Dünyaya gələn hər bir insanın öz tale yolları vardır. Ulu Tanrı insanları xoşməramlı niyyətlə yaradır. Lakin bu niyyət öz-özünə reallaşmır. Bunun üçün insanın ağlı, zəkası, zehni, düşüncəsi, həyatın tələblərini və gedişatını dərindən dərk edib, qarşıya qoyduğu məqsəd və amalına nail olmaq uğrunda qabiliyyətini səbir, dözüm və təmkinlə sərf etməsi həlledici şərtdir.
Bütün bunlara əməl etməyi bacaranlar taleyin daşlı-kəsəkli yollarında istəklərinə nail olur, arzularının zirvəsinə ucalırlar. Onlardan biri də Azərbaycan ziyalıları sırasında öz mövqeyi, alimlik və dəyərli şəxsiyyət dəst-xətti olan tanınmış həkim-publisist Ənvər Mustafa oğlu Həmidov. Ədəbi təxəllüslə daha çox tanınmış - Ənvər Mete.
Onun ömrünün tale yolları çox rəngarəng, acılı-şirinli, kədərli-sevincli anlarla dolu olmuşdur. Ömür kitabını vərəqlədikcə həyatının səhifələri gözlərimiz önündə canlanır. O səhifələr ki, alimin uşaqlıq illərindən başlayaraq kamillik zirvəsinə qədər keçdiyi tale yollarını işıqlandırır, həyatın əsl mənasını bizə andırır. Məsəl var, deyirlər, ot kökü üstə bitər. O, 1937-ci ildə iyulun 17-də ölkəmizin dilbər guşələrindən birində - Şəki şəhərində sənətkarlar ailəsində dünyaya göz açmışdır. 10 saylı məktəbdə oxudu, ilk gündən çevikliyi, hazırcavablığı, iti hafizəsi ilə uşaqların içində seçildi. Balaca Ənvər özünün biliyi, qabiliyyəti və davranışı ilə müəllimlərin hörmətini qazandı, sevimlisinə çevrildi. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini respublikamızın mötəbər ali təhsil ocaqlarından biri olan N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna verib, yüksək qiymətlərlə qəbul oldu.
1962-ci ildə Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirərək müəllimlərinin xeyir-duası ilə Şəki şəhərinin Rayonlararası Mərkəzi Xəstəxanasında həkim-cərrah vəzifəsində böyük həvəslə işinə başladı. Çoxlu mütaliə edir, təcrübəsini artırırdı, təşəbbüskarlığı ilə seçilirdi. Belə ki, xəstəxanada travmatologiya şöbəsini yaratdı və ona başçılıq etdi. Qısa zamanda, öz biliyi, davranışı ilə, xəstələrə məsuliyyət və vicdanla xidmət göstərməsiylə gənc Ənvər həkim və onun şöbəsi əhali arasında etimad və hörmət qazanır.
Stasionar klinikada altı ilə yaxın gərgin işləyəndən sonra istedadlı, bacarıqlı, sənətini sevən gənc həkim təhsilini davam etdirmək arzusu ilə 1968-ci ildə Moskvada, akademik N.Priorov adına Elmi Tədqiqat Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük patologiyası üzrə aspiranturaya daxil oldu və 1971-ci ildə sümük şişləri mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Vətənə qayıtdıqdan sonra Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, Elmi Şuranın katibi və gənc alimlər elmi şurasının sədri işləmişdir.
1979-cu ildə ailə qurdu, bir oğlu, iki qızı dünyaya gəldi. Ənvər müəllim 1975- 1980-ci illərdə Azərbaycan Travmatologiya-Ortopedlər Elmi Cəmiyyəti idarə heyətinin məsul katibi olmuşdur. 1980-ci ildə Zaqafqaziya Travmatoloq-Ortopedlərinin IV qurultayında təftiş komissiyasının sədri seçilmişdi. O bir qayda olaraq elmin qarşısında duran və həllini gözləyən problemləri tədqiqat obyekti seçən, daim elmi axtarışlar eşqi ilə yaşayan alim idi. Elmə olan hədsiz vurğunluğu bir çox elmi nailiyyətlərin əldə olunmasında ona təkan vermişdir. 70-dən çox elmi əsərin, 5 monoqrafiyanın müəllifidir. Bir elmi işi ABŞ-da çap edilmişdir. Həm elmi, həm də klinik-metodik cəhətdən zəngin təcrübə qazanan Ə.Həmidov 1976-1983-cü illərdə Bakı şəhər 3 saylı klinik xəstəxanasında ortopediya şöbəsinə müdirlik etmişdir. Geniş savad, təşkilatçılıq qabiliyyətinə malik və göstərdiyi təşəbbüskarlıq xüsusiyyətinə görə 1987-ci ildə Bakı şəhər 26 saylı Birləşmiş Xəstəxanaya baş həkim vəzifəsinə təyin olunmuş və 15 ildən artıq bu böyük tibb müəssisəsinə uğurla rəhbərlik etmişdi. Daha sonra həmin xəstəxanada baş həkimin müalicə işləri üzrə müavini, travmatoloq-ortoped işləyirdi.
Tutduğu vəzifədən asılı olmayaraq, bütün həmkarlarına, xəstələrə, dostlarına, ona müraciət edənlərə qarşı olduqca diqqətli, xeyirxah və qayğıkeş bir insan idi. Öz bilik və təcrübəsini gənc nəslə çatdırmağı özünə borc bilirdi. “SSRİ səhiyyə əlaçısı” idi, dəfələrlə Bakı şəhəri, rayon və qəsəbə sovetlərinə xalq deputatı seçilmişdi.
Ənvər müəllim yaradıcı insan, həmişə axtarışda olan, hərtərəfli fəaliyyət zənginliyinə malik alim idi. O, uzun illər Azərbaycanımızın təbabət tarixinin, tibbi keçmişinin, çoxlarına məlum olmayan və məşhur tibb xadimlərinin təbabətin inkişafındakı rollarını və elmi fəaliyyətlərini hərtərəfli tədqiq etmişdir. İllərlə arxivlərdə çalışmış, arayıb-axtarmış, unudulmuş sənədləri üzə çıxarmış, evlərdə yatıb-qalmış, toz basmış tarixi sənədlərə yenidən həyat vermişdir. Apardığı çoxillik gərgin elmi araşdırmaların nəticəsi olaraq 500 səhifəlik sanballı “Loğmanlar yurdu" əsəri ərsəyə gəlib və 1991-ci ildə “İşıq" nəşriyyatında çap olunub. Tibb tariximiz, indiki və gələcək nəsillərə örnək olacaq şəxslər haqqında verilən məlumatlar, ekologiyanın sağlamlığa təsiri, müdrik kəlamlar və məsləhətlərin yer aldığı bu əsər, ulu loğmanlarımızın çoxəsrlik fədakar əməyinin öyrənilməsində mühüm dərslik kimi istifadə olunur. Poeziyamızın patriarxı Bəxtiyar Vahabzadə "Loğmanlar yurdu" kitabını Azərbaycan təbiblərinin ensiklopediyası adlandırıb.
Ənvər Metenin “İblis xislətli erməni” kitabı 2009-cu ildə işıq üzü görmüşdür. Bu kitabda mənfur ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri vandalizmdən, soyqırımından və soydaşlarımızın doğma torpaqlarından qovulmasından, Qarabağ hadisələrindən geniş məlumat verilmişdir.
Alimin 2008-ci ildə "Nurlan" nəşriyyatında yenilənmiş "Loğmanlar" adlı kitabı işıq üzü görüb. Bu irihəcmli sanballı əsəri o, təbabətdə öz sözünü deyən, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinə həsr etmişdi. 2012-ci ildə "Elm və təhsil" nəşriyyatında "İntellektual ekologiya" adlı çox dəyərli toplusu çapdan çıxıb. O, təbabətdə ilk dəfə olaraq "İntellektual ekologiya" terminini irəli sürür.
Ənvər Mete ailəsinə, uşaqlarına bağlı olduğu kimi, soykökünə, boya-başa çatdığı doğma yurduna bütün varlığı ilə bağlı bir şəxs idi. Bu sevginin bəhrəsi kimi uzun illərin gərgin zəhmətinin nəticəsi olan "O torpağın övladları" kitabı işıq üzü gördü. 2006-cı ildə "Nurlan" nəşriyyatında çap olunmuş 600 səhifəlik kitab Şəkinin həyatında görkəmli rol oynayan və artıq unudulmaqda olan məşhur şəxsiyyətlərinə həsr edilmişdir. Burada əsrarəngiz gözəlliyi, tarixi abidələri ilə dünya şöhrəti qazanmış Şəki diyarı, xalqımızın fəxri olan, dövlətimizin mədəniyyətinin inkişafında, siyasi və iqtisadi həyatında mühüm rol oynamış şəxslər barədə ensiklopedik məlumatlar verilir. Ənvər Metenin bütün kitabları geniş oxucu kütləsi arasında böyük rəğbətlə qarşılanıb.
Onun həyat yolu alim-həkim-publisist-vətəndaş vəhdətində qurulmuşdu. O, zəngin dünyagörüşünə malik, dərdə üstün gəlməyi bacaran şəxsiyyət, sanballı elmi əsərlər yazan, vətənini dərin məhəbbətlə sevən, ailəsinə, dostlarına, həmkarlarına ciddi yanaşan və həyatda düzgün mövqe tutub yaşayan böyük ziyalı kimi şərəfli ömür yolu keçmişdir. 2014-cü il martın 19-da amansız ölüm, həmişə axtarışda olan, xeyirxah və səmimi insanı aramızdan apardı.
Ənvər müəllimin xatirəsi həmişə əzizlərinin, dostlarının və tanışlarının yaddaşında silinməz bir xatirə olaraq qalacaqdır. Ulu Tanrımızdan ona qəni-qəni rəhmət diləyirik.
Dostlarının adından,
Nadir Əhmədov,
respublikanın Fəxri rabitəçisi