Azərbaycan
23 may 1524 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 - 1524) vəfat edib. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. «Xətai» təxəllüsü ilə şeirlər yazıb. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
23 may 1919 - Xalq yazıçısı Hüseyn İbrahimov (1919 - 10.4.2008) Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində doğulub. “Şirin xatirə”, “Bahar yağışı”, “Əsrin onda biri”, “Qu quşları öləndə oxuyurlar” və s. kitabların müəllifidir. Naxçıvan Ali Sovetinin sədri (1963-1967) işləyib.
23 may 1923 - Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki Milli Kitabxana) təntənəli açılışı keçirilib. 1939-cu ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə kitabxanaya görkəmli mütəfəkkir, yazıçı-dramaturq M.F.Axundzadənin adı verilib.
23 may 1955 - Tanınmış şair, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli (Vaqif İttifaq oğlu Quliyev) Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 20-dək şeir, publisistika, hekayə və tərcümələrdən ibarət kitabların müəllifidir.
23 may 1986 - Xalq artisti, rejissor Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23.2.1911, Şuşa - 1986) vəfat edib. Azərbaycan musiqili teatrının yaradıcılarından biridir. Akademik Dram Teatrında rejissor, Musiqili Komediya Teatrında, Dövlət Filarmoniyasında bədii rəhbər və direktor işləyib. “O qızı tapın”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib.
24 may 1830 - Publisist, maarif xadimi Hüseyn Əfəndi Yusif oğlu Qayıbov (1830-1917) anadan olub.
24 may 1863 - Şair, nasir, tərcüməçi, maarifçi Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (1863 - 31.8.1942) Şəkidə anadan olub. "Qan ocağı”, "Pul dəlisi", "Saqqalın kəraməti", "Diş ağrısı" və s. pyeslərin müəllifidir. Rus şairlərindən, Firdovsidən, Şillerdən tərcümələr edib. Qori Müəllimlər Seminariyasında dərs deyib, dərsliklər (“Uşaq bağçası”) yazıb.
24 may 1874 - Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874-1918) Şamaxıda anadan olub. Klassik rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edib, onları “Məğrib günəşləri” (iki cilddə) adlı kitabında 1912-ci ildə çap etdirib.
24 may 1875 - Şair, publisist, tərcüməçi, folklorşünas, maarif xadimi Məhəmməd Mirzə Kərim oğlu Axundzadə (1875-1923) anadan olub.
24 may 1879 - Publisist, teatr xadimi Mehdi bəy Süleyman bəy oğlu Hacınski (1879-1941) anadan olub. "Nicat" xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik edib.
24 may 1880 - Şair, publisist Əliqulu Qəmküsar (Əliqulu Ələkbər oğlu Nəcəfov; 1880 - 4.3.1919) Naxçıvanda doğulub.
24 may 1885 - Tədqiqatçı alim, tərcüməçi Əli Eyyub oğlu Şabanov (1885-1949) anadan olub.
24 may 1885 - Şair, publisist Cabbar Əsgər oğlu Əsgərzadə (1885-1966) anadan olub.
24 may 1893 - İlk azərbaycanlı qadın pianoçulardan olan Xədicə Qayıbova (1893 - 27.10.1938) Tiflisdə doğulub. Fortepianoda muğamların ilk ifaçısı kimi məşhurlaşıb, pedaqoji fəaliyyət göstərib. Repressiya qurbanı olub.
24 may 1893 - Ədəbiyyatşünas alim Mustafa Zəkəriyyə oğlu Quliyev (1893-1938) Şəkidə anadan olub. Azərbaycan SSR xalq maarifi komissarı (1922-1928), "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət" jurnallarının məsul redaktoru işləyib. Repressiya qurbanıdır.
24 may 1899 - Şairə Ümgülsüm Sadıqzadə (1899-1944) Bakının Novxanı kəndində doğulub. Yazıçı-dramaturq Seyid Hüseynin həyat yoldaşı olub. 1937-ci ildə ailəliklə repressiya ediliblər. S.Hüseyn güllələnib, Ü.Sadıqzadə Rusiyanın Mordoviya vilayətinə həbs düşərgəsinə göndərilib. 1944-cü il iyulunda həbsdən geri qayıdıb, iki ay sonra vəfat edib.
24 may 1910 - Dahi bəstəkar Üzeyir Hacıbəylinin ilk musiqili komediyası olan "Ər və arvad" əsəri səhnələşdirilib. Komediyanın ilk tamaşası Bakıda Nikitin qardaşları sirkinin səhnəsində göstərilib. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım), H.Terequlov (Səfi), M.Əliyev (Kərbəlayı Qubad) və başqaları çıxış ediblər.
24 may 1919 - Aşıq-şair Xaspolad Coşqun (Xaspolad Salman oğlu Mirzalıyev, 1919-1990) Ağdam rayonunun Gülablı kəndində anadan olub.
24 may 1925 - Ədəbiyyatşünas, türkoloq, tanınmış həkim, ictimai xadim Cavad Heyət Təbrizdə doğulub. “Azərbaycan ədəbiyyat tarixinə bir baxış” (iki cilddə), “Müqayisətül-lüğəteyn”, “Türklərin tarix və mədəniyyətinə bir baxış” və s. əsərlərin müəllifi, Azərbaycan dilində nəşr olunan «Varlıq» jurnalının yaradıcısıdır.
24 may 1930 - Şair, tərcüməçi Əli Səngərli (Məmmədov; 1930- 23.4.2009) Borçalı bölgəsinin Faxralı kəndində anadan olub. Kitabları: “Şair ürəyi”, “Bu köhnə dünyada təzə nə var ki...”, “Uzaqlarda qalan dünyam”.
24 may 1935 - Şair Hacıbala Səməd oğlu Şirinov (1935-2000) anadan olub.
24 may 1948 - Görkəmli aktyor, Xalq artisti Fuad Ağarəhim oğlu Poladov Bakıda doğulub. Milli Dram Teatrında çalışıb, 1989-cu ildən Rus Dram Teatrının aktyorudur. Teatrla yanaşı, kinoda (“İşarəni dənizdən gözləyin”, “Güllələnmə təxirə salınır!”, “Ovsunçu”, “Arxada qalmış gələcək”, “Küçələrə su səpmişəm”), televiziya tamaşalarında (“Atayevlər ailəsi”, “Alov” və s.) zəngin obrazlar qalereyası yaradıb.
24 may 1967 - Filoloq-alim, yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925-1967) vəfat edib. "Əcəb işə düşdük", “Özümüz bilərik", "Milyonçunun dilənçi oğlu" və s. pyeslərin müəllifidir. Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik edib. Azərbaycan KP MK-nın katibi olub.
25 may 1936 - Azərbaycan Dövlət Filarmoniyası yaradılıb. Filarmoniyanın yerləşdiyi bina 1912-ci ildə “İctimai toplantılar üçün yay binası” olaraq inşa edilmişdi. 1920-ci ildə təşkil edilən Azərbaycan Dövlət Simfonik Orkestri, digər musiqi kollektivləri burada çıxış edirdilər. 1936-cı ildə respublikanın musiqi qurumları Filarmoniyada birləşdirildi.
25 may 1942 - Əməkdar mədəniyyət işçisi, xormeystr, Prezident təqaüdçüsü Səidə Müslüm qızı Məmmədova anadan olub.
25 may 1949 - Əməkdar artist Tofiq Əbdürrəhim oğlu Hüseynov Qusar rayonunun Hil kəndində anadan olub. İrəvan, Sumqayıt, Gənc Tamaşaçılar teatrlarında çalışıb. Milli Dram Teatrının aktyorudur. “O dünyadan salam”, “Biz qayıdacağıq”, “Cavid ömrü” filmlərində çəkilib.
26 may 1877 - Maarifçi-alim Məhəmmədəli Tərbiyət (1877 - 17.1.1940) Təbrizdə doğulub. Şəhərin bələdiyyə rəisi olub, yeni tipli "Tərbiyət" mədrəsəsi və kitabxana açıb. Qədim zamandan XX əsrədək Azərbaycan mədəniyyəti tarixini əhatə edən "Danişməndani-Azərbaycan" ensiklopedik toplusunun müəllifidir.
26 may 1894 - Ədəbiyyatşünas alim, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə latın qrafikalı əlifbanın tətbiqi, digər türkdilli ölkələrdə yayılmasında aktiv fəaliyyət göstərib, «El aşıqları” toplusunu tərtib edib. Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. Repressiya qurbanı olub.
26 may 1914 - Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyev (1914 - 3.10.1996) Füzuli şəhərində anadan olub. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin («Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Natəvan», «Hökmdar və qızı», “Şeyx Xiyabani», «Sevgililərin cəhənnəmdə vüsalı» və s.) müəllifidir.
26 may 1938 - Şair Adil Rəsul (1938-1997) anadan olub.
26 may 1941 - Xalq artisti, diktor Ofeliya Hacağa qızı Sənani anadan olub. "Dağlarda döyüş", "Ulduzlar sönmür” filmlərində çəkilib. "Azərbaycanfilm" kinostudiyasında dublyaj şöbəsində 100-dən artıq filmin qəhrəmanlarını səsləndirib.
26 may 1953 - Yazıçı-publisist, tərcüməçi Elmira Hüseyn qızı Axundova anadan olub. "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyi, "Poliqrafçının ölümü", "Həqiqət anı" və s. kitabların müəllifidir. Azərbaycan yazıçılarının əsərlərini rus dilinə tərcümə edib. Milli Məclisin deputatıdır.
Dünya
23 may 1891 - İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1951) laureatı Fabian Lagerkvist (1891-1974) anadan olub. Əsərləri: “Cəllad”, “Cırtdan”, “Varavva”, “Savilla” (romanlar), “Qəlbsiz insan”, “Qaranlıqda qələbə” (pyeslər).
23 may 1921 - Məşhur rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Çuxray (1921-2001) anadan olub. Filmləri: “Qırx birinci”, “Əsgər haqqında ballada” və s.
23 may 1930 - Tanınmış rus teatrşünası, teleaparıcı Vitali Yakovleviç Vulf (1930 - 13.3.2011) Bakıda doğulub.
24 may 1899 - Belçika əsilli fransız şairi, rəssam Anri Mişo (1899-1984) anadan olub.
24 may 1905 - Görkəmli rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1965) laureatı Mixail Aleksandroviç Şoloxov (1905 - 21.2.1984) anadan olub. Əsərləri: “Sakit Don”, “Dirçələn torpaq”, “Onlar Vətən uğrunda döyüşüblər”, “İnsanın taleyi” və s.
24 may 1940 - Rus şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1987) laureatı İosif Aleksandroviç Brodski (1940 - 26.1.1996, Nyu-York) Leninqradda (Sankt-Peterburq) doğulub. 1972-ci ildə Amerikaya mühacirət edib.
24 may 1941 - Amerika müğənnisi, bəstəkar, şair Bob Dilan (Robert Allen Zimmmerman) anadan olub.
25 may 1803 - Amerika şairi, filosof, esseist Ralf Uoldo Emerson (1803-1882) anadan olub.
25 may 1905 - Ukrayna yazıçı-dramaturqu, akademik, dövlət xadimi Aleksandr Korneyçuk (1905-1972) anadan olub.
25 may 1942 - Rusiyanın Xalq artisti Aleksandr Kalyagin anadan olub. Azərbaycanda rejissor Rasim Ocaqovun “İstintaq” (SSRİ Dövlət mükafatı), “Bağlı qapı”, “Park”, “Özgə ömür” filmlərinə çəkilib.
26 may 1822 - Fransız yazıçısı Edmon de Qonkur (Edmond Huot de Goncourt ; 1822 - 16.7.1896) anadan olub. Məşhur yazıçı Jül de Qonkurun (1830-1870) böyük qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
26 may 1842 - Tanınmış gürcü yazıçısı və şairi Georgi Seretelli (1842 -1900) anadan olub. Əsərləri: “İlk addım”, “Asimat xala”, “Boz qurd” və s.
26 may 1878 - Amerikalı balerina, baletdə modern rəqsin banilərindən biri Aysedora Dunkan (Isadora Duncan; 1878-1927) anadan olub.
26 may 1900 - Çex şairi, bəstəkarı və rəssamı Vitezlav Nezval (1900-1958) anadan olub.
26 may 1904 - Görkəmli türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904 - 25.5.1983) anadan olub. “Səkilər şairi" (türkcə "Kaldırımlar şairi"), "Mən və ötəsi" və s. kitabları ilə məşhurlaşıb. Türk Ədəbiyyatı Vəqfi tərəfindən 1980-ci ildə "Sultan-üs-şüara" (“Şairlər sultanı”) fəxri adına layiq görülüb.
26 may 1908 - Rus yazıçı-dramaturqu Aleksey Arbuzov (1908-1986) anadan olub. Əsərləri: “Köhnə dəbli komediya”, “Tanya”, “On ikinci saat” və s.
Hazırladı: Vüqar Orxan