Gündəlikdən səhifələr
İlham Rəhimli
5 yanvar 1988-ci il (çərşənbə)
Günorta saat bir radələrində İncəsənət İnstitutuna getmişdim. Bir həftə olardı ki, fərdi saatlar üçün jurnalı yazmamışdım. Kütləvi tamaşalar rejissorluğu kafedrasında Əliabbas Qədirovu və Zümrüd xanım Nağıyevanı gördüm. Aleksandr Helmanın “Skamya” (ad belə tərcümə olunmuşdu - İ.R.) pyesini məşq edirdilər. Soruşanda dedilər ki, bu, elmi iş əvəzidir. Həm də ümumittifaq teatr institutları müəllimlərinin tamaşa-müsabiqəsində oynanılması nəzərdə tutulub.
Bir az ordan-burdan söhbətləşdik. Mən danışa-danışa jurnalı götürdüm. Gözlənilmədən Əliabbas sakit danışığı ilə söhbətin səmtini dəyişdi:
- Müəllim, xəbərin oldu də, Hüseynağanı çıxartdılar.
Mənim bundan xəbərim vardı. Akademik Milli Dram Teatrının direktoru Həsən Turabov demişdi ki, Hüseynağa Atakişiyevin bizim kollektivdə baş rejissor qalıb-qalmaması məsələsini yanvar ayının axırlarında nazirlik həll etməlidir. Daha məsələlərin belə tez olacağını gözləmirdim. Ona görə təəccüblə soruşdum:
- Nə vaxt?
Əliabbas. Teatrda elan vurublar. Deyəsən, yanvarın dördündəndir. Yazılıb ki, teatra siravi rejissor keçirilsin... İnanmıram Hüseynağa bizim teatrda qalsın.
Zümrüd. Bəs hara keçəcək, nə işləyəcək?
Əliabbas. Vallah nə deyim. Biri deyir Şəkiyə qayıdacaq, o biri deyir Rusiyaya gedəcək. ADR-ə getməlidir. Çünki almanlar bizdə Brextin “Üç quruşluq opera”sını tamaşaya qoydular. Hüseynağa Atakişiyev də orada Mirzə Fətəlinin komediyalarından birini tamaşaya hazırlamalıdır...
Əşi, hələ o, teatra gələndə dedim ki, tələsmək lazım deyil, təkcə “Fəryad”la heç nə bilmək olmaz. Akademik teatr Şəki teatrı deyil axı. İnsafən Hüseynağa Şəki teatrında yaxşı işləmişdi. Nazirlikdə dedim özü də. Hə, dedim ki, qoyun üç-dörd tamaşa hazırlasın, sonra baxarıq. Axı, öz aramızdır, onun “Fəryad”dakı işi Ağakişi Kazımovun, ya Mərahim Fərzəlibəyovun hansı quruluşundan yaxşıdır? Bu boyda Akademik teatra baş rejissor təyin edəndə gərək əməlli başlı fikirləşəsən. Nazir müavini Məmməd Ziyadov sözümü ağzımda qoydu. Buyur, bu da nəticəsi.
Zümrüd. Bəs indi kim olacaq baş rejissor?
İlham (yəni mən). Hazırda Azərbaycanda Akademik teatrda baş rejissor ola biləcək sənətkar tanımıram. Həsən Turabovun da fikri var ki, xüsusi rejissorlar birliyi (şurası) yaradılsın. Hazırlanan tamaşalar da birbaşa bədii sovetə təhvil verilsin.
Əliabbas. Yazıq aktyorlar... Hamı bizdən sənət tələb eləyir... Görək də... Bəlkə də belə yaxşıdır...
İlham. (jurnalı yazıb qurtardım) Yaxşı, siz məşqinizi eləyin, mən də gedim. Sizə uğurlar.
Kafedramız Yusif Məmmədəliyev küçəsindədir. Oradan çıxıb əsas binaya keçdim. Mühasib ilə işim vardı. Soruşacaqdım görüm mənə sıravi müəllim kimi maaş yazıblar, ya baş müəllim kimi.
İkinci mərtəbəyə qalxdım. Yerində yoxuydu, nahar fasiləsi hələ qurtarmamışdı. Qarşıdakı dəhlizin pəncərəsindən Novruz Təhməzovu gördüm. O tərəfə buruldum ki, gedib Novruzla hal-əhval tutum, soruşum ürəyi necədir. İnfarktdan sonra özünü bir az rahatsız hiss edirdi, xəstəliyi onu incidirdi.
Ona çatmamış Şəfiqə xanım Məmmədova məhəccərə söykənib əl-qol ata-ata laborant qızla söhbət edirdi. Məni görən kimi əllərini yana açdı: “Can, İlhamcan, necəsən?”
İlham. Şəfiqə xanım, sizi görəndə adam lap çox yaşamaq istəyir.
Şəfiqə. Adə, sənin dərs dediyin uşaqlardan kim məni görür, deyir ki, Şəfiqə xanım, İlham müəllimin teatr barədə bütün söz-söhbəti sizsiniz, bir də Həsən Turabov.
İlham. Düz deyirlər də.
Şəfiqə. Ayrı nə var, nə yox? (Birdən yadına nəsə düşdü) Həəə... Hüseynağa Atakişiyevi də çıxartdınız?! (“nız” şəkilçisini xüsusi və kinayəli vurğu ilə dedi). İndi nə olsun? Sonra? Bax, sonra? Hə, səndən soruşuram, bəs sonra? (O, artıq qışqıra-qışqıra danışırdı).
İlham. (gülə-gülə) Sakit olun, Şəfiqə xanım. Əvvəla o “nız”ın mənə dəxili yoxdur. İkincisi, belə bir təklif var: bu gündən sonra teatrı tapşırmaq lazımdır Həsənağa Turabovla Şəfiqə Məmmədovaya.
Şəfiqə. Zarafatı boşla, İlham. Mən oynamaq istəyirəm. Səhnə üçün yanıram axı. Ya-nı-ram. Bildin? (Birdən-birə kövrəldi. Çöhrəsində qəribə təbəssüm əmələ gəldi). İlham, sənin canın üçün qəribə bir yuxu görmüşəm. Görürəm ki, tamaşa gedir. Mən də baş roldayam. Tamaşa qurtarır. Allah, allah... salondan bir alqış qopur, bir alqış qopur, gəl görəsən. Məni səhnəyə çağırırlar: Şə - fi - qə, Şə - fi -qə... Yavaş-yavaş gəlirəm səhnənin önünə. Baş əyirəm. Sonra diz çökürəm. Gözümdən yaş gəlir. Özümü saxlaya bilməyib yıxılıram səhnəyə, daha qalxmıram...
(O, bütün bunları hərəkətlə göstərə-göstərə danışır. Əsl aktyorluqla. Kənardakıların da diqqətini cəlb edib. Özü əməlli-başlı doluxsunub).
Hə... vot tak... Deməli, səhnə mənə bir də qismət olmayacaq. Vsyo... mənimki qurtardı... Hardan alım azərbaycanlı Robert Struanı? Azdramada məni təmin edəcək rejissor yoxdur, yox!
İlham. (gördüm kövrəlib, istədi bir az könlünü alım) Ağ eləməyin də, Şəfiqə xanım. Teatra gələcəksiniz də, çox gözəl rollar oynayacaqsınız da, hələ üstəlik istəsəniz özünüz tamaşa da hazırlayacaqsınız.
(Bu dəmdə Novruz Təhməzov, Məryəm Əlizadə və Xuraman Novruzova da bizə yaxınlaşdılar. Görüşdük).
İlham. Meri... (Məryəmlə görüşəndə həmişə zarafatla belə deyirəm).
Məryəm. Can. Nədi, mənim əzizim?
İlham. Necəsən, Meri?
Məryəm. Əla, mənim əzizim.
İlham. Novruz, sən necəsən, qardaş?
Novruz. (özünəməxsus kişmişi təbəssümlə) Çox sağ ol, Rəhimli, sən yoxlayanı yaxşıyam...
Məryəm. (Tələsik Novruzun sözünü kəsdi) Bildin də, İlham, Hüseynağa Atakişiyevi çıxartdılar...
Novruz. Çox rejissorunuz var, hələ bir buna da sevinin. Bəyəm Hüseynağa Azərpaşadan pis rejissordu?
Xuraman. Əlbəttə, Azərpaşa aktyorla işləyə bilir, amma Hüseynağa yox.
Novruz. Bəlkə əksini demək istəyirsən?
Məryəm. Novruz, qurtar də, Azərpaşa min dəfə Hüseynağadan güclüdür.
İlham. Axı, niyə onları müqayisə edirsiniz? Hərənin bir cürə zövqü var, buna xoş gələn ona xoş gəlməyə bilər. Daha bu, o demək deyil ki, zavallı rejissorların hərəsində bir əmma axtarmalıyıq. Onlar da deyə bilərlər ki, bizim üçün Azərbaycanda heç teatrşünas yoxdur. Azərpaşanın öz yeri, öz üstün cəhətləri, Hüseynağanın da öz yeri, öz üstün cəhətləri var.
Şəfiqə. Hardan alım indi Mehdi kimi, Tofiq Kazımov kimi rejissorları...
İlham. Hardan alım “Xəyyam”, “Dəli yığıncağı”, “Canlı meyit”, “Ölülər” kimi tamaşaları?..
Şəfiqə. Bəs Tofiqin “Antoni və Kleopatra”sını, “Mariya Tüdor”unu, “Unuda bilmirəm”ini, “Fırtına”sını niyə demirsən? Tofiq Kazımov patriot idi. Həmişə teatra təzə-təzə aktyorlar dəvət edirdi. Əslində Həsən Turabov, Amalya Pənahova, mən özüm onun aktyorlarıyıq. Amma Mehdi Məmmədov öyrənmişdi hazır aktyorlara. Tofiq yetişdirirdi. O da gəlirdi ki, bunu ver, onu ver... Şəfiqəni ver, Həsəni ver...
Novruz. Şəfiqə xanım, Tofiq Kazımov siz üç nəfərdən - Həsəndən, Amalyadan və sizdən başqa kimi yetişdirib ki?
İlham. Səməndər Rzayevi, Fuad Poladovu, Vəfa Fətullayevanı, Yaşar Nuriyevi, Zemfira Nərimanovanı...
Novruz. Rəhimli, dayan görək. Düzdür, saydıqlarını teatra Tofiq Kazımov gətirib. Amma nə olsun. Tofiq Kazımov hər təzə aktyorla iki, ya üç, uzaq başı dörd-beş tamaşa işləyirdi, sonra onları heç yada da salmırdı.
Şəfiqə. Xeyir, bağışla məni, düz demirsən. Tofiq mənimlə ölənə kim işlədi. Əkrəm Əylislinin “Yastı təpə”sində iki-üç tamaşa oynadım, çıxdım dekretə. Sonra da Tofiq yazıq getdi rəhmətə.
Novruz. Səni bir aktrisa kimi Mehdi Məmmədov kəşf edib. Vəssalam!
Şəfiqə. Düz demirsən, Novruz. Məni Tofiq Kazımov gətirib teatra. Hələ tələbə olanda. Özü də “Hamlet”də Gertruda kimi nəhəng bir rola (Birdən gözləri güldü). Yadımdadı, məşqlərin birində Qara Qarayev də salonda əyləşmişdi. Rəhmətlik tamaşaya musiqi yazırdı. Hə, Qara Qarayev elə bildi mən eşitmirəm, üzünü çevirdi Tofiq Kazımova: “Ay Tofiq, bunu hardan tapmısan? Belə də Gertruda olar?” Mən şalvarda məşq edirdim. O vaxt arıq qızıydım... Offf... offf... Nə isə... Tofiq elə bil saçlarını yola-yola “olar, olar” deyib, məşqi davam etdirdi. Maestro sakitcə oturdu yerində. Ancaq Mehdi məni hazır görüb.
Novruz. Bəs “Canlı meyit”də Maşa?
Şəfiqə. Ağzımı açdırma... Kislovodskda rastlaşanda mən ona dedim ki, “Canlı meyit”i hazırla, mən də Maşanı oynayım. Vooot.
Tofiq patriot idi, Mehdi hazırın yiyəsi.
Xuraman. Axı, Mehdi müəllim o dövrdə dramaturgiyamızın problemləri ilə məşğul olurdu. Ona görə teatrdan bir az aralanmışdı.
Şəfiqə. (hirslə) Bura bax, get onu sənətşünaslığını kafedranızda (əli ilə teatr tarixi kafedrası yerləşən otağı göstərdi) müzakirə elə. Mən rejissorluqdan danışıram, bildin? Vot tak.
Novruz. Mehdi müəllimin “Xəyyam”ı, “Canlı meyit”i, “Dəli yığıncağı” hərəsi bir aləmdir, bir məktəbdir. Estetikası, fəlsəfəsi olan məktəb.
Şəfiqə. Bəs “Meşşanlar” kimi pustazvon tamaşaya nə deyirsən?
Novruz. Tofiq Kazımovun “Karıxmış sultan”, “Yastı təpə”... kimi zəif tamaşaları olmayıb?
Şəfiqə. Nə olsun ki, zato Tofiq oduydu, od. Yanırdı səhnə üçün... Əlbəttə, Mehdinin də öz aləmi vardı. Gəlin, sizə bir epizod danışım.
Bir gün “Xəyyam”ın tamaşasıdır... Ox, necə gözəl tamaşaydı, ilahi. Geyimlər... tərtibat... elə bil hər şey qanad açıb uçurdu. Hələ musiqi... (Yenə sifətinə qayğı çökdü). Allah rəhmət eləsin, Səməndər Rzayev hər dəfə geyimləri ayırd eləmək üçün Ədiləni çağırırdı. Kostyumerşa Ədiləni deyirəm. Nə bilim, altı, ya yeddi papağı vardı. Geyimləri neçə dəst, özü də gözəl-gözəl. Axırda əlacları kəsildi, Səməndərin geyimlərini sıra ilə nömrələyib yan-yana düzürdülər ki, çaşmasın.
Hə... Nə isə... Bir gün yenə “Xəyyam” tamaşası idi. Axşam televizorda Qolsuorsinin “Farsaytlar haqqında saqa” əsərinin filmi göstərilirdi. Həmin gün Xəyyamı Turabov oynayırdı. Yalvardım ki, gəl bəzi səhnələri keçirək, oynamayaq, tamaşa tez qurtarsın. O da razılıq verdi. Xülasə, 12-yə qalmış qurtaran tamaşa 11-ə qalmış qurtardı. O vaxtı tamaşalar səkkizdə başlanırdı. Yazıq Ağahüseyn Cavadov məzarçını oynayırdı. Mizan belə idi ki, replikası veriləndə o, orkestr çökəyindən çıxmalıydı. Mehdinin də tamaşaları eləydi ki, musiqi də saniyəsinə kimi ölçülürdü. Biz Həsənlə epizodları ixtisar eləyə-eləyə gəlib o yerə çatdıq ki, səhnəyə Cavadov çıxmalıdı. Gördük Cavadov çıxmır. Axı vaxtı deyildi, həm də replikalar baş-ayaq verilirdi. Tez Həsən əl elədi ki, əşi çıx də. Yox ey, xeyri olmadı. Həsən “rola” girə-girə çökəyə yaxınlaşdı:
- Ağahüseyn qardaş, çıx.
Ağahüseyn dedi:
- Hələ yerim deyil axı, siz nə edirsiz?
Həsən özünü itirmədi:
- Əşi, deyirəm tez elə çıx də. Mehdi müəllim özü deyib. Odey orda, Nəcəfin yanındadı.
Nəcəf Həsənzadə tamaşanı idarə edirdi. Köşkü də səhnənin sağındaydı. Hə, Ağahüseyn Cavadov çıxdı, o yeri də oynadıq. Tamaşa qurtaran kimi qaçdım evə. Onda Hüsü Hacıyev küçəsində yaşayırdım. Oturdum televizorun qabağında. Elə təzəcə oturmuşdum ki, zrınqqq, telefon zəng çaldı. Dəstəyi götürdüm:
- Bəli.
Eşitdim, dərindən nəfəs çəkildi. O saat tanıdım ki, odur... Mehdi müəllim. Gözlədim. Nəhayət dilləndi:
- Tamaşa saat neçədə qurtarıb? (özü də salamsız-kəlamsız)...
Dedim:
- Həmişəki vaxtında. (Pauza verdi).
Dedi:
- Yaxşı, oldu...
Nə “sağ ol”, nə “xudahafiz” - heç nə demədi.
Sən demə, Mehdi müəllim saat on ikiyə işləmiş zəng vurur Qürbətə (Qürbət Qurbanov truppa müdiri idi - İ.R.) ki, final səhnəsi necə gedir? Qürbət də deyir ki, əşi, nə final səhnəsi, tamaşa çoxdan qurtarıb.
Sabahısı Mehdi instituta gələndə Həsəni görüb soruşur:
- Həsən, Xəyyam birbaşa qocaldı, ya heç ölmədi?
Həsən əvvəl duruxur, bilmir axı Mehdinin axşamkı hoqqamızdan xəbəri var. Deyir:
- Başa düşmədim, Mehdi müəllim.
Yenə pauza. Qaşlar bir az da yuxarı dartılır. Susur, susur və nəhayət dillənir:
- Deyirəm tamaşanın əvvəlindən ixtisar elədiniz, ya finalından?
Həsən tez işi başa düşür. İstəyir olanları malalasın:
- Hə, Mehdi müəllim, elə-belə... ortalarında bir az uzun yerlər vardı, onlardan bəzisini çıxardıq. Tamaşaya heç xələl gəlmədi.
- Mən heç, hörmət qoymursunuz, özünüz bilərsiniz. Bəs Cavidin ruhundan utanmadınız?..
Day Həsən nə desin. Həmin gündən Mehdi küsdü, teatra gəlmədi. Teatrdan direktor, ya truppa müdiri zəng vuranda deyirdi: “Sizin teatra rejissor lazım deyil. Çünki Həsənlə Şəfiqə olan teatra nə rejissor”.
Axırı kişinin ürəyini ələ aldıq. Üzr istədik ki, bir də belə etmərik...
Beləcə, uşaq kimi əsirdi Mehdi tamaşalarının üstündə...
* * *
İnstitutdan qayıdıb Həsən Turabova zəng vurdum. Xoş-beşdən sonra “uduzduğun qonaqlığı ver” dedim. Tez dilləndi:
Həsən. Sabah mənim gözüm üstə.
İlham. Niyə bu gün yox?
Həsən. Əli Zeynalov rəhmətə gedib. Sabah axşam saat dörddə Aktyor evindən götürüləcək. Qəbirüstündən qayıdıb, hara desən gedərik.
İlham. Yaxşı, bəs Hüseynağa Atakişiyevin məsələsi necə olacaq?
Həsən. Gəlmişdi yanıma. Dedim ki, kabineti boşalt, keç ayrı otaqda otur. Dedi ki, təmiz getmək istəyirəm. Mən də dedim ki, niyə, qal sıravi quruluşçu rejissor işlə. Dinmədi. Görək də... Ziyadovla danışmışam. Əgər Hüseynağa Şəkiyə getsə, baş rejissor Cahangir Novruzovu bizim teatra aktyor gətirəcəyik.
İlham. Pis fikir deyil. Sənə deyim ki, Cahangirin aktyorluğu rejissorluğundan qat-qat güclüdü...
Deməli, sabah saat üçdə Aktyor evində görüşürük.
Həsən. Mütləq, mənim qərdeşim...
(Ardı var)