“Hər bir insan açılmayan bir sirlə yaşayır. Qaldı ki, yaradıcılıq sirri, onu da açıqlamaq olmaz. Əgər açıqlasan, nağıllarda olduğu kimi, tilsim qırılar”
Bu yaxınlarda Azərbaycan mədəniyyətinə ağır itki üz verdi. Görkəmli bəstəkar, Xalq artisti, professor Aqşin Əlizadə cismən aramızdan getdi. Bəli, cismən. Çünki Aqşin müəllimin böyük istedadı, yaradıcılığı, xalq, vətən qarşısında xidmətləri onu yaddaşlarda əbədi yaşadacaq.
Aqşin Əlizadə Azərbaycan incəsənətinin görkəmli nümayəndəsi, musiqi xəzinəmizi zənginləşdirən bəstəkar, özündən sonrakı nəslə bəstəkarlıq sənətinin sirlərini aşılayan müəllim, maraqlı düşüncələri və müdrik tövsiyələri ilə insanlara xoş təsir bağışlayan gözəl və səmimi insan idi. Bu keyfiyyətləri onun ölməz musiqisində də öz əksini tapır.
Bəstəkarın yoxluğunda ən böyük təsəllimiz də bizə yadigar qalan əsərləridir. Əgər biz XX əsrin novator bəstəkarlarının adını çəkiriksə, bu sırada mütləq Aqşin Əlizadə qeyd olunmalıdır. Çünki onun yaradıcılığı ilə Azərbaycan musiqi tarixində yeni bir səhifə açılır. O, musiqimizə yeni üslub, yeni nəfəs gətirən sənətkarlarımızdandır. Bəstəkarın musiqisi elə ilk xanələrindən özünəməxsusluğu ilə seçilir və müəllifini tanıdır.
Aqşin müəllimin musiqiyə gəldiyi dövr yeni üslub axtarışları tələb edirdi. Bu kontekstdə o öz yolunu tapa bildi. Müasir musiqi elementlərini milli musiqi intonasiyaları ilə ustalıqla qovuşdurmağı bacardı. Onun novatorluğu məhz bu məqamda üzə çıxırdı. Musiqişünaslar qeyd edirlər ki, Aqşin Əlizadə Qara Qarayev və Fikrət Əmirov ənənələrinə xas olan cəhətləri özünəməxsus tərzdə davam etdirməklə, fərdi üslubunu meydana gətirən bəstəkardır.
Bəstəkarın əsərlərinin siyahısı genişdir. Burada musiqinin müxtəlif janrları əksini tapır: simfoniya, balet, kamera-instrumental, vokal və xor əsərləri, müxtəlif alətlər üçün yazılan pyeslər, kvartetlər, süitalar və ya digər janrlar Aqşin Əlizadənin bəstəkar təxəyyülündən süzülərək yeni məna çalarları kəsb edib.
Aqşin Əlizadənin 1971-ci ildə yazdığı “Babək” əsəri ilk qəhrəmanlıq baleti hesab olunur. Bu əsər bəlkə də bəstəkarın yaradıcılığının bütün cəhətlərinin məcmusudur. Onun üslub axtarışları bu baletdə əksini tapır. Bəstəkarın “Qafqaza səyahət” və “Ümid valsı” baletləri də kamil sənət nümunələridir.
Ümumiyyətlə, sənətkar bütün əsərlərində öz məqsədinə nail olub. O, müsahibələrinin birində başlıca məqsədinin lirik qadın və qəhrəman kişi obrazı yaratmaq olduğunu dilə gətirmişdi. Qeyd edirdi ki, tarixin parlaq səhifələrini musiqi dilinə çevirmək bəstəkarların əsas işi olmalıdır. Müəllifin “Babək” baletindəki baş qəhrəman və A.Dümanın əsəri əsasında yazdığı “Qafqaza səyahət” baletindəki Xurşudbanu Natəvan obrazları buna gözəl nümunədir.
Bəstəkarın yaradıcılığının mühüm bir hissəsini xor əsərləri təşkil edir. A kapella üçün “Bayatılar” xor əsəri, “Azərilər” kantatası bu janrda ən gözəl nümunələrdir. Yaradıcılığını milli köklər üzərində quran sənətkar bu cəhəti bütün janrlara tətbiq etmişdir. Onun IV simfoniyasının V hissəsində eşitdiyimiz “Gül açdı” xalq mahnısının intonasiyaları klassik musiqi janrına milli ruh gətirmişdir.
Bu məqamda böyük sənətkarla olan söhbətlərimizə istinad etmək istəyirəm.
O, geniş yaradıcılıq irsinə malik olmaqla bərabər çox diqqətli, qayğıkeş bir insan idi. Maraqlı düşüncələri vardı. Ötən il Azərbaycan Radiosunda hazırladığım “Bəstəkarlarımızın iş otağında” silsiləsindən bir veriliş Aqşin müəllimin doğum günü ilə əlaqədar olaraq ona həsr edilmişdi. Vəfatından bir müddət əvvəl onunla telefon söhbətimizdə həmin verilişi çox bəyəndiyini söylədi. Mən əlavə etdim ki, Aqşin müəllim, bu il doğum gününüzdə daha bir veriliş hazırlayarıq. O isə müsahibəni dövri mətbuatda dərc etdirməyimi təklif etdi. İndi mən müdrik bir sənətkarın vəsiyyətinə əməl edərək həmin söhbətdən bəzi məqamları oxucularımıza təqdim edirəm.
* * *
- Aqşin müəllim, müsahibələrinizin birində deyirsiniz ki, mən bu sənətə gələndə qarşıma məqsəd qoydum ki, ya öz yolumu tapmalıyam, ya da geri çəkilməliyəm. Bəstəkarlığa da bir savaş kimi baxmışam. Bu nəyin savaşı idi: istedadınızla, yoxsa bəstəkarlıq texnikası ilə?
- Bəstəkar özü-özü ilə savaş etməlidir. Əvvəla, anlamalıdır ki, bu çox ağır və müqəddəs sənətdir. Yəni sənətə heç vaxt soyuq yanaşmaq olmaz. Ona görə də sanki özün-özünlə savaş edirsən. Amma məlum deyil ki, qalib gələcəksənmi, səsləri tapa biləcəksənmi, ya yox. Əsas odur ki, sən öz üzərində daim çalışasan, özü də fədakarlıqla.
- 1943-cü ildə dərslərə başlayanda 6 yaşınız olub. O dövrdən zəmanənin ağırlığını anlamağa və ciddi olmağa çalışmısınız. Keçmişlə indi arasındakı fərqi necə xarakterizə edərdiniz? Yəni bu gün sənətə gələnlərdə də o ciddilik varmı?
- Bəzən yaşlılar elə bilirlər ki, uşaqlar çox şeyi başa düşmür. Amma uşaqlar hər şeyi çox gözəl anlayırlar, sadəcə ifadə edə bilmirlər. Məsələn, 5-6 yaşlı uşaq çox yaxşı bilir ki, kim yalan danışır, kim səmimidir. Uşaqlığımı yada salanda görürəm ki, çox şeyi başa düşürdüm, ancaq deyə bilmirdim.
Ciddilik məsələsində valideynlərimin də rolu az deyil. Xoşbəxtliyim ordan başlayıb ki, valideynlərim qədəm qoyduğum sənətin ciddiliyini mənə düzgün başa sala biliblər. Buna görə də əvvəldən mənim sənətə münasibətim çox ciddi oldu. Bu ciddi münasibətə ikinci təkan verən müəllimdir. Mənim ilk müəllimim görkəmli cazmen Vaqif Mustafazadənin anası Zivər xanım olub. O da çox ciddi və tələbkar idi. Oxuduğum müddətdə heç vaxt məni üzümə tərifləmədi. Elə bilirdim ki, məndən razı deyil. Sonra bəlli oldu ki, valideynlərimə haqqımda yaxşı sözlər deyirmiş. Müəllim gərək tələbəni gərgin saxlasın. Çünki bir-iki dəfə tərifləsə, tələbə arxayınlaşıb özündən razı olacaq.
- Qeyd edirsiniz ki, həyatım iki yerə bölünür: ailəm və sənətim. Bu bölgünü necə tənzimləmisiniz?
- Təəssüf ki, təbiətin qanunu belədir, ata-ana həmişə səninlə qalmır. Amma gərək onlardan sonra evində, həyatında elə adam olsun ki, səni başa düşə bilsin. Bu mənada mən həyat yoldaşıma çox minnətdaram. O, mənə yaradıcılığımla məşğul olmaq üçün daim dəstək olub. Əgər ailədə bir sənət adamı varsa, bütün ailə üzvləri ona mənəvi dayaq olmalıdır. Sənətkar həmişə çox qazana bilmir, maddi cəhətdən çətinlikləri olur. Ailə üzvləri belə olduqda dözüm nümayiş etdirirlər. Ailədəki mühitin yaradıcılığa çox təsiri var.
Həmişə axtarışda olmaq lazımdır. Gərək sənətin bir növ qulu, əsiri olasan. Əgər bir əsər yazıb, özünü şah kimi hesab etsən, onun yaxşı nəticəsi olmaz. Sənətkar həmişə yazıb-yaratmağa məhkumdur. O ki qaldı ilham verən qüvvələrə, onlar mənim müəllimlərimdir. Başda mənəvi müəllimim Üzeyir bəy, sonra Qara Qarayev və Cövdət Hacıyev.
- Hər bir bəstəkar kimliyini yaxşı bilir deyirsiniz. Onu tərifləsələr də, tənqid etsələr də, o, özü-özünü hamıdan yaxşı tanıyır. Bəs Aqşin Əlizadə özünü necə tanıyır?
- Mən özümdən heç vaxt razı qalmıram. Hər əsərdən sonra nigarançılıq çəkirəm. Ümumiyyətlə, mən nə təriflərə, nə də tənqidlərə fikir verməmişəm. Çünki zaman hər şeyi süzgəcdən keçirir, öz yerinə qoyur. Mən sırf Azərbaycan bəstəkarıyam və daim bu amalla çalışmışam.
- Bəstəkarlıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olursunuz. Deyirsiniz ki, dərs keçəndə bəstəkar özü də öyrənir. Tələbələrinizə nəyi öyrədib, onlardan nəyi öyrənmisiniz?
- Məcbur deyil ki, tələbə müəllimin dediyini olduğu kimi təkrarlasın. Müəllim tələbəyə necə axtarışda olmağın yollarını başa salmalıdır. Çalışmışam ki, tələbələrimə bunu öyrədim. Qaldı ki, onlardan nələrsə öyrənməyimə, cavanlar həyatsevər, qaynar təbli olurlar. Onlara baxanda ruh yüksəkliyim həmişə artıb. Onlar bulaq suyu kimi təmiz olurlar. Bu da ruhuma daha bir gözəllik qatır.
- Gənc bəstəkarların əsərlərinə qulaq asanda hiss olunur ki, milli üslub müəyyən qədər arxa plana keçib. Siz isə elə bir nəsli təmsil edirsiniz ki, əsərlərinizdə milliliklə müasirlik üzvi şəkildə qovuşur. Bu baxımdan gənc bəstəkarlara nələri tövsiyə edərdiniz?
- İlk növbədə onu deyə bilərəm ki, bəstəkar çox məsuliyyətli olmalıdır. Bəllidir ki, görkəmli bəstəkarlar - Üzeyir bəy, Qara Qarayev, Dmitri Şostakoviç məşhur əsərlərini cavan ikən yazıblar. Sadəcə təcrübə məsələsi var. Milliliyə gəlincə isə, hər bir bəstəkar fikirləşməlidir ki, onun əsərini ilk növbədə öz xalqı dinləyəcək. Ona görə də əvvəlcə öz xalqının milli xüsusiyyətlərini, musiqisini yaxşı mənimsəməlidir. Əgər Azərbaycan bəstəkarı olmaq istəyirsənsə, gərək Azərbaycan musiqisi yazasan.
- Yaradıcı adamların mətbəxindən heç kimin xəbəri olmamalıdır - bu fikir də sizə məxsusdur. Bu məsələyə bir qədər aydınlıq gətirərdiniz.
- Bu mətbəx çox böyük bir sirdir. Hər yaradıcı insanın öz mətbəxi var ki, zənnimcə, onu açıqlamaq olmaz. Məsələn, elə bilin ki, uzaqdan bir bəstəkarı müşahidə edirsiniz. Bəstəkar otaqda o başa, bu başa gəzir, gah masa arxasında oturub nə isə fikirləşir, gah divara, gah tavana baxır. Fikirləşirsiniz ki, bəs bu nə vaxt yazır? Bax, əsl sirr budur. Əslində isə bu bir yaradıcılıq fəaliyyətidir. Eyni zamanda hər insanın həyatında bir sirr var. Hər bir insan açılmayan bir sirlə yaşayır. Qaldı ki, yaradıcılıq sirri, onu da açıqlamaq olmaz. Əgər açıqlasan, nağıllarda olduğu kimi, tilsim qırılar.
* * *
Aqşin Əlizadə ilə müsahibəmiz burada bitmir. O, çox maraqlı mətləblərdən danışmışdı. Amma bu cavabdan sonra yazımın son məqamlarını qələmə almaq istəyirəm. Düşünürəm ki, onunla nə qədər söhbət etmiş olsaq da, bütün sirlərini öyrənə bilməmişik. Neçə-neçə sirr də Aqşin müəllimlə birgə əbədiyyətə qovuşdu. Amma o sirlərin əksəriyyəti bəstəkarın musiqisindədir. Duyumlu bir insan bu musiqiyə diqqətlə qulaq asarsa, orada Aqşin Əlizadənin dünyagörüşünün zənginliyini, vətən, torpaq, xalq sevgisini, fəlsəfi düşüncələrini hiss edəcək. O özü ilə hansı sirlərini əbədi dünyaya aparsa da, bizə və gələcək nəsillərə böyük bir musiqi irsi yadigar qoyub. Bu da Aqşin Əlizadənin sirli dünyasından doğan sirli-sehrli musiqi aləmidir. O aləmə baş vurduqca bəstəkarın böyüklüyünü və açılmayan sirlərini onun ölməz musiqisi açacaq, illəri, əsrləri adladıqca ölməz sənətkarı da öz ardınca aparacaq.
Sonda unudulmaz sənətkara Tanrıdan rəhmət diləyir və təəssüf edirəm ki, onun növbəti doğum günündə arzusunu yox, vəsiyyətini yerinə yetirmiş oldum. Ruhu şad olsun.
Səadət Təhmirazqızı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru