Azərbaycan

9 may 1909 - Görkəmli ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov, 1909 - 11.5.1992) Naxçıvanda anadan olub. Ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlərin, dərsliklərin, estetik və pedaqoji problemlərə aid kitabların müəllifidir.
9 may 1917 - Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (1917 - 11.1.1998) anadan olub.
9 may 1928 - Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (1928 -26.10.1983) anadan olub.

10 may 1926 - Yazıçı, ssenarist Əhmədağa Muğanlı (Əhmədağa Əkbər oğlu Qurbanov; 1926 - 4.8.2001) Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsərləri: “Tikanlı məftillər”, “Şəhriyar əfsanəsi”, “Çobanbayatı”, “Şikəstə”, “Dağ dağa söykənər...” və s. "Dağlarda döyüş", "Od içində", "Qocalar, qocalar...", "Atları yəhərləyin" (S.Rüstəmlə birlikdə, 1983), "Doğma sahillər" bədii filmlərinin ssenari müəllifidir.
10 may 1934 - Ədəbiyyatşünas alim, professor Şamil Dünyamalı oğlu Qurbanov (1934-2004) Borçalıda - Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub. Rus-Azərbaycan ədəbi əlaqələri mövzusunda tədqiqatların müəllifidir. Milli Məclisin deputatı (1995-2004) olub.
10 may 2004 - Heydər Əliyev Fondu fəaliyyətə başlayıb. Fond böyük öndərin dövlətçilik irsinin öyrənilməsi və təbliği, xeyriyyə və maarifçilik layihələrinin həyata keçirilməsi məqsədilə yaradılıb. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahəsində layihələr həyata keçirir. Mədəniyyətimizin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş fəaliyyət göstərir. Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir.
11 may 1915 - Heykəltəraş, Xalq rəssamı Fuad Həsən oğlu Əbdürrəhmanov (1915 - 15.6.1971) Şəkidə anadan olub. Azərbaycanın görkəmli ədiblərinin, mədəniyyət xadimlərinin büst-portretlərini, Bakıda Nizami Gəncəvinin, Səməd Vurğunun heykəllərini, "Azad qadın" heykəlini yaradıb.

12 may 1907 - Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 - 10.6. 1983) İrəvanda anadan olub. "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyalarının, mahnıların ("Oxu, tar", "Qurban adına", “Həkim qız", "Oxu, gözəl" və s.) müəllifidir. Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru olub. Musiqi məktəbləri üçün dərs vəsaitləri yazıb.
12 may 1925 - Yazıçı Bayram Həsən oğlu Həsənov (1925 - 28.2.1979) Ermənistanın Allahverdi (Alaverdi) rayonunun Böyük Ayrım kəndində anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir.
12 may 1940 - Şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla (Hacaloğlu) Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçi kəndində doğulub. Ukrayna ədəbiyyatından tərcümələr edib.
12 may 2011 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 18.10.1949 - 2011) vəfat edib. Musiqili Komediya Teatrında baş rejissor işləyib, Milli Dram Teatrında, habelə Türkiyədə, Estoniyada tamaşalar hazırlayıb. 1989-cu ildə Yuğ Teatrını yaradıb və ömrünün sonunadək ona rəhbərlik edib. “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Otel otağı”, “Sahə” və s. filmlərdə çəkilib.

Dünya

9 may 1883 - İspan yazıçısı və filosofu Xose Orteqa-i-Qasset (1883-1955) anadan olub. Əsərləri: “Kütlələrin üsyanı”, “İncəsənətin humanistsizləşdirilməsi” və s.
9 may 1924 - Gürcü şairi, nasir, ssenarist Bulat Şalvoviç Okucava (1924-1997) Moskvada doğulub. Əsərlərini rusca yazıb. Populyar müəllif mahnıları və sözlərinə yazılmış mahnılar 80-dək filmdə (“Belarus vağzalı”, “Səhranın bəyaz günəşi” və s.) səslənir.

10 may 1903 - Özbək şairi Qafur Qulam (1903-1966) anadan olub. Nizami Gəncəvinin əsərlərini özbək dilinə tərcümə edib.
10 may 1926 - Rus dramaturqu, ssenarist Kirill Rapoport (1926-1983) anadan olub. “Azərbaycanfilm”in istehsalı olan “Qatır Məmməd” filminin ssenari müəllifidir.
10 may 1937 - Tacik aktyoru, teatr rejissoru, SSRİ Xalq artisti Həşim Qadoyev anadan olub. Filmləri: “Rüstəm və Zöhrab”, “Uluqbəyin ulduzu”, “Nəsrəddinin ilk məhəbbəti” və s. Azərbaycanda “Dədə Qorqud” (Qazan xan), “Əzablı yollar” (Qarayel), “Qara gölün cəngavərləri” (Qulu) filmlərində çəkilib.

11 may 1864 - İngilis yazıçısı Etel Lilian Voyniç (1864 - 28.7.1960) anadan olub. Məşhur “Ovod” əsərini italyan xalqının XIX əsrin 30-40-cı illərində azadlıq mübarizəsinə həsr edib.
11 may 1904 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş, yazıçı, rejissor Salvador Dali (Salvador Felipe Jacinto Dali; 1904 - 23.1.1989) anadan olub. Sürrealizimin banilərindən biridir. Əsərləri: “Yaddaşın sabitliyi”, “Venera Milosskaya qutularla”, “Xəlvəti şam” və s.
11 may 1916 - İspan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1989) laureatı Kamilo Xose Sela (Camilo Jose Cela, 1916-2002) anadan olub. “Paskual Duartenin ailəsi”, “Arı şanı”, “Apelsinlər qış meyvələridir” və s. romanların müəllifidir.

12 may 1842 - Fransız bəstəkarı, lirik operaların müəllifi Jül Massne (Jules Massenet, 1842-1912) anadan olub. Əsərləri: “Verter”, ”Tais” və s.
12 may 1907 - Amerika aktrisası Ketrin Hepbern (Katharine Hepburn, 1907-2003) anadan olub. Dörd dəfə «Oskar» mükafatına layiq görülüb. Filmləri: “Erkən şöhrət”, “Filadelfiya əhvalatı”, “Adəmin qabırğası” və s.

Hazırladı: Vüqar Orxan