Öz möhtəşəm “Karvan”ı ilə musiqi mədəniyyətimizin əbədi sarbanı - Soltan Hacıbəyov...
Başlığı “Hacıbəyovlar sultanı” kimi yazmaq xəyalına da düşdüm, lakin, naqolay səslənsə də, “dəvədən böyük fil” məsəl-məsələsi. Hə, xəyalına düşdüyüm o başlığa onun öz doğması - ümumtürk-ümummüsəlman musiqi mədəniyyətinin (tək elə musiqimi?!) şahənşahı Üzeyir bəy Hacıbəyli “mane” oldu...
Məncə, bu böyük bəstəkarın - növbəti Hacıbəyovlar dahisinin özü də - öz ecazkar “Karvan” sarbanlığıyla - dibsiz qədimlikdən sonsuz gedimliklərə səfər edən Azərbaycan musiqi karvanını ovsarlama haqqına layiq çox həmkarına “mane” olub...
S.Hacıbəyov bu “baiskarlığa” iyirmi altı yaşından başlayıb - 1945-ci ildən. Hələ əsasən musiqi aləminə mənsub “akkord” termininin “Böyük Vətən müharibəsi” adlandırılan tragi-“simfoniya”ya dair də işləndiyi çağlardan. Özü də, belə demək mümkünsə, “ixrac”la başlayıb. Belə ki, “Kəminə və Qazı” dastanını operalaşdırmaq qərarına gələn Türkmənistan Opera və Balet Teatrının rəhbərliyi bunu layiqincə reallaşdırası bəstəkar sorağına çıxır. Məşvərət-məsləhətçilərin əksəri Üzeyir bəyin adı üzərində dayansa da, “...yox, vaxtilə bir çox qardaş respublikalarımızın musiqi mədəniyyətinin formalaşmasına gərgin əmək sərf etmiş, Özbəkistanın isə Dövlət himnini yazmış Üzeyir əkə daha yaşlaşıb, ona zəhmət verməyək” deyənlər də olur. Aylar keçir və türkmən musiqi mütəxəssisləri hələ tələbəliyə qədər bir kantata, ikinci kurs tələbəsiykən “Qızılgül” operettası yazmış Soltan Hacıbəyovun adı üzərində dayanır, 1945-ci ilin baharında sifariş edir və -
“Karvan”...
Bu, elə həmin “Kəminə və Qazı” operasının - 70 ilə yaxındır eşidib-bildiyiniz dahiyanə simfonik parçasıdır. Bitkin, gözəl bir operadakı bu orijinal-əlahiddə əsər on il sonra - 1955-ci ildə yenidən işlənib nəşr edilərək böyük orkestrlərin, efir-ekranların daimi repertuarlarına daxil edilir. Əsasən “Şur” muğamı mayasında olan bu büsbütün bənzərsiz əsərin əvvəlində nələr?.. Mədəniyyət, sənət, incəsənət, zər-zəriflik yükü altında xıxmış dəvələr... Bax-bax, bu an qalxıb, Gözəlliklər ünvanlı məchul mənzil başına səfərə başlayası dəvələr... Biri-birindən gözəl, gah yupyumşaq, gah nər zərbli taktların müşayiətilə gah pəncələrinin uclarını, gah dabanlarını, qumsal səhralara vura-vura - dənizdə gəmilər görkəmli dəvələr... Hərdən də - ya bir-bir, ya hamılıqla dayanıb, gələ-gələ yorduqları yollara baxa-baxa bozlayan, bəzisi balası, bəzisi mayası, bəziləri də - “yaxınını otlayıb, uzağını gözlədiyi” örüş-yürüş yerləri üçün sızlayan və bu ötəri nəfəsdərmə ilə özlərini qarşıdakı uzun səfərə sazlayan dəvələr...
Bu əsərdə bunların hamısı peyzajlanıb, portretlənib. Bu əsərdə dastanların açıb-çözəmmədiyi, müqtədir rəssam fırçalarının, dahi ədib qələmlərinin yazıb-cıza bilmədikləri lövhələr, aləmlər... Bu əsər hansısa 25-26 yaşlı bir gəncin düşüncə məhsulundan çox, həmin rəqəmlərin sonluğuna bir neçə sıfır artırılmış illərin səfər qatarlarına, təkər erasından öncəki canlı nəqliyyat sədalarına bənzəyir. Bu əsərdə epoxal nasirlik, qlobal şairanəlik, ərəb-əcəmi mentallıq, dünyəvi sentimentallıq... Taktları qafiyələnmiş, keçidləri ovsar-ovsar zəncirlənmiş, obrazları yüzcürlənmiş, xəyalları mincürlənmiş...
Və nəhayət, bu əsər - şah əsər!...
Hər bir sənətkarın yaradıcılığında hansısa biri şah əsər hesab olunur. “Ehtiyat”lılığa ehtiyac hiss etmədən deyirəm ki, “Karvan” simfonik parçası bütövlükdə Azərbaycan musiqi mədəniyyətinin şah əsərlərindəndir.
Bir neçə abzas da bu şah əsər müəllifinin digər əsərləri və -
Özü haqda
1919-cu ildə ulu mədəniyyət mərkəzimiz Şuşada anadan olmuş Soltan Hacıbəyov yaradıcılığa 30-cu illərin axırlarında başlamış, öz dövrünün istedadlı gənclərilə - Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov və başqaları ilə bahəm Üzeyir Hacıbəyli ənənələrini davam etdirmiş, şöhrətlənmişdir.
1930-cu ildə Bakıya köçən S.Hacıbəyov öz əmisi Ü.Hacıbəylinin ailəsində və canlı məktəb-təlim-tərbiyə dairəsində yaşamışdır.
Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan Soltan Musiqili Komediya Teatrında dirijor kimi də çalışır və onun yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. İlk əsərinin - xor və simfonik orkestr üçün “Pioner kantatası”nın uğuru onun musiqili komediya yazmağa da ruhlandırır. "Qızıl gül" əsəri 1940-cı ildə Bakıda - Musiqili Komediya Teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. Konservatoriya təhsili illərində bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnir, müxtəlif janrlara müraciət edir. İki prelüd, fortepiano üçün sonata, “Çiçəklərin söhbəti”, "Neft haqqında nəğmə" mahnılarını, "Quşcuğaz", "Tənha yelkən ağarır" romanslarını, simli kvartet, simfonik variasiyalar yazır. Onun I simfoniyası isə həmin dövrdə yazılmış simfoniyalar arasında daha parlaq yer tutur. 1946-cı ildə dinləyicilərə yeni dramatik situasiya və ifadə vasitələrinin açıq-aydın hiss olunduğu II simfoniyasını təqdim edir.
1953-cü ildə bəstəkar - adları da, ladları da qulağa-qəlbə xoş ovqatlar aşılayan 6 uşaq nəğməsi yazır: "Oynaq topum", "Lay-lay", "Bənövşə", "Bahar gəldi", "Yolka", "Pioner marşı".
Bakı Pionerlər Evinin sifarişi ilə yazdığı “İsgəndər və çoban” uşaq operası mətbuatda böyük Nizami “İsgəndərnamə”sinin “şipşirin uşaq dilli, körpə qəlbli musiqi nağılı” kimi dəyərləndirilir.
Bəstəkarın insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunduğu “Gülşən” baleti (1950) Sovet İttifaqının bütün musiqi mütəxəssisləri tərəfindən də yüksək qiymətləndirilir. Elə həmin illərdən vokal musiqisi sahəsində də çalışan bəstəkar 50-53-cü illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyir, "Sarı bülbül", "Leyla", "Qarabağ şikəstəsi" kimi gözəl əsərlər yaradır. O dövrün ən məşhur əsərlərindən biri isə simfonik orkestr üçün yazdığı uvertüradır. Milli musiqidə simfonizm xəttinin davam etdirildiyi bu əsərdə müəllif dünyəvi musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olmuşdur. Həmin illər Bolqarıstan və Çexoslovakiyada səfərdə olan bəstəkar "Bolqar süitası" və "Çex rəqsi" əsərlərilə diqqət çəkir.
1964-cü ildə yazdığı daha möhtəşəm əsərdə - orkestr üçün "Konsert"də kəskin təzadlar, fəal və müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovka hiss olunur. Mətbuat, musiqi biliciləri bu əsəri öz müəllifini “böyük orkestr ustadı”, “öz əsərini mahiranə şəkildə instrumentləşdirmiş və çalğı alətlərinin ifaçılıq imkanlarından ustadanə istifadəçisi”, “milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyə” kimi təqdim edirlər.
S.Hacıbəyovun tamaşalara yazdığı musiqilər də (M.İbrahimovun "Məhəbbət", "Kəndçi qızı", S.Vurğunun "İnsan", S.S.Axundovun "Eşq və intiqam", S.Rəhmanın "Əliqulu evlənir" və s.) ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.
1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edən, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışan, 1973-cü ildə SSRİ Xalq artisti adına layiq görülən Soltan Hacıbəyov 1974-cü ildə cismən dünyasını dəyişir, mənən isə ikinci və... əbədi həyat yaşamağa başlayır...
Tahir Əhmədalılar