İlham Rəhimli

 

 Gündəlikdən səhifələr


Səsvermənin səs-sorağı

(Əvvəli qəzetin 23 may tarixli sayında)

Dördüncü gün: 21 dekabr 1991-ci il (şənbə)

Lütfi Məmmədbəyov və Ədalət Vəliyev iclasda yoxdular. Həsən Əbluc da səsvermədə iştirak edir. On bir nəfərik.
Sadıq İbrahimov. (2).
Birinci müzakirədə Sadıq bir mövsümə səs yığdı. Turabov etirazını bildirib onu müdafiə etdi. Onun çıxışından sonra təkrar səsvermə oldu. Daha doğrusu, mən ikinci səsvermədə açıqca əvvəlki rəyimi dəyişib iki mövsümə razılaşdım. Beləliklə, səsvermənin də nisbəti dəyişdi: bir mövsümə 5 səs, iki mövsümə 6 səs aldı.
Aqşin Vəlixanov. (2). (Bir mövsümə 2 səs, iki mövsümə 9 səs aldı. Turabov bu nəticəni Aqşinə bildirdi). Lap əla eləmisiniz. Səhv deyil, düz fikirləşmisiniz.
Hamımız gülüşdük. Aqşin əsgər kimi döndü, “gələn görüşlərədək” deyib, otaqdan çıxdı.
Ələsgər Məmmədoğlu. (2). (Bir mövsümə 4 səs, iki mövsümə 7 səs aldı). Eşq olsun bədii sovetə! Çox sağ olun.
Rafael Dadaşov. (1). (Bir mövsümə 6 səs, iki mövsümə 5 səs aldı. Özü iclasa gəlməmişdi).
Hacı İsmayılov. (2). (Bir mövsümə 2 səs, iki mövsümə 9 səs aldı). Nə deyə bilərəm? Necə məsləhətdir... Təki iş olsun, iş.
Zərnigar Ağakişiyeva. (2). (Bir mövsümə iki səs, iki mövsümə 8 səs, üç mövsümə 1 səs aldı). Heç bilmirəm, bu müqavilə haradan çıxdı ey? İşləyək, görək, başımıza nə gəlir.
Elmira Haşımzadə. (1). (Bir mövsümə 9 səs, iki mövsümə 2 səs aldı). Nə sözüm olacaq. Rejissorlardan rol gözləyirəm.
Bəsti Cəfərova. (2). (Bir mövsümə 2 səs, iki mövsümə 9 səs aldı). Sağ ol, Turabov. Öpürəm sizi.
Səyavuş Aslan. Bəs biz? Əziyyət çəkib səs vermişik, elə şey olar, ayıbdı axı. (Hamı gülüşdü).
Bəsti Cəfərova. Elə hamınız sağ olun. Səyavuş müəllim, sizi ayrıca öpürəm...
Səyavuş Aslan. (məmnun) Bax, bu başqa məsələ.
Nazir Əliyev. (2). (Bir mövsümə 4 səs, iki mövsümə 7 səs aldı). Ancaq təşəkkürlər.
Hicran Mehbalıyeva. (1). (Bir mövsümə 7 səs, iki mövsümə 4 səs aldı).
Hicran içəri şəstlə daxil oldu. Amma bir mövsüm sözünü eşidəndə azacıq duruxdu. Tez özünü toxtaq tutub “sağ olun” dedi və pərtliklə otaqdan çıxdı.
Elxan Ağahüseynoğlu. (2). (Bir mövsümə 3 səs, iki mövsümə 8 səs aldı). Çox gözəl. Təşəkkürlər.
Firəngiz Mütəllimova. (2). (Yekdilliklə iki mövsümə səs yığdı). Yaxşı, deyin görüm, məni niyə axıra saxlamısınız? Burda nəsə sirr var, Allaha and olsun. Bilməsəm ürəyim partlayar.
Firəngiz bu sözləri ağbirçək aktrisa Məhluqə Sadıqovanın səsiylə deyib, onun ədalarını göstərirdi. Bugünkü iclas da beləcə gülüşlə qurtardı.

Qeyd: İclasdan sonra ikimiz Həsənin otağında oturub çay içirdik. Rafael Dadaşov bir böyrü üstə əyilmiş kimi, yanını basa-basa, asta addımlarla otağa daxil oldu. Üzr istəyib dedi:
- Həsən müəllim, iki gündür lümbarqom tutub, gücnən yeriyirəm. Ona görə gecikmişəm.
Həsən ürək-dirək verib dedi:
- Rafael, İlyas müəllim təzə komediya yazıb. Orda baş rollardan birini sənə veriblər. Yaxşı hazırlaş.
Rafael təbəssümlə: - Ay Turabov, vallah iş üçün darıxmışam. Söz verirəm, var gücümnən çalışacam.

Beşinci gün: 23 dekabr 1991-ci il (bazar ertəsi)

Təmirlə bağlı teatrın istirahəti bazar günüdür. Ona görə növbəti iclası bazar ertəsi keçirdik. Yenə saat birin yarısında. Əvvəl on bir nəfər idik. İclas başlayandan beş dəqiqə sonra Vaqif İbrahimoğlu da gəlib çıxdı.
Əlibala Nurzadə. (2). (Bir mövsümə 4 səs, iki mövsümə 7 səs aldı. Vaqif səsverməyə çatmadı). İşləmək lazımdır. İşləmək! Klassik əsərlərdə rol verin mənə. Yaqo, Qacar, Klavdi...
Safurə İbrahimova. (2). (Bir mövsümə 2 səs, iki mövsümə 10 səs aldı. Safurə xanım özü iclasa gəlməmişdi. Dedilər ki, nasazdı).
Məcnun Hacıbəyov. (2). (Bir mövsümə 1 səs, iki mövsümə 11 səs). Heç bir sözüm yoxdu... (tutuldu) Deməli, iki il, hə?
Həsən Turabov. İki il, Məcnun.
Məcnun Hacıbəyov. (fikirli) Nooolar... Sonra pensiya... yəni, əlvida, teatr...
Həsən Turabov. Ay Məcnun, nə danışırsan. Axı, elan vurmuşuq, neçə dəfə sözlə demişik. Nə pensiya, iki il sonra müqavilənin vaxtını uzadacayıq.
Məcnun Hacıbəyov. Elə indidən uzadaydız də... Uzatmadınız... Nə deyirəm ki... Sağ olun...
Hamlet Qurbanov. (2). Yekdilliklə iki mövsümə səs saldı. O, əvvəlcə qapını döyüb başını içəri saldı. Asta səslə soruşdu:
- Olar?
Həsən Turabov. Buyur, Hamlet, gəl içəri. Səninlə iki mövsümə müqavilə bağlayırıq, nə sözün var?
Hamlet Qurbanov. Bir xahişim var. Mənə “Kral Lir” tamaşasından başqa ayrı əsərdə rol vermirlər. Axı işləmək istəyirəm. Deyin, mənə rol versinlər.
Həsən Turabov. Hansı rolu istəyirsən oyna.
Hamlet Qurbanov. Necə oynayım? Gərək rolu versinlər ki, oynayım də.
Həsən Turabov. İlyas Əfəndiyev təzə pyes yazıb. Komediyadı, al oxu, hansı rolu istəyirsən, bəyənirsən götür hazırla. Rejissora deyərsən ki, mən tapşırmışam.
Hamlet Qurbanov. “Dəlilər”di, nədi, o pyesi deyirsən? (Hamı gülür).
Həsən Turabov. Hə, onu deyirəm. Ciddi sözümdü, Hamlet, çox yaxşı komediyadı.
Hamlet Qurbanov. Oldu, əvvəl oxuyum, sonra gəlim, danışaq.
Həsən Turabov. Ancaq ləng tərpənmə. İki-üç günə fikrini mənə de.
Hamlet Qurbanov. Başa düşdüm. Xudahafiz.
Bürcəli Əsgərov. (2). (Bir mövsümə 1 səs, iki mövsümə 9 səs, üç mövsümə 2 səs aldı. Bürcəli səssizcə, ağayanalıqla otaqdan çıxdı).
Rafiq Əzimov (2). (Bir mövsümə 1 səs, iki mövsümə 11 səs aldı. Rafiq özü iclasda yoxuydu).
Mikayıl Mirzə. (3). (İki mövsümə 3 səs, üç mövsümə 9 səs aldı).
İlham Rəhimli. Mikayıl, üç illik müqavilə bağlanan aktyor birinci sən oldun ha.
Mikayıl Mirzə. (gülə-gülə) Yataqxana yetişdirir də, ay İlham. (Mikayılla tələbə yataqxanasında üç il birgə qalmışıq).
Kamal Xudaverdiyev. (3). (İki mövsümə 1 səs, 3 mövsümə 10 səs aldı. Səsvermədə Kamal özü bayıra çıxdı. İçəri çağırılıb elanı eşidən kimi gülə-gülə). Mən bilirəm, iki mövsümə səs verən o bir nəfər mütləq Səyavuş Aslan olacaq... Papaşa, cərimə. Bir qonaqlıq səndə. Elə buradan çıxanda versən pis olmaz...
Səyavuş Aslan. Gördüz, ay camaat? Şərdi ey başdan-ayağa. Alə, elə gündə sənə qonaqlıq verirəm də...
Kamal Xudaverdiyev. O başqa, bu başqa, papaşa...
Həsən Turabov. Yaxşı, qurtarın görək.
Zemfira Əliyeva. (2). (Bir mövsümə 3 səs, iki mövsümə 8 səs, üç mövsümə 1 səs aldı). Çox-çox minnətdaram.
Zöhrə Şirinova. (2). (Bir mövsümə 3 səs, iki mövsümə 7 səs, üç mövsümə 1 səs aldı. Bir səs isə etibarsız sayıldı. Çünki kimsə ora “sıfır” yazmışdı). Baş əyirəm.
Zöhrə çıxan kimi Safurə İbrahimova içəri daxil oldu. Salam verib, Həsənə baxdı. Turabov səsvermənin nəticəsini ona dedi. Safurə tutuldu:
- İki ildən sonra nə olacaq? İndidən işimi bilim də...
Həsən səbirlə məsələnin mahiyyətini Safurə xanıma aydınlaşdırdı. Safurə xanım sağollaşıb getdi.
Rafiq Əzimov gəldi. Nəticəni eşidib təşəkkür etdi və otaqdan çıxdı. Bədii sovetin üzvlərindən də iki nəfər getdi. Qaldıq on nəfər.
Əliabbas Qədirov. (3). (İki mövsümə 3 səs, üç mövsümə 7 səs aldı). Mən Hamlet, Qacar... nə bilim, ey, baş rollar oynamaq istəyirəm. Hər il iki-üç rol.
Sofya Bəsirzadə. (3). (Yekdilliklə üç mövsümə səs yığdı. Ancaq özü gəlməmişdi).
Amaliya Pənahova. (1). (Bir mövsümə 6 səs, üç mövsümə 4 səs aldı. Bu iclasdan neçə gün sonra mədəniyyət naziri Polad Bülbüloğlunun təkidi ilə Amaliya xanımla üç illiyə müqavilə bağlandı).
Səyavuş Aslan. (3). (Yekdilliklə üç illiyə səs yığdı. Səsvermədə özü iştirak etmirdi).
Bu məqamda teatrın baş rəssamı, bədii sovetin üzvü Elçin Məmmədov gəldi.
Həsən Turabov. Hardasan, ay Elçin? Belə məsuliyyətsizlik olmaz axı.
Elçin Məmmədov. (çox laqeydliklə) Ay Turabov, kimə lazımdı ey, sizin bu iclasınız? Əşi, bu gün teatr heç kəsə lazım deyil.
Turabov narazılıqla başını buladı. İclas davam etdi.
Yaşar Nuriyev. (3). (Yekdilliklə. Səsvermədə özü otaqdan çıxdı).
Xəzangül Talıbova. (1). (Rejissor köməkçisi. Yekdilliklə).
Nəcəf Həsənzadə. (2). (Rejissor köməkçisi). Getdik ey...
Həsən Turabov. Nəcəf, necəsən?
Nəcəf Həsənzadə. Əla! Həsənağa, nə lazımdı, qulluğunda hazıram, mən ölüm. (Nəcəfin çox işlətdiyi cümlədir. Hamı gülüşdü).
Mübariz Məlikov. (2). (Baş dirijor. Yekdilliklə).
Rafiq Abdullayev. (2). (Rəssam. Yekdilliklə).
Rafiq Əbdülrəhmanov. (2). (Rəssam. Yekdilliklə).

Altıncı gün: 29 dekabr 1991-ci il (çərşənbə)

İclasımız həmişəki vaxtında başlayır. İştirak edirlər: Yaşar Nuriyev, Mərahim Fərzəlibəyov, İlham Rəhimli, Lütfi Məmmədbəyov, Həsən Turabov, Kamal Xudaverdiyev, Ramiz Novruzov, Bəhram Osmanov, Elçin Məmmədov, Mehriban Ələkbərova, Həsən Əbluc, Azərpaşa Nemətov. Yaşar əvvəldən qeyd edir ki, Səyavuş Aslan bu gün səsə qoyulacaq yoldaşlar barədə öz qeydlərini yazılı göndərib. Çəkilişi olduğuna görə iclasa gəlməyib. Səyavuşun yazılı qeydlərini səsə qoyub qəbul edirik. Beləliklə, bugünkü müzakirədə on üç səs var.
Həsən Turabov. (3). (Yekdilliklə. Səsvermədə özü otaqdan çıxdı).
Şahin Cəbrayılov. (3). (Truppa müdiri. Bir mövsümə 3 səs, iki mövsümə 5 səs, üç mövsümə 5 səs aldı. Turabovun səsi iki sayıldı).
Rəfiqə Musayeva. (3). (Rejissor köməkçisi. Yekdilliklə). Allah sizi saxlasın.
Lütfi Məmmədbəyov. (3). (İki ilə 2 səs, üç ilə 10 səs aldı). Sağ olun, gülüm oğlanlar.
Mərahim Fərzəlibəyov. (3). (Bir ilə 1 səs, üç ilə 11 səs aldı). Turabov, sağ ol. Həmişə mənim böyüyümsən.
Azərpaşa Nemətov. (3). (İki ilə 1 səs, üç ilə 10 səs aldı. Səsvermədə özü otaqdan çıxdı. Elanı dinləyəndə gülə-gülə başıyla razılıq etdi).
Bəhram Osmanov. (3). (Yekdilliklə). Hamınıza təşəkkür edirəm. Mənə böyük ehtiramdır.
Mehriban Ələkbərova. (2). (Bir ilə 1 səs, iki ilə 6 səs, üç ilə 5 səs aldı). Çalışaram etimadınızı doğruldum.
Oruc Qurbanov. (2). (Bir ilə 5 səs, iki ilə 7 səs aldı. Xatırladım ki, Oruc hələlik orkestr ştatındadır, amma rejissor kimi çalışır). Gün o gün olsun, rejissor ştatına keçim.
Aleksandr Delerzon. (1). (Orkestr işçisi. Bir mövsümə 10 səs, iki mövsümə 3 səs aldı).
Mahi Səfərova. (1). (Mahi xanım incəsənət institutunda müəllimə işləyir. Teatra bu mövsümdən götürülüb. Bir mövsümə 10 səs, iki mövsümə 3 səs aldı).
Abbas Qəhrəmanov (2). (Bir mövsümə 1 səs, iki mövsümə 9 səs, üç mövsümə 3 səs aldı). Nə olsun iki il? Mənə rol versinlər ey.
İlham Rəhimli. (3). (Teatrda yarımştat ədəbi hissə müdiri. Yekdilliklə. Səsvermədə özüm otaqdan çıxdım).
Cavanşir Quliyev. (3). (Özü yoxdu. Teatrda vokal üzrə yarımştat təlimatçıdır. Bir mövsümə 1 səs, iki mövsümə 4 səs, üç mövsümə 8 səs aldı). Bunlar formal şeylərdi, iş görmək lazımdır.
Bəxtiyar Xanızadə. (1). (Səhnə hərəkətləri üzrə yarımştat təlimatçı. Bir mövsümə 6 səs, iki mövsümə 4 səs, üç mövsümə 3 səs aldı. Özü gəlməmişdi).
Həsən Əbluc. (3). (Rejissor. Bir mövsümə 2 səs, iki mövsümə 3 səs, üç mövsümə 8 səs). Həsənağa, mənə ilin dəxli yoxdu. İcazə verin, tamaşa hazırlayım.
Həsən Turabov. Hansı əsəri hazırlamaq istəyirsənsə, yazılı müraciət elə, bədii sovetdə baxaq.
Həsən Əbluc. Oldu.
Elxan Cəfərov. (2). (Sərəncamçı direktorun təsərrüfat işləri üzrə müavini. Bir mövsümə 4 səs, iki mövsümə 9 səs aldı).

* * *
Beləliklə, müqavilə məsələsinin həlli yekunlaşır. Amma teatrda giley-güzar, inciklik davam edir. Həsən Turabova “adam tapmaq” axtarışına çıxanlar da var. Neçə nəfər mənim özümdən inciyib. Təklikdə bədii sovetin hər bir üzvünə şikayətlənənlər də var...
Mənə qalsa (əlbəttə, bu cümləni ürək ağrısıyla yazıram) gələn mövsümdən teatrın on beş, bəlkə də iyirmi aktyoru ilə müqavilə bağlanmamalıdır... Bütün münasibətləri unutmaq çətin olsa da, bu addımı mütləq atmaq lazımdır... sənət naminə...