“Bəxtsiz cavan”larıyla ağılayıb-ağlayan, “Marallarım”, “Ovçu Pirim”lərilə şaqqanaqlayıb-gülən Əbdürrəhim bəy...

Bu böyük millət, mədəniyyət, ədəbiyyat Bəyinin qəlbi çox milli qəlbiliklərə bağlanıb, kor olmaqdan qorxmayan gözləri ellər üçün çox ağlayıb, əlləri doğma örüşlərdə çomaq, biçənəklərdə kərənti, uzaq ali məktəblərdə təbaşir, müxtəlif yaradıcı və idarəedici ünvanlarda qələmlər, ilk operamızda dirijor çubuğu tutub, hər an xalq dərdi çəkə-çəkə “milli mayalı ziyalı” adı alıb, hər dəm yaza-yaza “ərdəmli ədib”, “xalq oğlu”, “xalq adamı” nam-nişanları qazanıb...

Dövrünün çox mədəni-mənəvi yaralarına yarayıb Əbdürrəhim bəy!
Ağa-bəy şəcərəli Əbdürrəhim bəy Haqverdiyev bütün ömrü uzunu meyli-beynini milli-mədəni problemlərə yönəldib, ürəyi millətçün döyünüb, əlinin biriylə qayğıkeşlik, o biriylə qələmkeşlik edib və insanın o dünyaya aparmadığı “heç nə” maddisilə müqayisədə çox məhəbbət, rəğbət, rəhmət, şərafət aparıb.
Bir çox məşhuri-cahan eloğluları kimi, onun doğulduğu elatın dağları, qayaları, bulaqları da məşhuri-Azərbaycandır və bu məqamda yalnız “sözün evi”nə əl verən nəsnələrin birindən danışım; dillər əzbəri olan Şuşa bulaqlarından biri - Ağbulaq - onun doğulduğu kəndə ad olunub.

17 may 1870

Əbdürrəhim həmin bu tarixçədə - Şuşa yaxınlığındakı həmin kənddə göz açıb dünyaya. Həmin o füsunkar təbiət gözəlliklərindən zövq ala-ala böyüyüb. Böyüdükcə, baxışlarında təbiət aləmilə cəmiyyət aləmi arasındakı fərqlərin də fərqinə varıb. Zəmanə zalımlıqlarına rəğmən on yaşında ibtidai təhsilə başladığı Şuşa şəhərində yaşından böyük məsələlər haqda düşünüb-daşınıb. On doqquz yaşınadək Şuşa realnı məktəbində, qısa müddət olduğu Tiflis realnı məktəbində, daha sonra Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunda oxuduğu dövrlərdə isə özünü “millətin mənəvi qurdlarına çomaq”, “mədəni söküyünə yamaq” düşüncələri üstdə kökləyib. İnstitut tələbəsiykən qələmə aldığı “Dağılan tifaq” əsərini Peterburqda çap etdirməsi faktı da gələcəyin böyük yazıçısının gənclik əzmi haqda çox söz deyir. Sonra isə Şuşaya qayıdıb bütün şəhərə səs salan çalışmaları, peşəkar mizan-düzənli tamaşalar hazırlaması, dünyəvi elementlərdən xali olmayan Şərq konsertləri təşkil etməsi, təbii istedadlar Şuşasını ədəbiyyat-mədəniyyət ustadları mərkəzinə çevirmək cəhdləri...
Tədqiqatçılarının da qənaəti belədir ki, Yol Mühəndisləri İnstitutunda oxuyan bu gənc daha çox milli-mənəvi yol haqda fikirləşirmiş. Elə onun o institutda ikən “azad müdavim” sifətilə Sankt-Peterburq Universitetinin Şərq fakültəsində müntəzəm dinləyici kimi iştirak etməsi də bu qənaəti təsdiqləyir. Bəli, Əbdürrəhim bəy oralarda doğma Vətənində boşaldacağı dünyəvi maarif-mədəniyyət, ədəbi-bədii qənimətlərlə yüklənirmiş...
Bu milli-mənəvi yüksəliş yüklənişinin bünövrəsinə hələ Şuşada ikən başlamış Əbdürrəhim bəy sonralar “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Ovçu Pirim”, “Ata və oğul”, “Ayın şahidliyi”, “Hacı Daşdəmir”, “Pəri-cadu” kimi - dövrün hər yerindən görünüb-hiss edilən əsərlər sarayı ucaldır. Ədib bu “saray”ın məna-mətləb, forma-fabula sütunlarını təhsil aldığı, gəzib-dolaşdığı dünyalardan, ədəbi-bədii bər-bəzəklərini isə elə Tanrısal gözəllik yazılarına bənzəyən Şuşaətrafı cığırlardan, şəhəriçi dolanbaclardan, qocaların-qarıların yağ-yatımlı kəlamlarından, cavan-comrulların qaş-göz, söz-bez atımlarından götürmüşdü. Bir nərin çəkə bilməyəcəyi qədər yüklənib gəlmişdi ədəbiyyata, sənətə, mədəniyyətə. O yükdə millətə gərəkən nə dürr desən, vardı. Gördüklərindəki sinonim-omonimliklərdən daha çox antonimlikləri qabartmalı olurdu bu vətəndaş-ədib. Bu, zamanın da tələbi idi. Onu oxuduqca belə bir mətləb də hasil olur ki, tragikliklə komiklik dünya-anadan əkiz doğulub. Onu oxuyarkən baxmağı da bacarsan, mütləq görəcəksən ki, bu dünyanın bir gözü tragediyalıq, o biri komediyalıqmış. Qulaqlar da onun kimi; - yoxsa, insanın orta yaşı çox az olarmış. Bəli, bəli; ya ələmdən oyuluban gedərmiş, ya nəşədən bayılıban bitərmiş. Tutalım, “Qarabağın maralı” mahnısındakı o qızla axı nə qədər “Qırxqız yaylağına, oradan da ceyran-cüyür oylağına getmək, İsa bulağına enmək” olarmış? Hərdən “Marallarım”, “Şeyx Şaban”, “Xortdanın cəhənnəm məktubları” kimi uğunuşlar, “Dağılan tifaq”, “Bəxtsiz cavan” sayaq ağı-ağlayışlar da yazıb, o maral qızın ata-anasına, qohum-qardaşına, küll-soydaşına bir az da mənəvi istiot da dadızdırmaq gərəkmiş, axı...
Vurğulayım ki, Əbdürrəhim bəy maya-mahiyyətində doğal bir qarşıdurmalıq olan bu əbədi ikiliyin ikincisilə daha çox üzləşməli olub. Qismətinə həyatın halva şirinliklərindən çox, bibər acılıqları düşmüş bu yazıçı öz tale yazısından heç bir yazısında, söz-söhbətində giley-güzar etməyib.

63...

Bu, doğma xalqının yaranışdan bəri yaşanıb-yazılmaqda olan ədəbi-bədii “tərcümeyi-hal” epopeyasının mükəmməl bir fəslini yazmış yazıçımızın ömürsürmə göstəricisidir. Otuz yaşını keçər-keçməz Azərbaycanın hər tərəfindən görünən, azacıq səviyyəsi olan yurddaşlar, vətəndaşlar tərəfindən dəyərləndirilən böyük aydın-ədibimizin ömürlüyüdür.
Ə.Haqverdiyev 1905-ci il inqilabının yaratdığı ictimai-siyasi ab-havanın nəticəsi olaraq Gəncə quberniyasından Rusiya Dövlət Dumasına nümayəndə seçilmişdi. Bu fürsət onun yenidən Sankt-Peterburqa getməsinə səbəb olur və gənc ədib orada “Ağa Məhəmməd şah Qacar” əsəri üçün tarixi mənbələrlə tanış olmaq imkanı əldə edir. Üzləşdiyi məqamlar, ictimai-sosial situasiyalar, cari “zəmanə adamları” bu əbədi zaman adamını “ordan bura-burdan ora” marşrutlarına salır. Peterburqdan sonra 1907-ci ildə İrana səfər edən ədib, ertəsi il Şərqin ilk operası xəbərilə tədqiqat işini yarımçıq qoyub, Bakıya qayıtmalı olur. “Leyli və Məcnun”un ilk tamaşasına dirijorluq edir. Dövrün mədəniyyət-mənəviyyat hamisi olan “Nicat” cəmiyyətində, habelə Kür-Xəzər gəmiçiliyi idarəsində çalışdığı dövrlərdə bütün Cənubi Qafqazı, Orta Asiyanı, Dağıstan və Volqaboyunu gəzib-dolaşmalı olan böyük qələm adamı əsrin Qələm məbədi kimi tanınan “Molla Nəsrəddin” jurnalında hekayələr dərc etdirir, “Xortdan”, “Lağlağı”, “Süpürgəsaqqal”, “Ceyranəli”, “Mozalan” və başqa adlarla felyetonlar, məzhəkələr, tənqidi materiallarla çıxış edir. Həştərxan səfərində şəhərin ictimai-mədəni həyatında çox işlər görür, bir çox problemlərin həllində iştirak edir.
1911-15-ci illərdə - dostlarından birinin replikası ilə desək, - “Ağdam ömrü” yaşamalı olur və burada “xalq adamı” adıyla tanınır. Ağdamdan Tiflisə səfər edən bu “mütəhərrik-mühərrik insan” “Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri” məcmuəsinə müdirlik edir. Fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsi Mərkəzi Şurasına üzv seçilir, ardınca Borçalı qəzasına müvəkkil təyin olunur.
Azərbaycanda sovet hakimiyyəti qurulduqda, buna qədər bir çox ciddi işlərdə, vəzifələrdə çalışmış bu qabil kadr dövlət teatrlarına müfəttiş görəvinə, bir qədər sonra Azərbaycan milli peşəkar teatrının 50 illiyi münasibətilə keçirilən yubiley tədbirlərinə başçılıq etmək “hörmət-izzət”inə layiq bilinir. Azərbaycan Dövlət Universitetində oxuduğu mühazirələri, elmi kadrlar hazırlama, Bakıda I Azərbaycan ölkəşünaslıq qurultayı işlərinə hazırlıq çalışmaları dövrün mətbuat səhifələrində çox yüksək qiymətləndirilir, elmi-populyar materiallarda layiqincə dəyərləndirilir. Azərbaycan Yazıçılar İttifaqının məsul katibi olur, dünya ədəbiyyatından maraqlı nümunələri dilimizə çevirir, özünün bir sıra əsərləri əcnəbi dillərə tərcümə edilir.
Səfərləri, çalışmaları, vəzifə görəvləri bunlarla yekunlaşmayan bu böyük sənətkarın “partiya və hökumət” tərəfindən dəyərləndirilməsi isə iki notdan o yana keçmir: Əməkdar incəsənət xadimi fəxri adı (1932) və ölümünə bir neçə gün qalmış Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fəxri fərmanı...
Deyirəm, əgər Əbdürrəhim bəy (!) dünyadəyişiminə dördcə il geciksəymiş, çox güman ki, indi Fəxri xiyabanda yox, çox milli nəhənglərimizin səbrini kəsən Sibirdə uyuyurdu...

Tahir Əhmədalılar