Gündəlikdən səhifələr



İlham Rəhimli

Birinci gün: 18 dekabr 1991-ci il (çərşənbə).

Xeyli vaxt idi söhbət gedirdi ki, Akademik Dram Teatrında 1991-1992-ci il teatr mövsümündə işləmək üçün aktyorlarla, həmçinin yaradıcı-texniki işçilərlə müqavilə bağlanacaq. Bu məsələ haqqında söhbət gedən teatr mövsümünün əvvəlində, yəni 1991-ci ilin sentyabrında olmalıydı. Nədənsə məsələ uzanırdı. Nəhayət, iki gün əvvəl belə qərarlaşdıq ki, attestasiya məsələsinə beş-altı gün müddətində bədii sovetdə baxılsın. Müqavilə aktyorun yaradıcılığına uyğun olaraq bir, iki və üç il müddətinə bağlanmalıdır.
İlk iclasımız bu gün - 1991-ci il dekabr ayının 18-də saat 12.30-da teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun otağında keçirildi. Attestasiya iclasında bədii sovetin üzvlərindən Həsən Turabov, Yaşar Nuriyev, Azərpaşa Nemətov, Lütfi Məmmədbəyov, Kamal Xudaverdiyev, Vaqif İbrahimoğlu, Mərahim Fərzəlibəyov, Mehriban Ələkbərova, Ramiz Novruzov və mən - İlham Rəhimli iştirak edirik. Səyavuş Aslan kino çəkilişinə getdiyinə görə gəlməyib. Ancaq bu gün attestasiyadan keçəcək aktyorlar barədə qeydlərini bədii sovetə yazılı şəkildə təqdim edib.
On dəqiqəlik mübahisədən sonra razılaşdıq ki, səsvermə hər aktyorla bağlı ayrıca olsun. Özü də açıq səsvermə ilə və aktyorun özünün iştirakı ilə. Bir neçə aktyor attestasiyadan belə keçdi. Amma sonra müəyyən söz-söhbət oldu və məsələni yenidən müzakirə etdik. Bu dəfə qənaətə gəldik ki, səsvermə yenə də ayrıca, lakin gizlin keçirilsin. Hərəmiz öz qənaətimizi rəqəmlərlə kiçik kağızlara yazıb verək Həsən Turabova. O, komissiyanın sədri idi. Səsin yekunları açıq hesablansın. Sonra aktyor otağa dəvət edilsin və onunla neçə teatr mövsümünə müqavilə bağlanıldığı özünə bildirilsin. Onu da deyim ki, bəzən gizlin səsvermədən sonra açıq müzakirəyə də keçirdik və onda kimsə kiminsə xeyrinə mövsüm göstəricisini, rəqəmi dəyişib artırırdı...
Aktyorları növbə ilə otağa truppa müdiri Şahin Cəbrayılov dəvət edirdi. Həsən Turabov onların hər birinə attestasiyanın məram və məqsədi barədə qısaca məlumat verirdi. Onunla neçə mövsümə müqavilə bağlandığını bəyan edirdi. Mütləq hamıya bu sualı verirdi: “Nə sözün var?” Ona görə də mən aşağıda hər dəfə həmin sualı təkrar-təkrar yazmayacam. Birbaşa aktyorun cavabından başlayıb onları oxuculara çatdırıram. Şərh də vermirəm. Qoy oxucu, bir də teatrın bu dövrünün gələcək tədqiqatçısı özü nəticə çıxarsın.
Bəzən söhbət əsnasında diqqəti çəkən dialoqlar da oldu. Yeri gəldikcə mahiyyətini nəzərə alıb onları da oxucuya təqdim edəcəm.
Bir məsələni də nəzərinizə çatdırım. Aktyorun (həmçinin digər işçilərin) adının qarşısında mötərizədə verilən rəqəm onunla bağlanan müqavilənin il müddətini göstərir. Builki mövsüm üçün müqavilə 1992-ci il iyul ayının 31-dək nəzərdə tutulub. Çünki həmin gün bütün teatr məzuniyyətə buraxılır. Təzə mövsüm isə sentyabr ayından başlayır. Deməli, sentyabrın 1-dən bir illiklərin yenidən attestasiyaya buraxılıb-buraxılmaması məsələsinə yalnız teatrın direktoru və bədii rəhbəri Həsən Turabov səlahiyyətlidir. Beləliklə...

Rüstəm Əliyev. (1). Razıyam... Dübarə razıyam... Təki elə avqust ayına kimi sağ-salamat qalaq, o özü böyük işdi... ya qismət...
Hicran Nəsirova. (2). Ancaq təşəkkür edirəm. Hamınız sağ olun.
Məhbubə Məlikova. (1). (təəccüblə) Elə bircə mövsüm? Aaaa... Niyə? Bir az çox olmaz bəyəm?
Həsən Turabov. Yox, olmaz. Çünki əvvəldən səsə qoymuşuq. Bədii sovetin qərarı belədi ki, səninlə bir il müddətinə müqavilə bağlansın.
Məhbubə Məlikova. Deyirsiniz ki, iki-üçillik müqavilə yoxdu?
Həsən Turabov. Var, Məhbubə, var. Amma sən o qədər səs yığmamısan.
Məhbubə Məlikova. (bir-bir oturanları süzür) İndi mən neyləməliyəm?
Həsən. Bayırda gözlə, indi sənnən kağız-sənədlə müqavilə bağlayacaqlar. (Məhbubə çıxır).
Lalə Bağırova. (1). Sizdən... elə hamınızdan soruşuram: dediyiniz bu bir mövsümdə mənim işim olacaq? Mənə kimsə fərri-başlı demirəm, adi bir rol verəcək oynamağa?
Həsən. Hansı rolu istəyirsənsə götür hazırla, sonra da bədii sovetə təqdim elə. Biz də baxaq, fikrimizi deyək.
Lalə Bağırova. Həəə?.. Yaxşı də... baxarıq görək necə olacaq. Birinci il deyil ha teatrda işləyirik...
Sevil Abbasova. (1). Heç bir sözüm yoxdur. Qoy rejissorlar fikirləşsinlər, söz desinlər... Hər rejissorun bir-iki sevimli adamı var, elə onlara rol verir... Nə isə, ya qismət...
Replika. Olmadı də, Sevil...
Sevil Abbasova. Nədi, bəlkə düz demirəm?.. (rejissorları süzüb otaqdan çıxır).
Həqiqət Nəbiyeva. (1). Bir mövsüm?.. Yəni altı ay, hə? Aaaa, bu lap...
Həsən Turabov. Avqustun birinə qədər.
Həqiqət Nəbiyeva. Olsun avqustun birinə kimi. Amma Həsən müəllim, belə nə isə bir təhər alınır ey... Day neyniyək, sağ olun...
İradə Həsənova. (1). Necə məsləhətdi, Həsən müəllim... Günahkar sizsiniz.
Həsən Turabov. Bu gizli səsvermədi. Mənlik deyil.
İradə Həsənova. Onu demirəm. Aktrisa olmağımı deyirəm. Mən səhnədə, ekranda Sizi sevib gəlmişəm teatra... Olsun bir il...
Əjdər Həmidov. (1) Rəhbərlər bilən məsləhətdi.
İlham Rəhimli. Ay Əjdər, “Kişi sözü” filmində maraqlı rol oynamısan. Duzlu, koloritli, şirin. Çalış kinodakı kimi teatrda da özünü göstər, qabiliyyətini nümayiş elətdir.
Yaşar Nuriyev. Rol hazırla, Əjdər. Rol, rol, bir də rol...
Əjdər Həmidov. Rol verdilər, oynamadım?..
Münəvvər Əliyeva. (1). Mövsümün axırına az qalıb axı. Nəyə görə bircə il? Hər gün işləyirəm. Teatr da təmirdədi, mən özümü necə göstərim? Nə üçün mənimlə ikiillik müqavilə bağlamırsınız? Mən səhnəyə dünən çıxmamışam ha...
Həsən Turabov. Özünü göstər, gələn ildən müqaviləni ikiillik bağlayaq. İndi dünyanın axırı deyil ha.
Münəvvər Əliyeva. “Yalan”da oynadım, kim baxdı? Kim bir “sağ ol” dedi? Heç kim. “Hara gedir bu dünya?” əsərində altı ay məşq elədim, axırı nə oldu?.. Rejissorlar teatrda ayrı-seçkilik etməsinlər... (Kövrəlib çıxır).
Mətanət Atakişiyeva. (2). Vallah, deməyə sözüm yoxdu...
İlham Rəhimli. “Ezop” tamaşasındakı kimi rolları tez-tez oyna.
Mətanət Atakişiyeva. Onu rejissorlara deyin... Mən hamıdan razıyam...

İkinci gün: 19 dekabr 1991-ci il (cümə axşamı)

Əvvəlcə bu gün attestasiyadan keçəcək aktyorların hamısı çağırıldı. Turabov ümumi şərtləri onlara açıqladı. Sonra aktyorlar bayıra çıxdılar və bir-bir qəbul edildilər. Bugünkü bədii sovetdə on nəfər iştirak edir. Məşvərət elədik, razılaşdıq ki, səslər yarı bölünsə (yəni, 50 % - 50 %) Həsən Turabov bədii rəhbər kimi əlavə bir səsə də malikdi.
Məzahir Cəlilov. (1). Təki mənə rol verilsin. Nə olur, necə olur olsun, fərqi yoxdur, rol olsun. Qoy boş qalmayım, işləyim.
Namis Şirməmmədov. (1). Heç bir sözüm yoxdur.
Həsən Turabov. Sözü burda yox, səhnədə demək lazımdır. Cavan oğlansan, özünü işə ver də... Gərək sən gecə-gündüz rol hazırlayasan (Namis başı ilə Həsənin sözlərini təsdiqlədi).
Laləzar Mustafayeva. (2). Çox-çox təşəkkürlər. (Üç nəfər 1, altı nəfər 2, bir nəfər isə 3 illik müqaviləyə səs verib).
Həsən Turabov. Deyirəm bəlkə Laləzarı da teatra təzə gələnlərdən ayırmayaq. Elə onunla da birillik müqavilə bağlayaq...
Vaqif İbrahimoğlu. Qanunu pozmuş olarıq, Həsən bəy.
Səyavuş Aslan. Həsənağa, düz olmaz axı. Laləzar işləyən aktrisadı...
Qərarımız qüvvədə qaldı. Elxan Quliyevin məsələsinə baxılan məqamda Azərpaşa Nemətov da gəlib çıxdı.
Elxan Quliyev. (1). Sağ olun, Həsənağa müəllim. Başa düşürəm ki, işləmək lazımdır... Vallah başa düşürəm...
Firuz Xudaverdiyev. (1). Sözüm?.. Başımı aşağı salıb payıma düşən rolları oynamaq.
Əlvida Cəfərov. (1). Minnətdaram hamınıza. Əvvəldən ürəyimə dammışdı, kadrlar şöbəsində birillik müqaviləyə qol çəkmişəm.
Hamı gülür. Çünki əvvəl bədii sovetin qərarı çıxarılmalı, sonra qol çəkilməlidir.
Mirzə Ağayev. (1). Allah cəmi canuvuzu səlamət eləsün. Necə məsləhətdü...
Həsən Turabov. Mirzə, bəs makaron necə oldu? Camaat səni gözləyir...
Həmin günlərdə Mirzə Mərdəkandakı makaron fabriki ilə danışmışdı. Öz qiymətinə neçə ton makaron veriləcəkdi teatra və buradaca camaata satılacaqdı. Zavallı aktyor, öz qiymətinə malı da yüz minnətlə tapıb alır. Allah sabahından saxlasın...
Mirzə Ağayev. (ciddi tərzdə) Məniynən bir ilə bağlamamusuz müqaviləni? Elədü, elə dögül? Day innən sonra nə makaron, atam balası? Olmuyacaq makaron. Qurtardıq. (Hamı gülür).
Həsən Turabov. (o da ciddi tərzdə) Oldu, gedə bilərsən, Mirzə...
Mirzə Ağayev. (Həsənin zarafatını duymadı) Həsənağa müəllim, Allaha and olsun zarafat eliyirəm. Sabah sübhdən makaron hazırdı qulluquvuzda, mən ölüm. Özü də adama bir kisə...
Həqiqətən də səhərisi adam başına bir kisə (20 kiloqram) makaron satıldı...
İftixar Piriyev. (1). (Özü gəlməmişdi. Doqquz nəfər birillik, iki nəfər isə ikiillik müqavilə təklif etdi).
Mahir Mirzəliyevin məsələsində səslər yarı bölündü. Altı nəfər birillik müqavilə təklif etdi. Beş nəfər, üstəgəl Turabovun bir səsi də altı oldu. Azərpaşa Nemətov verdiyi “bir il” təklifini dəyişib “ikiillik” etdi. Beş səsə qarşı yeddi səslə Mahirlə ikiillik müqavilə bağlanması qərarına gəlindi.
Mahir Mirzəliyev. (2). Hamınızı öpürəm. Harda, haçan deyirsiz, mən qulluğunuzda hazır. Əmim başda olmaqla. (Mikayıl Mirzə onun əmisidir - İ.R.).
İlqar Vəliyev. (1). Arzum yoxdur. Razıyam hamınızdan.
Sabir Məmmədov. (2). Çalışaram etimadınızı doğruldum. Bu iki il də bəsdir.
Mahəddin Əsgərov. (1). Rol istəyirəm. Necə olur-olsun. Təki səhnəyə çıxım.
Həsən Turabov. Belə getsə gələn mövsümdən səninlə vidalaşmalı olacayıq. Ciddi fikirləş. Rollar hazırla və bədii sovetə göstər. Aydındı?
Mahəddin Əsgərov. Başa düşdüm, Həsən müəllim...

Qeyd: Bugünkü iclasdan sonra Vaqif İbrahimoğlu səmərəli bir təklif etdi. Dedi ki, bir mövsümlük şərti müqavilə bağladığımız aktyorları söhbətə çağıraq. Repertuardakı tamaşalarda necə rol hazılamağın, necə məşq etməyin əməli-texniki tərəflərini onlara aydınlaşdıraq. Həsən Turabovun əmri ilə rejissorlara xüsusi tapşırılsın ki, həmin aktyorlarla məşqə vaxt ayırsınlar. Repertuarda tamaşası olan hər rejissor öz əsərinə cavabdehdir. Dünyasını dəyişmiş rejissorun tamaşasında oynamaq istəyən aktyora da ayrıca yardım göstərilsin.
Hamı bu təklifi bəyəndi. İki gün sonrakı iclas qurtaranda haqqında söhbət gedən aktyorlarla bu istiqamətdə ətraflı söhbət aparıldı. Çox-çox təəssüflər ki, adlarını əksər teatrsevərlərin birinci dəfə eşitdikləri gənclərdən heç kəs bu təşəbbüsdə bulunmadı. Onlardan biri də özünün gələcək yaradıcılıq fəaliyyətinin necə qurulması, ümumiyyətlə, səhnə sənətinə yararlı olub-olmaması barədə fikirləşmədi. Görünür, teatrın uzun çəkən təmirindən sonra rəhbərlik bu istiqamətdə qəti tədbirləri inzibati yolla görmək məcburiyyətində qalacaq...

Üçüncü gün: 20 dekabr 1991-ci il (cümə)

Bugünkü iclasda gənc rejissor Bəhram Osmanov və Akademik Dram Teatrının sərəncamçı direktoru Ədalət Vəliyev də iştirak edirlər. Vaqif İbrahimoğlu gəlməyib. Komissiyanın üzvləri on iki nəfərik.
İlham Əsgərov. (2). (Bir mövsümə 3 səs, iki mövsümə 9 səs aldı). Çox razıyam.
Zemfira Nərimanova. (2). (İki mövsümə 9 səs, üç mövsümə 3 səs aldı. Özü gəlməmişdi. Dedilər Moskvadadır).
Kübra Əliyeva. (2). (Bir mövsümə 4 səs, iki mövsümə 8 səs aldı). Təşəkkür edirəm. Hamınıza qurban olum. Ay Allah, sən Həsənağa müəllimin canını sağ-salamat elə. Qoy həmişə kollektivimizin başının üstündə olsun. Amin, ay Allah...
Fikrət Vəliyev. (2). (Bir mövsüm - 4 səs, iki mövsümə 8 səs aldı). İstəyirəm səhnədə çox olum... Müqavilədir də...
Ramiz Novruzov. (2). (Səsvermədə özü otaqdan çıxdı. Yekdilliklə iki mövsümə səs aldı).
Füzuli Hüseynov. (2). (İki mövsümə 11 səs, üç mövsümə 1 səs aldı). Həsənağa müəllim, nə qədər cavanıq rejissorlar bizi gecə-gündüz işlətsinlər.
Səidə Quliyeva. (1). (Bir mövsümə 9 səs, iki mövsümə 3 səs aldı). Lap yaxşı (gülür), Allah sizdən razı olsun. Rejissorlara da bir az insaf versin.
Saleh Babayev. (1). (Bir mövsümə 7 səs, iki mövsümə 5 səs aldı). Deyəsən, teatrdan gedəsi olacam...
Şükufə Yusupova. (2). (Bir mövsümə 2 səs, iki mövsümə 9 səs, üç mövsümə 1 səs aldı). İstəyirəm teatrda paralel 3-4 tamaşa hazırlansın, mən də ürəkdən işləyim.
Sevil Xəlilova. (1). (Bir mövsümə 11 bir səs, iki mövsümə 1 səs aldı). Deməli, belə çıxır ki, may ayında mən teatrdan getməliyəm, hə?
Həsən Turabov. Əvvəla, müqavilə müddəti may ayınacan yox, iyulun 31-ə qədərdi. İkincisi də, axı, ay Sevil, dedim ki, birilliyə müqavilə bağladığımız aktyorlarla sentyabrda yenə söhbət edəcəyik. Məgər aydın deyil?
Sevil Xəlilova. Aydındır ey... noooldu, mənə çatanda... nə isə... Sağ olun...
Pərviz Bağırov. (1). (Bir mövsümə 9 səs, iki mövsümə 3 səs aldı. Pərviz Yaşar Nuriyevə baxdı. Onlar institutda bir kursda oxuyublar. Yaşar başını aşağı salıb karandaşla kağıza nəsə çəkirdi. Pərviz üzünü Həsən müəllimə tutdu). Heç bir sözüm yoxdu. İşləyək, görək payızda başımıza nə gələcək.
Telman Adıgözəlov. (1). (Bir mövsümə 10 səs, iki mövsümə 2 səs aldı. Aktyorun özü iclasa gəlməmişdi).

Qeyd: İclas qurtaranda Həsən Turabov qapıdan çıxmaq istəyən Mehriban Ələkbərovaya dedi ki, sən qal. Məni də getməyə qoymadı. Otaqda üçümüz idik. Mehriban sumkasından bir siyahı çıxartdı. Onlar ikilikdə Kamil Abdullayevin “Leyli və Məcnun” pyesinin rol bölgüsünü müzakirə etdilər. Bu pyes Füzulinin eyniadlı poeması əsasında yazılmış psixoloji faciədir. Əsəri ilkin oxuyub bədii sovetə təqdim etməyi Kamil Abdullayevə mən məsləhət görmüşəm. Əvvəl tərəddüd etdi. Xeyli müddətdən və mənim dönə-dönə təkidimdən sonra Kamil razılıq verdi. “Leyli və Məcnun” pyesi bədii sovetdə oxunub bəyənildi. Tamaşanın rejissorluğu Mehriban Ələkbərovaya tapşırıldı. Faciəni tamaşaya o qoymalı, Həsən Turabov isə quruluşun bədii rəhbəri olmalıydı...
Mehribanın təqdim etdiyi rol bölgüsünü nəzərdən keçirəndən sonra Turabov özünü də rola yazdı. Gərək ki, Məcnunun atasına, ya da orada nurani ağsaqqal müdrik var - Pir Sultan - həmin rola. Hər halda mən aydın görə bilmədim. Mehriban dedi: “Həsən müəllim, elə mən də o rola sizi nəzərdə tutmuşdum”. Nofəl rolu barədə müzakirə oldu. Rejissorun təklif etdiyi aktyoru Həsən istəmədi, fikrini də əsaslandırdı. Bir neçə aktyorun adı çəkildi, ancaq razılığa gəlinmədi. Sual açıq qaldı. Mehriban bildirdi ki, bu barədə fikirləşib iki-üç günə Həsən Turabova öz qənaətini deyəcək...

(Ardı var)