“Təbii seçmə”liyin barmaqla sayılası seçilmişlərindən...
Özü də, tarixdə öz özəl-orijinal qəddarlığı, namərdlik-nadürüstlüklərilə iki əlin yox, bir əlin barmaqları sanında “sayılıb-seçilən” bir quruluşun seçilmişlərindən! Heç bir məktəb qurtarmasa da, bir siniflik dərs, bir kitablıq savad almasa da, hər şeyə, hər sahəyə qabil qabiliyyəti, fəhm-fərasəti, fitri istedadı ilə millətinin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Hüseyn Cavid ərdəmli ermişlərindən...
...Vur-tut bir mollaxana “məktəb”ində (cəmisi üç ay) oxuyub, əlli yeddi illik ömrünün bütün şüurlu hissəsini bir xalqın mədəniyyət, ədəbiyyat, folklor aləminin Fərhadlığına sərf etmiş bir “xalq düşməni” və rəhbərləri institut, universitet, akademiyalar oxuyub, yetmiş illik dövranını neçə-neçə xalqların cəlladlığına həsr etmiş “xalq hakimiyyəti”...
“Görkəmli ədəbiyyatşünas-alim”
1956-cı ildən - SSRİ Ali Məhkəməsinin bəraətindən (ölümünə!) sonra mənbələr onu bu qədir-qiymətlərlə təqdim etməyə başlayıb. Yarım səhifəlik internet-vikipediya məlumatı da eləcə: “Görkəmli ədəbiyyatşünas-alim”. Hansı ki (əslində “hal bu ki...”), Salman Mümtaz eyni görkəmlikdə əzab-əziyyətşünas olub. Bəli, doğular-doğulmaz atasını itirib, anasıyla Aşqabada köçən, Azərbaycanda Xalq Cümhuriyyətinin qurulduğunu eşitcək orada qazandığı az-para maddiyyatıyla Bakıya qayıdıb, həbs edildiyi tarixçəyədək tale baxtından tutmuş yuxusuna belə haram qatdığı vaxtına, təpi-qəpiyinə qədər hər şeyini milli-mədəni tədqiqat və təhqiqatlara sərf etmiş bir şəxsiyyəti o dövrün bir çox “gəldi-gedərşünas”ları ayağından təqdim etmək olmaz.
Bu dünyanın ən çətin elmlərindən biri də Salman Mümtaz “fənn”li insanları öyrənmək, Salman Mümtaz görəvli vətənpərvərləri bəsirət gözüylə görə, milli Leyli-Məcnunluqla sevə, qiymətləndirə bilməkdir...
“Köhnə” müəllimlərin söyləmələrinə görə, “Salman Mümtaz sovet bolşeviklərindən, erməni daşnaklarından çox, doğma xalqının doqma-xalqa çevrilməsi təhlükəsindən qorxan ziyalı alimlərin ən öncüllərindənmiş. Bir gün bölgələrimizin birindən bir sandıq əlyazma və folklor materialı ilə sevinə-sevinə qayıdan bu alim o vaxtkı “Kommunist” küçəsində - İsmailiyyə binası (indiki Elmlər Akademiyası) qarşısında bütün ömrü boyu, əzablı yollar uzunu keçirmədiyi bir sarsıntıya qərq olur. Özü də həmin binanın yaxınlığındakı restorandan buğlana-buğlana çıxıb küçəaşağı gələn qarın yüklü bir professorun bu qədir yüklüyə verdiyi “etnoqrafik” bir sualdan: “Ayə, a Salman, sənin bu qatıryükü xurcunlarındakı xalq deyimləri içərisində “Niyə qaxılıb oturmeersən xarabanda?!” frazası da varmı?!.”
Bu “xatirə”ni bizə söyləyən universitet müəllimimiz (qəni-qəni rəhmətlik Firudin Hüseynov) həmin anlar elə bir sifətdə idi ki, soruşa bilmədim - görəsən, həmin o “professor” o sözləri söylərkən gülübmü də? O vaxt bunu soruşa bilməsəm də, bu maraq məndən çəkilib getmir ki, getmir. Tez-tez, təkrar-təkrar yadıma düşür...
Əgər elələrinin gülüşlərindən çəkinməsəydim, bu qəbil (yəni S.Mümtaz dəyərli) bütün yazılarımda yuxarıda söylədiyim fikri təkrar-təkrar verərdim: “Bu dünyanın ən çətin “elm”lərindən biri də Salman Mümtaz “fənn”li insanları öyrənmək, Salman Mümtaz görəvli vətənpərvərləri bəsirət gözüylə görə, milli Leyli-Məcnunluqla sevə, qiymətləndirə bilməkdir”...
Bu “fənn” yazı-pozu üçün də çox çətin, çox mürəkkəb...
Və belə yazıların ən asan “fəsli” -
Olum-ölümü...
Bir fərdin tərcümeyi-halına başlamazdan öncə, bizim ictimai hallarımızdan birinə dair bir arzu; kaş indilər hər gün-günaşırı ekranlara çıxıb “bizim sənətimiz çox ağır sahədir!” deyən şou-biznes “as”ları Salman Mümtazlığın nə olduğunu biləydilər! Əlbəttə, söhbət onun “yetimlik divi əlində” nələr çəkdiyindən, tez-tez dəyişib-düşməli olduğu ayrı-ayrı ünvanlar, xalqlar, etnik qruplara alışıb-öyrəşmək çətinliklərindən, neçə-neçə dil öyrənmə, adət-ənənələrə uyuşma qaçılmazlıqlarından yox, gündəlik çörəkpulundan belə kəsib qədim əlyazmaları, etnoqrafik yatırlarımızı əldə etməkdən yana çəkdiyi həyat məşəqqətlərindən, yaradıcı-araşdırıcılıq müsibətlərindən gedir.
Fizio-biolojicə dərələrdən dərə, məzmun-mənəvicə zirvələrdən zirvə görklü bu ömrün bünövrəsi düz 130 il bundan öncə - 1884-cü il mayın 20-də böyük Vətəninin qədim Şəki şəhərində qoyulub. Müasirləri üçün o qədər də aydın olmayan səbəbdən iki yaşındaykən anası Zəhra xanımın qucağında Aşqabada köçməli və Azərbaycanda Xalq Cümhuriyyəti qurulanadək orada yaşamalı olub. Lap kiçik yaşlarından ailə-məişət çətinliklərilə üzləşib, evin dolanışıq yükünü daşıyıb. Qardaşıyla birgə, nəslin yeganə ağsaqqalı bildikləri dayısının iş-gücünə əl tutub, ticarət işlərində ona kömək edib.
Cəmi üç ay oxuduğu mollaxanada öz zehni qabiliyyətilə əmmaməli müəllimlərini heyrətə salan Salman oradan uzaqlaşandan sonra ərəb, fars, urdu dillərini təkbaşına, rus dilini isə dükanlarına gələn zabit arvadlarıyla söhbətlərdən öyrənib.
Sonralar türk dillərinə böyük maraq göstərən bu gənc özbək, qırğız, türkmən dillərinə yiyələnib. Ardınca ədəbiyyat sənəti onu sirli bir aləm kimi cəlb edib. Gecə-gündüz qələm çalıb, yazıb-yaradıb, “Molla Nəsrəddin” jurnalında "Xortdanbəy", "Sərçəqulubəy" və başqa imzalarla müxtəlif şeirlər, məqalələr çap etdirib.
Azərbaycandan gələn “Xalq Cümhuriyyəti” xəbəri onu dərhal yerindən dəbərdib. Bakıya çatan kimi Nuru Paşanın Azərbaycana gəlişinə şeir həsr edib.
Azərbaycan SSR dövründə "Azərnəşr"də işləyən alim klassik şairlər barədə biri-birindən dərin məzmunlu əsərlər yazır. Ancaq bu “od-alov qələmli alim” haqda yazanlar da varmış; 1937-ci ilin 19 iyununda onu “burjua-millətçi, pantürkist” kimi əvvəlcə tutduğu vəzifələrdən azad edir, sonra isə ev dustaqlığı... Daha sonra, SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Tarix, Dil, Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi vəzifəsindən kənarlaşdırılır. İşdən çıxarılmasına baxmayaraq, bu “təmənnasız, məccani alim” nadir əlyazmaları, kitabları toplayıb-araşdırmaqdan qalmır. Nə qədər ki, Bayılda yox, bayırda imiş yorulmaq bilmədən çalışırmış, çətinliklərlə əldə etdiyi əlyazmalarla “Kitabxaneyi-Mümtaziyyə”sini zənginləşdirirmiş...
...O vaxtlar bu böyük kitabxana qurucusunun kiçildilmiş vətənindəki 51 rayondan 31-də Xalq Daxili İşlər Komissarlığı şöbələrinin rəisi erməni imiş və 1937-ci ildə Azərbaycanda 29 min "xalq düşməni" güllələnibmiş. Başqa sözlə, hər rəis hayesin payına doqquz yüz neçə türk-müsəlman rəiyyəti düşürmüş... Onlardan biri (ermənilərçün isə “sıradanbir”i) Salman Mümtaz idi ki, 1937-ci ilin 8 oktyabrında axşam saat 11-də yaşadığı Buynakski (indiki Şeyx Şamil) küçəsində siyasi dustaq kimi həbs olundu. 1941-ci ilin 21 dekabrında siyasi dustaqlar barədə SSRİ-nin paytaxtında ölüm hökmü verilib və təcili olaraq əmrin icrasına başlanıb; bu aqil bəndə qətlə yetirilib...
Tahir Əhmədalılar