Azərbaycan
6 may 1884 - Maarif xadimi Qafur Rəşad (Qafur Ələkbər oğlu Mirzəzadə; 1884-26.11.1943) anadan olub.
6 may 1947 - Filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlu (Cəlilov) Qərbi Azərbaycanın Vedibasar mahalında doğulub. Türkologiyaya dair tədqiqatların müəllifidir.
7 may 1926 - Tanınmış rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 - 10.7. 1969) anadan olub. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, “Görüş”, “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Sehrli xalat” (Məmməd Hüseynovla birgə), “Qızmar günəş altında”, “Qanun naminə”, “İnsan məskən salır” və s. filmlərin quruluşçu rəssamı olub.
7 may 1998 - Kinorejissor, operator, ssenarist, Xalq artisti Muxtar Dadaşov (11.9.1913 - 1998) vəfat edib. «Qanun naminə», «Bakıda küləklər əsir» və s. filmlərə quruluş verib. “Yeni horizont”, “Arşın mal alan” (1945, Əlisəttar Atakişiyevlə birgə) filmlərinin operatorudur.
8 may 1910 - Görkəmli ədəbiyyatşünas alim, professor, şair Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910 - 10.8.1961) İrəvan şəhərində anadan olub.
8 may 1919 - Tanınmış bəstəkar və pedaqoq, SSRİ Xalq artisti Soltan İsmayıl oğlu Hacıbəyov (1919 - 19.9.1974) Şuşada doğulub. "Gülşən" baleti, "Karvan" simfonik lövhəsi, "Qızılgül" musiqili komediyası, uşaqlar üçün "İsgəndər və çoban" operası və digər musiqi əsərlərinin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) rektoru olub.
8 may 1930 - Ədəbiyyatşünas alim, professor Qara Mustafa oğlu Namazov Qərbi Azərbaycanda - Ermənistan SSR-in İcevan rayonunun Əmirxeyir kəndində doğulub. Aşıq şeirinin tarixinə dair tədqiqat əsərlərinin, 30-dək kitabın müəllifidir.
8 may 1992 - Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Şuşa şəhərini işğal ediblər. Bu işğal Azərbaycan mədəniyyətinə də ağır zərbə vurub. Şəhərdəki muzey, kitabxana, klub və mədəniyyət evləri talan edilib.
Dünya
6 may 1856 - Dünya ədəbiyyatı və mədəniyyətində iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd (Sigmund Freud; 1856-1939) anadan olub. Əsərləri: “Yuxuların yozulması”, “Totem və tabu”, “Bir illüziyanın gələcəyi”.
6 may 1868 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1924) Vladislav Reymont (1868-1925) anadan olub. Əsərləri: “Kişilər” romanı, “1794” tarixi trilogiyası və s.
6 may 1904 - İsveç yazıçısı və şairi, Nobel mükafatı laureatı (1974) Harri Edmund Martinson (1904-1978) anadan olub.
6 may 1922 - SSRİ Xalq artisti Vladimir Abramoviç Etuş anadan olub. «Qafqaz əsiri» (Saaxov), “İvan Vasilyeviç peşəsini dəyişir” (Şpak) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
6 may 1961 - Amerika kino aktyoru, rejissor, ssenarist Corc Kluni (George Timothy Clooney) anadan olub. Filmləri: “Siriana” (“Oskar” mükafatı), “Qürubdan gündoğanadək”, “Nazik qırmızı sap”, “Xələflər”.
7 may 1833 - Alman bəstəkarı, pianoçu və dirijoru Johannes Brahms (1833-1897) anadan olub. Əsərləri: “Alman rekviyemi”, “Macar rəqsləri” və s.
7 may 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840 - 1893) anadan olub. 80-dən çox musiqi əsərinin, o cümlədən 10 operanın (“Yevgeni Onegin”, “Mazepa”, “Orleanlı qız”, “Qaratoxmaq qadın”, “Undina” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), 7 simfoniyanın müəllifidir.
7 may 1861 - Hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore, 1861 - 7.8.1941) Kəlküttədə doğulub. Əsərləri: “Fəlakət”, “Ev və dünya”, “Vida mahnısı” romanları, “Poçt”, “Qırmızı oleandrlar” pyesləri və s.
7 may 1901 - Amerika kinoaktyoru Qari Kuper (Gary Cooper - Frank James Cooper, 1901-1961) anadan olub. “Serjant York”, “Düz günorta” filmlərinə görə “Oskar” mükafatı alıb.
7 may 1953 - Türkiyə müğənnisi, bəstəkar Müslüm Gursəs (1953-3.3.2013) Şanlıurfada doğulub.
8 may 1903 - Məşhur fransız komediya aktyoru Fernandel (əsl adı Fernand Joseph Desire Contandin, 1903-1971) anadan olub. Filmləri: “Balda qeyd kitabçası”, “Mademauzel Nituş”, “80 gün dünya ətrafında”, “Şeytan və on yasaq” və s.
8 may 1906 - İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906-1977) anadan olub. Filmləri: “Roma, açıq şəhər”, “Almaniya, sıfırıncı il” və s.
8 may 1914 - Yəhudi əsilli tanınmış Fransa yazıçısı, ssenarist, kinorejissor Romen Hari (Roman Kasev, 1914-1980) anadan olub.
Hazırladı: Vüqar Orxan