Azərbaycan

30 may 1862 - Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (1862-1911) Şamaxıda doğulub. “Molla Nəsrəddin" jurnalında fəaliyyəti şairin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra (1912) şeirləri «Hophopnamə» adı ilə kitab şəklində nəşr olunub.
30 may 1929 - Xalq artisti, baletmeyster Maqsud Davud oğlu Məmmədov Gəncədə anadan olub. İlk asərbaycanlı balet artistidir. Həyat yoldaşı, Xalq artisti Rəfiqə Axundova ilə birgə baletlərə, “Dədə Qorqud”, “Qərib cinlər diyarında” filmlərində rəqslərə quruluş verib.
30 may 1930 - Tanınmış şair, publisist Fikrət Abbas oğlu Sadıq Şamaxı şəhərində anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin, sənədli film ssenarilərinin müəllifidir. Kitabları: “İşığın yaşı”, “Göydə nə var”, “Ağ cığır”, “Gözlədiyim ömür” və s.
30 may 1954 - Xalq artisti Şükufə Mühəddin qızı Yusupova Bakıda anadan olub. 1976-cı ildən çalışdığı Milli Dram Teatrının səhnəsində yaddaqalan rollar oynayıb. “Tütək səsi” (Tutu), “Ad günü” (Rəna), «Asif, Vasif, Ağasif» (Ana), “Tənha narın nağılı” (Mədinə), “Gümüşgöl əfsanəsi” (Səidə) və s. filmlərdə çəkilib.
30 may 1967 - Tanınmış aktyor, rejissor İsmayıl Mahmud oğlu Əfəndiyev (10.8.1910, Şamaxı - 1967) vəfat edib. “Arşın mal alan” (1945), “Fətəli xan”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Kölgələr sürünür” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, filmlərin səsləndirilməsi və dublyajında yaxından iştirak edib.

31 may 1568 - Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Qövsi Təbrizi (1568-1640) anadan olub. Füzuli ədəbi məktəbinin davamçısı kimi Azərbaycan şeirinin inkişafında mühüm rol oynayıb. Divanının iki qədim nüsxəsi London və Tbilisi muzeylərində saxlanılır.
31 may 1898 - Görkəmli xanəndə, respublikanın Əməkdar artisti Zülfü Səməd oğlu Adıgözəlov (1898-1963) anadan olub.
31 may 1922 - Xalq artisti, görkəmli müğənni Sara Bəbiş qızı Qədimova (1922 - 12.5. 2005) Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfə verib.
31 may 1929 - Tanınmış bəstəkar, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov anadan olub. "Əlibaba və qırx quldur" (balet), "Azərbaycan gəncləri" (oda), uşaqlar üçün çoxsaylı musiqi əsərləri, 300-dən çox mahnının müəllifidir.

1 iyun 1920 - Azərbaycanda sovet hökuməti teatrların milliləşdirilməsi haqqında dekret verib. Azərbaycan Dövlət Teatrı yaradılıb.
1 iyun 1936 - Xalq artisti, dirijor, professor Nəriman Abbasqulu oğlu Əzimov Gəncədə anadan olub. Uzun illər Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
1 iyun 1939 - Respublika Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan Dövlət Ümumi Kitabxanasına (indiki Milli Kitabxana) yazıçı-dramaturq Mirzə Fətəli Axundzadənin adının verilməsi barədə qərar qəbul edib. 1923-cü il mayın 23-də AMEA Rəyasət Heyətinin binasında fəaliyyətə başlayan kitabxana 1961-ci ildə indiki binasına (arxitektor Mikayıl Hüseynov) köçüb.
1 iyun 1949 - Tarix elmləri doktoru, professor Tofiq Teyyub oğlu Mustafazadə Şabran rayonunun Zeyvə kəndində anadan olub. Azərbaycan xanlıqlarının tarixinə dair tədqiqatlara görə 2012-ci il üçün bir qrup həmkarı ilə Dövlət Mükafatına layiq görülüb.

2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günüdür. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə elan olunub.
2 iyun 1938-ci ildə respublikada ilk mülki aviasiya dəstəsi uçuşlara başlayıb.
2 iyun 1919 - Bakı Dövlət Universitetinin kitabxanası yaradılıb.
2 iyun 1957 - Xalq artisti Şahnaz Həsən qızı Haşımova Gəncədə doğulub. Uzun illər rəhbərlik etdiyi “Göygöl" mahnı və rəqs ansamblının solisti, Gəncə Dövlət Filarmoniyasının direktorudur.
2 iyun 1979 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (19.10.1910 - 1979) vəfat edib. Milli kinomuzda özünəməxsus yeri olan “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.

Dünya

30 may 1937 - Məşhur aktyor, Rusiyanın Xalq artisti Aleksandr Demyanenko (1937-1999) anadan olub. L.Qaydayın komediyalarında («Qafqaz əsiri», «I əməliyyatı») Şurik rolu ilə şöhrət qazanıb. Digər filmləri: “İvan Vasilyeviç peşəsini dəyişir”, “Dima Qorinin karyerası” və s.
30 may 1960 - Rus şairi, Nobel mükafatı (1958) laureatı Boris Pasternak (10.2.1890-1960) vəfat edib. Əsərləri: “Doktor Jivaqo” (roman), "Doqquz yüz beşinci il", "Leytenant Şmidt", "Spektorski" (poema), "Bacım həyat", "Erkən qatarlarda" (şeirlər kitabı).

31 may 1809 - Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn, 31.3.1732-1809) vəfat edib. Simfoniyaların, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.
31 may 1887 - Fransız şairi, Nobel mükafatı (1960) laureatı Sen-Jon Pers (Saint-John Perse, 1887-1975) anadan olub.
31 may 1899 - Rus yazıçısı Leonid Leonov (1899-1994) anadan olub. Əsərləri: “Porsuqlar”, “Rus meşəsi” (romanlar); “Canavar”, “Çovğun”, “Adi adam” (pyeslər) və s.
31 may 1930 - Amerika aktyoru və rejissoru Klint İstvud (Clinton Elias Eastwood) anadan olub. “Çağırılmamış”, “Milyon dollarlıq balaca” filmlərinə görə “Ən yaxşı rejissor” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günüdür. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub.
1 iyun 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.
1 iyun 1850 - Türk yazıçısı, dilçi və ədəbiyyatşünas Şəmsəddin Sami (1850 - 5.6.1904, İstanbul) Albaniyada doğulub. İlk türk romanı sayılan “Taaşşuk-ı Talat və Fitnat” əsərinin müəllifi, türk dili lüğətinin (“Kamus-ı Türki”) tərtibçisidir.
1 iyun 1926 - Məşhur Amerika aktrisası, müğənni Merilin Monro (Marilyn Monroe - əsl adı Norma Jean Mortenson; 1926-1962) anadan olub. Filmləri: “Eva haqqında hər şey”, “Niaqara”, “Arzunun yeddi ili”, “Centlmenlər sarışınları xoşlayırlar” və s.
1 iyun 1929 - Tanınmış hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929-1981) anadan olub. “Avara”, “Cənab 420” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
1 iyun 1937 - Amerika aktyoru Morqan Frimen (Morgan Freeman) anadan olub. Filmləri: “Şouşenkodan qaçış”, “Epidemiya”, “Qorxunun qiyməti”, “Milyon dollarlıq balaca” (“Oskar”) və s.

2 iyun 1816 - İngilis yazıçısı, sentimental romanlar müəllifi Qreys Aqilyar (Grace Aguilar; 1816-1847) anadan olub.
2 iyun 1840 - İngilis yazıçısı, şair Tomas Hardi (Thomas Hardy; 1840-1928) anadan olub.
2 iyun 1904 - Tarzan haqqında filmlərdə baş rolun ifaçısı kimi tanınan amerikalı Conni Vaysmüller (Johnny Weissmuller; 1904-1984) anadan olub. Məşhur idmançı, üzgüçülük üzrə beş dəfə Olimpiya çempionu olub.
2 iyun 1988 - Dünya şöhrətli hind aktyoru və rejissoru Rac Kapur (Raj Kapoor; 14.12.1924 - 1988) vəfat edib. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s.

Hazırladı: Vüqar Orxan