“Müstəqilliyimizin qorunub saxlanılması üçün hər birimiz şirin canımızdan keçməyi bacarmalıyıq. Zira millətimizin gələcəyinə yol ancaq bundan keçir”
Azərbaycan cəmiyyətinin işıqlı gələcəyi, mədəni inkişafı yolunda yorulmadan çalışan milli ziyalılarımızdan biri də tanınmış pedaqoq, həkim, Qantəmir təxəllüsü ilə tanınan yazıçı-publisist Qafur Əfəndiyevdir.
Ötən əsrin birinci yarısında Azərbaycan maarifçiliyinə töhfələr verən yazıçı eyni zamanda milli istiqlal düşüncəsinin həqiqi aşiqi kimi də tanınmış, bu istiqamətdə fəal iş aparmışdır. 30-cu illərin repressiya dalğasına düşməsinin səbəblərindən biri də cümhuriyyətçilik ruhuna malik olması idi.
Qafur Sədrəddin oğlu Əfəndiyev (Qantəmir) 1888-ci il mayın 22-də Göyçay rayonunun Potu kəndində ziyalı ailəsində anadan olub. Atası Sədrəddin Əfəndi mədrəsə müəllimi və dövrünün tanınmış ziyalılarından idi və Sədi Salis təxəllüsü ilə şeirlər yazırdı. Açıqfikirli, geniş dünyagörüşlü ata çox erkən çağlardan oğlunun istedadını hiss edir və ona yaxşı təhsil vermək istəyir. Beləliklə, Qafur ilk təhsilini atasının müəllim işlədiyi mədrəsədə alır, klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edir.
Sənətə və elmə ciddi maraq göstərən Qafur 1905-ci ildə Göyçaya gələrək dövrün tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni tipli məktəbində orta təhsilini davam etdirir. Burada istedadlı, nümunəvi bir gənc kimi müəllimlərinin rəğbətini qazanır, şagird yoldaşlarından seçilir. Ancaq bu təriflər onu yolundan sapdırmır, böyük zirvələrin sorağı ilə yorulmadan çalışır. Düşünür ki, o zirvələrə qalxmaq üçün mütləq ali təhsil almaq gərəkdir. Bu amalla 1911-ci ildə Türkiyəyə gedir, İstanbul Universitetinin tarix-filologiya fakültəsinə daxil olur. Türkiyə mühiti onun həyata baxışlarının dəyişməsinə səbəb olur. Orada təhsil almaqla bərabər, həm də bədii yaradıcılıqla məşğul olur, kiçik hekayələr qələmə alır.
1914-cü ildə İstanbul Universitetini müvəffəqiyyətlə başa vuran Qafur Əfəndiyev orada qalıb işləmək istəyir. Ancaq I Dünya müharibəsi bu arzusunun həyata keçməsinə imkan vermir. Vətənə dönür, 1915-ci ildə Göyçayda yeni açılan “İqbal” məktəbində işə düzəlir. 1916-cı ildə isə “Nəşri-maarif” cəmiyyətinin Qubada açdığı məktəbə müdir vəzifəsinə dəvət olunur. Müəllim işlədiyi vaxtlarda tanınmış qələm sahiblərindən Abbas Səhhət, Mirzə Ələkbər Sabir və digər ziyalılarla yaxından tanış olur. Bu sənətkarlarla hər görüşü onun yaradıcılıq imkanlarını doğru istiqamətə yönəlməsinə səbəb olur. Belə ki, o, xeyli vaxt yazılarını M.Ə.Sabir ruhunda qələmə alır. Bunu müəllifin hekayələrində daha aydın hiss etmək olur. Qafur Əfəndiyev hekayələrində ustadı Sabir kimi millətin maariflənməsi, cəhalətdən qurtulması problemlərinə geniş yer verirdi.
Qafur Əfəndiyev ötən əsrin əvvəllərində erməni daşnaklarının Azərbaycanda həyata keçirdiyi kütləvi qırğınlardan dərin sarsıntı keçirir. Bu ağlasığmaz vəhşiliklərlə bağlı fikirlərini belə ifadə edib: “Ermənilərin dinc Azərbaycan türklərinə, o cümlədən bütün müsəlmanlara qarşı həyata keçirdikləri vəhşilikləri dillə təsvir etmək mümkün deyil. Belə barbarlığı bəşəriyyət heç daş dövründə də görməyib. Ermənilər insan donuna bürünmüş vəhşilərdir. Vəhşidən sağ qurtarmağın yeganə yolu isə onu məhv etməkdir”.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra o, böyük ruh yüksəkliyi ilə pedaqoji fəaliyyətini davam etdirir, eyni zamanda aktual mövzularda hekayələr yazır. Azərbaycan xalqının qanı bahasına əldə etdiyi müstəqilliyin qorunub saxlanılmasının vacibliyini vurğulayan müəllif məqalələrindən birində yazır: “Bizim əsas məqsədimiz Azərbaycanın müstəqilliyinin qorunmasıdır. Bu müstəqillik asan alınmayıb, tökülən şəhid qanları hesabına başa gəlib. Biz onların axıtdıqları qanların hədər getməsinə yol verməməli, müstəqilliyimizin qorunub saxlanılması üçün hər birimiz şirin canımızdan keçməyi bacarmalıyıq. Zira millətimizin gələcəyinə və müstəqilliyimizin hifz olunmasına yol ancaq bundan keçir”.
1920-ci ildə Xalq Cümhuriyyətinin süquta uğraması, bolşeviklər tərəfindən milli hökumət təmsilçilərinin sorğu-sualsız güllələnməsi yazıçının bir müddət özünə qapılmasına səbəb olur. Əvvəlcə, Bakını tərk edərək qardaş Türkiyəyə getmək fikrinə düşsə də, sonra bu fikrindən daşınır. Vətəndə qalamağa üstünlük verir. Yazıçı bu illərdə qələmə aldığı məqalələrinin birində yazır: “Hamı bu ölkəni tərk etməyə cəhd göstərir. Belə getsə, bu məmləkətdə bəs kim qalacaq? Bu məmləkət bizə babalarımızdan yadigar qalıb. Onu qoruyub saxlamaq, gələcək nəsillərə çatdırmaq və bu yolda mübarizələr aparmaq müqəddəs vəzifələrimizdən biri olmalıdır”.
Görkəmli maarifçi xeyli vaxt Qubada çalışır, bölgədə yeni tipli məktəblərin təşkilində yaxından iştirak edir. Ömrünün sonuna kimi orta və ali məktəblərdə müxtəlif fənlərdən dərs deyir. Bakı Ali Pedaqoji İnstitutunun nəzdində fəaliyyət göstərən “Şaiq” məktəbinə rəhbərlik edir. Ancaq ikinci ali təhsil almaq istəyi onu tərk etmir, 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə stomatologiya ixtisasına qəbul olunur. 1929-cu ildə bu ali təhsil ocağını müvəffəqiyyətlə başa vurur, insanların sağlamlığının qeydinə qalır.
1920-ci illərin ikinci yarısında Qantəmirin satirik ruhlu hekayələrdən ibarət “Ağıl dəryası” və “Şarlatanlar” adlı kitabları çap olunur. Bu hekayələrdə mövcud rejimə qarşı olan etiraz və üsyankarlıq xüsusi xidmət orqanlarının diqqətini çəkir. Bu səbəbdən ciddi nəzarətə götürülür, hər addımı izlənilir. Amma o, xalqın maariflənməsi yolunda inamla çalışır, Göyçayda müəllim hazırlayan qısamüddətli pedaqoji kurslar təşkil edir.
Qafur Əfəndiyev Azərbaycanın müstəqilliyini ürəkdən alqışlayan ziyalılardan biri olub. Onun sovet rejimi tərəfindən xüsusi diqqətdə saxlanmasının səbəbləri sırasında, şübhəsiz, bu amil də vardı. Beləliklə, qara kölgə onu rahat buraxmır, 1939-cu ildə diş həkimi işlədiyi Ağsu rayonunda həbs edilir. Orta Asiyaya sürgün olunur. 1944-cü ildə vətəndən uzaqlarda 56 yaşında dünyasını dəyişir.
Savalan Fərəcov