Məhəmməd Əmin Rəsulzadə - 130


Məhəmməd Əmin Rəsulzadə görkəmli siyasi lider olmaqla yanaşı, Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatı və ictimai fikrinə dair sanballı əsərlərin müəllifidir. Xüsusilə onun “Azərbaycan Cümhuriyyəti”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” kitabları, eyni zamanda müxtəlif mətbuat səhifələrində dərc olunan məqalələri milli həqiqətlərin ifadəsi baxımından son dərəcə əhəmiyyətlidir.

Həm də ədəbiyyatşünas...

Azərbaycan və dünya ədəbi-fəlsəfi fikrinin patriarxı Nizami Gəncəvi haqqında yazdığı kitabda müəllifin XI-XII yüzilliklərin ədəbi faktlarına dəqiq, əsl mütəxəssis münasibətinin şahidi oluruq. Kitabda Əbül-üla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Qivami Mütərizi, Məhsəti Gəncəvi və digərləri haqqında ensiklopedik bilgilər verilmiş, dəyərli tezislər irəli sürülmüşdür. Nizami haqqında təkcə bu fikir müəllifin professional ədəbiyyatşünas portretini dəqiqliklə təsvir edir. M.Ə.Rəsulzadə yazır: “...Nizamidə Şərqin bəlkə də heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, başqa ifadəylə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir”.
“Çağdaş Azərbaycan ədəbiyyatı” kitabında XX əsrin əvvəllərindən etibarən formalaşan demokratik milli ədəbiyyatın əsas nümayəndələrindən Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Gültəkin (Əmin Abid) və başqalarının yaradıcılığını təhlil edilmişdir.
M.Ə.Rəsulzadənin milli düşüncəsinə, ideyalar aləminə rəğbətlə yanaşdığı ədiblərdən biri də görkəmli şair-dramaturq Hüseyn Caviddir. Adıçəkilən kitabında müəllif H.Cavidin ideya-sənətkarlıq baxımından yüksək dəyərə malik “Şeyx Sənan”, “İblis”, “Uçurum”, “Peyğəmbər”, “Topal Teymur” və “Səyavuş” pyesləri haqqında sanballı elmi mülahizələr irəli sürmüşdür. O ilk növbədə qeyd edir ki, H.Cavid qaldırdığı aktual problemlərlə təkcə xalqın milli kimliyini onlara xatırlatmır, bu əsərlər oxucuların ədəbi-estetik düşüncəsini zənginləşdirməklə yanaşı, dövrün rəhbərlərinin “yuxusuna haram qatır”: “Şeyx Sənan” müəllifi Hüseyn Cavid Azərbaycanın sovetləşdirilməsindən sonra bir çox mənzumələr yazır. Bunlardan mənsur “Topal Teymur” ilə mənzum “Peyğəmbər” sovet rəhbərlərini çox məşğul edir. Şairin bu iki əsəri oxucularda olduqca dərin təsir buraxır. Öncə oynanılmasına icazə verilən “Topal Teymur” tamaşaçıları həyəcana gətirir. Dövlət teatrında pyes bir neçə dəfə oynanır. Əhali türklüyün ümumi qəhrəman tipi Teymurləngdən fövqəladə dərəcədə məmnun və coşğun olur. Məsələni sonradan başa düşən bolşeviklər pyesin göstərilməsini qadağan edirlər. “Sovet çörəyini yediyi halda tarixin panturanist tiplərini idealizə etməyə cəsarət edən” şairə qarşı sovet tənqidçiləri atəş püskürürdülər. “Topal Teymur” müəllifinə uzun zaman hiddətlənmiş hökümətin şiddətli cəzalarına qatlanmaq lazım gəlir. Onu sıxışdırırlar, qəzet sütunlarında tənqid edirlər”.
Çünki Cavid böyük ədəbi ustalıqla və haqlı olaraq bolşevizmin yalan vədlərini ifşa edirdi. Sovet İttifaqı qurulanda ölkələrin (o cümlədən Azərbaycanın) müstəqilliyini qoruyacağı bildirilsə də, sonralar bunun xülya olduğu ortaya çıxdı. Ona görə də Cavid sətiraltı olaraq Teymurun dilindən (əsər 1925-ci ildə yazılıb) “Avropalıların dilləri başqa, yürəkləri daha başqadır”, - deyirdi. Eyni zamanda konkret türk birliyi ideyasını gündəmə gətirməsi sovet hakimiyyətini əndişələndirirdi.

“Öylə bir əsr içindəyəm ki”...

Cavidin “Peyğəmbər” (1922) əsəri haqqında yazarkən Rəsulzadə qeyd edir ki, “bolşevik məzhəbli marksizm əqidəçiliyi burada da az “küfr” tapmamışdı”. Bu “küfr”ləri doğuracaq xeyli səbəb vardı və dramaturq onları Məhəmməd (s.ə.s.) peyğəmbərin dilindən belə sıralayır:

Öylə bir əsr içindəyəm ki, cahan
Zülmü vəhşətlə qovrulub yanıyor...
Dinləməz kimsə qəlbi, vicdanı
Məhv edən haqlı, məhv olan haqsız...
Başçıdır xalqa bir yığın cani...
Ah, ədalət, hüquq və hürriyyət
Ayaq altında çeynənib gediyor.


Hələ də Cavidin “Azərbaycan həyatından yazmadığı” (?!) fikrində olanlara demək istərdik ki, ötən əsrin 20-ci illərinin reallıqlarını bundan artıq necə ifadə etmək olardı. Məgər canilərin rəhbərliyə gətirilməsinə üsyan edən böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadə “Dəli yığıncağı”nda (1926) Doktor Lalbyuz obrazını təsadüfən yaratmışdı? Xalqın dilini bilməyən (hər iki mənada) Kirovlar (1921-1925-ci illərdə sovet Azərbaycanına rəhbərlik edib - F.Y.) onun min bir problemini necə həll edəcəkdi?!
Ədəbiyyatşünas haqlı olaraq göstərirdi ki, “Peyğəmbərin bu bədbin həsbi-halındakı qaranlıq tablonu sovet tənqidçiləri, təbii ki, kapitalist və burjua aləminə aid edirlər. Lakin oxucu və ya tamaşaçılar burada “kommunist cənnəti” içindəki reallıqları görürlər. Bir dəstə cahillərin ayaqları altında insanlıq haqlarını tapdalayanlar onlar deyilmi? “İmansızlıqda həqiqət” və “biliksizlikdə mərifət” görənlər onlara hakim olan xamlar (oxu Kirovlar - F.Y.) onların özləri deyilmi?” “Zülmü vəhşətlə qovrulub yanan”, cəmi 23 ay müstəqillik ziyasında işıqlanan, lakin 20-ci ilin aprelində suverenliyinə daş atılan Azərbaycan deyilmi?!

Nərdə parlarsa haqq, şərəf, vicdan,
Eyilik, doğruluq, gözəllik, inan,
Orda var sevgi, orda var iman.
Orda var şübhəsiz, böyük Yaradan!


Görək həqiqətin parlamasına, vətənin istiqbalı üçün vicdanla, sevgiylə, imanla çalışanlara meydan vardımı? Məgər “37” burulğanında sovrulan millətsevərlərin “millət yoludur, haqq yoludur, tutduğumuz yol”dan savayı bayraq edəcəkləri nə vardı ki?! Cavidin cəsarətini, dramaturq qüdrətini Rəsulzadə bu misralarda görür:

Parlayıb durmadıqca əldə silah,
Əzilərsən, qanın olar da mübah...
Əvət ən doğru, ən gözəl ayin:
Əhli-vicdana busə, xainə-kin!..
Açar ancaq bu kitab el gözünü,
Siləcəkdir bu qılınc zülm izini.
Haq, Vətən, zövqi-səadət, cənnət
Həp qılınc kölgəsi altında, əvət!..


və qeyd edir ki, kommunist istilası altında əzilən bir məmləkətin ədibinin “yaratdığı Peyğəmbərin dilindən söylənən Vətən şüarının ifadəsi xüsusilə aydındır. Bu sözlər vətənpərvərlik mənasında işlənir... Böyük bir sənətkarlıqla yazılmış bu əsərdən Azərbaycan oxucusunun alacağı hissə məhz budur”.
Rəsulzadə böyük dramaturqun “Uçurum” əsərində gündəmə gətirdiyi mentalitet məsələsinə diqqəti çəkir və ucuz şöhrət arxasınca qaçanların sonda uçuruma yuvalanacağını bildirir. Cavidin “moralist və idealist qəhrəmanı” Əkrəmin Parisə getmək ərəfəsində olan dostu Cəlala istiqamət vermək məqsədilə söylədiyi dəyərli fikirləri xatırladır:

Əvət, bu çox gözəl düşüncə, lakin
Səyahətdən zövq alan bir türk için
Krım yaylaları, İdil boyları,
Qafqaz dağları, şanlı türk soyları
Birər sərgidir, seyrinə doyulmaz,
Gənc bir rəssam üçün dəyərsiz olmaz.


“Hürriyyət və insani fikirlərin romantiki”

Rəsulzadə “İblis” mənzum faciəsini Cavidin “əsərləri arasında müstəsna yer tutan” dəyərli nümunə kimi səciyyələndirir. Qeyd edir ki, burada müəllif “hürriyyət və insani fikirlərin bir romantiki olaraq meydana çıxır. İnsanların lənətlərinə qarşı özünü müdafiə edən İblisin dili ilə insanlar arasındakı təzadı təsvir edir və adəm övladının düşkünlüyünü və öz cinsinə qarşı canavar kəsildiyini göstərir”.
Əsərin “ən qatı bir inqilabçı ədasıyla” yazıldığını vurğulayan ədəbiyyatşünas ustad ədibə haqq qazandırır: “Dahi şair onu tərk etməyən ana düşüncəsinə - milliyyət və türkçülük fikrinə xüsusi bir yer ayırır: Turanın qurtulması üçün yalnız qılıncın kifayət olmadığını bir qəhrəmanın dili ilə,

Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!..

deyə ifadə edir”.
Rəsulzadə şairin “Şahnamə” motivləri əsasında qələmə aldığı “Səyavuş” (1933) mənzum faciəsinin də ideya-sənətkarlıq məziyyətləri haqqında yüksək fikirlər söyləmişdir. Tədqiqatçı əsərin qəhrəmanı Səyavuşun daşıdığı missiyanı, apardığı mübarizəni və uğradığı haqsızlığı faciənin yazıldığı amansız dövrlə uzlaşdıraraq Cavidin şahidi olduğu ictimai-siyasi proseslərə münasibətini dəqiqliklə göstərmişdir: “Böyük İran şairinin (Əbülqasım Firdovsi - F.Y.) bu məzlum qəhrəmanı, onun yaşadığı faciələr, müvəffəqiyyətsizliklər, təbiidir ki, Azərbaycanın romantik şairi tərəfindən istər zamanın tələbi (!) və istərsə səhnə texnikası baxımından çox gözəl işlənmişdir. Liberal bir aristokrat tipi olan Səyavuşun xarakterik cəhətləri məzlumlara və yoxsullara acımaq, şəhvətə, zülm və zorakılığa qarşı nifrət bəsləmək hislərini göstərən cizgilərlə çox gözəl qabardılmışdır”.
Əsərin bədii-fəlsəfi siqlətini yüksək dəyərləndirən tənqidçi qeyd edir ki, Cavidin başqa nümunələri kimi, “Səyavuş”da da türk şeirinin gözəlliyinin sirlərini bilən bir sənətkarın ifadə parlaqlığı var: “Pyesdə lirik nəğmələrin yanında gözəl düzülmüş səhnələrin hər gəlişini müşayiət edən bir çox dərin mənalı fəlsəfi fikirlər də tapırıq. Oxucu burada hürriyyət üçün çarpışmağa çağıran coşqun xitablara rast gəlir”.

Zülmə qarşı dikbaş və məğrur olun!
Hürriyyət uğrunda çox cəsur olun!
Səadət pərisi gülməz qullara,
Munis olar ancaq dəmir qollara.


Ədəbiyyatşünasın fikrincə, “bu bir dəvət ki, sosial və milli əsirliyin təmsilçisi olan sovet hökumətinə qarşı dəfələrlə üsyan edən və əsərin yazıldığı zaman, həqiqətən, üsyan vəziyyətində olan indiki kəndli başçıları da iki əllə imza atarlar”.
Göründüyü kimi, Rəsulzadə dahi sənətkarın ideallarını, hədəflərini dəqiq müəyyənləşdirməklə yaradıcılıq fəlsəfəsini obyektiv şəkildə ifadə etmişdir. Əslində tənqidçinin gəldiyi mükəmməl qənaətlər təəccüb doğurmamalıdır. Çünki böyük şair-dramaturq Hüseyn Cavidlə milli ideoloq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin baxışları, amalları bir nöqtədə birləşirdi -MÜSTƏQİL AZƏRBAYCAN!
Min təəssüf ki, hər iki şəxsiyyət azadlığı, işıqlı gələcəyi naminə yorulmadan çalışdıqları vətən torpağından uzaqlarda əbədiyyətə qovuşdular. Ruhları cənnətdə!

Fariz Yunisli