Yüzdə Tək, mində Bir - Mirzə Ələkbər Sabir!..

Belə bir bədiiyyat memarı haqda yazıya qrammatik-matematik ifadələrlə başlamağım özümə də qəribə gəlir. Amma... neyləyəsən, bu şairin mahiyyəti qəribəliklərlə doludur. Bu apaydın adamı yüz kərə oxuyub-eşitsən də, min faiz unayıb-anlasan da, yenə mayasında nəsə qalır. Məsələn, mən onun şedevrlərindən birini elə şagirdliyimdən bəri “Tək Sabir” kimi daşımaqda, kompleksal bütövünü isə, tək elə snayperik Qələmiycə yox, isimi, sir-sifətiycə də Təkcə, Bircə timsalıyca yaşamaqdayam...

“Sir-sifətiycə” sözümün çözümünə dair elə bir bunu demək kifayət ki, onun foto, portret və heykəllərindəki ciddidən ciddi surəti, dahiyanə doğal “qaş-qabağı” hara, “Pah atonnan, nə ağır yatdı bu oğlan, ölüb ə! Nə də tərpənməyir üstündəki yorğan, ölüb ə!!” misralarındakı Molla Nəsrəddinmisal baməzəlik, Bəhlul Danəndəvarı atmacalıq hara? Hələ “Qabla dəxi marfaşını, Mirhaşım, Götür daha qaç başını, Mirhaşım!” kimi uğun-uyuşdurucu şeirləri! Bu... “kef-damaq”cıl misraları “Tacirlərimiz Sonyalara bənd olacaqmış, Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!” kimi dərd-ələmcil beytlərlə də müqayisə etməli...
...Və bura qədər üzdən-üzdən üzüb gəlinən bu yazı-çayla onun “...bir qocaman dağ” kimi durduğu -

Dəryaya doğru getməli...

Şamaxıda 1902-ci il tarixli fizioloji-seysmoloji tar-marlıq zəlzələsindən düz 40 il əvvəl - 1862-ci il mayın 30-da bir bioloji varlıq “zəlzələ”si də doğulubmuş ki, gücü üç sətir-“bal” olan bu gələcək sunamidən yeddi il sonra xəbər tutublar: “Tutdum orucu irəmazanda, Qaldı iki gözüm qazanda, Mollam da döyür yazı yazanda”.
Sonra beş il mollaxana, ardınca Seyid Əzimin yeni üsullu məktəbi, daha sonra atasının onu təhsildən ayırıb öz dükanında köməkçi işlətməsi, alış-verişdən çox oxuyub-yazmağa həvəs göstərən bu “tərs uşağı” tez-tez məzəmmət etməsi, şeir dəftərini cırsa da onu mütaliə və şeir yazmaqdan çəkindirə bilməməsi, “atam məni bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyəm” üsyanı və başqa şəhərləri gəzməsi və bu minvallarla gəlib-gəlib böyük ümummilli Mirzə olması...
Bu Mirzəliyə qədər Ələkbər hələ ata olmalı, səkkiz qız, bir oğul böyütmə əzabları yaşamalı, öz böyük şəxsiyyətliliyini və fenomenal istedadını təsdiq etmək üçün kiçik şəxslərlə üz-üzə gəlməli idi...
Bu böyük sənətkar haqda sənədlər də çox söz deyir. Çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olub Mirzə Ələkbər. Uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və ictimai tərəqqisini də təmin etməyə çalışıb. Oğlu bir yana, arvadını və qızlarını da savadlı görmək istəyib, onlara əlifba öyrədib.
XIX və XX əsrlərin qovuşduğu illərdə ağır ailə qayğısı çəkən Sabir şeirdən bir qədər uzaqlaşsa da, 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətlə boş vaxtlarında ədəbi məclislər düzəldib, klassik şairlərin və özlərinin şeirlərini oxuyar, təhlil və müzakirə edərmiş. XX əsrin əvvəllərindən şeirləri mətbuat səhifələrində görünən Sabir 1906-cı ildə "Molla Nəsrəddin" jurnalını öz arzularının jurnalı kimi qarşılayıb, onun ən sevimli və fəal müəlliflərindən olur. C.Məmmədquluzadə ilə dostluq münasibətləri hər iki sənətkar üçün daha yüksək qarşılıqlı yaradıcılıq bəhrəsi verir. Lakin “Molla Nəsrəddin”də çoxlu dost qazanan şairin düşmənləri də artır. Şamaxıda, Bakıda, İranda irticaçılar onu kafir elan edir, ölümünə fətva verir, qoçular yolunu kəsib hədələyirlər. 1907-ci ildə sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmağı, yaradıcılığını daha müntəzəm davam etdirməyi qərarlaşdıran Sabir Bakıya gəlib “İrşad” qəzetində korrektor işləyir, müəllimlik üçün imtahana hazırlaşır. Bu arada Qori Müəllimlər Seminariyasındakı dostlarından aldığı (yaxınlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacağı haqda) məktubdan çox sevinsə də, ümidi boşa çıxan şair 1908-ci il mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır, çoxdan arzuladığı "Ümid" məktəbini açır. 1910-cu ilin əvvəllərində Bakıya işləməyə gələn Sabir əvvəlcə "Zənbur" jurnalı redaksiyasında çalışır, az sonra Balaxanı məktəbində dərs deməyə başlayır. O ilin yazından Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyalarında çalışır, eyni zamanda "Molla Nəsrəddin"ə yazmaqda davam edir. Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ağır xəstəliyə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində yatır, "Molla Nəsrəddin" əməkdaşlarının böyük qayğıkeşliyilə əhatələnir. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yazıb-yaratmağa davam edir, jurnalın redaksiya işlərinə yaxından kömək edir. İyunda həkimlər cərrahiyə əməliyyatı aparmağı təklif edirlər, lakin şair buna razı olmur. O, Şamaxıya qayıdır və axır günlərində öz mənəvi “epiqriz”i kimi səslənən “İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl, Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!” misralarını yazır.
"Molla Nəsrəddin" 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım üçün bir elan dərc edir, Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq ianə göndərirlər. Şair xəstəliyinin çox şiddətləndiyini görüb, əməliyyat üçün iyulun 8-də Bakıya gəlsə də, həkimlər artıq bunun heç bir fayda verməyəcəyini söyləyir və Şamaxıya qayıtmasını məsləhət görürlər. 1911-ci il iyulun 12-də böyük şairimiz vəfat edir, Şamaxıda “Yeddi günbəz" qəbiristanlığında dəfn edilir. Vəfatından bir il sonra arvadı Büllurnisə xanım və dostlarının səyilə onun şeirləri "Hophopnamə" adı ilə çap olunur və bu kitab oxucular tərəfindən misli görünməmiş bir hərarətlə qarşılanır. İki il sonra xalqın ianəsilə "Hophopnamə"nin ikinci - daha mükəmməl nəşri buraxılır.
Sabira!..

Onun qələmindən çıxan bu gözəl, əsrarəngiz xitab yəqin ki, dilində daha ləzzətlə səslənirmiş:

“Sabira, beynəlmiləl tədbiri-ülfət etməli,
Həqqi xəlqə bildirib, dəfi-zəlalət etməli”.

Yetkin vaxtında (əslində, ömrünün sonlarında) yazdığı şeirlərinin, demək olar, hamısı ictimai mövzularda olan şair canlı mübarizə meydanında söz qılıncıyla çarpışan ahıl-ağsaqqal bir müdrik, gənc eşqli atəşin bir vətəndaş idi. Mövcud cəmiyyətin ziddiyyətləri isə bu vətəndaş-qəhrəman üçün azadlıqda ikən bir zindan timsalı:

Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dayana bilmirəm.
Derlər utan, hərzəvü-hədyan demə,
Güc gətirir dərd, usana bilmirəm!


Dünyagörüşündəki qüvvətli humanizmlə, insanın yer üzündə azad, yaradıcı bir həyat qurması haqqında arzularla yaşayan şair: “Kim ki insanı sevər, aşiqi-hüriyyət olur, Bəli, hürriyyət olan yerdə də insanlıq olur” fikirlərilə yaşayır və qadir qələmiylə başqalarını da bu axara dəvət edirdi. Ümumiyyətcə, Sabir ikili oxucu qruplarından birini daha da “öldürmək”, o birini daha da diriltməklə məşğul idi. O, psixolojicə aşağıdakıları yuxarıdakılara qoşmaq çabalarında olub hər zaman - 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi “Səttarxana” şeirində olduğu kimi:

Afərin, Təbriziyan, etdiz əcəb əhdə vəfa!
Dustü-düşmən əl çalıb, eylər sizə səd mərhəba!
Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!
Cənnəti-əladə peyğəmbər sizə eylər dua.


Dövrünün əsl islamçı müsəlmanlarını kafir adlandıran “din xadimləri”nə yazdığı şeirdə isə elələrini “onların dili ilə danışdırıb”, elə öz arşınlarıyla da aşağılandırır:

Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz,
Bu avamlıqla belə hər sözü təfsir edəriz,
Yeri gəldikdə müsəlmanları təkfir edəriz.


“Qanma!”, “anlama!” kimi əmrlərə “Qabili-imkanmı olur qanmamaq?” sayaq cavablar verən, milli oyanışa nail olmağın yolunu elmə, təhsilə yiyələnməkdə, özünü dərketmədə, dünya işlərindən baş çıxarmaqda görən Sabir elm, təhsil, mərifət və məktəbdən yaza-yaza özü də bir universal Məktəb oldu ki, bu ocaq dünya durduqca yanacaq!..

Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar