina” filmlərinə quruluş verib.
2 may 1911 - Tacik şairi Mirzo Tursunzadə (1911-1977) anadan olub. Əsərlərini tacik və rus dillərində yazıb.

3 may “Beynəlxalq söz və mətbuat azadlığı günü”dür (World Press Freedom Day). 1991-ci il mayın 3-də dünya jurnalistlərinin Namibiyanın paytaxtı Vindhukda keçirilən seminarında qəbul olunan “Vindhuk Bəyannaməsi” ilə əsası qoyulub. 1993-cü ildə BMT Baş Assambleyası tərəfindən rəsmi gün kimi təsis edilib.
3 may 1469 - İtalyan filosofu, yazıçı, tarixçi Nikkolo Makiavelli (Niccolo Machiavelli; 1469-22.6.1527) Florensiyada doğulub. Siyasət və əxlaq mövzusunda “Hökmdar” əsərini, “Florensiya tarixi”ni yazıb.
3 may 1910 - Rus şairəsi, yazıçı Olqa Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.

4 may 1770 - Fransız rəssamı Frasua Jerar (François Pascal Simon; 1770-1837) anadan olub. Əsasən portret janrında (“Amur və Psixeya”, Napoleonun portretləri) işləyib.
4 may 1772 - Tanınmış alman kitab naşiri Fridrix Arnold Brokhaus (Friedrich Arnold Brockhaus, 1772-1823) anadan olub. Dünyaca məşhur “Brokhaus” ensiklopedik nəşriyyatının qurucusudur.
4 may 1929 - İngilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston, 1929-1993) anadan olub. Filmləri: “Roma tətilləri” (şahzadə Anna), «Hərb və sülh» (Nataşa Rostova) və s.

5 may 1813 - Danimarka mütəfəkkiri, ekzistensializmin banisi Seren Kirkeqor (1813-1855) anadan olub.
5 may 1818 - Alman filosofu, elmi kommunizm nəzəriyyəsinin banisi Karl Marks (Marx; 1818 - 14.3.1883, London) Trier qəsəbəsində doğulub. Əsərləri: “Alman ideologiyası”, “Kapital", “Anti-Dürinq" (Fridrix Engelslə birgə) və s.
5 may 1846 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (1846-1916) anadan olub. Əsərləri: "Quo Vadis" (rus nəşrlərində "Kamo qryadeşi" - “Hara gedirsən”), "Girdab", "Polonetskilər ailəsi" və s.
5 may 1928 - Rus yazıçısı Anatoli İvanov (1928-1999) anadan olub. «Kölgələr günorta yox olur», «Əbədi çağırış» romanlarının (hər ikisi ekranlaşdırılıb) müəllifidir.

Hazırladı: Vüqar Orxan